Geridə qalan 2012-ci il də ölkəmiz üçün bir sıra mühüm nailiyyətlərlə yadda qaldı. Azərbaycan sürətli iqtisadi inkişafını davam etdirdi, ölkəmizin dünyadakı nüfuzu daha da artdı, paytaxtımız Bakı şəhəri böyük əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildi. Ölkəmiz BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər bir qurumun qeyri-daimi üzvü kimi dünyanın təhlükəsizlik siyasətinin formalaşmasına öz töhfəsini verdi, mötəbər quruma sədrlik etdi. Bir sıra Qərb ekspertlərinin də qeyd etdiyi kimi, BMT-nin var olduğu 68 il ərzində, hətta bu qurumun yaradılmasında iştirak edən bəzi nüfuzlu Avropa ölkələri bu mötəbər qurumda təmsil olunmaq imkanı əldə edə bilməmişdir. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, tanınmış siyasətşünas Mübariz Əhmədoğlu ilə söhbətimiz də bu və digər məsələlərlə bağlı oldu. O dedi:
— Birmənalı şəkildə deyə bilərik ki, 2012-ci il siyasi-diplomatik baxımdan ölkəmiz üçün uğurlu bir il kimi yadda qaldı. Qeyd etdiyiniz kimi, dünya azərbaycanlılarında fəxarət hissi oyadan mühüm əhəmiyyətə malik bir hadisə artıq reallığa çevrildi — Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyü başladı və həm də tarixdə ilk dəfə olaraq mötəbər quruma sədrlik etdi. Azərbaycanın təşəbbüsü ilə dünyanın, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verəcək TANAP layihəsinin reallaşması istiqamətində mühüm addımlar atıldı. 2012-ci ildə Bakı dünya problemlərinin müzakirə edildiyi mərkəzə çevrildi. Keçirilmiş beynəlxalq tədbirlər rəsmi Bakıdan çox, iqtisadi problemlər məngənəsində vurnuxan dünya üçün əhəmiyyətli idi. Hər halda Azərbaycanın uğurları təkcə bununla bitmədi.
Xüsusilə qeyd etmək istərdim ki, Qəbələ RLS-nin fəaliyyətinin dayandırılması təkcə 2012-ci ilin deyil, bəlkə də son 10 illiyin uğuru hesab oluna bilər. Bəzi destruktiv qüvvələr, ermənilər və onların tərəfkeşləri Qəbələ RLS-nin fəaliyyətinin dayandırılmasını Azərbaycan ilə Rusiya münasibətlərinin gərginləşməsi kimi izah etməyə çalışırdılar. Ancaq onlar nəzərə almalıdırlar ki, Rusiyanın marağı olsaydı, ən azı, bu mövzuda Azərbaycan ilə danışıqları davam etdirərdi. Son bir neçə ayda heç bir Rusiya rəsmisi bu mövzudan ötrü Azərbaycana səfər etməyib və ya Azərbaycan səlahiyyətlilərini Rusiyaya dəvət etməyiblər. Ölkənin xarici işlər nazirinin Qəbələ RLS-nin fəaliyyətini dayandırmaqla bağlı notasından iki gün öncə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Moskvada idi və Moskvanın xahişi ilə o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun namizədliyini MDB Müdafiə Nazirləri Şurasının sədrliyinə təqdim etdi. Bu özü iki ölkənin münasibətlərini izah edən diqqətəlayiq hadisədir. Moskvanın Azərbaycana münasibəti mənfi olsaydı, bu iş orada olan 10 ölkənin müdafiə nazirindən birinə həvalə edilərdi. Qəbələ RLS-nin fəaliyyətinin dayanması Azərbaycan ərazisində digər dövlətin hərbi iştirakının sonu deməkdir. Bu da Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqli nəticəsi idi.
Təbii ki, ötən il ölkəmizin yaralı yeri olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi də hər birimizin diqqət mərkəzində oldu. Təəssüflə qeyd etməliyik ki, ATƏT-in Minsk qrupu ötən il ərzində nə münaqişənin tənzimlənməsinə, nə də müharibə ehtimalının azaldılmasına nail ola bilmədi. Pul dilənən Ermənistan da 2012-ci ildə silah cəbbəxanasını artırmaqla məşğul oldu. Münaqişənin həllində yaranmış duruma görə vasitəçilər həm fəaliyyətləri, həm də fəaliyyətsizlikləri ilə birbaşa məsuliyyət daşıyırlar. Minsk qrupu il ərzində yalnız Ermənistanın imitasiya xarakterli addımlarına şərait yaratdı. Məqsəd bu idisə, hesab etmək olar ki, buna nail oldular. Vasitəçilər ötən il Dağlıq Qarabağda aparılan işlərə, o cümlədən Suriyadan köçürülən ermənilərin Kəlbəcərdə, Laçında, Zəngilanda və digər işğal olunmuş torpaqlarımızda məskunlaşmasına zərrə qədər də diqqət ayırmadılar. Status-kvonun yolverilməzliyini iddia edən vasitəçilər status-kvoya təsir edən belə addımlara görə də məsuliyyət daşıyırlar. Qondarma “Dağlıq Qarabağ respublikasında” keçirilən prezident seçkilərinə, eləcə də bura aviareyslərin təşkilinə dair vasitəçilərin ortalığa qoyduğu mövqe erməniləri kəskin olmalıydı.
Vasitəçilər Azərbaycan və Ermənistan rəhbərlərini öz əhalilərini sülhə hazırlamamaqda, məlumatsız saxlamaqda ittiham etdikləri halda, özləri də bu istiqamətdə heç bir addım atmadılar. Onlar danışıqlar prosesində ümumi prinsipləri və detalları açıqlasaydılar, indi Azərbaycan və erməni xalqları dinc yolla tənzimlənməyə daha çox yaxınlaşardılar. Ən gözəl siyasi iradə onların öz missiyalarının müharibə ehtimalını artırdığı üçün iflasa uğradıqlarını bəyan etmələri olardı. Və bundan sonra tamamilə öz missiyalarından əl çəksələr, dinc tənzimlənməyə daha çox fayda verə bilərdilər.
Fransa Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycana tərəf reverans etdi. Həm Azərbaycan, həm də Fransa rəsmiləri tərəfindən verilən bəyanatlardan aydın başa düşülür ki, Fransa - Azərbaycan münasibətlərinin ən prioritet məsələsi Dağlıq Qarabağ münasibətlərinin tənzimlənməsidir. Prezident Fransua Olland münaqişənin nizamlanma prosesinin yekunlaşması üçün əlindən gələn hər şeyi edəcəyini bəyan etdi. İndi Fransada problemin tənzimlənməsi ilə eyni vaxtda iki nazirlik — həm Avropa Məsələləri üzrə Nazirlik (nazir Bernar Klazenev), həm də XİN (nazir Loran Fabius) məşğuldur. Belə görünür ki, Dmitri Medvedevin prezidentliyi dövründə Rusiyanın nümayiş etdirdiyi aktivlik estafetini Fransa öz əlinə almaq istəyir. Yaxın günlərdə Fransada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Fransa tərəfi buna ciddi hazırlaşır. Burada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair hansısa sənədlərin razılaşdırılıb, paraflanması məsələsi gündəliyə gələ bilər. Ermənistandakı prezident seçkilərindən sonra bu sənəd imzalana bilər. Fransa bu addımı atarsa, o, Cənubi Qafqazda özünün geoiqtisadi və geosiyasi iştirakını artıracaqdır.
Fransanın və Avropa İttifaqının Cənubi Qafqazda iştirakının artması Azərbaycanın xeyrinədir. Çünki Fransa və Avropa İttifaqı bəzi dövlətlərdən fərqli olaraq güclü və ya təhlükəli geosiyasi ambisiyaların daşıyıcısı deyillər. Yeni metodologiya, yeni texnologiya və daha çox investisiya gətirməyə qadir olan Fransa regional iqtisadiyyatın güclənməsinə, regionda sabitliyin möhkəmlənməsinə, təhlükəsizliyin artmasına güclü stimul verə bilər. Fransanın mövqeyi ilə bağlı dediklərimizi eyni ilə Aİ-yə şamil etmək olar. Aİ-nin qarşısında duran əsas məsələ Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqu təşkil etməklə etimad tədbirlərini möhkəmləndirmək və bununla da münaqişənin tənzimlənməsini finiş xəttinə çıxarmaqdır.
Ermənistanın ümumi zəifləməsi, onsuz da forpost olan Ermənistan dövlətçiliyini də şübhə altına alır. Serj Sarkisyan il ərzində Dağlıq Qarabağ məsələsi ilə bağlı daban-dabana zidd olan bəyanatlar verdi. Münaqişəsinin tənzimlənməsində “ağıllı kompromisin alternativsizliyini” iddia edən Sarkisyan az keçmiş münaqişənin yalnız millətlərin öz müqəddaratını təyinetmə prinsipi əsasında tənzimlənməsini, eləcə də Dağlıq Qarabağın tərəf kimi danışıqlar masası arxasında oturmasını tələb etdi. Və ya Azərbaycan ilə Türkiyəni erməniləri blokadaya almaqda ittiham edərək, Dağlıq Qarabağda yaşayan ermənilərlə burada vaxtilə yaşamış, sonradan özlərinin qovub çıxardığı, deportasiya etdiyi azərbaycanlılarla görüşünə qadağa qoydu. Avropada sərbəst yerdəyişmə prinsipinin prioritet prinsip olduğunu iddia edən Serj Avropanın tərkib hissəsi elan etdiyi Dağlıq Qarabağa azərbaycanlıların daxil olmasına qadağa qoymuşdur.
Ermənistan zəifləyir. Hər halda Ermənistanda Dağlıq Qarabağ münaqişəsi əsas məsələ kimi görünsə də, hazırda Ermənistan və dünya erməniləri üçün əsas problem Ermənistan dövlətçiliyinin mövcudluğu, müstəqil siyasət aparması məsələsidir.
Bu il Dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Ermənistanda və Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Seçkilərin münaqişənin həlli istiqamətində aparılan danışıqlara təsiri barədə birmənalı şəkildə onu deyə bilərik ki, bunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi qarşısında maneə olacağı fikrini yaxın buraxmırıq və buraxa da bilmərik. Əksinə, seçki illərinin, xüsusilə 2013-cü il seçkilərinin bir sıra özəllikləri var. Bu özəlliklərdən münaqişənin tənzimlənməsi istiqamətində istifadə etmək mümkündür.
Belə ki, 2013-cü ilin prezident seçkiləri Ermənistanın hərtərəfli zəifləməsi fonunda baş tutur. Erməni xalqı, Ermənistanın ictimai-siyasi mühiti və siyasi partiyaları bu seçkilərdə iştirak etmir. Serj Sarkisyanın 5 il ərzində apardığı siyasət Ermənistanın daxili və xarici siyasətini elə vəziyyətə salıb ki, heç bir ciddi siyasi fiqur bu seçkilərə qatıla bilmir və ya onu qatılmağa qoymurlar. Prezident seçkiləri Ermənistanın zəifliyini daha da qabardacaq, zəifləmə prosesini daha da sürətləndirəcək. Münaqişənin tənzimlənməsindən yayınmaq, beynəlxalq təzyiqləri neytrallaşdırmaq üçün güc lazımdır. Ermənistanın zəifləməsi onun bu istiqamətdə də gücünü azaldacaq. Ermənistana təzyiqin artması isə bizim fikrimiz deyil. Baş nazir Tiqran Sarkisyan Ermənistana güclü təzyiqlərin olduğunu və olacağını deyib.
Azərbaycan isə güclüdür, inkişafdadır, baş verən hər bir proses, o cümlədən seçki prosesi onun gücünün artmasına şərait yaradır. 2013-cü ildə Azərbaycanın hərbi imici daha da güclənəcək. Bu proses artıq başlanıb. Beynəlxalq nəşrlər bu mövzuda yazmağa başlayıblar. Azərbaycanın iqtisadi, diplomatik və siyasi gücü dünyada heç kimdə şübhə yaratmır. Hərbi gücümüzün dəfələrlə artıq olması da heç kəsdə şübhə yaratmayacaq. 2013-cü il Azərbaycan üçün təkcə seçki ili deyil, mühüm dəyişikliklər ili olacaq: Azərbaycan kosmasa peyk göndərən ölkələrdən biri olacaq.
Ermənistan isə digər bir ciddi problemlə üz-üzədir. Metsamor AES-in sıradan çıxması 2013-cü ildə ciddi şəkildə gündəlikdə olacaq. Ermənilər özləri də bu stansiyanın partladılması məsələsini gündəliyə gətirə bilərlər. Hər halda 2013-cü il həm Ermənistanın, həm də Dağlıq Qarabağ münaqişəsinin taleyinin müəyyən olunmasında təsirli rola malik olacaq. İstənilən halda, uğur və qələbə Azərbaycanın olacaq. Ötən 2012-ci ilin uğurlu nəticələri və sürətlə inkişaf edən respublikamızın güclənməsi buna zəmanət verir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.