Müsahibimiz Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur
- Novruz müəllim, istərdik, 2012-ci ilinin yekunlarını Azərbaycanın xarici siyasətində əldə olunmuş nailiyyətlər, bu istiqamətdə mühüm və yaddaqalan tarixi hadisələr fonunda qısaca təhlil edək. İlk olaraq, sizcə 2012-ci il bu mənada nə ilə yadda qaldı və bu il Azərbaycan dövləti qarşıya qoyduğu məqsədlərə çata bildimi?
- 2012-ci il haqqında fikirlərimizi ümumiləşdirərək deyə bilərik ki, cari il Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında idarə olunmasının 9-cu ilidir. Yəni 2012-ci il də o illərin davamıdır. Qeyd etmək istərdim ki, 2003-cü ildən başlayaraq, Azərbaycan yeni bir keyfiyyətdə bütün prosesləri həzm etdi, inkişaf etdirdi. Bütün bunların hamısı, ümumilikdə götürdükdə Azərbaycan xalqının həyatında, daxili və xarici siyasətdə, keçdiyi yolda, həyata keçirdiyi layihələrdə özünün təsdiqini tapdı. Bu nöqteyi - nəzərdən 2012-ci il demək olar ki, bu inkişaf xəttinin zirvəsidir. Bu illər ərzində Azərbaycan həm daxili siyasətində, həm də xarici siyasətində, təkcə region üçün deyil, o cümlədən beynəlxalq aləm üçün daim güclənən, reytinqini gücləndirən, nüfuzunu artıran bir dövlət olubdur. Azərbaycanın inkişafı beynəlxalq reytinq agentliklərinin verdikləri qiymətləri nəzərə alsaq, birinci olubdur. 2012-ci il də əvvəlki illər kimi bu hadisələrlə dolu oldu. Bu gün Cənubi Qafqaz regionunda elə bir layihə, elə bir hadisə yoxdur ki, Azərbaycan orada iştirak etməsə, Azərbaycanın razılığı, təşəbbüsü olmadan regionda heç bir layihə reallaşdırıla bilməz. 2012-ci ildə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal rol oynayır. Bu da təbiidir. Çünki Azərbaycanın kifayət qədər gücü, qüdrəti, imkanları var, digər tərəfdən dünya dövlətləri də Azərbaycana böyük etimad göstərir. Ona görə də, düşünürəm ki, Azərbaycan 2012-ci ildə qarşıya qoyduğu bütün planları reallaşdırdı. Bunu həm ölkənin sürətli iqtisadi inkişafında, sosial sferada baş verən müsbət dəyişikliklərdə, həm də xarici əlaqələrinin, beynəlxalq ictimaiyyətlə əməkdaşlığının güclənməsində görmək mümkündür.
- Cari ildə ölkəmiz bir çox mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdi. Bu tədbirlərin Azərbaycana qazandırdığı dividentlər nələrdir?
- Azərbaycanda hər il, o cümlədən, bu il də onlarca böyük beynəlxalq tədbirlər keçirildi. Bu tədbirlərdə Avropanın, Amerikanın, Asiyanın, Ərəb ölkələrinin görkəmli ictimai-siyasi xadimləri iştirak ediblər. Elə tədbirlər oldu ki, orada onlarca keçmiş dövlət rəhbərləri, Nobel mükafatı laureatları, dünyanın tanınmış siyasətçiləri, dövlət və hökumət nümayəndələri iştirak ediblər. Bu tədbirlər həm bizim xarici siyasətimizi, həm daxili siyasətimizi, həm mədəniyyətimizi, həm dinlərarası dialoqu, həm də ümumiyyətlə bəşəriyyəti maraqlandıran, onları narahat edən müasir dövrün problemlərini əhatə edib. Bunların sırasında “Eurovision” mahnı müsabiqəsini, Krans Montana Forumu, Beynəlxalq Humanitar Forum, dinlərarası dialoqla bağlı beynəlxalq konfrans və bir çox digər tədbirləri xüsusilə qeyd etmək istərdim. Eyni zamanda, Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü də Azərbaycanda keçirildi. Bütün bunların hamısı, Azərbaycanın artıq regional lider kimi bütün sahələrdə inkişafını, beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini bir daha təsdiq edir. Təbii ki, bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi ölkəmizə olan inamın, etimadın güclənməsinin, eyni zamanda, Azəbaycanın beynəlxalq münasibətlər sistemində özünün yerinin və rolunun olmasının, beynəlxalq proseslərdə fəal iştirakının göstəricisidir.
Bundan başqa, Azərbaycanın bu ilin fevral ayında Böyük İyirmilik Ölkələrinin Meksikada keçirilən tədbirində, bu ilin mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan nüvə təhlükəsizliyi üzrə zirvə toplantısında təmsil olunması da onun qüdrətindən, dünyadakı nüfuzundan xəbər verir. Çünki qeyd olunan tədbirlərdə dünyanın ancaq nəhəng, qabaqcıl və inkişaf səviyyəsi çox yüksək olan dövlətləri iştirak edirdilər. Artıq Azərbaycan da həmin dövlətlər arasında öz yerini alıb. Bu, bütün dünyaya ən gözəl mesajdır.
- 2012-ci ildə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi, güclü bir aktor kimi dünyanın siyasi taleyinin müəyyənləşməsində rolunun artması istiqamətində çox mühüm hadisələr baş verdi. Bunlardan biri də heç şübhəsiz ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması, may ayında TŞ-yə sədrlik etməsi oldu. Siz dövlətimiz üçün böyük məna kəsb edən bu tarixi nailiyyətin əhəmiyyətini nədə görürsünüz?
- Bəli, ötən il Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bu il isə qurumun qeyri-daimi üzvü kimi fəaliyyətə başlaması, may ayında TŞ-yə sədrlik etməsi çox mühüm bir hadisədir. Bilirsiniz ki, Azərbaycanın BMT TŞ-nin üzvü seçilməsi çox uzun bir mübahisədən, 17 tur səsvermədən sonra reallaşdı. Yalnız 17-ci turda Azərbaycan 155 dövlətin dəstəyi ilə bu haqqı qazandı. Yəni dünya dövlətlərinin 2/3-sindən çoxu Azərbaycana səs verdi. Xüsusilə, qeyd etmək istərdim ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında dünyanın ən güclü tərəfinin - Qərbin namizədləri ilə üz-üzə durdu, onlara qalib gələ bildi. Bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun göstəricisidir. Bu, Azərbaycanın tarixində onilliklər, yüzillərlə yazılacaq və qeyd edliləcək mühüm hadisələrdəndir. Şübhəsiz, bu, Azərbaycanın xarici siyasətində zirvə nöqtələrindən biridir.
Azərbaycan ötən illər ərzində dünyaya sübut etdi ki, ölkəmizin bütün dünya dövlətlərinin vəkili olmaq hüququ var. Daha doğrusu, Azərbaycan o dövrə qədər beynəlxalq aləmdə apardığı siyasətlə göstərdi ki, BMT TŞ-də dünya dövlətlərinə daha yaxşı şəkildə vəkillik edə bilər. Azərbaycan Prezidentinin ən mühüm prinsiplərindən biri budur ki, beynəlxalq münasibətlərdə ədalət prinsipi olmalıdır, beynəlxalq hüquq ədalətlə həyata keçirilməlidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətinin başlıca məqsəd və məramı da bundan ibarətdir.
- Çox təəssüf ki, 2012-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq mümkün olmadı. Azərbaycan dövlətinin bütün çağırışlarına, ortaya qoyduğu ədalətli, konstruktiv mövqeyə baxmayaraq, Ermənistanın danışıqlardan yayınması, müxtəlif bəhanələr gətirərək danışıqları uzatması səbəbindən münaqişənin həllinə nail olunmur...
- Buna baxmayaraq, mən 2012-ci ili itirilmiş il hesab etmirəm. Azərbaycanın atdığı addımlar, qazandığı nailiyyətlər istər-istəməz beynəlxalq münasibətlər sistemində özünə yer tapıb, ona təsir edirsə, regional çərçivədə bunun təsirləri daha güclüdür. Qonşu dövlətlər bu təsirləri kifayət qədər ciddi hiss edirlər. Doğrudur, münaqişənin yekun həllinə nail olunması baxımından istənilən irəliləyiş əldə edilməsə də, son bir neçə ildə bu istiqamətdə aparılan danışıqlarda həmsədr dövlətlərin verdiyi bəyanatlar (Akvil, Muskok və digərləri) Azərbaycanın mövqeyinə tam uyğun gəlir. Bu bəyanatlar bu il nəticə verməsə də, bu ilin özündə iz qoydu. Təbii ki, gələn il bu bəyanatlar qarşıya daha güclü tələb kimi çıxacaq. Ona görə də biz düşünürük ki, Ermənistan tərəfi danışıqları uzatmaq üçün nə qədər bəhanələrə əl atır atsın, nə qədər səy göstərir göstərsin, buna nail ola bilməyəcək. Status - kvo mütləq dəyişməlidir və dəyişəcək. Artıq Azərbaycanın güclənən mövqeyi, artan qüdrəti münaqişənin həlli perspektivini yaxınlaşdırır. Biz bu günə qədər dəfələrlə demişik ki, status-kvo dəyişməlidir, indi isə həmsədr dövlətlərin rəhbərləri özləri bəyan edirlər ki, status-kvo davam edə bilməz. Biz istəyirik ki, beynəlxalq hüquq işləsin, güclü beynəlxalq təşkilatlar bu işlə daha ciddi səylə məşğul olsunlar. Əlbəttə ki, burada müəyyən məsələlər var, biz bunu yaxşı bilirik. Amma nə olursa olsun, biz torpaqlarımızı azad edəcəyik. Buna heç kəsin şübhəsi olmasın.
- Yeri gəlmişkən, müxtəlif dövrlərdə münaqişənin həllinə vasitəçilik edən missiyanın formatının dəyişdirilməsi ilə bağlı fikirlər gündəmə gəlir. Bu məsələ ilə bağlı sizin fikirləriniz nədən ibarətdir?
- Formatın dəyişdirilməsi ilə bağlı müəyyən fikirlər səsləndirilsə də, hələ ki, buna ehtiyac olduğunu düşünmürəm. Əgər həmsədr ölkələr, tələbkar olsalar, beynəlxalq hüququn norma və prinsiplərinin təmin olunmasında iradə göstərsələr, onda müvafiq nəticə əldə oluna bilər və heç formatın dəyişdirilməsinə ehtiyac da qalmaz. Amma çox təəssüflər olsun ki, biz hələ ki bunu görmürük.
Ümumiyyətlə, mən bu barədə bir neçə dəfə demişəm. Yenə təkrar etmək istəyirəm ki, bu dünya hələlik kamil dünya deyil. Beynəlxalq münasibətlərdə gedən proseslər kamil deyil. Bu gün dünya təkcə iqtisadi və maliyyə böhranı keçirmir. Bununla bərabər, dünyada beynəlxalq hüquq problemi yaşanır. Və çox təəssüflər olsun ki, Qərbin özündə bir sıra dairələrin çox güclü şəkildə Ermənistanın yanında olduğu görünür. Göz görə - görə proseslərə özlərinin yanaşmasını ortaya qoyurlar. Bu da bayaq dediyimiz kimi, beynəlxalq ədalət, hüquq böhranının olmasını göstərir. Belə olan halda təkcə kiçik dövlətlər üçün problem yaranmır, təkcə kiçik dövlətlər ziyan görmürlər. Gec-tez bu, bütün dünya birliyi üçün, bəşəriyyət üçün ciddi bir problemə çevrilə bilər. Unutmaq olmaz ki, dünyada bütün böyük sosial, iqtisadi, siyasi problemlər məhz ədalət prinsipinin pozulmasından sonra meydana çıxır.
- Azərbaycan artıq ənənəvi beynəlxalq əməkdaşlıq arealını genişləndirir. Xüsusilə, 2012-ci ildə biz Azərbaycanın daha geniş bir coğrafi məkanda əlaqələrini inkişaf etdirdiyini, Latın Amerikası, Avstraliya, Cənub- Şərqi Asiya regionunda yerləşən dövlətlərlə münasibətlərin inkişafı yönündə çox ciddi səylər göstərdiyini müşahidə etdik. Bu əlaqələrdən bizim gözləntilərimiz və bunların Azərbaycana vəd etdikləri barədə nə demək olar?
- Bu, bir tərəfdən çox təbii bir məsələdir və əslində, belə də olmalıdır. Azərbaycan bütün sahələrdə inkişaf edib, regional liderə çevrilib. İnkişaf da davamlı, dinamik bir prosesdir. Bu inkişaf edən gənc dövlət bütün regionları “fəth etmək” istəyir. Yəni faydalı surətdə əməkdaşlıq qurub, münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətindədir. O nöqteyi-nəzərdən, Azərbaycanın 2012-ci ilə qədər olan inkişafının təbii olaraq, davamıdır ki, biz Cənubi Amerika dövlətləri, Avstraliya, Cənubi-Şərqi Asiya dövlətləri ilə yeni əməkdaşlıqlar qurmuşuq. Yeri gəlmişkən, qeyd edim ki, yaxın perspektivdə bir sıra Afrika dövlətləri ilə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı da ciddi addımlar atılacaq və yəqin ki, bir neçə həftə ərzində bunları görəcəksiniz.
- Məlum olduğu kimi, qonşu dövlətlərlə əlaqələrin mehriban qonşuluq və dostluq münasibətləri çərçivəsində inkişafı Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən birini təşkil edir. Lakin etiraf etmək lazımdır ki, buna baxmayaraq, bəzi hallarda münasibətlərdə müəyyən problemlər ortaya çıxır. 2012-ci ildə də bu qəbildən olan bəzi xoşagəlməz hallar baş verdi. Deyə bilərikmi ki, bunlar artıq geridə qalıb?
- Biz Azərbaycanın inkişafından danışanda gəlin bir nəzər salaq görək ki, post sovet məkanında yerləşən ölkələrdə cərəyan edən proseslərlə, Azərbaycanda müşahidə olunan irəliləyişləri, əldə olunan nailiyyətləri müqayisə etmək mümkündürmü? Azərbaycandakı inkişaf, stabillik, xalqla rəhbər arasında inam, etimad, bağlılıq tamamilə fərqlənir. Bəs, digər ölkələrdə nələr baş verir? Bir il bir hadisə baş verir, iki il sonra bir şey olur, sonra başqa hadisə və s. Xalq da kimə etimad edəcəyini, nəyə inanacağını bilmir.
İkincisi, ölkənin iqtisadi, siyasi inkişafı eyni zamanda, beynəlxalq münasibətlərdə də yeni proseslərin meydana gəlməsinə, ölkənin qarşısında yeni məqsədlərin, üfüqlərin açılmasına şərait yaradır. Bu nöqteyi-nəzərdən, Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən biri bundan ibarətdir ki, qonşu dövlətlərlə mehriban, sıx əlaqələrini daim inkişaf etdirsin. Tam qətiyyətlə deyə bilərik ki, ötən illər ərzində biz buna nail olmuşuq. Bizim Türkiyə Cümhuriyyəti ilə, Rusiya Federasiyası ilə yüksək səviyyədə münasibətlərimiz var və getdikcə də əlaqələrimiz irəliləyir, bu proses gələcəkdə də davam edəcək. Həmçinin, Gürcüstanla, İranla da qarşılıqlı maraqlara söykənən faydalı əməkdaşlıq münasibətləri yaratmışıq və biz bu əlaqələrə böyük əhəmiyyət veririk.
Bununla belə, müəyyən dairələr bu cür xoş münasibətləri, eyni zamanda, Azərbaycan dövlətinin güclü inkişafını həzm edə bilmirlər, qısqanclıqla yanaşırlar və bu zaman müəyyən problemlər əmələ gəlir. Amma mən düşünürəm ki, onların hamısı 2012-ci ilin arxivində qalacaq. Çünki məqsədlər təmiz, sağlam olanda istədiyiniz nəticələr də əldə olunacaq. Bizim həm Rusiya Federasiyası, həm Türkiyə Cümhuriyyəti, həm İran İslam Respublikası, həm də Gürcüstanla münasibətlərimiz mehriban qonşuluq, əməkdaşlıq, dostluq çərçivəsində davam edəcək. Əsas odur ki, möhkəm iradə, xoş niyyət olsun.
- Ölkəmizin sürətli inkişafı, beynəlxalq aləmdə artan nüfuzu bəzi qüvvələri narahat edir ki, onlar da Azərbaycana bu və ya başqa şəkildə təzyiqlər göstərməyə çalışırlar. Siz bu təzyiqləri nə ilə əlaqələndirirsiniz?
- Məsələ burasındadır ki, Azərbaycanın inkişafı təkcə regional lider olması ilə çərçivələnmir. Hüdudlar getdikcə genişlənir və artıq Azərbaycanın beynəlxalq münasibətlər sistemində özünün nüfuzlu yeri var. Azərbaycan gənc bir dövlət olsa da, beynəlxalq aləmdə özünə o qədər nüfuz, reytinq, etimad qazanıb ki, o, tez-tez hallarda sağlam rəqabət çərçivəsində Qərbin, böyük dövlətlərin maraqlarına müdaxilə edə bilir. Mən bu fikrimi bəzi misallarla əsaslandırmaq istəyirəm.
2011-ci ildə Azərbaycan “Eurovision” mahnı müsabiqəsində qalib oldu. Bu, o deməkdir ki, Azərbaycanın çox zəngin mədəniyyəti, musiqisi var. Azərbaycan bunu təqdim etdikdə o, Avropa ictimaiyyəti arasında birinciliyi tutdu. Bilirsiniz ki, bu səsvermədə rəsmi dairələr bizə o qədər də səs vermədi. Amma ölkələrin əhaləsinin verdiyi səslər Azərbaycana qələbəni qazandırdı. Təbii ki, bu qələbə Azərbaycana müsabiqəni təşkil etmək hüququ qazandırdı. Bu seçimi ki biz etmədik, biz sadəcə olaraq orada iştirak etdik, özümüzü təqdim etdik. Seçimi Avropa ictimaiyyəti etdi. Avropaya bəzən “xristian klubu” deyirlər. 50 ildən artıq bir müddətdə onların keçirdiyi bu mahnı müsabiqəsini bu dəfə Azərbaycan, özü də ən yüksək səviyyədə təşkil etdi. Bu, yaxşı mənada müəyyən maraqlara bir müdaxilədir. Bu zaman kimdəsə qısqanclıq yaranır, müxtəlif sözlərlə, bəyanatlarla bu qısqanclıqlarını ifadə edirlər.
İkinci bir misal çəkim. Azərbaycanın BMT TŞ-yə üzv olması. Burada da Azərbaycan Qərbin namizədinə qalib gəldi və bu, o deməkdir ki, Azərbaycan onların maraqlarına müəyyən mənada müdaxilə etdi. Qərb istəyirdi ki, özünün istədiyi bir dövlət BMT TŞ-yə üzv olsun və o dövlət də Qərbin istədiyi kimi məsələlərə müdaxilə etsin. Amma Azərbaycan kimi gənc, 9,3 milyon əhalisi olan bir dövlət onların namizədinə qalib gəldi. Bu da təbiidir ki, onlarda qısqanclıq yaradır.
Başqa bir misal da tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarının keçirilməsi hüququnun Azərbaycana verilməsidir. Xristian dövlətlərindən ibarət olan Avropanın ilk Olimpiya Oyunlarını Azərbaycan təşkil edəcək.
Şübhəsiz ki, bu 3 hadisənin hər biri çox vacib və tarixi əhəmiyyət kəsb edir. Bunlar baş verərkən isə Azərbaycan yalnız özünü təqbim edib, seçimi biz etməmişik. Seçimi 155 dövlət edib, Avropanın ictimaiyyəti edib, idman ictimaiyyəti edib. Əlbəttə ki, bunlar müəyyən dairlərdə qısqanclıq doğurur. Bir tərəfdən, daxili inkişaf, digər tərəfdən, xarici siyasətdə əldə olunan nailiyyətlərimizi bəzi qüvvələr həzm edə bilmirlər. Bəzi mətbuat orqanları, bəzi siyasi dairələr, bəzi məmurlar Azərbaycanın uğurlarına qısqanclıq göstərirlər. Amma nə qədər danışsalar da, nə böhtanlar atsalar da, Azərbaycan artıq çətin, mürəkkəb mərhələləri keçib. Bu gün Azərbaycan inkişaf etmiş dövlətlər sırasına daxil olmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev mühüm bir konseptual planı təsdiq edib. “Azərbaycan 2020: Gələcəyə baxış” strateji inkişaf planı Azərbaycanın gələcək inkişafının bütün istiqamətlərini özündə ehtiva edir. Əminlikdə deyə bilərik ki, 2020-ci ildə Azərbaycan dünyanın ən inkişaf etmiş mərkəzlərindən biri olacaq. Bu təzyiqlər, bu qısqanclıqlar, böhtanlar bizə heç bir təsir göstərə bilməz. Biz öz yolumuzda gedəcəyik.
- Yeri gəlmişkən, bu təzyiq qruplarının ənənəvi metodu ondan ibarətdir ki, həmin dairələr ölkədəki bəzi qruplardan alət kimi istifadə edirlər. Biz lEurovision» mahnı müsabiqəsinin təşkili zamanı və digər proseslərdə də bunu aydın şəkildə müşahidə etdik. Ən lazımi məqamlarda dövlət, xalq maraqlarını satan, öz maddi tələbatlarını ödəmək üçün hər şeyi gözə alan bu qüvvələrin bu gün Azərbaycanda hakimiyyətə gəlmək iddiasında olması nə qədər məntiqlidir?
- Biz gərək hər şeyi ətraflı öyrənək, düzgün qənaətə gələk. Bu gün İslam aləmində baş verən prosesləri xalqımız dərindən təhlil etməlidir, əsl həqiqətləri görməlidir. Biz bu prosesləri müşahidə edərkən, həm də qiymətləndirməliyik. Misirin vəziyyətinə gəlin qısaca nəzər salaq. Dünyanın mədəniyyət ocağı olan, minilliklər tarixi olan bir ölkə görün nə vəziyyətdədir? İki yerə bölünüb, parçalanıb və dağıdıcı proseslər hələ də davam edir. Bunu onlar özləri istəmirdilər. Bu vəziyyəti orada yaratdılar. Heç kim bilmir ki, neçə ildən sonra Misir heç olmasa, bu hadisələr baş verməzdən əvvəlki dövrdəki vəziyyətinə qayıda biləcək? Çox təəssüf ki, bu proseslər təkcə Misirdə baş verməyib. Oxşar hadisələrin yaşandığı ölkələr çoxdur. Bizim də müdrikliyimiz onda olmalıdır ki, bunları görüb, düzgün qiymətləndirək. Sevindirici haldır ki, Azərbaycan əhalisinin böyük bir hissəsi 80 - 90 faizi Prezident İlham Əliyevin tutduğu yolu dəstəkləyir, bu yolun dövlətimizi inkişafa, xalqımızı daha parlaq gələcəyə apardığını bilir və hər bir məsələdə Prezidentin yanında yer alır.
Amma çox təəssüflər olsun ki, hər bir cəmiyyətdə olduğu kimi, bizim cəmiyyətimizdə də müəyyən azlıqlar var ki, buraya QHT-lər, siyasi partiyalar, KİV-lər aiddir, onlar bəzi xarici qrupların əlində alətə çevriliblər. Bu, onların artıq qanlarına işləyib. Guya bunlar özlərinin hansısa böyük məqsədlərinə xidmət etdiklərini deyirlər, əslində isə nəyə, kimlərə xidmət etdiyini biz yaxşı bilirik. Belə şeylər heç vaxt Azərbaycan üçün problem yarada bilməz. Azərbaycan xalqı yaxşını pisdən ayıra bilir və buna görə də biz yaxşı yolda getməyə davam edəcəyik.
- Novruz müəllim, son olaraq, istərdik, 2013-cü ildə Azərbaycanın xarici siyasətdə rəhbər tutacağı priorirtet istiqamətlər haqqında da məlumat verəsəniz. Qarşıdan gələn 2013-cü il Azərbaycana nə vəd edir?
- Azərbaycan üçün 2013-cü il xüsusi bir il olacaq. Bilirsiniz ki, gələn il Azərbaycanın taleyində çox mühüm bir hadisə olan prezident seçkiləri keçiriləcək. Biz bu tarixi hadisəyə doğru irəliləyərkən də bilirik ki, 2013-cü il çox mühüm bir inkişaf mərhələsinin bitib, yeni bir mərhələnin - 2020-ci ilə hesablanmış böyük inkişaf mərhələsinin başlanğıcı olacaq. Azərbaycan gələn il də öz siyasi, iqtisadi, diplomatik prinsiplərinə sadiq qalaraq, daha da inkişaf edəcək. Prezident İlham Əliyevin güclü iradəsinə əsaslanan, qarşıya qoyduğu planlarla bağlı proseslər çox uğurla gedir. Azərbaycan qarşıya qoyduğu istənilən məqsədə, hədəfə çatmaq əzmində və iqtidarındadır. Ona görə də, hər il bizim üçün böyük tarixi nailiyyətlərlə yadda qalır. 2013-cü il də bu illərın sırasında növbəti uğurlu il kimi tarixdəki yerini alacaq və 2013-cü ildə daha böyük uğurlar qazanacağımıza şübhə yoxdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.