Cəfər CƏFƏROV: Hədəfimiz regionda turizm təhsili, tədqiqatı və təlimi sahəsində lider və peşəkar mərkəz olmaqdır

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən ATİ ölkədə turizm sahəsində ixtisaslaşmış yeganə dövlət təhsil, tədqiqat və təlim mərkəzi funksiyasını həyata keçirir. 2006-cı ildə 3 ixtisasla fəaliyyətə başlayan ATİ-də indi bakalavr səviyyəsində 11 ixtisas üzrə tələbə təhsil alır. İnstitutda həmçinin ikinci ali təhsil, magistratura, doktorantura pillələrində də təhsil həyata keçirilir. Ötən ilin sonlarından Azərbaycan Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi fəaliyyətə başlayıb və ölkədə regional turizm peşə məktəbləri şəbəkəsinin qurulmasına başlanılıb. İnstitutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovla söhbətimizdə bu təhsil ocağının inkişaf fəaliyyətinə nəzər saldıq.
-Cəfər müəllim, rəhbərlik etdiyiniz ali təhsil müəssisəsi, belə desək, cavan olmasına baxmayaraq, ölkə ali təhsil sistemində bir sıra ənənələrə, proqramlara imza atıb. Yaxşı olar ki, öncə Avstriya-Azərbaycan Turizm Proqramı üzrə fəaliyyətinizdən danışasınız. İkili diplom müqaviləsi nələri ehtiva edir?
-ATİ fəaliyyət istiqamətinə uyğun olaraq yarandığı ilk gündən təhsil sahəsində əməkdaşlığa böyük önəm verir. 2007-ci il iyulun 4-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti(KTEU) arasında Əməkdaşlıq müqaviləsi, həmçinin ölkə tarixində ilk dəfə olaraq ATİ və İMC KTEU arasında bakalavr təhsil pilləsi üzrə akademik müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən tələbələr üç tədris ili ərzində "Turizm və asudə vaxt menecmenti proqramı" üzrə ingilis dilində təhsil alır və hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edirlər. Bu, məzunlarımıza dünyanın istənilən nöqtəsində nüfuzlu turizm müəssisələrində işləmək imkanı verir. İndiyədək ATİ-nin 57 məzunu bakalavr pilləsi üzrə Azərbaycan-Avstriya Turizm Proqramını uğurla başa vurmuşdur. Hazırda məzunlarımız "Hilton Baku", "Four Seasons", "Jumeirah Bilgah Beach", "Marriotte Absheron", "Fairmont", "Kempinski Badamdar" kimi yeni açılmış otellər şəbəkəsində müxtəlif vəzifələrdə çalışır, Maldiv adaları, Birləşmiş Ərəb Əmirliyi kimi turizmi prioritet seçən ölkələrdə işləyir, bəziləri isə Şotlandiya, Türkiyə, Almaniyada təhsillərini davam etdirirlər. Qeyd edim ki, ATİ yalnız bakalavr təhsil pilləsi üzrə kadr hazırlığı ilə kifayətlənmir. Hazırda Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti ilə birlikdə magistr pilləsi səviyyəsində kadr hazırlığı həyata keçirilir. Belə ki, 2011-ci ilin oktyabr ayının 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avstriya Respublikasının Federal Prezidenti cənab Haynts Fişerin iştirakı ilə Azərbaycan Turizm İnstitutu və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında magistratura səviyyəsində tədrisin təşkilini nəzərdə tutan əməkdaşlıq sazişi imzalanmışdır. Bu tədris ilində 22 nəfər magistr tələbə həmin proqram üzrə təhsil alır.
-Dünyanın hansı nöqtəsində yaşayıb işləməyimizdən asılı olmayaraq, bütün istiqamətlərdə, o cümlədən elm-təhsil sahəsində qazanılan uğurlar, qiymətli fikirlər bütövlükdə cəmiyyətə məxsusdur desək, səhv etmərik. Əksər ali məktəblər dünyanın tanınan nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlığa maraq göstərir. Bu sahədə institutda vəziyyət necədir?
-Azərbaycan Turizm İnstitutunun Almaniyanın Yade Tətbiqi Elmlər Universiteti ilə 2008-ci ildən davam edən əməkdaşlığı çərçivəsində tələbələrimiz mübadilə proqramından yararlanır, intensiv yay alman dili kursunda, həmçinin Türkiyənin Atatürk Univeristeti ilə əməkdaşlıq çərçivəsində tələbələrimiz tərəfdaş universitetin təşkil etdiyi yay məktəbində fəal iştirak edirlər. Yeni başlayan bu əməkdaşlıq çərçivəsində tələbələrimizdən 3-ü (magistr) Portuqaliyada, 2-si Avstriyada, 2-si isə Almaniyada əməkdaş universitetlərlə aparılan mübadilə proqramı çərçivəsində təhsillərini davam etdirirlər. Eyni zamanda, Rusiyanın Həştərxan Dövlət Texniki Universiteti, Moskva Dövlət Humanitar Universiteti, Sankt-Peterburq Dövlət Xidmət və İqtisadiyyat Universiteti, Rusiya Beynəlxalq Turizm Akademiyası, Sankt-Peterburq Dövlət Universiteti kimi ali təhsil müəssisələri ilə əlaqələrimiz mövcuddur və əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səylərimizi artırırıq. Bu ali təhsil müəssisələri ilə əlaqələrimiz təkcə tələbə mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda, elmi araşdırmalar, müxtəlif beynəlxalq layihələrin işlənib hazırlanması, birgə tədqiqat aparılması, tədbirlərin təşkili sahələrini də əhatə edir.
- Sizin rəhbərlik etdiyiniz institutun bilavasitə təşəbbüsü ilə ölkə ali təhsil müəssisələrindən beynəlxalq proqramlara maraq göstərənlər olubmu?
-2007-ci ildə Azərbaycan Turizm İnstitutunun təşəbbüsü ilə Xəzər Universiteti, Gəncə Dövlət Universiteti Avropa Birliyinin Erasmus-Mundus Xarici Əməkdaşlıq Pəncərə Proqramının qalibi kimi mübadilə proqramında iştirak etmişlər. Üç mərhələdə həyata keçirilmiş proqram çərçivəsində ATİ-nin ümumilikdə 35 tələbə və əməkdaşı Yunanıstan, Portuqaliya, Böyük Britaniya, İtaliya, Latviya, Fransa və Bolqarıstanın ali təhsil müəssisələrində müxtəlif müddətli tədris, ixtisasartırma və təcrübə mübadiləsi layihələrində iştirak etmişlər. Analoji olaraq, Avropa təhsil məkanından 4 tələbə və magistr ATİ-də təhsil almış və tədqiqat aparmışdır. Bu il ATİ tərəfdaş ölkələrlə Avropa universitetləri arasında əməkdaşlığı nəzərdə tutan və ali təhsilin modernləşdirilməsinə yönəlmiş TEMPUS proqramı çərçivəsində 2 qalib layihədə tərəfdaş ali təhsil müəssisələrindən biridir.
- ATİ beynəlxalq assosiasiyaların, eləcə də Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyasının (ESRUC) üzvüdür və ESRUC-un tədbirlərində, eyni zamanda, söz sahibi kimi çıxış edir. ESRUC-un məqsəd və fəaliyyəti barədə məlumat verərdiniz.
-ATİ istər ölkə, istərsə də beynəlxalq turizm və təhsil yönümlü təşkilatlara üzv olmağa, eləcə də onlarla iş birliyinə xüsusi önəm verir. 2011-ci ildən Azərbaycan Turizm İnstitutu Ümumdünya Turizm Təşkilatının "qoşulmuş üzvü" (Affiliate member) seçilmişdir. ÜTT-nın təşkil etdiyi tədbirlərdə fəal iştirak edir. ATİ Avrasiya Universitetlərinin Beynəlxalq Assosiyasiyası, Xidmət üzrə Rusiya ali məktəblərinin milli elmi-tədqiqi texnoloji konsorsiumu, Xəzəryanı Ölkələrin Dövlət Universitetlərinin Assosiasiyası, Qara Dəniz Hövzəsi Ölkələrinin Universitetlərinin Assosiasiyası, Avrasiya İpək Yolu Universitetlərinin Konvensiyası (ESRUC), Demokratiya üçün Universitetlərin İttifaqı (AUDEM) təşkilatlarının üzvüdür. 2010-cu ilin may ayında əsası qoyulmuş Avrasiya İpək Yolu Universitetləri Konsorsiumunun yaradılması təhsilin, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi və möhkəmləndirilməsinə xidmət edir. Konsorsiumun 30 ölkədən 300 üzvü var. Konsorsiumun 10 nəfərdən ibarət İcraedici Şurasına Atatürk Universiteti, Pakistan Beynəlxalq İslam Universiteti, İtaliyanın Padua Universiteti, Monqolustan Milli Universiteti, Qırğızıstan Beynəlxalq Universiteti, Putra Malayziya Universiteti, Tiflis Dövlət Tibb Universiteti və Azərbaycan Turizm İnstitutunun rəhbərləri daxildir. İpək Yolu üzərində yerləşən dövlətlərin ali təhsil müəssisələrini bir araya gətirməklə konsorsium milli irsimizin qorunması, mədəniyyətlərimizdəki oxşarlıqların üzə çıxarılması və çulğalaşmasını başlıca məqsəd sayır. Eyni zamanda, hədəf İpək Yolu üzərində yerləşən ölkələrin sülh və inkişafına töhfə verməkdir. Cəmiyyətin inkişafında, milli irsin qorunmasında təhsilin başlıca amil olması şəksizdir. Elə bu səbəbdən konsorsiumun fəaliyyət strategiyasında təhsilin dinamik inişafına böyük önəm verilir. ESRUC çərçivəsində keçirilən I Qış Anadolu Sammiti, Şərqi Anadolu və Cənubi Qafqazda mədəniyyət mövzusunda simpozium, Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı kimi tədbirlərdə ATİ iştirakla bərabər məruzə-çıxış təqdim etmişdir. Bu tip tədbirlər ATİ-nin beynəlxalq nüfuzunun genişlənməsinə xidmət edir, ümumilikdə isə müxtəlif ali təhsil müəssisələri arasında əlaqələrin qurulmasında, ölkənin turizm potensialının hərtərəfli öyrənilməsində və inkişafında əhəmiyyəti böyükdür.
- ATİ-nin beynəlxalq təşkilatlar, assosiasiyalar, və nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrindən söhbət açdıq. Bəs ölkədaxili əlaqələr hansı səviyyədədir?
-Ölkə daxilində turizmin inkişafı ilə bağlı tədbirlərin təşkilində yaxından iştirak edən ATİ Azərbaycan Turizm Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyinin şəhər və rayon şöbələri, regional Turizm İnformasiya Mərkəzləri, Avstriya-Azərbaycan Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, GİZ, USAİD, ATİB, SKAL Baku, həmçinin ölkəmizdə fəaliyyət göstərən aparıcı hotel və turizm şirkətləri ilə sıx əməkdaşlıq edir. Tələbələrimiz turizm müəssisələrində müvəffəqiyyətlə istehsalat və tanışlıq təcrübəsi keçirlər, sənayeçilərin tədris prosesinə cəlb edilməsi isə tələbələrimizin yüksək ixtisaslı və keyfiyyətli kadr kimi hazırlığına xidmət edir. ATİ Məzunlar Assosiasiyasının təşəbbüsü ilə institutumuzda davamlı olaraq tanınmış turizm sənayeçiləri ilə görüşlər, təcrübələri əsasında təqdimatlar təşkil olunur. Azərbaycanda fəaliyyət göstərən nüfuzlu turizm müəssisələrinin rəhbər işçiləri institutumuzda tələbələrlə görüşür, onları çalışdıqları müəssisənin iş prinsipi ilə tanış edirlər. Bu da məzun tələbələrimizin işlə təminatına təkan olur.
-Dünyada prestijli universitetlər azdır. Dövlət adamlarından bir çoxunun tanınmış universitetin diplomunu daşıması, ən yüksək maaş təminatı, idman sahəsində qazandığı uğurlar, qaydalara riayət edən əxlaq göstəriciləri, nə qədər qəribə səslənsə də ən yaxşı, keyfiyyətli yemək hazırlamaq mədəniyyəti və xidməti o universitetləri şərtləndirən xüsusiyyətlərdir. Söhbətimizin sonunda bilmək istərdik, "başlıca məqsədimiz regionda turizm təhsili, tədqiqatı və təlimi sahəsində lider və peşəkar mərkəz adını qazanmaq və qoruyub saxlamaqdır" dedikdə nəyi nəzərdə tutursunuz?
-Bizim üçün başlıca meyar təhsilin keyfiyyət göstəricisidir. ATİ kadr hazırlığında əmək bazarının tələbləri, dövlətin və milli ənənələrin qorunması və inkişaf etdirilməsi istiqamətində fəaliyyətini nizamlayır. Ona görə də kurrikulumların hazırlanması və dəyişdirilməsi prosesində keyfiyyət təminatı ön planda saxlanılır. Beynəlxalq təcrübədə özünü doğruldan və təsdiqləyən bir sıra yeniliklər ilk dəfə ATİ-də tətbiq edilib. Məzunlarımız ingilis və rus dillərini məcburi qaydada, alman, fransız və ərəb dillərindən birini isə öz seçimləri ilə öyrənirlər. Yerli şəraiti nəzərə alaraq, beynəlxalq təcrübədən yararlanan ATİ yeniliklərin axtarışını və tətbiqini daim diqqətdə saxlayır. Tədris prosesinin yüksək keyfiyyətliliyinə nail olmaq üçün professor-müəllim və inzibati heyətin müxtəlif təlim və təqaüd proqramlarında iştirakına çalışır və dəstəkləyirik. Əməkdaşlarımız ABŞ-ın Otel və Qonaqpərvərlik Assosiasiyası, ATİ və Azərbaycan Turizm Assosiasiyasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunmuş ali məktəb müəllimləri üçün təlim proqramı, ABŞ-ın Fullbright təqaüd proqramı, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ-ın Ariqon Universitetinin təşkilatçılığı ilə həyata keçirilmiş, Yaponiya hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JİCA), həmçinin Koreyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə reallaşmış, "British Council" və İngiltərənin Warwick Universitetinin təşkilatçılığı ilə keçirilmiş təlim proqramı, Misir Xarici İşlər Nazirliyi və Milli Tədqiqat Mərkəzinin təşkil etdiyi təlim proqramlarında uğurla iştirak ediblər. Təhsilin beynəlxalq standartlara uyğunluğunu təmin etmək məqsədilə ATİ-də xarici mütəxəssislərin tədris prosesinə cəlb edilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan-Avstriya Turizm Proqramı çərçivəsində mütəmadi olaraq xarici ölkə universitetinin müəllimləri beynəlxalq proqram üzrə dərslər aparırlar. Müxtəlif ali məktəb və təşkilatlarla əməkdaşlığımız sayəsində Türkiyə, Portuqaliya, ABŞ, Almaniya kimi ölkələrin professor-müəllim heyəti tədris prosesinə cəlb olunmuşlar.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında