Aktual söhbət

{nl}

Azərbaycan hökuməti təbiətin sınaqlarından qalib kimi çıxdı
Dünyanın ekoloji tarazlığı pozulub. Təbiət insanları, ayrı-ayrı ölkələri, dövlətləri daşqınlarla, zəlzələlərlə, vulkan püskürmələri ilə, meşə yanğınlarıyla və başqa kataklizmlərlə ciddi sınağa çəkir. Planeti bürümüş təbii fəlakətlərlə hətta inkişaf etmiş ölkələr belə bacara bilmir. Amerika Birləşmiş Ştatlarında, Çin Xalq Respublikasında, Almaniyada, Fransada, İspaniyada, Polşada və başqa yerlərdə təbiətin şıltaqlığı yüzlərlə adamın həyatına son qoymuş, böyük dağıntılara səbəb olmuşdur.
Müstəqilliyinin 19-cu ilini yaşayan Azərbaycan Respublikası da bu il ekoloji fəlakətlərlə üz-üzə qaldı. Qarlı, şaxtalı, boranlı keçən qışdan sonra baharın gəlişi xeyli ləngidi. Havaların soyuq keçməsi kənd təsərrüfatı işlərinə əngəl törətdi, yazlıq bitkilər əkini gecikdi, qarşıya qoyulan vəzifələr çox yerdə yarımçıq qaldı. Aprel ayından başlayan yaz yağışları, tədricən leysan xarakteri aldı.
Ölkə ərazisindəki çayların sululuğu nəzərdə tutulan normadan qat-qat çox oldu. Ayın axırlarına yaxın Kür və Araz çaylarında, Mingəçevir, Şəmkir dəryaçalarında suyun səviyyəsi nəzərə çarpacaq dərəcədə qalxdı. Qonşu ölkələrdə, o cümlədən Azərbaycanın özündə yağan aramsız yağışlar çaylardakı daşqınları qaçılmaz etdi. Bir tərəfdən də qrunt suları üzə çıxaraq, Kürətrafı rayonların, kəndlərin ərazilərini, əkin və həyətyanı sahələri ağuşuna aldı.
Bax, belə gərgin bir vaxtda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fövqəladə müşavirə keçirərək, ölkənin bütün icra strukturlarını ayağa qaldırdı, subasmaya qarşı mütəşəkkil mübarizəyə səfərbər etdi. Bununla kifayətlənməyən dövlətimizin rəhbəri daşqın nəticəsində ev-eşiyindən didərgin düşüb Şirvan şəhərində çadrlarda yaşayan Sabirabad rayonunun sakinləri ilə görüşdü, onların istək və arzularını dinlədi. Təbii fəlakətin törətdiyi fəsadların tezliklə aradan qaldırılması üçün müvafiq göstəriş və tapşırıqlarını verdi. Prezident Baş nazir Artur Rasizadənin sədrliyi ilə xüsusi Hökumət Komissiyası yaratdı. Artıq xeyli vaxtdır ki, həmin komissiya fəaliyyət göstərir. Bu müddət ərzində görülən işlərdən söhbət açan Hökumət Komissiyasının üzvü, "Meliorasiya və su təsərrüfatı" ASC-nin prezidenti Əhməd Əhmədzadə dedi:
- Son illər baş verən qlobal iqlim dəyişiklikləri dünyanın hər yerində, istər Avropa, istərsə də Asiya və Amerika qitəsi ölkələrində təbii fəlakətlərin sayının artması ilə müşayiət olunur. İqlim dəyişilmələrinin təsirinin nəticəsi kimi baş verən anomal hidrometeoroloji proseslərin təsiri respublikamızdan da yan keçməyib. . Ötən ilin oktyabr ayından başlayaraq 2010-cu ilin may ayının ortalarına qədər davam edən intensiv yağışlar nəticəsində respublikamızda, eləcə də Kür və Araz çaylarının keçdiyi qonşu ölkələrdə və bu çayların suyığıcı hövzələrində normadan bir neçə dəfə artıq yağışlar yağmış, çaylarda suyun sərfi son yüz ildə maksimum həddə çatmışdır.
Uzun müddət davam edən yağışlar nəticəsində qonşu ölkələrdə bu çaylar üzərindəki anbarlar, eləcə də respublikamzda Araz, Arpaçay, Ağstafaçay, Coqazçay su anbarları tam həcmdə dolmuş, Şəmkir və Mingəçevir su anbarlarında suyun səviyyəsi təhlükəli həddə qalxmışdır. Cari ilin mart ayının axırlarından etibarən Kür çayı öz məcrasından çıxaraq mühafizə bəndləri arasında axmağa başlamışdır. Kür, Araz və dağ çaylarında su sərfinin eyni vaxtda artması vəziyyəti qəza həddinə çatdırmışdır.
Bununla əlaqədar, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təcili tədbirlər görülməyə başlanmışdır. Cəmiyyətin bütün təşkilatları Kür və Araz çaylarının bəndlərinin mühafizəsi işlərinə səfərbər edilmiş, istismar idarələrinin rəhbərləri konkret ərazilərə təhkim olunmuş, Cəmiyyətin maşın-mexanizmlərinin və işçi qüvvəsinin əksəriyyəti təbii fəlakət baş verə biləcək zonalara göndərilmişdir. Mühüm dövlət əhəmiyyətli obyektlər, su tutarları və digər qurğular gündəlik nəzarətə götürülmüş, onların təhlükəsizliyinin təmin edilməsi üzrə əlavə tədbirlər görülməyə başlanmışdır. Cəmiyyətin məsul işçiləri yerlərə ezam olunaraq aparılan mühafizə tədbirlərinə rəhbərlik və nəzarət etmişlər. ASC-yə məxsus 434 avtomaşını, 241 ekskavatoru, 125 buldozeri, 7 skreperi, 60 traktoru, 7 iri tonnajlı avtoqoşquları bəndlərin təhlükəli yerlərinə gətirilərək hündürləndirmə və möhkəmləndirmə işlərinə cəlb olunmuşdur.
Yaxınlaşmaqda olan təbii fəlakətin gücünü, miqyasını vaxtında və düzgün qiymətləndirən Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Kür və Araz çaylarından sel sularının maneəsiz axıdılmasının təmin edilməsi üçün lazımi tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədi ilə Nazirlər Kabinetinin təcili iclasının çağırılması barədə göstəriş vermişdir.5 may 2010-cu il tarixdə Nazirlər Kabinetində Baş Nazirin sədrliyi ilə keçirilən fövqəladə iclasda Kür, Araz və dağ çaylarından keçən sel və daşqınların verə biləcəyi ziyanı minimuma endirmək üçün ayrı-ayrı nazirlik və qurumlar qarşısında konkret vəzifələr qoyulmuş, ölkənin 15 ən böyük şirkətləri də maşın-mexanizmləri ilə "Azmelsutəsərrüfat" ASC tərəfindən bəndlərdə aparılan mühafizə tədbirlərinə cəlb edilmişlər.
Respublikanın Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə Nazirlikləri gözlənilən təbii fəlakətlə mübarizə tədbirlərinə dərhal və çox fəal qoşularaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə gecə-gündüz çalışmışlar. Kür çayının Araz çayı ilə qovuşduqdan sonrakı hissəsində qurulmuş mühafizə bəndləri saniyədə maksimum 1800 kubmetr suyun keçirilməsi üçün nəzərdə tutulsa da, son illər "Azmelsutəsərrüfat" ASC tərəfindən həyata keçirilmiş bəndbərkitmə işləri göstərilən ərazidən saniyədə 2000 kubmetr və daha çox suyun keçirilməsinə imkan yaratmışdır.
Lakin cari ilin may ayında Kür və Araz çaylarında su sərfi görünməmiş həddə çatdığından, uzun müddət su ilə tam doymuş vəziyyətdə qalmaları nəticəsində dayanıqlığı zəifləmiş torpaq bəndlər bir neçə yerdən, 7 may 2010-cu il tarixində çayda suyun sərfi saniyədə 2370 kubmetr olarkən Şirvan şəhərinin Bayramlı qəsəbəsində, 10 may 2010-cu il tarixində sərf saniyədə 2370 kubmetr olarkən Sabirabad rayonunun Mürsəlli kəndində, 18 may 2010-cu il tarixində sərf - saniyədə 2415 kubmetr olarkən Sabirabad rayonunun Çığırqan kəndində, 23 may 2010-cu il tarixində sərf saniyədə 2585 kubmetr olarkən Hacıqabul rayonunun Meyniman kəndində dağılmış və ətraf sahələri subasması halları baş vermişdir. İlkin hesablamalara görə Sabirabad rayonunun 28, Saatlının 8, İmişlinin 2, Hacıqabulun 2 kəndinin (40 kənd) təxminən 50 min hektardan çox əkin və örüş sahələrinə su çıxmışdır.
İlk subasma halı qeydə alındıqdan dərhal sonra Kür və Araz çayları ətrafında məskunlaşmış əhali, eləcə də, Möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı ilə təbii fəlakətlə mübarizəyə qalxmış digər aidiyyəti qurumlar "Azmelsutəsərrüfat" ASC ilə birlikdə, bəndlərdə hündürləndirmə və möhkəmləndirmə işləri aparmaqla yanaşı, onların dağılmış hissələrinin bərpası və çaydan kənara çıxan suyun suvarma və kollektor-drenaj şəbəkələri vasitəsi ilə kəndlərə və əkin sahələrinə ziyan vurmadan minimum itkilərlə dövlət fond torpaqlarına, boş sahələrə, çalalara və s. istifadəsiz ərazilərə axıdılması üzrə tədbirlər görməyə başlamışdır.
Ölkə Prezidentinin Kür-Araz çaylarında baş verən təhlükəli daşqınlarla əlaqədar fəlakət zonasında olması, problemlə əlaqədar keçirdiyi müşavirədə verdiyi tövsiyə və tapşırıqlar, respublikanın bütün aidiyyətı qurumlarını sel-daşqınlarla mübarizəyə cəlb etməsi "Azmelsutəsərrüfat" ASC tərəfindən başlanmış işlərə güclü təkan vermiş və qısa vaxt ərzində bu öz müsbət nəticəsini göstərmişdir.
"Azmelsutəsərrüfat" ASC-nin vəziyyəti düzgün qiymətləndirərək, hadisələrə soyuqqanlıqla və təmkinlə yanaşması, cəmiyyətin və selə qarşı mübarizədə ona qoşulmuş digər qüvvələrin Azərbaycan Respublikası Prezidentinin daimi nəzarəti altında həyata keçirdikləri mütəşəkkil və operativ tədbirlər nəticəsində təbii fəlakətin verə biləcəyi ziyan minimuma endirilmiş, ən əsası isə insan tələfatının qarşısı alınmışdır.
"Azmelsutəsərrüfat" ASC-nin ümumi səfərbərliyi və Azərbaycan Respublikası Fövqəladə Hallar, Müdafiə və Daxili işlər Nazirliklərinin köməkliyi ilə qısa vaxt ərzində sel və daşqın sularının maneəsiz ötürülməsi üçün Kür, Araz və onlara qovuşan çaylarda geniş miqyaslı və böyük həcmli mühafizə tədbirləri həyata keçirilmişdir. Çaylar boyunca 600 kilometr məsafədə torpaq mühafizə bəndlərinin hündürlüyü artırılmış və möhkəmləndirilmişdir, 4 milyondan çox kisələrə torpaq doldurularaq bəndlərin təhlükəli (alçaq və nisbətən zəif) yerlərinə düzülmüşdür.
Respublika çaylarından keçən sel sularının qəzasız ötürülməsinin təmin edilməsi məqsədilə "Azmelsutəsərrüfat" ASC-nin mütəxəssisləri tərəfindən Araz çayından onun tarixi məcrası istiqamətində yeni qolun açılması və buradan saniyədə 500 kubmetrə qədər suyu dövlət fond torpaqlarından keçirməklə Xəzər dənizinə axıdılması barədə olduqca məsuliyyətli və əhəmiyyətli təklif irəli sürülmüşdür. Təklif respublika rəhbərliyi tərəfindən müzakirə edilib, qəbul olunduqdan dərhal sonra onun icrasına başlanmışdır. "Azmelsutəsərrüfat" ASC-nin və digər aidiyyəti qurumların köməyi ilə qısa vaxt ərzində yeni qolun ilk 5000 metrlik hissəsi hazırlanmış, İmişli, Biləsuvar və Neftçala rayonlarının yaşayış məntəqələrinin onun suyundan mühafizəsi məqsədilə mövcud bəndlərdə möhkəmləndirmə və yeni bəndlərin tikintisi işləri yerinə yetirilmişdir. 31 may 2010-cu il tarixində Araz çayından bu qola saniyədə 200 kubmetrdən çox su verilmişdir.
Yeni qolun tikintisi hazırda davam etdirilir. Onun tikilməsi Araz çayından Kür çayına daxil olan suyun həcminin azaldılması hesabına çaylarda baş verə biləcək təbii fəlakət ehtimalının azaldılmasına, eləcə də, trassası boyunca keçdiyi fond torpaqlarının bir hissəsinin suvarılmasına şərait yaradacaqdır ki, bu da ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının artırılmasına imkan verəcəkdir. "Azmelsutəsərrüfat" ASC tərəfindən Kür çayı boyunca bəndlərin möhkəmləndirilməsi və hündürlüyünün artırılması işlərinin davam etdirilməsi ilə yanaşı, su basmış ərazilərdən suyun kənarlaşdırılması üzrə də əsaslı tədbirlər görülmüşdür. Sahələrə yığılmış suyun Baş Mil-Muğan və Baş Şirvan kollektorlarına istiqamətləndirilməsi üzrə müvafiq işlər görülmüş, tələb olunan ərazilərdə əlavə su buraxanlar tikilmiş, nasos aqreqatları quraşdırılmışdır.
Hacıqabul rayonunun Meyniman kəndinin əkin sahələrinə düşmüş suyun Baş Şirvan kollektoruna axıdılması üçün 4 yerdən, Sabirabad rayonunun su düşmüş kəndlərinin ərazilərindən suların II-Küryanı kollektoru vasitəsilə Baş Mil-Muğan kollektoruna axıdılması üçün bu və ona qoşulan digər kollektorlara 10-larla yerdən qollar açılmışdır. Hazırda su basmış ərazilərdən bu qollar vasitəsi ilə kollektorlara Hacıqabul rayonu üzrə saniyədə təqribən 12 kubmetr, Sabirabad rayonu üzrə saniyədə 40 kubmetrə yaxın su axıdılır. Bundan əlavə, Baş Şirvan Kİİ-tərəfindən Hacıqabul rayonunun su basmış sahələrindən suyun kənarlaşdırılmasını sürətləndirmək məqsədi ilə K-3 kollektoru üzərində ümumi məhsuldarlığı saniyədə 1,8 kubmetr olan 2 ədəd yeni nasos aqreqatı quraşdırılmışdır.
Ötən müddət ərzində görülmüş tədbirlər nəticəsində Hacıqabul rayonu üzrə sahələrə düşmüş suyun 40 faizə qədəri kənarlaşdırılmış, 26 iyun 2010-cu il tarixindən Hacıqabul-Talış avtomobil yolunun üzərindən su çəkilmiş, yol açılmışdır.
Sabirabad rayonunun su basmış kəndlərinin əksəriyyətində həyətyanı və əkin sahələrindən su çəkilmişdir. Su Sarxanbəyli-Muğan Gəncəli çınqıl yolunun üzərindən və Şirvan-Salyan avtomobil yolunun (Noxudlu yolu) Poladtuqay kəndi ərazisindən keçən hissəsindən də kənarlaşdırılmışdır. 15 iyun 2010-cu il tarixindən hər iki yol tam açılmışdır.
Rayonun yalnız Azadakənd, Əliəmbəyli, Yaxa Dəllək və Bala Həşimxanlı kəndlərinin həyətyanı sahələrinin bir qismində, bu kəndlərin, eləcə də Çöl Beşdəli, Poladtuqay kəndlərinin əkin sahələrinin bəzi hissələrində su qalmışdır. Suyun çəkilməsinin ləngiməsi, həmin ərazilərin II-Küryanı kollektoruna nisbətən çökəkdə yerləşməsidir. Göstərilən ərazilərdən suyun çəkilməsini sürətlənirmək üçün Baş Mil-Muğan kollektorunun, onun qolunun və Sabir adına kollektorun suyunun tezliklə boşaldılması tələb olunur. Bu məqsədlə Mil-Qarabağ kollektoru müvəqqəti olaraq Baş Şirvan kollektoruna birləşdirilməli, Sarı su gölündən K-1 kollektoruna açılmış qollar bağlanmalıdır. Lakin bu tədbirlər yalnız, Hacıqabul rayonunun Meyniman kəndindən su tam çəkildikdən, Sarı su gölü və ətraf ərazilər tələb olunan səviyyəyə qədər boşaldıqdan sonra həyata keçirilə bilər.
Saatlı, İmişli və Sabirabad rayonlarının Sarı su gölü ətrafındakı su basmış kəndlərindən suyun kənarlaşdırılması üçün ilk su basma halı baş verdikdən sonra İmişli rayonunun Məmmədli kəndi ərazisində (İmişli-Kürdəmir yolu ətrafında) Baş Mil-Muğan və Mil-Qarabağ kollektorlarına, Saatlı rayonunun Novruzlu, Kamallı və Hacıqasımlı kəndlərinin ərazilərindən Araz çayına və K-1 kollektoruna saniyədə 200 kub metrdən artıq su axıda bilən suburaxanlar tikilmiş və müvəqqəti qollar açılmış, gölün çayla təmasda olan bəndinin bərpasına başlanmışdır. 28 iyun 2010-cu il tarixindən Kür çayından Sarı su gölünə uçmuş yarıqlar bağlanmış, çaydan gölə su axınının qarşısı tam alınmışdır. Ağ göl Milli Parkının rəhbərliyi ilə razılaşdırılaraq 27 iyun 2010-cu il tarixindən Ağ göldən Şərbət qobuya, oradan da Sarı su gölünə suyun axıdılması (saniyədə 18-20 kubmetr) müvəqqəti olaraq tam dayandırılmışdır.
Su basmış ərazilərdən suyun kənarlaşdırılması üzrə tədbirlər indi də davam etdirilir. Eyni zamanda su çəkilmiş ərazilərdə suvarma və kollektor-drenaj şəbəkələrinin təmir-təmizlənilməsinə başlanılmışdır.
Su basmış sahələrin əksəriyyətindən su qısa vaxt ərzində və sürətlə çəkildiyindən, onun torpağa hər hansı bir ciddi təsir göstərmədiyi ehtimal olunur. İlk su basma hadisəsi zamanı su altında qalmış Sabirabad rayonunun Qaragüney kəndində su çəkildikdən sonra təkrar əkilmiş paxlalı bitkidən əldə olunmuş normal çıxış da bu ehtimalı təsdiq edir. Rayon ərazisində qrunt sularının rejimi üzərində aparılan müşahidələr də su basma hadisəsinin torpağa və yeraltı suların rejiminə mənfi təsir etmədiyini, əksinə torpaqda şorlaşma dərəcəsinin və qrunt sularında minerallıq dərəcəsinin nisbətən azalmasına səbəb olduğunu göstərir.

{nl}

Məlum olduğu kimi, torpaq əmələ gəlmə prosesində çay gətirmələri önəmli rol oynayır və torpaqların münbitliyi çayların gətirdiyi lil fraksiyalarından çox asılı olur. Su basmış rayonlar Kür və Araz çaylarının gətirmə konuslarında yerləşir və bu rayonların torpaqlarının formalaşmasında və münbitliyinin təmin olunmasında Kür və Araz çaylarının gətirdiyi lillər əsas rol oynamışdır. Bu baxımdan su basma hadisəsinin həmin ərazilərdə uzun illər kənd təsərrüfatı məhsulları istehsalı prosesində torpağın yuyulmuş üst təbəqəsinin bərpa olunmasına müsbət təsir göstərəcəyi ehtimal olunur.
Su basma nəticəsində ərazilərin əksəriyyətində torpağın səthində 1-3 metrlik su təbəqəsi yaranmışdır ki, bu da həmin ərazilərdə, xüsusi ilə drenləşmiş sahələrdə torpaqların əsaslı şəkildə yuyulmasına səbəb olmuşdur. Bu da torpaqların səthindəki çirklənmələrin, onun üst və alt qatlarındakı duzların yuyulmasına şərait yaratmışdır.
Az məhsuldar, əsasən şorlaşmış, susuzluğa və duza davamlı kol bitkiləri ilə əhatə olunmuş örüş sahələrində su basma halları, bu ərazilərdə qışlayan mal-qaranın müvəqqəti olaraq başqa yerlərə köçürülməsinə səbəb olsa da, su basma əsasən heyvanların yaylağa köç etdiyi dövrə təsadüf etdiyindən bu təsir özünü o qədər də biruzə verməmişdir. Əksinə, uzun illər su görməmiş örüş, otlaq sahələri suvarılmış, torpağın səthindən çirklənmələrin yuyulması prosesi getmişdir ki, bu da gələn mövsümdən həmin sahələrdə əmələ gələcək ot kütləsinin artmasına müsbət təsir göstərəcəkdir.
Məlum olduğu kimi, Sarı su gölünün daimi və şirin su mənbəyi yoxdur. Göl əvvəllər Kür və Araz çaylarının daşqın suları ilə qidalanmış, Ağcabədi və Beyləqan rayonlarının təsərrüfatlarında meliorasiya işləri aparıldıqdan sonra isə bu rayonların ərazilərindən kənar edilən drenaj suları vasitəsi ilə doldurulur ( Ağ göl vasitəsi ilə). Kənd təsərrüfatında istifadə olunan kimyəvi maddələrin, göstərilən rayonların ərazilərində yerləşən kəndlərin çirkab tullantılarının kollektor-drenaj sularına daxil olması uzun illərdi ki, gölün faunasına ciddi mənfi təsir göstərir. Drenaj sularının göllərin flora və faunasına ciddi zərər vurduğunu nəzərə alaraq onların doldurulması üçün əvvəllər Kür çayında üzən nasos stansiya tikib və 17 kilometr kanal inşa etməklə suyun Mehman-gölə, Ağ gölə və oradan da Şərbət qobu və Sarı su gölünə verilməsi barədə layihə hazırlansa da, bu işlər hələ həyata keçirilməmişdir.
Gölün suyunun qismən Baş Mil-Muğan, Mil-Qarabağ, K-1 kollektorlarına və Araz çayına axıdılması isə, göl üçün xüsusi ilə əhəmiyyətli olmuşdur. Bu, göldə suyun təzələnməsinə, on illiklər ərzində göldə qalıb üzvi və mineral maddələrlə ifrat dərəcədə çirklənmiş, üfunət qoxuyan suyun dəyişilməsinə imkan vermiş, gölün ekoloji vəziyyətinin yaxşılaşmasını təmin etmiş, onun fauna və florasına müsbət təsir edərək orada yaşayan canlıların normal inkişaf etməsinə və çoxalmasına əlverişli şərait yaratmışdır.
Bir daha xüsusi vurğulamaq istəyirəm ki, ölkəmiz üçün böyük sınaq imtahanına çevrilən subasma, daşqın, sel, torpaq sürüşməsi və sair bu kimi təbii fəlakətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müvəffəqiyyətlə aradan qaldırıldı. Təbii fəlakətlərə qarşı birgə mübarizədə bütün icra strukturları böyük əzmkarlıq, işgüzarlıq nümayiş etdirdilər. Məhz belə birlik, yekdillik sayəsində Azərbaycan hökuməti təbiətin sınaqlarından qalib kimi çıxdı.
Sonda onu da qeyd edim ki, təbii fəlakətdən zərər çəkmiş əhaliyə dəyən ziyanın ödənilməsi istiqamətində işlərə start verilib. Su basma nəticəsində evi uçulanlara yeni, daha dözümlü evlər tikilir, təmirə ehtiyacı olan evlər isə bərpa edilir. Camaatın tələf olmuş mal-qarasına kompensasiya ödənilir, fermerlərə zərər çəkmiş təsərrüfatlarını qaydaya salmaq üçün kreditlər verilir.

{nl}


Söhbəti yazdı: Telman ƏLİYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında