Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında ilk Avropa Olimpiya Oyunlarına paytaxt Bakının ev sahibliyi etməsi barədə qərar qəbul edilmişdir. Qitənin ən mötəbər idman tədbiri 2015-ci ildə keçiriləcəkdir. Bununla bağlı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev ona ünvanladığımız sualları cavablandırdı.
-Xəzər müəllim, Bakının ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi barədə qərarını necə qiymətləndirirsiniz?
-Baş Assambleyada səsvermə zamanı 48 ölkədən 38-i Azərbaycanın namizədliyini dəstəkləmişdir. 8 ölkə əleyhinə səs vermiş, 2 ölkə isə bitərəf qalmışdır. Bu təklifin əleyhinə çıxış edənlər Avropada Olimpiya Oyunlarının keçirilməsinə etiraz edənlər idi. Bu tarixi qərar Azərbaycan, eləcə də Avropa Olimpiya Hərəkatı üçün çox böyük hadisədir. Afina ilk Yay Olimpiya Oyunlarının ev sahibi kimi tarixə düşübsə, Bakı Avropa Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər kimi tarixə düşəcək. Bakının qitəmizin ilk olimpiya oyunlarına ev sahibliyi etməsi ilə bağlı verilən qərar heç də təsadüfi olmamışdır. Azərbaycan ötən illər ərzində Avropa Olimpiya və Avropa Ədalətli Oyunlar Hərəkatının (ƏOH) inkişafına öz qiymətli töhfələrini vermişdir. Təsadüfi deyildir ki, 2009-cu ildə Avropa ƏOH-un Konqresi və Baş Assambleyası Bakıda təşkil olunmuşdur. Ölkəmizdə bu istiqamətdə aparılan işlər yüksək qiymətləndirilmiş, Azərbaycan Prezidenti İlham Əliyev Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı ilə təltif edilmişdir.
Bakının ilk Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəyindən böyuk qürur hissi duyuruq. Bu qərar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, beynəlxalq əlaqələrimizin miqyasının genişləndiyini göstərir. Beynəlxalq aləmdə böyük hörmətə malik olan ölkəmizin dünya birliyində rolu və təsir imkanları yüksəlir. Azərbaycanın dünyanın taleyüklü məsələləri üzrə qərarlar verən BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətin uğurlu xarici siyasətinin əsas göstəricilərindən biridir. Azərbaycan çətin rəqabət şəraitində mövqeyini şərəflə qorumuş, dünya birliyinin dəstəyini alaraq ən mötəbər beynəlxalq quruma üzv seçilmişdir. Ölkəmizdə ictimai-siyasi sabitliyin hökm sürməsi də bu qərarın qəbul edilməsində böyük rol oynamışdır. Məhz uzun illər ictimai-siyasi sabitliyin hökm sürməsi ölkəmizdə bütün sahələrin sürətli inkişafı üçün zəmin yaratmışdır. Azərbaycan iqtisadi cəhətdən dünyanın ən sürətlə inkişaf edən bir ölkəsinə çevrilmişdir. Son 9 ildə iqtisadiyyatımız 300 faiz artmışdır. İqtisadiyyatımız rəqabətqabiliyyətliliyinə görə dünyada 46-cı, MDB-də isə birinci yerdədir. Ölkəmizdə çox böyük quruculuq işləri görülür, binalar bərpa edilir, parklar salınır, xidmət obyektləri tikilir, müasir infrastruktur layihələri həyata keçirilir. Bakı gündən-günə gözəlləşir, müasirləşir. İndi paytaxtımız dünyanın ən gözəl və inkişaf etmiş şəhərləri sırasındadır. İqtisadi gücümüz imkan verəcəkdir ki, biz bu oyunları ən yüksək səviyyədə keçirək.
-Hazırda idman infrastrukturumuz yarışların təşkili üçün qənaətbəxşdirmi?
-Avropa Olimpiya Oyunlarını keçirmək üçün paytaxtımızda çox gözəl şərait vardır. Son illər paytaxtımızda müasir tipli yüzlərlə idman qurğuları inşa edilmişdir. Yarışların 19 idman növü üzrə keçirilməsi nəzərdə tutulub. Amma danışıqlar əsasında idman növlərinin sayı artırıla bilər. Bəzi növlər bizdə olmadığı üçün xüsusi qurğuların tikilməsinə ehtiyac var. Hazırda ölkəmizdə Olimpiya stadionu, gimnastika və hovuz kompleksləri tikilir. Lazım gələrsə, kompleks yarışların keçirilməsi üçün digər idman qurğuları da qısa müddətdə inşa ediləcək. Azərbaycanın bu sahədə böyük təcrübəsi var.
-Avropa Olimpiya Oyunlarının ev sahibi kimi idmançılarımızın üzərinə böyük məsuliyyət düşür. Atletlərimizin potensialını necə qiymətləndirirsiniz?
-Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı verilən qərarda, şübhəsiz, idmançılarımızın əldə etdikləri qələbələrin də böyük rolu olmuşdur. London Yay Olimpiya Oyunları Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut etmiş, ölkəmizdə olimpiya hərəkatının yüksək sürətlə inkişaf etdiyini əyani göstərmişdir. Olimpiadanın ilk günlərində medallar əldə etsək də, xalqımız idmançılarımızdan qızıl medal gözləyirdi. Son gündə qazanılan 2 qızıl medal güclü potensialımızı bütün dünyaya nümayiş etdirdi. Bildiyimiz kimi, dünya miqyasında mötəbər beynəlxalq tədbir olan olimpiya oyunlarında ölkələr öz aralarında rəqabət aparırlar. Hər bir ölkə çalışır ki, onun idmançıları daha çox medal qazansınlar və onların yeri cədvəldə daha yuxarıda olsun. Ərazi və əhali baxımdan bizdən bir neçə dəfə böyük olan ölkələrin idmançıları bu qədər böyük nailiyyət əldə edə bilmirlər. Ölkəmizin Dövlət Himni səslənəndə, milli bayrağımız qaldırılanda hər birimizin ürəyi qürur hissi ilə döyünür. İdmançılarımızın Londonda böyük qələbəsi təsadüfi deyildi. Müstəqil dövlət kimi Atlantada 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanmışdıq. Şübhəsiz, nəticələrin davamı kimi bu oyunlarda daha çox medal gözləyirdik. Ümidlərimiz doğruldu. Həm kəmiyyət, həm də keyfiyyət baxımından uğurlu nəticələr qazanılmışdır. 200-dən çox ölkənin iştirak etdiyi bu yarışlarda ölkəmiz 30-cu yeri (medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü) tutmuşdur. Əldə edilmiş nəticələr Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Ölkə başçısı bu nailiyyəti Azərbaycan idmanının, Azərbaycan dövlətinin təntənəsi adlandırmışdır. Qələbələrə öyrəşmiş xalqımız, artıq yeni və daha yüksək nəticələr gözləyir. İdmana dövlət səviyyəsində göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman dövlətinə çevrilmişdir. Dünyanın heç bir yerində idmana Azərbaycandakı kimi qayğı göstərilmir. Gənclərdə bu sahəyə diqqətin artması Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Cənab İlham Əliyev həm ölkə Prezidenti, həm Milli Olimpiya Komitəsinin prezidenti, həm də bir vətəndaş kimi əldə edilən qələbələrdən qürur hissi keçirdiyini dəfələrlə vurğulamışdır. Məhz dövlət başçısının möhkəm iradəsi, şəxsi qayğısı sayəsində gənclərimizin sağlam ruhda tərbiyəsi, idmana olan marağının artması təmin olunub. Mötəbər yarışlarda medal qazanan idmançıları, onların məşqçilərini, idman mütəxəssislərini dövlət başçısı şəxsən özü qəbul edir, hər birini dinləyir, onların problemləri ilə maraqlanır. Avropa Olimpiya Oyunlarında da idmançılarımız onlara bəslənilən ümidləri doğrultmalıdırlar.
-İdmanın kütləviləşməsi və daha geniş miqyasda yayılması istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
-İdmanın inkişaf etməsi üçün yaradılan şərait gündən-günə yaxşılaşır. Güclü idman infrastrukturu paytaxtla yanaşı, bölgələrdə də yaradılır. Müasir idman qurğuları, stadionlar bölgələrimizdə də idmanın kütləviləşməsini təmin edir. Son on ildə 35 regional idman olimpiya kompleksi tikilmişdir ki, uşaq və yeniyetmələr bu qurğuların xidmətindən səmərəli istifadə edirlər. Təsadüfi deyil ki, dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında bölgə idmançılarımız da çox böyük nailiyyətlər qazanırlar. London Olimpiadasının qalibi Toğrul Əsgərov Gəncə güləş məktəbinin təmsilçisidir. Toğrul hələ gəncdir və nailiyyətini növbəti olimpiadada da təkrarlamaq şansı böyükdür.
-Yeniyetmə və gənc idmançılar layiqli əvəzedicilər ola bilərmi?
-Londonda iştirak edən atletlərimizin əksəriyyəti gənclər idi və onların hər birinin medal qazanmaq imkanları böyük idi. Yaxşı bilirik ki, bəzən hakim ədalətsizliyi idmançılara layiq olduqları medalları qazanmağa imkan vermir. Gənc atletlərimiz hakim ədalətsizliyi ilə qarşılaşsalar da, ruhdan düşmədilər, sona qədər mübarizə apardılar. Bu da gənclərimizin təkcə fiziki cəhətdən deyil, psixoloji cəhətdən də nə qədər güclü olduqlarını nümayiş etdirdi. Digər amil yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə ounlmasıdır ki, bu da qələbəni təmin edən şərtlərdən biridir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin təkib hissəsinə çevrilmişdir. Şübhəsiz, bütün bunlar çox gözəl nəticə vermişdir. Yeniyetmələrin I Olimpiya Oyunlarında Azərbaycan yığması 5 qızıl, 3 gümüş medalla 11-ci yeri tutmuşdur. Bu nəticələr bir daha göstərir ki, yetişməkdə olan gənc nəsil güclü potensiala malikdir. Əslində, Azərbaycan ictimaiyyəti də idmançılarımızdan daha böyük qələbələr gözləyirlər. Növbəti illərdə atletlərimiz daha yüksək zirvələr fəth etmək üçün səylərini bir qədər də artırmalı, xalqımızı yeni qələbələrlə sevindirməlidirlər. Düşünürəm ki, Avropa Olimpiya Oyunlarında da idmançılarımız böyük nailiyyətlər əldə edəcəklər.
-Bakı Yay Olimpiya Oyunlarını keçirmək üçün iki dəfə namizədliyini irəli sürsə də, məqsədimizə çata bilməmişik. Sizcə, Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək Bakının şanslarına təsir edəcəkmi?
-Bu tarixi qərar Bakının şanslarının nə qədər böyük olduğunu bir daha göstərir. İndi əsas məqsəd oyunların yüksək səviyyədə təşkilinə nail olmaqdır. Son illər Azərbaycan dünyamiqyaslı yarışların keçirildiyi məkana çevrilib. Artıq ölkəmizin mötəbər beynəlxalq tədbirləri keçirmək üçün böyük təcrübəsi vardır. Bunu beynəlxalq qurum rəsmiləri, ölkəmizdə tədbirlərdə iştirak etmiş xarici qonaqlar da dönə-dönə qeyd etmişlər. Heç kim şübhə etmir ki, bu möhtəşəm tədbir də yüksək səviyyədə keçiriləcək.
Düşünürük ki, qitənin ən mötəbər idman tədbirini lazımi səviyyədə keçirəcək, bununla da güclü potensialımızı dünyaya bir daha nümayiş etdirəcəyik. Bütün bunlar Bakının dünyanın ən mötəbər idman tədbiri olan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək şansını daha da artıracaq.
Leyla QURBANOVA,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.