"Tarixi həqiqət, beynəlxalq və mənəvi hüquq bizə öz torpaqlarımızı azad etməyə əsas verir"

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibəti ilə Trend Agentliyinin müxbiri P.Kəsəmənski Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyevdən müsahibə almışdır. Müsahibədə qaldırılan məsələlərin aktuallığını nəzərə alaraq "Xalq qəzeti" həmin müsahibəni oxuculara təqdim edir.
- Əvvəla, Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik etmək və fəaliyyətinizdə uğurlar arzulamaq istərdim.
- Təşəkkür edirəm. Mən də öz növbəmdə, Azərbaycanın Silahlı Qüvvələrinin bütün şəxsi heyətini - Ali Baş Komandandan tutmuş, hal-hazırda ən çətin vəziyyətlərdə öz xidmətlərini aparan əsgərlərə qədər hamını və bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edir, onlara bu çətin, lakin şərəfli xidmətlərində uğurlar, cansağlığı, xoşbəxtlik və əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında qələbələr diləyirəm.
- Azərbaycan Silahlı Qüvvələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Birmənalı olaraq, çox yüksək səviyyədə. Bugünkü Azərbaycan Silahlı Qüvvələri müstəqillik dönəminin ilk illərində olduğu kimi deyil. Əgər xatırlayırsınızsa, həmin illərdə respublikada prezident olmasına baxmayaraq, Ali Baş Komandan yox idi, çünki hərbi qüvvələr, sadəcə olaraq, idarəedilməz halda idi. Yalnız görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, qısa müddət ərzində orduda vahid rəhbərlik yarada bildi, Silahlı Qüvvələrin qurulması işi elmi şəkil aldı və yarım ildən sonra ordumuz ilk qələbələrini qazanmağa başladı.
Hazırda Azərbaycan Silahlı Qüvvələri döyüş fəaliyyətinin aparılmasında ən müasir taktiki və strateji tələblərə cavab verir.
Bu, ilk növbədə, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji durumu, peşəkarlığı, həmçinin, onun hərbi texnikanın ən müasir növləri - silahlar və döyüş sursatları ilə təchiz olunması ilə bağlıdır.
Bu gün Azərbaycanın regionda ən güclü döyüş bacarığına malik hərbi qüvvələri vardır ki, o, qarşısında duran bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Bu, ilk növbədə, işğal olunmuş torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünın bərpasıdır.
Son yeddi il ərzində Azərbaycanın hərbi büdcəsi on üç dəfə artıb və bu gün 2,2 milyard manata yaxın məbləğ təşkil edir ki, bu da Silahlı Qüvvələrimizi yeni texnika və silahlarla təchiz etməyə imkan verir. Silahlı Qüvvələrimizə lazım olan silah və döyüş sursatının istehsalı, bu sahədə müvafiq tədqiqatlar aparılması ilə məşğul olan Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır.
Azərbaycan Müdafiə Nazirliyinin hissələri ilə yanaşı, bizim Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi yanında Daxili Qoşunlar, Fövqəladə Hallar Nazirliyi yanında ölkənin rayonlarında baş verən təbii fəlakət zamanı öz hərbi hazırlığını nümayiş etdirmiş Mülki Müdafiə Qoşunlarımız da vardır , onların köməkliyi ilə ölkənin aran rayonlarında baş verən daşqınlar xoşbəxtlikdən insan tələfatı olmadan ötüşdü.
Qeyd etmək istərdim ki, Silahlı Qüvvələrimizin mövcud vəziyyəti onunla izah edilir ki, onlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının daimi nəzarəti altındadırlar. Dövlət başçısı hərbi qulluqçulara, onların hərbi hazırlığına, maddi-texniki təminatına, sosial müdafiəsinin gücləndirilməsinə qayğı göstərir.
Ali Baş Komandanın bu günlərdəki Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının bölmə və hissələrinin, əslində, onların Prezident və xalq qarşısında növbəti illik inkişafının uğurlu hesabatı olan birgə təlimində iştirakı seçim yolunun və Silahlı Qüvvələrimizin inkişaf metodunun düzgünlüyünü bir daha sübut etdi.
- Azərbaycan hazırda müharibə şəraitindədir, Azərbaycan və Ermənistan ordularının təmas xəttindən gələn məlumatlar buna sübutdur. Son həftə cəbhə xəttindəki fəallıq və insan tələfatı ilə yadda qalıb. Mövcud fəallıq nə ilə izah olunur?
- Biz həmişə bəyan etmişik ki, döyüş fəaliyyəti dondurulmayıb, müharibə şəraiti davam edir, yalnız atəşkəs rejimi vardır. Döyüş fəaliyyətinin bərpası istənilən an mümkündür. Hazırkı status-kvo bizi qane etmir. Niyə? Çünki bizim bir milyon qaçqınımız var, torpaqlarımızın 20 faizi işğal altındadır, bu, bütün regionun və eləcə də bizim inkişafımızı ləngidir. Çünki dövlət öz Vətənindən məhrum olunmuş vətəndaşları qarşısında məsuliyyətlidir. Çünki Ermənistan hazırkı vəziyyəti mənasız şəkildə uzadır. Çünki Ermənistan tərəfi atəşkəs rejimi haqqında razılaşmaya yalnız sözdə riayət edir, lakin bununla belə tez-tez təxribatlar yaradır və biz buna cavab verməyə məcburuq. Hər dəfə bizim cavablarımız adekvatdır, halbuki daha sərt reaksiya vermək iqtidarındayıq.
Lakin biz hələlik sülh danışıqları prosesinin tərəfdarıyıq, diplomatik resurs hələ ki, tükənməyib. Lakin bu, əbədi olaraq davam edə bilməz, artıq 20 ilə yaxındır heç bir nəticə yoxdur, səbəb isə Ermənistanın bu illər ərzində qeyri-konstruktiv mövqe tutmasıdır.
İstənilən sağlam düşüncəli adamdan soruşsaq ki, böyük problemi necə həll edək, o cavab verər ki, ilk növbədə, böyük problemi kiçik hissələrə ayıraraq həll etmək və beləliklə həmin böyük problemin həllini tapmaq lazımdır. Bu doğrudur, bu elmidir. Bəs bu suala Ermənistan necə cavab verir?
Sağlam düşüncəli insan üçün, qəribə olsa da, onlar bizə əməkdaşlıq təklif edirlər. Avtomat və iriçaplı silahların lüləsi altında əməkdaşlıq etmək olarmı? Atəş altında infrastruktur qurmaq, ticarət, əkmək, becərmək və istirahət etmək mümkündürmü? Cavab bəllidir - yox. Əməkdaşlıq üçün, ən azı, qoşunları çıxarmaq və bununla minimum etimad mühiti yaratmaq lazımdır. Problem birdən deyil, mərhələlərlə həll oluna bilər və olmalıdır. Ermənistan rəhbərliyinin təklifləri - öncədən dalana dirənmiş və qəbulolunmaz variantdır. Problemin həlli ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən təklif edilmiş son Madrid prinsiplərində məntiqi əksini tapır.
Hazırkı Ermənistanın və Dağlıq Qarabağın vəziyyəti ayı ovlamağa çalışan ovçu haqqında lətifəni yada salır. Ovçu ayını tutub, lakin bilmir ki, onunla nə etsin. Saxlamaq mümkün deyil, əldən buraxmaq isə qorxuludur. Ermənilər müharibə kimi ağır bir yükü nə iqtisadi, nə psixoloji, nə də mənəvi cəhətdən daşıya bilirlər.
- Axı Ermənistan iddia edir ki, məhz Azərbaycan və Türkiyə ona blokada qurublar.
- Çox şey iddia etmək olar. Nə qədər çox haqsız və günahkar olsan, bir o qədər digərlərində səbəb axtaracaqsan. Bu mənasız nağılı dinləyən insan, sadəcə olaraq, xəritəyə baxmalı və "təəccüblə" görməlidir ki, özgə torpaqlarını işğal edən Ermənistan məhz özünü Azərbaycandan keçən bütün rabitə xətlərindən məhrum edir. Daha doğrusu, Ermənistan özü-özünü blokadaya salıb. Paradoks bundadır ki, özü-özünü könüllü olaraq yox, zorla blokadaya salıb və bununla bağlı bizi günahlandırır ki, biz onları blokadada saxlayırıq.
Onların Türkiyəni sərhədləri bağlamaqda günahlandırmaları da, ən azı, səmimi deyil. Bunun üçün ən azı bir dəfə Türkiyədə erməni nömrəli maşınları görmək (mən şəxsən bunu bir neçə dəfə müşahidə etmişəm) və yaxud Ermənistana türk malları daşıyan Türkiyənin böyük yük avtomobilləri haqqında ermənilərin özlərinin söhbətlərini dinləmək lazımdır. Məsələ ondadır ki, Türkiyə sərhədləri ancaq simvolik olaraq bağlayıb - ermənilər və türklər azad şəkildə sərhədi keçirlər; yeri gəlmişkən, İrəvan və İstanbul arasında Türkiyə tərəfdən açılmış aviasiya əlaqələri mövcuddur. Bunun nəyi blokadadır?
Hazırkı Ermənistan hökuməti etiraf edə bilmir ki, Ermənistan onun inkişafına mənfi təsir göstərən qeyri-uzaq görən siyasəti ilə öz xalqını böyük iqtisadi, enerji, nəqliyyat və digər layihələrdən məhrum edib və bu, onun inkişafına neqativ təsir göstərir.
Bu gün de-fakto Ermənistan müstəqil dövlət olaraq mövcud deyil. Ölkənin maddi dəyərləri borclara sərf olunub, mənəvi dəyərləri isə diasporun əlindədir. Ermənistan rəhbərliyi özünü dalana dirəyib və onun üçün vəziyyət daha da pisləşəcək. Ermənistan, müvəqqəti olaraq, Azərbaycanın 20 faiz torpaqlarını zəbt edib və bununla da öz gələcəyini, inkişafını itirib. Ermənistan ona məxsus olmayanları nə qədər tez geri qaytarsa, düşdüyü vəziyyətdən, özünü və xalqını saldığı dalandan bir o qədər tez çıxa bilər və öz problemlərini bir o qədər tez həll edə bilər.
- Müharibə başlayacağı təqdirdə, Azərbaycan Silahlı Qüvvələri onların qarşısında duran hərbi tapşırıqları yerinə yetirmək iqtidarındadırmı?
- Azərbaycan xalqı müharibə istəmir, lakin biz ona hazır olmağa məcburuq. Çünki bu müharibə erməni təcavüzkarları tərəfindən bizə zorla qəbul etdirilib. Mən üç əsas amillə bu məsələnin tarixçəsinə müraciət etmək istərdim. Birincisi, hazırkı Ermənistan və Dağlıq Qarabağ tarixi Azərbaycan torpaqlarıdır. Ötən əsrin və daha əvvəlin xəritələrinə baxsaq, bütün toponimlər, yaşayış məntəqələrinin adları Azərbaycana məxsusdur. XIX əsrin əvvəllərində Rusiya-İran və Rusiya-Türkiyə müharibələri o nəticəyə gətirib çıxardı ki, Qafqazda aborigen olmayan ermənilər Yaxın Şərqdən (Şərqi Türkiyə, Suriya, İran, İraq) Azərbaycanın İrəvan xanlığı olan hazırkı Ermənistana köçürüldülər. Beləliklə,1813-cü ildən bu günə qədər, 200 il ərzində, minimum, bir milyon yarım əhali hazırkı Ermənistana köçürülüb. Ermənilər, həmçinin, Dağlıq Qarabağa köçürülüblər. Onlar özləri Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə burada abidə ucaldıblar, sonra isə özlərinin bu əraziyə gəlmə olmaları barədə heç bir iz qoymamaq üçün onu məhv ediblər. Kimi aldadırlar? Özlərini.
Azərbaycan Demokratik Respublikası 114 min kvadrat kilometr sahəyə malik idi, lakin bolşevik Rusiyası yenidən yaranmış Ermənistan dövlətinə Zəngəzur, Göyçə və Zəngibasarı verdi. Bununla da Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi ərazisindən ayrı düşdü. 1918-ci ildə mövcud olmuş demoqrafik mənzərənin tamamilə dəyişdirilməsi üçün, Sovet İttifaqının yarandığı dövrdən etibarən, Qərbi Azərbaycandan azərbaycanlı əhalinin deportasiyası başladı və bu, 1988-ci ildə Azərbaycana qarşı elan olunmamış müharibədən sonra apofeozla başa çatdı. Ermənilər bütünlüklə etnik təmizləmə apardılar və bu gün nə Ermənistanda, nə də işğal olunmuş ərazilərdə azərbaycanlılar yaşamırlar. Ermənistanın özündə ermənilər təkmillətli dövlət yaradıblar - indi ermənilərdən başqa Ermənistanda heç kim yaşamır. Bu, qeyri-erməni millətlərinə qarşı dözümsüzlük deyil, bəs nədir? Belə nəticəyə gətirib çıxaran millətçilik rejimi dünyanın heç bir ölkəsində yoxdur.
İkincisi, bizim haqlı olmağımız beynəlxalq hüquqla möhkəmlənir. Heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır, Azərbaycan torpaqlarını işğal edənlərin təcavüzünə haqq qazandırmır. BMT, münaqişə ilə bağlı Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyən dörd qətnamə qəbul edib. Nəhayət, beynəlxalq hüquq öz sərhədlərimizi bərpa etmək üçün tam əsas verir.
Və üçüncüsü, ərazi bütövlüyümüzü bərpa etmək bizim mənəvi haqqımızdır.
Daha doğrusu, üç mühüm aspekt - tarixi həqiqət, beynəlxalq və mənəvi hüquq bizə öz torpaqlarımızı azad etməyə əsas verir.
Əgər müharibə başlanarsa, onda Azərbaycan Silahlı Qüvvələri qarşısında duran bütün vəzifələri yerinə yetirəcək və düşməni sarsıdıcı məğlubiyyətə uğradacaq. Öz xalqına bədbəxtlik gətirən Ermənistanın sonuncu rəhbərləri hələ hərbi məğlubiyyət də gətirəcəklər. Qoy fikirləşsinlər - bu onlara lazımdırmı?
Hələ çox mühüm digər aspektlər də vardır. Çoxları ümid edirlər ki, dünya ictimaiyyəti guya bizə müharibə etməyə imkan verməyəcək və s. Lakin diqqət yetirin, dünya ictimaiyyəti susmasa da, bu gün bizim qarşılaşdığımız nəticələrin aradan qaldırılması üçün heç nə etmir; bu isə dinc əhalinin bütöv etnik təmizlənməsi, azərbaycanlılara qarşı soyqırımıdır. Buna görə də dünya ictimaiyyəti bizə nə deyə bilər? Ermənistandan fərqli olaraq, biz dinc əhali ilə vuruşmayacağıq. Çox sadə səbəbə görə ermənilərin işğal etdiyi torpaqlarda dinc əhali yoxdur. Bizə yalnız Ermənistan silahlı qüvvələri müqavimət göstərir və bizim onları gəldikləri yerlərə qaytarmağa haqqımız var. Əminəm ki, ordumuz Dağlıq Qarabağın hazırkı yaşayış məntəqələrinə qədər gəlib çıxsa, məsələn, Xankəndi şəhərinə, onda biz erməni mənşəli vətəndaşlarımız ilə dil tapacağıq və onlara qarşı vuruşmayacağıq.
Torpaqları geri qaytarmağı bizdən xalq və tarix tələb edir. Əgər təcavüzkarı dayandırmasaq, onda... siz erməni KİV-in Naxçıvan məsələsini necə fəal şəkildə qaldırdığını görürsünüz? Ermənilər elə bir eyforiya vəziyyətindədirlər ki, Qarabağ kampaniyasına görə cəzalandırılmadıqlarına görə, Naxçıvana da iştahaları var. Lakin onlar bilməlidirlər ki, Naxçıvan bugünkü gün alınmaz qaladır; orada Silahlı Qüvvələr bütün lazım olan hər şeylə təmin edilib ki, təcavüz zamanı layiqli müqavimət göstərsin. Bunun üçün istək və müvafiq əmr olduqda isə, təkcə müqavimət göstərməklə kifayətlənilməyəcək.
- Belə bir sual meydana çıxır: əslində bizə aid olanı niyə özümüzə qaytarmırıq?
- Çünki diplomatik imkanlar hələ tükənməyib. Müharibənin nə olduğunu hamı çox gözəl başa düşür. Bununla yanaşı, bizim Ali Baş Komandan, Prezident qurucudur. O, Azərbaycanın və bütünlüklə regionun inkişafını, çiçəklənməsini və tərəqqisini istəyir və bunun üçün əlindən gələni edir. Müharibə isə tam başqa şeylər - qan, göz yaşı, xarabalıq deməkdir. Bizim tərəfdən müharibənin başlamaması və danışıqların davam etdirilməsində prinsipial mövqe yalnız və yalnız bununla izah olunur.
Müharibə - hər iki tərəfdən itki deməkdir; lakin biz müasir döyüşdə şəxsi heyətimizin itkilərini azaltmaq üçün bütün tədbirləri görmüşük. Əvvəllər şəxsi heyət tərəfindən aparılan əməliyyatlar indi insan itkisinin azalmasına gətirib çıxaran müasir texnikalar vasitəsilə həyata keçirilir.
Bir daha təkrar edirəm: biz istəmirik ki, cavanlarımız müharibədə şəhid olsunlar, analar göz yaşı töksünlər. Lakin birinci müharibədə biz bunu gördük. Lakin işğalçılıq və danışıqlar prosesi daim davam edə bilməz. Ümid etmək istəyirik, Ermənistanda da bunu dərk edirlər və Azərbaycanın Dağlıq Qarabağ ərazisindən Ermənistan silahlı qüvvələrinin çıxarılması məsələsinin uzadılması prosesinə son qoyulacaq.
- Ermənistanın tarixə öz baxışı vardır ki, buna qondarma "erməni soyqırımı" və "Böyük Ermənistan" haqqında xülya da qatılmalıdır...
- Öz xalqını aldadan bu insanlara nə demək olar? Türkiyədə nə Osmanlı dövründə, nə də Cümhuriyyət dövründə ermənilərin bir millət kimi məhv edilməsi barədə məqsəd olmayıb. Bundan əlavə, Türkiyədə erməni milliyyətinə mənsub nazirlər olub.Tarixi həqiqət ondan ibarətdir ki, ermənilər Osmanlı İmperiyasının tərkibində 600 il yaşayıblar və həmin dövr ərzində onlara heç bir şey olmayıb. İndi də Türkiyədə çoxlu sayda erməni yaşayır. Qanunlara hörmət edən vətəndaşlar yaşayacaq və inkişaf edəcəklər. Lakin ötən əsrin əvvəllərində Türkiyəyə xarici qüvvələr hücum edərkən, Şərqi Türkiyədə yaşayan, əsasən, Çar Rusiyası və Fransanın hesabına silahlanan erməni əhalisi Türkiyənin düşmənlərinin tərəfinə keçdi. Bu üsulla Türkiyə vətəndaşlarından ibarət olan ermənilərin nizami hərbi hissələri yaradıldı və onlar ölkənin Şərq hissəsinin qoparılması və erməni dövlətinin yaradılması üçün Türkiyəyə qarşı mübarizə aparmağa başladılar. Onlar heç nəyə nail ola bilmədilər.
Onlar bolşevik inqilabından və Qafqazda Sovet İttifaqının qurulmasından sonra, Ermənistan dövlətinin yaradılmasına nail oldular. "Soyqırımı" məsələsi ermənilərin bütün dünyaya sırımaq istədikləri bir əfsanədir. Bu əfsanənin məqsədi Türkiyə və Azərbaycana qarşı ərazi iddialarıdır.
İkinci əfsanə qondarma "Böyük Ermənistan"dır. Tarix boyu Yaxın Şərqdə bir çox müharibələr baş verib. Lakin tarixdə həmin vaxtın böyük sərkərdələrinə qarşı vuruşan erməni dövləti olmayıb. Bu ondan xəbər verir ki, erməni dövlətçiliyi olmayıb. Müharibələrə farslar, qafqazlılar, hindlilər, ərəblər, türklər cəlb olunublar, lakin ermənilər heç kimlə vuruşmayıblar. Çünki onlar həmişə bu və ya digər dövlətin tərkibində olublar.
Bundan əlavə, hətta "Böyük Ermənistan"ın nə vaxtsa olduğunu fərz edək. Nə olsun? Bu, Ermənistana hansı dividendlər verir? Erməni ideoloqları artıq başa düşməlidirlər ki, 21-ci əsrin astanasında xalqı geriyə yox, irəli aparmaq lazımdır. Nə "Böyük Ermənistan"? Təsəvvür etmək çətindir ki, əgər türklər, ruslar, fransızlar, ingilislər, ispanlar, portuqallar və digər imperiya xalqları öz tarixləri haqqında tarixi yalnız kitablardan öyrənməklə kifayət etməyib, həyatda da təkrar etməyə çalışsalar, nələr baş verə bilər. Monqollar Çingiz xan dövrünü qaytarmağa çalışsalar, nə baş verə biləcəyini düşünmək belə istəməzdim.
- Bəs onların sabun köpüyü kimi şişirtdikləri "millətin öz müqəddəratını həll etməsi" hüququ?
- Siz hardasa "qarabağlılar" adlı millət adı eşitmisiniz?
- Onları xalq adlandırmaq olarmı?
- Olmaz. "Kürdəmir xalqı" və ya hər hansı digər rayonun xalqı anlayışı olmadığı kimi, "Qarabağ xalqı" adlı bir anlayış da ola bilməz. Qarabağda yaşayan əhali təkcə ermənilərdən ibarət deyildi.
Digər tərəfdən, nə vaxta kimi əhalini öz müqəddəratını təyin etmək adı ilə xırda hissələrə bölmək olar? Qarabağın erməni icması öz müqəddəratını təyin etməyi tələb edir, eyni zamanda, orda yaşayan azərbaycanlılar da öz müqəddəratlarını tələb edirlər. Beləcə, bir evin hər kvadratmetrinin öz müqəddəratının təyin edilməsinə gəlib çıxmaq olar.
Erməni xalqı, erməni milləti öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti - Ermənistan respublikaları var. Bu o demək deyil ki, bütün dünyada yaşayan ermənilər müstəqillik və ya muxtariyyət tələb etməlidirlər. Azərbaycanın tərkibində yaşamaq istəyən ermənilərə biz tam təhlükəsizlik təminatı verə bilərik.
- Gəlin Silahlı Qüvvələrin qurulması mövzusuna keçək. Ordunun müasir silahlarla təmin olunması üçün hansı tədbirlər görülür?
- İlk növbədə, biz Hərbi Hava Qüvvələrini və hava hücumundan müdafiəni gücləndirmişik. İndi bizim səmada xidmət edən ən müasir silahlarla silahlanmış hərbi təyyarələr, hərbi vertolyotlar, radarlar, raketlər havadakı üstünlüyümüzü təmin edir.
Həmçinin, artilleriya, zirehli texnika müasir səviyyədə təchiz edilib. Hərbi Dəniz Donanmasının da inkişafına xüsusi diqqət ayrılır. Atıcı silahlar yenilənib, əsgər və zabit heyəti hazırlanıb, NATO sistemində təlimlərə keçilib və lokal müharibə təcrübəsi mənimsənilib. Bütün bunlar bizə ordumuzun regionda ən güclü döyüş hazırlığına malik olan ordu olduğunu deməyə əsas verir. Azərbaycanın bu gün uğurlu müharibə aparmaq üçün hər cür potensialı var.
- Ölkə daxilində hərbi texnika istehsalı üçün hansı işlər görülür?
- Azərbaycan raketlər, mərmilər, müasir zirehli texnikalar istehsal edəcək; artıq malik olduğumuz texnikalar modernləşdiriləcək, pilotsuz uçan aparatlar, atıcı silahlar və s. istehsal edəcək. Buna uyğun olaraq Bakıda və regionda müvafiq müəssisələr açılır. İşin çox hissəsi artıq görülüb, lakin planlar, həmçinin, arzular və həmin arzuları reallaşdırmaq imkanları daha çoxdur.
- NATO ilə əməkdaşlığı necə görürsünüz?
- Azərbaycan NATO ilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, həmçinin, Balkanlarda, İraqda sülhyaratma əməliyyatlarında iştirak edib, hazırda isə Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edir. Belə deyək ki, Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirir. Biz, həmçinin NATO ilə Fərdi Əməkdaşlıq Proqramını (IPAP) təsdiq etmişik, planlaşdırma və təhlil proqramında (PARP) və əlbəttə ki, NATO-nun müttəfiqi kimi, bütün tədbirlərdə iştirak edirik.
- Sizin peşəkar orduya şəxsi yanaşmanız necədir?
- Biz gec və ya tez, bu məsələyə gələcəyik. Azərbaycan hazırda böyük sayda silah saxlamağa məcburdur, çünki onun əraziləri işğal olunubdur. Mən düşünürəm ki, ölkəmizin ərazi bütövlüyünü bərpa etdikdən sonra, biz Silahlı Qüvvələri ixtisar edəcək və bütünlüklə peşəkar orduya keçəcəyik.
- Azərbaycanda hərbi məktəblərə daxil olmaq istəyənlər çoxdurmu? Hərbiçilərin və gənclərin hərbi-vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?
- Sevinclə deyə bilərəm ki, həm Cəmşid Naxçıvanski adına liseydə, həm Heydər Əliyev adına liseydə, həm də ali hərbi təhsil müəssisələrində daxil olmaq istəyənlər üçün müsabiqə ildən-ilə güclənir. Gənclik vətənpərvərlik ruhuna köklənib, gənclik xidmət etmək istəyir, kişilər peşəkar hərbçi olmaq istəyirlər.
Bunu Ermənistan haqda demək olmaz. Biz bilirik ki, onların həqiqi hərbi xidmətə çağırışla bağlı böyük problemləri var; ali hərbi müəssisələrə daxil olma ilə bağlı problemləri var, çünki onlar özləri başa düşürlər ki, ədalətsiz müharibə aparırlar.
Hərbi-vətənpərvərlik tərbiyəsi ailədən, məktəbdən başlayır. Bizdə bu mövcuddur və Azərbaycan gənci öz Vətənini qorumağa hazırdır. Gənclik vuruşmağa hazırdır, döyüşə can atır. Bu, yaxşıdır ya pis - başqa sualdır, lakin düşmənimiz bizə başqa variant saxlamır - bu, faktdır. Ən təəccüblüsü odur ki, onlar həyasızcasına bizi ermənifobiyada ittiham edirlər. Sən açıqcasına ərazini zəbt elə, dinc əhalinin tam etnik təmizləməsini həyata keçir, soyqırımı törət və bu gün həyasızcasına onları qaytarmaqdan imtina et və özünə qarşı xoş münasibət istə? Bilirsinizmi... Yalnız bunu izah etmək qalır ki, bizdə ermənifobiya yoxdur, bizdə separatistlərin, banda qruplaşmalarının və Ermənistan silahlı qüvvələrinin etdiklərinə və hazırda davam etdirdiyinə obyektiv reaksiya var.
- Və sonuncu sual - regionda vəziyyətin gələcək inkişafına Sizin proqnozunuz necədir?
- Siz təsəvvür edirsinizmi, bu təcavüz olmasaydı, qaçqınlar olmasaydı, bizim hazırkı hərbi məsrəflərimiz olmasaydı, regionun bugünkü vəziyyəti necə olardı? Təkcə Azərbaycan və onun ayrılmaz hissəsi Dağlıq Qarabağ deyil, Ermənistan da bu gün bolluq içində, xoşbəxt və daha böyük optimizmlə gələcəyə baxaraq yaşayardı. Təəssüflər olsun, Ermənistan həm özünü, həm Qarabağı indi bu imkandan məhrum edib. Bu nə qədər sürəcək? Nə qədər Qarabağın əhalisi və erməni xalqı buna dözə biləcək?
Biz öz torpaqlarımızı qaytaracağıq, qoy buna heç kim bir saniyə belə olsun şübhə etməsin. İstənilən yolla!
Yalnız torpaqlarımızın qaytarılması ilə erməniəsilli bizim vətəndaşlar azadlıq və işıqlı gələcək əldə edəcəklər. Elə bunu da onlara arzu etmək istərdim.
Hələlik isə biz inkişaf etmişik, inkişaf edirik və xalqımızın rifahı naminə inkişaf edəcəyik.
- Müsahibə üçün təşəkkür edirik, bir daha bayramınız mübarək!{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında