Mədəniyyətlərarası dialoq müasir dünyanın ən zəruri çağırışlarından biridir

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Ötən il aprelin 7-dən 9-dək Azərbaycanın ev sahibliyi ilə keçirilmiş daha bir beynəlxalq tədbir - Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin bu sahədə səylərinin nəinki Şərqlə Qərbin, bütövlükdə dünya xalqları arasında mədəni və dini əlaqələrin möhkəmlənməsinə mühüm töhfələr verdiyini bir daha əyani surətdə göstərdi. 
Bu, son dərəcə mötəbər beynəlxalq məclisin başa çatmasından təqribən ay yarım sonra, daha dəqiq desək, 2011-ci il mayın 27-də Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə" fərmanla ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuş oldu.
Fərmanda deyilir ki, cari il aprelin 7-9-da Azərbaycanda 102 dövlətin və 10-dan artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. Mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə ayrı-ayrı aspektlərinin nəzərdən keçirilməsi və yerli, regional və qlobal səviyyələrdə gücləndirilməsinə təşviq edilməsi forumun əsas məqsədi olmuşdur.
Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin islam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır.
Forumun təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilmişdir.
Beləliklə, Azərbaycan Prezidentinin müvafiq fərmanına uyğun olaraq ölkəmizdə növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2013-cü ildə keçirilməlidir.
AzərTAc-ın müxbirinin ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti foruma hazırlıqla bağlı görülmüş işlər, bu möhtəşəm beynəlxalq məclisdə əhatə olunacaq mövzu və tədbirlərlə bağlı suallarını Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə cavablandırır.
- Vasif müəllim, məlum olduğu kimi, 2013-cü ildə Bakıda İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir. Nəyə görə bu forum məhz Azərbaycanda keçirilir?
- Əvvəlcə mədəniyyətlərarası dialoq mövzusuna xüsusi diqqət ayırdığınıza görə sizə təşəkkürümü bildirmək istərdim. Bilirsiniz ki, XXI əsrin başlanğıcından etibarən bəşəriyyət qlobal mədəni böhranla üz-üzədir. Bu böhran dünya dövlətləri və xalqları arasında yeni münasibətlər sisteminin formalaşdırılmasını zəruri edir. Bu mənada mədəniyyətlərarası dialoq müasir dünyanın ən zəruri çağırışlarından biridir.
Bildiyiniz kimi, mədəniyyətlərarası dialoq məsələsi Azərbaycan dövlətinin başçısı İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva səviyyəsində dəstəklənən bir mövzudur. Yəni bu mövzunun arxasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ilin dekabr ayında Bakıda keçirilmiş Avropa və ona qonşu regionların mədəniyyət nazirləri konfransında bilavasitə irəli sürdüyü "Bakı prosesi" durur. 2009-cu ildə bu ənənə Bakıda keçirilən islam ölkələri mədəniyyət nazirlərinin konfransında davam etdirildi. Bu proses ilk illərdə Avropa və islam dünyasının münasibətlərində dialoq mədəniyyətinin təşviqini nəzərdə tuturdusa, 2011-ci il aprelin 7-dən 9-dək Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi ilə Bakıda təşkil edilmiş Birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə artıq qlobal bir hərəkata çevrildi.
Təsadüfi deyildir ki, tolerantlığın, sülh şəraitində birgə mövcud olmanın, qarşılıqlı hörmətin və bütün mədəniyyətlər arasındakı anlayışın müxtəlif aspektlərinə həsr olunan qlobal səviyyəli beynəlxalq görüşün təşkili təşəbbüsü 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bəyan edilmiş və bu təşəbbüs aparıcı beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmişdir.
Ən maraqlı məqam ondan ibarətdir ki, dünyanın qlobal iqtisadi böhranla üz-üzə olduğu bir dövrdə Azərbaycan dövləti və xüsusilə ali siyasi hakimiyyəti beynəlxalq miqyasda müxtəlif sivilizasiyalar arasında dialoq və anlaşmanın təşviqinə töhfə verməkdə davam edir. Bu addım xalqımızın tolerant mədəniyyətinin nümayişi ilə yanaşı, eyni zamanda, ölkəmizin dünyanın ağrılı və həssas məsələlərinə nəinki biganə qalmadığını, əksinə, bu problemin həlli üçün bütün imkanlarından istifadə etmək niyyətini dünyaya göstərir. Bir sözlə, Avropanın aparıcı ölkələri multikulturalizm əleyhinə bəyanatlar verdiyi bir dövrdə ölkəmiz ümumbəşəri dəyərlərə öz sadiqliyini nümayiş etdirərək ən yüksək səviyyədə dünyanın mədəni çeşidliliyə hörməti təşviq etməkdə davam edir.
Bu məsələdə Azərbaycanın geosiyasi və geomədəni vəziyyəti ilə dövlətin siyasəti və xalqımızın tarixi dəyərləri arasında bir harmoniya mövcuddur. Bu xalqımızın mənəvi sərvətidir.
Sualınızın tam cavabını vermək üçün dünyada gedən proseslərə diqqət yetirmək lazımdır. Müasir dünya əvvəlkilərdən fərqli olaraq mədəniyyətlərarası böhran vəziyyətindədir. Yəni bir tərəfdən bəşəriyyət XXI əsrin informasiya resursları ilə bir-birini daha yaxından tanımaq imkanı əldə etmişdirsə, digər tərəfdən qarşılıqlı nifrəti əks etdirən münasibətləri bir an içində dünya miqyasında ifadə etmək meyilləri güclənmişdir. Belə bir paradoksal şəraitdə istənilən vəziyyətin ani dəyişmə riski böyükdür. Ona görə də mədəniyyətlərin anlaşması nəzəriyyəsi ilə yanaşı, praktiki təsir vasitələrinə malik olan tədbirlərin və layihələrin həyata keçirilməsi olduqca vacibdir.
Azərbaycan həm Avropa ailəsinə, həm də İslam ailəsinə mənsub olan, Qərbin Şərq nöqtəsində, Şərqin Qərb nöqtəsində yerləşən nadir tarixi-mədəni-dini mərhələləri keçmiş bir ölkə kimi belə bir dünya forumuna ev sahibliyi etməyə, mədəniyyətlərarası dialoq missiyasını həyata keçirməyə mənəvi haqqı olan bəlkə də yeganə dövlətdir.
- Qeyd etdiyiniz məsələlər İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun gündəliyində yer alacaqmı?
- Təbii ki, bu məsələlər də müzakirə ediləcəkdir. Lakin eyni zamanda, onu da qeyd etməliyəm ki, budəfəki forum əvvəlkindən bir qədər fərqli olacaqdır. Yəni forum 2013-cü il mayın 29-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulan foruma qədər bu mötəbər beynəlxalq mədəniyyət məclisinin tərəfdaşları olan BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzi tərəfindən müəyyən təşviqat işləri aparılacaqdır. Başqa sözlə, mədəniyyətlərarası hərəkat kimi son altı ayda həyata keçiriləcək bütün layihə və tədbirlərin nəticələri Bakı Forumunda müzakirə olunacaqdır. Onu da qeyd edim ki, bu forum dünyada yeganə qlobal platforma formatıdır ki, Azərbaycanın timsalında bir dövlətin təşəbbüsünün ətrafına bu mövzuda biri-biri ilə rəqabət aparan beynəlxalq təşkilatlar toplanıb və onların, həmçinin Azərbaycan nümayəndələrinin iştirakı ilə forumun beynəlxalq İşçi qrupu mövcuddur.
- İkinci Bakı Forumunda konkret olaraq hansı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur?
- Forum "Dünyanın gələcəyini necə quraq?" şüarı altında keçiriləcək və ali qonaqların iştirakı ilə ilk plenar sessiya bu mövzuda aparılacaqdır. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə irəli sürülən "5-A" Qitələrarası Əməkdaşlıq Platforması çərçivəsində (Azərbaycan dilində bütün qitələrin adları "A" hərfi ilə başladığı üçün simvolik olaraq bu platforma 5-A -adlanır) sessiyanın keçirilməsi nəzərdə tutulur. Forum çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Birinci Şərq-Qərb Nazirlər Konfransı keçiriləcəkdir. Bu, faktiki olaraq yeni bir nazirlər konfransının təsisi deməkdir.
Hazırda forumun proqramı üzərində iş gedir. Beynəlxalq İşçi Qrupunun iclasında gündəlik tam razılaşdırıldıqdan sonra mətbuata bu barədə məlumat verə biləcəyik. Hər bir halda UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzinin təşkilatçılığı ilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Artıq forumun Euronews telekanalında nümayiş etdirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
- Vasif müəllim, qarşıdakı beynəlxalq tədbirlə bağlı daha nələri demək istərdiniz?
- İnanırıq ki, bu tədbir Azərbaycan xalqına, Azərbaycan dövlətinə başucalığı gətirəcəkdir. Bu tədbirin Azərbaycanda keçirilməsi və ölkəmizin mədəniyyətlərarası dialoq brendinə sahib olması ilə torpaqlarımızın 20 faizini işğal etməklə dünyada özünəməxsus işğalçı obrazı yaradan Ermənistanı bu prosesdən bir daha təcrid etmiş olacağıq. Bununla yanaşı, Azərbaycan həqiqətlərini bir daha dünyaya bu kontekstdə təqdim etməklə beynəlxalq ictimaiyyəti hadisələrə konstruktiv yanaşmaya dəvət edəcək və ən əsası Azərbaycan dövlətinin etdiyi kimi dünya dövlətlərinin ali siyasi hakimiyyətlərini sivilizasiyalararası dialoq və anlaşmaya dəstək verməyə dəvət edəcəyik.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

{nl}

Müsahibəni apardı: Əhməd MƏMMƏDOV AzərTAc-ın müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında