Artıq Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir

 

 

Artıq Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Fevralın 8-də Azərbaycanın “Azərspace-1” peyki Fransa Qvianasındakı Kuru kosmodromundan orbitə çıxarılmışdır. Bu tarixi prosesi bütün xalqımız sevinc hissi ilə izləmişdir. Kuru kosmodromunda bu münasibətlə keçirilən mərasimdə iştirak edən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev deyir:

– Olduqca qürurverici anlara şahidlik etdik, böyük sevinc və iftixar hissi keçirdik. Azərbaycanın ilk telekommunikasiya peykinin belə uğurlu şəkildə orbitə buraxılmasında əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Bununla da Azərbaycan artıq kosmik sənaye ölkəsinə çevrilmək üçün ilk addımını atmışdır. Biz iqtisadiyyatın şaxələndirilməsindən çox danışırıq. Kosmik sənaye iqtisadiyyatı şaxələnmiş Azərbaycanın yeni trendidir. Bu istiqamətdə hələ çox işlər görüləcəkdir. Növbəti illərdə ilk olaraq  aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılması planlaşdırılır. Azərbaycan üçün milli təhlükəsizlik və iqtisadi mənfəət baxımından böyük əhəmiyyət kəsb edən məsafədən zondlama peyklərinin orbitə çıxarılması istiqamətində aparılan işlər çərçivəsində ilkin olaraq aşağıorbitli peyklərin imkanlarının ölkəmizdə istifadə və tətbiq istiqamətlərinin öyrənilməsi üzrə yerli və xarici bazarlara dair araşdırmalar aparılmış və peykin texniki parametrlərinin müəyyən edilən tələblər əsasında qurulması üzrə işlərə başlanılmışdır. Məlum olmuşdur ki, ölkəmizdə strateji əhəmiyyətli infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi üçün monitorinqin aparılması, kosmosdan fövqəladə halların qarşısının alınması və idarə edilməsinə dəstək verilməsi, xəritəçəkmə və geodeziya, daşınmaz əmlak məsələlərinin həll edilməsi, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, nəqliyyat və rabitə infrastrukturunun tənzimlənməsi, ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması və tədqiqi üzrə araşdırmaların aparılması, dənizdə və quruda neft dağılmalarının miqyasının qiymətləndirilməsi və s. bu kimi bir sıra mühüm sahələrdə bu peyklərin xidmətlərindən səmərəli istifadə imkanları mövcuddur.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş məqsədlər və dünyada mövcud inkişaf meyilləri nəzərə alınaraq, hazırda “Azərkosmos” ASC tərəfindən ölkənin informasiya təhlükəsizliyini təmin edəcək etibarlı və keyfiyyətli peyk rabitəsinin təmin edilməsi, yerin məsafədən zondlanması imkanlarından istifadə edilərək ölkənin iqtisadi qüdrətinin və elmi-tədqiqat potensialının artırılması nəinki peyk sənayesində, ümumiyyətlə, milli kosmik sənayenin formalaşdırılması, kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi, kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi, o cümlədən beynəlxalq inteqrasiyanın genişləndirilməsi istiqamətində mərhələli şəkildə işlər aparılır.

– Milli peyk layihəsinin reallaşdırılması Azərbaycana nə verəcək?

– Hər hansı ölkədə kosmik sənayenin yaradılması, ilk növbədə həmin ölkənin iqtisadi inkişafı və yüksək rifah səviyyəsi ilə bağlıdır. Azərbaycanın hazırkı inkişaf sürəti yeni bazar tələblərinə cavab verilməsi və ölkənin gələcəkdə dayanıqlı inkişafının təmin edilməsi baxımından iqtisadiyyatın şaxələndirilməsi və innovasiyaya əsaslanan yeni sənaye sahələrinin yaradılmasını zəruri edir.

Kosmik sənayeyə və peyk texnologiyalarına əsaslanan yenilikləri ümummilli inkişaf proqramına daxil etməklə, Azərbaycan hökuməti ölkəni iqtisadi cəhətdən gücləndirməyi, eyni zamanda, mövcud intellektual potensialın inkişaf etdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.

Rabitə və informasiya texnologiyaları sahəsinin  neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli geoiqtisadi, coğrafi, eləcə də informasiya magistrallarının kəsişdiyi məkanda yerləşməsi informasiya mübadiləsində xarici ölkələrdən asılılığının aradan qaldırılmasını zərurətə çevirmişdir. İqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanı regionda informasiyanın ötürülməsi sahəsində də lider ölkəyə çevirəcəkdir.

Kosmik fəaliyyət sahəsində istehsal potensialının yaradılması və inkişaf etdirilməsi kosmik sahə üzrə müxtəlif istiqamətlərdə beynəlxalq inteqrasiyanın genişləndirilməsinə, habelə kosmik fəaliyyəti tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsinə təkan verəcəkdir. İnformasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyəti nəzərə alındıqda, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında