Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasından yeddi il ötür

 

 

Qadın problemlərinə həmişə xüsusi diqqətlə yanaşan ulu öndər Heydər Əliyev bu məsələlərin vahid mərkəzdən idarə olunması məqsədi ilə 1998-ci il yanvarın 14-də Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamışdır. Ümummilli liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin fərmanı ilə keçmiş Komitənin bazası əsasında 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) yaradılmışdır.

  Artıq yeddi ildir fəaliyyət göstərən komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini həyata keçirir.

 Müsahibimiz AQUPDK-nın sədri Hicran Hüseynovadır.

- Hicran xanım, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) yaranmasından ötən  yeddi  ili necə xarakterizə edərdiniz?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələrlə bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil arasında ailə dəyərlərinin  qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq genişmiqyaslı maarifləndirmə kampaniyası reallaşdırılır.

Ötən müddətdə maarifləndirmə işi çərçivəsində aktual mövzularda mühazirələr təşkil edilmişdir. Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondu ilə birgə “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” layihəsi çərçivəsində bir sıra maraqlı tədbirlər keçirilmişdir.  Həmçinin Beynəlxalq Ailə Günü ərəfəsində Azərbaycanın hər  bir rayonunu əhatə edən tədbirlər və yekun olaraq Ailə bayramı təşkil olunmuşdur. Eyni zamanda, həmin silsilənin davamı olaraq “Azərbaycan ailəsi” film festivalı təqdim olunmuşdur. Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın və böyük ziyalı, şərqşünas Aida İmanquliyevanın xatirələrinə həsr edilmiş yazı müsabiqələri təşkil edilmiş və qaliblər mükafatlandırılmışlar.

Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək  Mərkəzləri şəbəkəsi il ərzində ardıcıl fəaliyyətini davam etdirmiş, müvafiq regionlarda xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial reabilitasiyası və lazımi dəstəklə təmin olunması istiqamətində məqsədyönlü iş aparmışdır.

Bu kimi taleyüklü məsələlərin həllində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın daimi dəstəyini hiss etmişik.

- Son bir ildə hansı işlər görülmüşdür?

- Bu gün məişət zorakılığı probleminin həlli ən aktual vəzifələrdən biri kimi qarşıda durur. Ötən il ərzində bu məqsədlə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun təbliği sahəsində geniş maarifləndirmə kampaniyası həyata keçirilmişdir. “Qadınlara qarşı zorakılığa ”YOX!" adlı tədbirimiz də xüsusi rezonansa səbəb olmuşdu. “Sağlam ailə sağlam cəmiyyətin təməlidir” adlı silsilə tədbirlərin yekunu kimi keçirilən konfransı da xüsusi qeyd etmək istərdim.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Müstəqil Azərbaycan 20 il: dövlət, ailə, qadın və uşaq siyasəti” mövzusunda elmi-praktik konfrans təşkil olunmuşdur. Bu günlərdə həmin konfransın materialları əsasında iri həcmli, sanballı bir kitab da nəşr etdirmişik.

Komitə uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirmişdir.

1 İyun   Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə keçirilən tədbirlər minlərlə uşağı əhatə etmişdir. Uşaqların övladlığa verilməsi, onların sonrakı həyat şəraiti və tərbiyəsinə nəzarətin  həyata  keçirilməsi qaydaları işlənib hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il mayın 8-də “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman imzalamışdır.  Komitədə bu Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində də bir sıra işlər görülmüşdür. Bu il yanvarın 15-də Nazirlər Kabinetinin qərarı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası” təsdiq edilmişdir. Biz  bu istiqamətdə də tədbirlər planı hazırlayıb həyata keçirməyə başlamışıq. Komitənin səlahiyyətləri daha da genişləndirilərək uşaq hüquqlarına nəzarət də dövlət tərəfindən bizim quruma həvalə olunmuşdur.

“YARAT!” Müasir İncəsənət Məkanı ilə birgə təşkil etdiyimiz tədbirdə istedadlı uşaqların üzə çıxarılması, onların həyata kreativ baxışlarının formalaşdırılması önə çəkilmişdir.

BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə küçə uşaqları problemi ilə bağlı geniş araşdırma, habelə erkən nikahlar mövzusunda irimiqyaslı layihə gerçəkləşdirilmişdir. 

- Komitənin xarici dövlətlərdəki müvafiq qurumlarla əməkdaşlıq məsələləri barədə nə deyərdiniz?

- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bir sıra ölkələrin müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq münasibətlərinin qurulmasını, eləcə də beynəlxalq təşkilatlarla əlaqələrin inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri  kimi seçmişdir. Komitə ikitərəfli münasibətlərin davam etdirilməsi üçün il ərzində İndoneziya, Latviya, Türkmənistan, Qətər, Türkiyə, İsveç, İsveçrə kimi ölkələrin qadın və uşaq məsələləri üzrə məsul qurumları ilə zəruri tədbirlər keçirmişdir. Eyni zamanda, Avropa Şurasının Qadınlarla Kişilər arasında Bərabərlik üzrə Komitəsi, BMT-nin Əhali Fondu, ATƏT-in Bakı Ofisi və s. təşkilatlarla əməkdaşlıq etmişdir.

- Komitənin fəaliyyəti ilə bağlı daha nələrə toxunmaq istərdiniz?

- Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində müntəzəm olaraq yeni önəmli addımlar atılmışdır. Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qızlar üçün nikaha daxil olma yaşının 17 yaşdan 18 yaşa qaldırılması və qadını nikaha daxil olmağa məcbur etməyə görə cinayət məsuliyyətinin müəyyən edilməsi ilə bağlı müddəalar təsbitini tapmışdır. Bu məsələlərin həllində ölkəmizin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın bizə dəstəyini xüsusi qeyd etmək istərdim.

  Ötən dövr ərzində əldə edilən ciddi uğurlardan biri də uşaq və qadın qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətli dərəcədə artırılması, onların problemlərinin həlli prosesinə fəal surətdə cəlb edilməsidir. Eyni zamanda, qadın sahibkarlığı və bununla bağlı Komitəmizin təşkilatçılığı ilə keçirilmiş Forumu xüsusi qeyd etmək istərdim.

 Komitə qarşıda duran vəzifələrin həlli istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirir. Gələcəkdə müvafiq sahə üzrə işlərin daha geniş vüsətlə aparılması nəzərdə tutulur.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında