Səfir Herbert KVELLE: Azərbaycan Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinə mühüm töhfə verir

Adətən ilin sonunda görülmüş işlərə yekun vurulur, perspektivlər müəyyən edilir.

Adətən ilin sonunda görülmüş işlərə yekun vurulur, perspektivlər müəyyən edilir. Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle AzərTAc-a məxsusi müsahibəsində başa çatmaqda olan ilin Azərbaycan-Almaniya münasibətləri üçün necə keçməsi, iki ölkənin qarşılıqlı əlaqələrinin ən mühüm istiqamətləri və qarşıdakı dövr üçün planlar barədə danışmışdır.

- Cənab səfir, artıq ilin sonu yaxınlaşır. Azərbaycan-Almaniya münasibətləri son illərdə uğurla inkişaf edir. Siz təcrübəli diplomat kimi Azərbaycan-Almaniya əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında əlaqələr yaxşıdır və etimad üzərində qurulmuşdur. Cari ilin birinci yarısında “Eurovision-2012" mahnı müsabiqəsi zamanı biz hər iki ölkə üçün əhəmiyyətli təcrübə dövrünü mənfi nəticələr olmadan yaşadıq. Bu da bizim tarix boyu möhkəmlənmiş xoş münasibətlərimizin sayəsində mümkün olmuşdur. Hər iki ölkə indi həssas mövzulara digər ölkənin göstərəcəyi reaksiyanı daha yaxşı dəyərləndirə bilir. Ən əhəmiyyətli hadisə isə cari il noyabrın əvvəlində Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının yaradılması idi. Bu, ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfə verəcəkdir.

- Sizcə Azərbaycan-Almaniya, ümumiyyətlə Azərbaycan-Avropa ölkələri arasında əməkdaşlığın hansı istiqamətlərində daha çox iş görülməlidir?

- Mən arzu edərdim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında assosiativ danışıqlarda uğurlu irəliləyişlər əldə olsun. Almaniya Azərbaycana iqtisadiyyatın şaxələndirilməsində yardım edir. Buraya,  həmçinin turizmin inkişafı da daxildir. Düşünürəm ki, tezliklə Azərbaycan tərəfindən Avropa İttifaqının vətəndaşları üçün viza rejiminin aradan qaldırılması yalnız ölkənizin xeyrinə olacaqdır. İslam ölkəsi olmasına baxmayaraq, Azərbaycan torelantlıq baxımından digər dövlətlər üçün nümunədir. Məhz buna görə də almanlar Azərbaycana çox böyük maraq göstərirlər.

- Avropanın enerji təhlükəsizliyində, ümumiyyətlə, bu qitənin təhlükəsizliyində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan Avropanın, o cümlədən Almaniyanın enerji təhlükəsizliyinə mühüm töhfəsini verir. Azərbaycan bizim neft idxal etdiyimiz altıncı əhəmiyyətli ölkədir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti “Cənub dəhlizi” ilə həyata keçiriləcək təbii qaz daşınmaları ilə daha da artacaqdır. Burada vacibdir ki, Azərbaycanda neftçıxarmanın ən yüksək həddində və yeni qaz yataqlarının istismarının müddəti ilə bağlı operativ strateji qərarlar verilsin.

- Azərbaycan Prezidenti energetika sahəsində əməkdaşlıqda hər zaman mühüm prinsipi - istehsalçının və istehlakçının bərabər hüquqlar əsasında əməkdaşlığını vurğulayır. Bu barədə nə deyə bilərsiniz?

- Əlbəttə ki, burada istehsalçı ilə alıcı arasında sabit, tarazlaşdırılmış münasibət mövcud olmalıdır. Nə risklər, nə də gəlirlər birtərəfli paylanmalıdır. Mən bu məsələdə Azərbaycan Prezidenti İlham Əliyevi tam dəstəkləyirəm.

- Bildiyiniz kimi, Azərbaycan qonşu Ermənistan ilə müharibə şəraitindədir. Münaqişə artıq 20 ilə yaxındır ki, davam edir, sülh danışıqları isə heç bir nəticə vermir. Bu münaqişə barədə Almaniyanın mövqeyi necədir və ölkəniz bu məsələnin həllinə necə kömək edə bilər?

- Münaqişə beynəlxalq hüququn iki prinsipi - ölkənin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsipləri əsasında həll olunmalıdır. Bu prinsiplər vəhdət şəklində tətbiq olunmalıdır. Almaniya ATƏT-in Minsk qrupunun üzvü kimi danışıqlarda fəal iştirak edir. Lakin bu danışıqlarla təəssüf ki, gözlənilən irəliləyişlər əldə olunmamışdır. Mən münaqişənin uzanmasının doğurduğu səbirsizliyin artmasını başa düşürəm. Lakin o da tamamilə aydındır ki, yenidən müharibənin başlanması insanlara yeni iztirablar gətirəcəkdir. Bu səbəbdən mən danışıqlar yolundan imtina edilməyəcəyinə nikbinliklə baxıram.

Biz almanlar 40 il yenidən birləşməyimizi gözləməli olmuşuq. Bu birləşmə 1970-ci illərdə Helsinki prosesi ilə başlanmış, əsasən sülh yolu ilə regional ictimai inqilabın nəticəsində baş tutmuşdur.

Almaniyanın uzaqgörən federal kansleri Villi Brand yeni Şərq siyasətinin formalaşmasında həlledici rol oynamışdır. Mən alman tarixindən dərs götürərək demək istəyirəm ki, gərək səbirli olub və həmişə yeni həll yolları axtarasan.

- Gələn il ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın gündəliyində hansı əsas məsələlər vardır? Siz təcrübəli bir diplomat kimi hansı istiqamətin inkişafına üstünlük verəcəksiniz?

Biz Mədəniyyət Nazirliyi ilə alman kilsəsinin nəzdindəki Alman-Azərbaycan Mədəniyyət Birliyinin mərkəzi olan “Kapellhaus”un binasında mədəniyyət tədbirlərinin keçirilməsi üçün maliyyə vəsaitinin ayırmasını barədə danışıqlar aparırıq. 2019-cu ildə almanların Azərbaycana emiqrasiyasının və Helenendorf qəsəbəsinin (red: indiki Göygöl şəhəri) əsasının qoyulmasının 200 illiyini qeyd etməklə biz alman mədəniyyətinin Azərbaycanda uzun müddət mövcud olması üçün şərait yaratmaq istəyirik. Alman-Azərbaycan Xarici Ticarət Palatasının isə iqtisadi əlaqələr üçün yeni imkanlar yaradır.

- Sonuncu sualım bilavasitə ikitərəfli münasibətlərə aid olmasa da, bizim münasibətlər baxımından aktualdır. Almaniyalı mütəxəssis Berti Foqtsun futbol üzrə Azərbaycan yığmasının məşqçisi vəzifəsində fəaliyyətini sizin necə qiymətləndirdiyinizi bilmək maraqlı olardı.

- Düşünürəm ki, Berti Foqts Azərbaycan futbolu üçün çox işlər görür və bundan sonra da görəcəkdir.

- Cənab səfir, vaxt ayırıb bizə müsahibə verdiyiniz üçün çox sağ olun!

Albina ATLIXANOVA,
AzərTAc-ın müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında