Aleksey MUXİN: Rusiya Azərbaycan ilə birbaşa qarşılıqlı fəaliyyətin yeni konsepsiyasını quracaqdır

Rusiya Azərbaycan ilə bağlı siyasətini yenidən gözdən keçirir və dəyişdirir. Tanınmış Rusiya politoloqu, Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin belə hesab edir.
AzərTAc-a məxsusi müsahibə verən politoloqun fikrincə, hazırda Rusiya-Azərbaycan münasibətlərinə Rusiya-Ermənistan münasibətləri prizmasından baxmaq olmaz və bu tamamilə yeni novasiyadır. Aleksey Muxin demişdir: "Zənnimcə, Prezident Vladimir Putin onu dəstəkləyəcək və inkişaf etdirəcəkdir. Bundan əlavə, Rusiyada həmin münasibətlərə daha Rusiya-Gürcüstan münasibətləri və hətta Rusiya-Türkiyə münasibətləri prizmasından baxılmır. Belə görünür ki, indi Azərbaycan və Rusiya dövlətləri arasında birbaşa qarşılıqlı fəaliyyətin yeni konsepsiyası qurulacaqdır".
Ümumi siyasi vektor, trek qurmaq üçün ölkələrimizə vasitəçilər lazım olmadığını düşünən politoloq demişdir: "Mənə belə gəlir ki, bu, çox vacibdir, çünki Rusiya mediatorlardan yaxasını qurtarmaq məqsədi ilə Qafqazdakı siyasətini bir qədər dəyişdirir. Mediatorlar münasibətlərimizdə çox şeyi dəyişdirirlər və nəticədə elə vəziyyət yaranır ki, sanki əyri güzgüyə baxırıq. Rusiya və Azərbaycan arasında yaranan bəzi fikir ayrılıqları da buna müvafiq olaraq süni xarakter daşıyır və bir qayda olaraq nə Azərbaycanın, nə də Rusiyanın deyil, başqalarının maraqlarına xidmət edir. Hesab edirəm ki, bu vektoru dəyişdirməklə, mediatorları kənarlaşdırmaqla, biz sadəcə, mövqelərimizi yaxınlaşdırmaq məcburiyyətində qalırıq. Xüsusən, Azərbaycan Rusiyanın məxsusi diqqətdə saxladığı obyektdir və heç şübhəsiz, onunla tərəfdaşlıq münasibətləri son dərəcə əhəmiyyətlidir".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini şərh edən Aleksey Muxin təəssüflə bildirmişdir ki, Qarabağ məsələsində istənilən hərəkət cəhdi siyasi münaqişələrə gətirib çıxara bilər. Onun fikrincə, Rusiya, eləcə də ABŞ bu münaqişəni dondurmaqda maraqlıdırlar, çünki danışıqlar prosesi hələlik heç bir nəticə vermir və vəziyyətdən real çıxış yolu hələ ki görünmür. O demişdir: "Bir tərəfi razı salan ssenarilər o biri tərəfi kəskin surətdə narazı salır. Burada yalnız zor gücünə həll yolu mümkündür ki, belə bir yol da heç bir tərəfin ürəyincə deyildir".
Son vaxtlar Rusiyanın bir sıra region ölkələrinin, o cümlədən Azərbaycanın cəlb olunmasını nəzərdə tutan Avrasiya layihəsi irəli sürməsi barədə məsələyə aydınlıq gətirən politoloq qeyd etmişdir ki, Rusiya Azərbaycanı həmin layihədə görmək istəyərdi.
Politoloq demişdir: "Rusiyada Avrasiya layihəsinə keçmiş SSRİ-nin bütün respublikalarının mənafelərinin imperiya pafosu olmadan nəzərə alındığı əməkdaşlıq meydanı kimi baxırlar. İlk növbədə iqtisadi əməkdaşlıq və bu əməkdaşlıq üçün iqtisadi platforma təklif edilir. Əgər bu iqtisadi platformada bir neçə siyasi ittifaq yaransa, heç kəs bunun əleyhinə olmayacaqdır, lakin bu, qarşıya məqsəd qoyulmur".
Aleksey Muxin yaxın keçmişdə MDB-nin timsalında buna bənzər ittifaqların olması barədə fikrə aydınlıq gətirərək demişdir: " MDB artıq ölü layihədir və elə bir kluba çevrilmişdir ki, onun çərçivəsində artıq çoxdan yığılıb qalmış və ağır bürokratik təşkilata ehtiyacın olmadığı problemləri həll etmək mümkündür".

{nl}

Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında