"Qarapapaqlar" Gürcüstanla Azərbaycan arasında mətbu körpüdür

Müsahibimiz Tbilisidə nəşr olunan "Qarapapaqlar" jurnalının baş redaktoru Akif Xansultanlıdır. O, 1974-cü ildə Gürcüstanın Sadaxlı kəndində anadan olub. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsini bitirib. AMEA-nın Beynəlxalq Münasibətlər İnstitutunun əyani aspiranturasında təhsilini davam etdirib. Bir müddət Bakıda Mədəniyyət və Turizm Nazirliyində çalışıb. Bu yaxınlarda redaksiyamızın qonağı olmuş gənc redaktorla söhbətimiz jurnalın yaranma zərurəti, onun Gürcüstanda yaşayan soydaşlarımızın ictimai-mədəni həyatında oynadığı rol barədə oldu.
- Akif bəy, artıq bir neçə ildir ki, Gürcüstanda, Borçalı bölgəsində yaşayan soydaşlarımız üçün nəzərdə tutulmuş "Qarapapaqlar" jurnalına rəhbərlik edirsiniz. İllər öncə cəmi dörd sayı çıxıb nəşri dayanmış bu dərginin sizin redaktorluğunuzla üç ildir ki, davamlı olaraq işıq üzü görməsi milli mətbuatımızda xoş hadisədir. Bu haqda bir qədər məlumat verməyiniz maraqlı olardı.
- Bakıda yaşadığım müddətdə Gürcüstana mütəmadi səfərlərim nəticəsində oradakı mətbuatda bir boşluq görmüşdüm. Açığı, etiraf edim ki, orada bir dərgi nəşr etmək fikrim çoxdan yaranmışdı. AMEA-da Nizami adına Ədəbiyyat İnstitutunda işimi dayandırıb həmin layihəni gerçəkləşdirmək arzusu ilə Bakıdan Gürcüstana qayıtmışdım. Əvvəlcə ictimai-siyasi istiqamətdə bir jurnal çıxarmağı düşünürdüm. Bununla bağlı bölgənin bir qrup ziyalısı ilə məsləhətləşmələr apardım, onların da fikirlərini öyrəndim. Məlum oldu ki, bölgədə "Qarapapaqlar" adlı jurnal fəaliyyət göstərib. Cəmi 4 sayı işıq üzü gördükdən sonra, fəaliyyətini dayandırıb. Ziyalılar məsləhət gördülər ki, "Qarapapaqlar"ın nəşrini bərpa edim. "Qarapapaqlar" oradakı ədəbi mühitə, sanki, yeni nəfəs gətirdi. İlk saylarımızdan başlayaraq, biz bölgədəki yaradıcı insanlarla əlaqələr qurmağa nail ola bildik.
- Bəs jurnalın adının mənası və qarşısına qoyduğu məqsəd nədir?
- Borçalı tarixən Qarapapaq türk tayfalarının əsas məskəni kimi tanınıb. Qarapapaq türklərinin coğrafi məskunlaşma arealı bu gün böyük bir ərazini əhatə edir. Cənubi Azərbaycanın Sulduz mahalından tutmuş, Türkiyənin Qars-Ərdahan-Çıldır boyunca, Qərbi Azərbaycanın Pənbək, Ağbaba və Loru bölgəsi də daxil olmaqla yanaşı, Qazax, Şəmşəddil və Dərbənd yörələrinə kimi gedib çıxır.
Jurnalımız Gürcüstanda dövlət qeydiyyatından keçib, elmi jurnaldır. Ədəbiyyat, tarix, etnoqrafiya və kulturologiya istiqamətinə aid mövzulara daha çox yer veririk. Çalışırıq ki, Gürcüstanda yaşayan soydaşlarımızın ictimai-mədəni həyatını işıqlandıraq, onların ürəyincə olan bir jurnal ortaya qoyaq. Əlaqələrimizin genişlənməsi, jurnalın daha geniş oxucu kütləsinə, xüsusilə, beynəlxalq aləmə çatdırılması üçün internet saytımız bizə daha çox yardımçı olur (qarapapaqlar.borchali.net). Məqsədimiz Azərbaycanla Gürcüstan arasındakı mehriban əlaqələrin inkişafında yaxından iştirak etməkdir.
- Maraqlıdır, bir belə mətbuat bolluğu içində dərginizin yayımını necə təşkil edirsiniz, oxucularınız kimlərdir?
- "Qarapapaqlar" Gürcüstanda, demək olar ki, populyar dərgidir. Əsasən soydaşlarımızın yaşadığı bölgələrə, məktəblərə, kitabxanalara, nəşrimizlə maraqlananlara pulsuz olaraq paylanır. İnternet ünvanımıza gələn məktublara əsasən deyə bilərəm ki, Türkiyədə, eləcə də İranda dərgini maraqla oxuyur, hər sayımızı izləyirlər. Bunun da maraqlı bir səbəbi var. Vaxtilə öz tarixi vətənləri olan Borçalıdan ayırılmaq məcburiyyətində qalmış qarapapaq türklərinin bir qismi İrana, xüsusilə, Sulduz vilayətinə, Anadolunun şərq bölgələrinə üz tutmuşlar.
- Gürcüstanda azərbaycandilli mətbuatın vəziyyəti necədir?
- Gürcüstanda Azərbaycan dilində bir neçə mətbuat orqanı fəaliyyətdədir. Onlar da çalışır ki, Gürcüstanda yaşayan soydaşlarımızın informasiya alma imkanlarını təmin etsin. 80 yaşlı "Gürcüstan" qəzetindən sonra bu günə qədər cəmi 32 sayı çap olunan "Region press" qəzeti 8 səhifə həcmində ayda üç dəfə olmaqla Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin orqanı kimi nəşr edilir. Tiflisdəki azərbaycanlıların "Varlıq" Mədəniyyət Mərkəzinin "Varlıq" adlı 12 səhifəlik həftəlik ictimai-siyasi qəzeti Gürcüstanda böyük marağa səbəb olmuş və yaxşı mənada rezonans yaratmışdı. Ancaq cəmi 15 sayı çap ediləndən sonra, çox güman ki, maliyyə sıxıntıları ucbatından fəaliyyəti dayandı. Redaksiya kollektivi hələ də qəzetin fəaliyyətini bərpa edəcəyi ümidi ilə yaşayır. "Qeyrət", "Sözün işığı", "Ozan", "Ziya", "Gürcüstan Azərbaycanlıları" ictimai-siyasi qəzetləri, "Meydan", "Əhli-Beyt" jurnalları soydaşlarımızın mətbuata olan təlabatlarına xidmət edir. Gürcüstan hökumətinin mətbuata münasibətinə gəldikdə, bu, çox loyaldır. Söz azadlığı dövlət tərəfindən kifayət qədər təmin olunub. Öz müşahidələrimə əsasən, deyə bilərəm ki, rəsmilərlə görüşmək, istədiyimiz sualla müraciət etməkdə elə bir problem yoxdur.
- Gürcü ədəbi mühiti ilə azərbaycanlı ziyalıların əlaqələri hansı səviyyədədir?
- Gürcü alimləri ilə dostluq əlaqələrimiz var. Ədəbi mühitlə əlaqələrimiz yavaş-yavaş daha da genişlənir. Azərbaycanlı yaradıcı ziyalıların əlamətdar günlərində, ədəbi tədbirlərimizdə Gürcüstanın Yazıçılar İttifaqının sədri, eləcə də digər tanınmış gürcü ziyalıları fəal iştirak edirlər. Gürcüstanda Azərbaycan Yazıçılar Birliyinin bölməsi təşkil edilib, bölmənin sədri, yazıçı Rafiq Hümmət azərbaycanlı qələm sahiblərinin kitablarının nəşr edilməsi işinin təşkilinə yaxından kömək göstərir.
Vaxtilə bizə də diaspor adı verə bilərdilər. Ancaq ümummilli lider Heydər Əliyev Gürcüstan azərbaycanlıları ilə görüşündə xüsusi olaraq qeyd etdi ki, onlar bu bölgənin aborigen xalqıdır, burada onların fəaliyyəti diaspor səviyyəsində deyil. Ümummilli lider Heydər Əliyev tarixi çıxışlarından birində bildirdi ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişində ölkəyə yatırılan investisiya zamanı bu məqam xüsusilə nəzərə alınıb. Ümummilli lider o zaman gürcü hökumətinə 56 milyon dollarlıq güzəşti də məhz borçalılılara görə etdiyini vurğulamışdır. Bu, onun soydaşlarımıza qayğısının daha bir göstəricisidir. Onun qoyduğu bu təməllər üzərində inkişaf edən gürcü-azərbaycanlı dostluğu bu gün elmi-ədəbi mühiti də əhatə edə bilmişdir.
- Gələcək planlarınız barədə nə deyə bilərdiniz?
- Arzular, istəklər çoxdur. İstərdik ki, gələcəkdə jurnalımız digər dillərdə də oxuculara təqdim olunsun. Gürcü və Azərbaycan xalqları arasında dostluq münasibətlərində elmi əlaqələrin qurulması və möhkəmlənməsi yolunda bundan sonra da körpü missiyamızı davam etdirmək arzusundayıq.
- Biz də sizə uğurlar arzulayırıq.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında