Azərbaycan təhsilinin önündə gedənlər həmin istiqamətlərin ən məqbulunu seçməyin nümunəsini yaradırlar
{nl}
Biz bütün dünyada gedən prosesləri bilirik, izləyirik və ölkəmiz üçün ən məqbul variantı seçməklə təhsilimizin səviyyəsini artırmağa çalışırıq və bu səviyyəni artırırıq.
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
{nl}
Son zamanlar dünyanın, xüsusən, Qərbin kütləvi informasiya vasitələrində təhsil problemləri ilə bağlı gedən polemikalarda ciddi bir çoxistiqamətlilik müşahidə olunur. "Təhsil prosesi siyasiləşdirilməməlidir"-deyənlər öz opponentlərindən "Təhsil cəmiyyətin ən vacib fəaliyyət sahələrindən biri olduğuna görə o, siyasətlə və iqtisadiyyatla birlikdə addımlamalı və inkişaf etdirilməlidir" cavabını alırlar. Təhsil mühitinin bu sahəyə aidiyyəti olmayan hər kəs üçün qapalı olmasını tələb edənlər də az deyil.Onlara qarşı səsləndirilən arqumentlər isə daha maraqlıdır." Həmin tezis müəllimin və məktəbin cəmiyyətdən təcrid olunmasına gətirib çıxarar ki, bu da bütün hallarda geriləmə kimi ağır fəsadlar törədər." Ancaq cəmiyyət həyatının bütün sahələrində olduğu kimi təhsil prosesində də ən doğru sözün məhz zaman tərəfindən söyləniləcəyi qənaətində olanlar daha çoxdur. Onların da özünəməxsus arqumentləri var.
Bəs ölkənin, xüsusən, paytaxt Bakının təhsil ictimaiyyətinə rəhbərlik edənlərin bu məsələlərə münasibəti necədir? Bu suallara cavab almaq üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə RZAQULİYEVAYA müraciət etdik:
- Nailə xanım, təhsil prosesində nəyisə zamanın ümidinə buraxmaq mümkündürmü? Yoxsa biz zamanı qabaqlamalıyıq?
- Mən bilmirəm avropalılar zamanın hansı doğru sözünü gözləməyi tövsiyə edirlər. Ancaq onu bilirəm ki, bizdə zaman öz doğru sözünü hələ iyirmi il əvvəl, bir az da dəqiq söyləsək, 1993-cü ilin iyun ayında söyləyib. Məhz həmin doğru söz, həmin həqiqət gənc müstəqil Azərbaycan dövlətinə dünyanın ən iti sürətlə inkişaf edən ölkələri ilə yanaşı dayanmaq imkanı verib. Məhz həmin həqiqət nəticəsində bu gün bizim respublikamız Avrasiya məkanının bütün dövlətləri üçün maraqlı və cəzbedici olan bir ünvana çevrilib. O ki, qaldı zaman haqqında fəlsəfi və ya ədəbi mənada söylənilənlərə, deyə bilərəm ki, biz həmin hikmətlərin hamısına ehtiramla yanaşır və gündəlik fəaliyyətimizdə nəzərə alırıq. Çünki, "Zaman ən böyük müəllimdir", "Hər bir məsələnin doğruluğunu zaman sübut edəcək", "Bu problemin həlli üçün zamana ehtiyac var" və bu kimi digər ifadələr təsadüfən yaranmayıb. Bu ifadələrin hər biri bir aqilin təfəkkürünün məhsuludur. Elə aqilin ki, onun dediklərinin sübuta ehtiyacı olmayıb, elə zamanın özü həmin qənaətlərin həqiqət olduğunu sübut edib.
Bir faktı yada salım. Ötən əsrin 70-ci illərində Amerika Birləşmiş Ştatlarında təhsil problemləri ilə məşğul olan alimlər qrupunun rəhbəri olmuş, fəlsəfə doktoru Donald Hovardın yaratdığı "Sabahın məktəbi"adlı ( bəzi mənbələrdə " İyirmibirinci əsrin məktəbi" kimi qeyd olunur) modeli var idi. Əvvəllər bu model qəbul edilməsə də , bir neçə onillikdən sonra zaman həmin nümunənin bütün dünya üçün qəbuledilən olduğunu sübut etdi. Nə üçün? Çünki "Sabahın məktəbi"ndə göstərilirdi ki, təlim prosesində şagirdin fəaliyyət sərbəstliyi təmin olunmalı, o, öz zehni və fiziki imkanı daxilində -yəni artıq yüklənilmədən işləmək hüququ əldə etməli, müəllim isə ona vəziyyətdən düzgün çıxış yolu tapmaqda kömək göstərməlidir. Şagirdin nailiyyəti öz yaşıdlarına nümunə kimi göstərilməli, bu nailiyyətlər nəzarətdə saxlanılmalı, təlim müəyyən bir hədd çərçivəsində aparılmalı və qiymətləndirilməli, eyni zamanda şagird mükafatlandırılmalıdır. Beləliklə hər bir şagird möhkəm bilik üzərində irəliləmiş olacaq. Çox maraqlıdır. Həmin prinsiplərin hamısı bugünkü dünya və Azərbaycan təhsilinin reallıqlarıdır. Fikrimcə, zamanıın bütün məsələlərə ədalətli qərar verəcəyi barədə söylənilənlər bu faktda öz əksini tapıb.
- Həmin reallıqlar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin fəaliyyətində özünü necə göstərir?
- Bilirsinizmi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ölkə ərazisində ayrıca, müstəqil fəaliyyət göstərən bir qurum deyil. Biz Azərbaycan təhsil sektorunun mühüm tərkib hissələrindən biri kimi, Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstəririk. Ona görə də, hansısa reallıqların bilavasitə bizim qurumdakı təzahürü məsələsi bir qədər absurd kimi görünə bilər. Müasir dünya təhsilindəki müsbət tendensiyaların, mütərəqqi ideyaların və Azərbaycan məkanı üçün məqbul sayılan təhsil texnologiyalarının Respublika təhsilində öz əksini tapması isə həqiqətən günün reallıqlarıdır.Azərbaycan dövləti Bakı Şəhəri üzrə Təhsil İdarəsini yaradanda da qarşıya məhz həmin sadaladığım məqamların reallaşdırılması vəzifəsini qoymuşdu. Yəni bizim sahə bilavasitə ölkənin ümumi inkişaf səviyyəsinə uyğun olaraq dəyişdirilir və müasirləşdirilir.
Azərbaycan təhsilinin indiki mərhələsində təhsilin inkişafı məsələsi kifayət qədər fərqli məzmun kəsb edir. Bu məsələ indi ölkənin gələcək inkişaf modelini formalaşdıracaq bir amil kimi ortaya qoyulur. Həmin məram artıq ümumtəhsil hərəkatı müstəvisinə keçib. Prezident İlham Əliyevin gündəlik qayğısı sayəsində təhsilin ayrı-ayrı sahələri müasir dövrün tələbləri səviyyəsində yenidən qurulur. Demokratik idarəetmənin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin daha mükəmməl üsullar əsasında qiymətləndirilməsinin təşkili, şagird- müəllim, məktəb- valideyin münasibətlərinin qloballaşan dünya təcrübəsinə əsasən, tamamilə yeni prinsiplər çərçivəsində formalaşdırılması və bu kimi bir çox məqamlar indiki məktəbin fəaliyyət reallıqlarıdır. Mən qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan təhsilinin əldə etdiyi bütün nailiyyətlər məhz həmin yeniləşmələrin nəticəsidir. Bu barədə bizim idarənin əməkdaşlarının ötən ilin sonlarında ərsəyə gətirdikləri "BAKI TƏHSİLİ-2006-2011-ci illərdə" adlı kitabda əhatəli şəkildə söz açılır. Orada idarəmizin fəaliyyətinin prioritet istiqamətləri - idarəetmənin təkmillləşdirilməsi, kadrların səmərəli yerləşdirilməsi, təhsil pillələri üzrə qazanılmış nailiyyətlərin illər üzrə müqayisəli təhlilləri verilmişdir.
- Yeri gəlmişkən, qloballaşma prosesi istənilən sahənin beynəlxalq aləmə inteqrasiyaını sürətləndirir və bu zaman təhsilin də qarşısında yeni vəzifələr qoyulur, yeni istiqamətlər açılır.
- Əlbəttə, bu tamamilə təbii bir prosesdir. Ancaq həmin vəzifələrin birmənalı olaraq yerinə yetirilməsi və ya kor-koranə olaraq yeni açılan istiqamətlərlə getmək qətiyyən mümkün deyil. Məhz ona görə də, Prezident İlham Əliyevin təşəbbüsü ilə elmi şəkildə əsaslandırılmış Dövlət Proqramları hazırlanır və icra olunur. Azərbaycan təhsilinin qloballaşma dövründəki inkişafını təmin edəcək belə proqramların müsbət nəticələrini ölkəmizdə də hamı yaxşı görür, beynəlxalq aləmdə də. Ölkə təhsilində aparılan davamlı islahatlar zamanı qloballaşmanın ortaya çıxardığı məsələlər sırf milli maraqlarımıza uyğun şəkildə öz həllini tapır. Xatırladım ki, bu məsələlərin hamısı cənab Prezidentin ötən ilin iyulunda imzaladığı "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"da öz əksini tapıb. Bir faktı da yada salım ki, bu gün dünyanın müxtəlif ölkələrində təhsil alan Azərbaycanlı gənclərin sayı 10 minə , ölkəmizdə təhsil alan əcnəbi gənclərin sayı isə 7 minə çatıb. Bu isə sizin dediyiniz inteqrasiyanın bariz göstəricisidir.
- Avropanın bir çox mütəxəssislərinin arzu etdiyi, ayrı-ayrı təhsil ekspertlərinin hətta, vacib saydığı, fəqət bəzilərinin hədsiz dərəcədə ehtiyatlandığı "təhsil prosesinin siyasətlə əlaqələndirilməsi" məsələsinə sizin münasibətiniz necədir?
- Bu qeyri-ənənəvi suala cavab verməzdən əvvəl onu bildirim ki, Azərbaycanda təhsil dövlət siyasətinin prioritet sahələrindən biridir.Yəni dövlətin təhsil siyasəti varsa, təhsilin siyasiləşdirilməsi kimi absurd məsələ haradan ortaya çıxır? Əlavə edim ki, belə məzmunlu söz-söhbətlərə biz də rast gəlirik. Biri təhsil qurumlarını ölkədə gedən ictimai-siyasi proseslərdən kənarda qalmaqda qınayır, digəri isə bizi ittiham edir ki, orta məktəb nə üçün hansısa siyasi məzmunlu məsələyə münasibət bildirərək tədrisə ayrılmış vaxtın bir hissəsini şagirdin əlindən alır? Belə adamlar unudurlar ki, "hansısa siyasi məzmunlu məsələ " adlandırdıqları məqamlar bizim əzəli və əbədi yaralarımızdır. Xocalı soyqırımını, 20 Yanvar faciəsini, torpaqlarımızın 20 faizinin işğal altında qalmasını, 20 mindən artıq şəhid ruhunu, əsir və itgin düşmüş soydaşlarımızın taleyini, cəbhədən əlil qayıtmış insanların dərd-sərini yada salmaq məgər hansısa siyasi məzmunlu söhbətlə şagirdə ayrılmış vaxtın onun əlindən alınmasıdırmı? Bizim hansısa müəllim-bəli, burada hansısa sözü yerinə düşür - istər tarix və ictimaiyyət müəllimi olsun, istər riyaziyyat və ya informatika müəllimi öz dərsində vaxt tapıb, yaxud dərsdənkənar saatlarda 20 Yanvar faciəsinin mahiyyətindən, Xocalı soyqırımının ağrı-acılarından söz açmırsa, deməli o, bizim ümumi məqsədimizə xidmət edə bilmir. Bu gün Azərbaycan məktəbinin və müəlliminin əsas məqsədi müstəqil Azərbaycan dövləti üçün həqiqi vətəndaş yetişdirməkdir . Biz bunu ümumi məqsəd adlandırırıq. Bunu təhsil sistemində hamı bilir və istənilən fənnin tədrisi prosesində qeyd etdiyim məqamların unudulmaması müəllimin vətəndaşlıq borcudur.
O ki, qaldı təhsilin siyasətlə hansısa formada əlaqələndirilməsinə, deməliyəm ki, təhsilin öz qayda-qanunları var, normativləri var, Təhsil Nazirliyinin və müvafiq qurumların öz əsasnamələri var , ölkə parlamentinin uzunmüddətli müzakirələrdən sonra qəbul etdiyi Təhsil Haqqında Qanun var, cənab dövlət başçısı İlham Əliyevin bizim sahənin inkişafını təmin etmək üçün imzaladığı Dövlət Proqramları var və bu sənədlərin hamısı bizim fəaliyyətimizin əsas istiqamətlərini müəyyən edir.Elə isə biz nə üçün bu qaydalardan kənarda olacaq bir addım atmalıyıq? Belə addımın atılması mümkün deyil.
Amma, burada başqa bir məqam da var. Azərbaycan təhsili 70 ildən artıq bir müddətdə milli mənafeyimizə yad olan stereotiplər əsasında təşkil olunmuşdur. Ondan əvvəl də başqa bir imperiyanın tərkibində idik. Ona görə də ötən əsrin 90-cı illərinin əvvəllərində öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında təhsilin istiqamətini müəyyən etmək məqsədiylə atılan addımlarda bir çox siyasi məqamlar var idi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə reallaşdırdığı təhsil islahatlarının əsas istiqamətlərindən biri də məhz yeni dərslik siyasətinin formalaşdırılması idi. Böyük dövlət xadimi ciddi-cəhdlə tələb edirdi ki, Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirmək üçün biz ölkə gəncliyinin yüsək intellektual səviyyədə yetişdirilməsinə nail olmalıyıq. Bunun üçün isə ilk növbədə sırf milli maraqlara cavab verən dərslik siyasəti həyata keçirilməlidir. Ulu öndər həmin tezisləri müəyyən etdi və o istiqamətdə möhtəşəm, misilsiz nailiyyətlərə imza atdı. Bu gün ölkənin təhsil sistemində və ya cəmiyyət həyatının hansısa sahəsində nöqsan axtarmağa çalışanlar 50-60 il hakimiyyətdə olsaydılar belə Heydər Əliyevin qısa bir müddətdə milli maraqların təmin olunması baxımından əldə etdiyi nailiyyətlərə imza ata bilməzdilər. Bunu özləri də yaxşı bilirlər.
- Geridə qalan illər sübut etdi ki, Prezident İlham Əliyev ulu öndərin siyasi kursunun bütün sahələri kimi təhsilin inkişafı məsələsini də daim diqqət mərkəzində saxlayır və milli təhsilimizin tərəqqisinə xüsusi töhfələr verir.
- Mən cənab İlham Əliyevin bir ifadəsini yada salmaq istəyirəm. Yadımdadır, Dövlət Neft Akademiyasının 90 illik yubileyi münasibətiylə keçirilən tədbirdə dövlət başçımız qeyd etdi ki, əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, bizim dövlət büdcəmizdə təhsil xərcləri birinci yerdə olacaqdı. Yəqin hörmətli oxucuların yadındadır. Bizim dövlət büdcəmizdən ən çox vəsait ayrılan iki sahə var. Birincisi ordu quruculuğudur, ikincisi isə təhsil sektoru. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Respublikanın təhsil sektorunun inkişaf etdirilməsi məqsədiylə 16 Dövlət Proqramı imzalanıb və uğurla icra olunur. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkə təhsilinin inkişafı üçün həyata keçirdiyi tədbirləri, bu sahəyə göstərdiyi qayğını cənab İlham Əliyev çox böyük yaradıcılıqla davam etdirir. Son illər ərzində respublikada 2 mindən artıq məktəb binası tikilib və əsaslı təmir olunub, avadanlıqla, kompyuterlərlə təchiz edilib: "Biz elə etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz gənc yaşlarından ən mütərəqqi təcrübə ilə tanış olsunlar və ardıcıllıqla öz təhsil səviyyələrini artırsınlar. Biz çalışacağıq ki, dünyada mövcud olan ən qabaqcıl təcrübəni Azərbaycanda tətbiq edək. Elə etməliyik ki, təhsil sahəsində bütün problemlər öz həllini tapsın"-deyən Prezident ölkədə təhsil sektoruna ayrılan vəsaitin ildən-ilə artırılmasına nail olur. Bu isə o deməkdir ki, Azərbaycan dövləti qloballaşma adlı möhtəşəm bir prosesin ortaya qoyduğu vəzifələri yerinə yetirməklə yanaşı, cəmiyyətin və xüsusən, təhsil sektorunun öz milli maraqlarımıza uyğun məcrada inkişafını təmin etmək iqtidarındadır.
- Siz paytaxtın ən mühüm qurumlarından birinə - yeniyetmələrimizə orta ümumi təhsil verən, həm də gənclərimizin həqiqi vətəndaş kimi yetişdirilməsi üçün məsul olan bir idarəyə rəhbərlik etməklə yanaşı, regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatında da siyasi fəaliyyətlə məşğulsunuz.
- Bəli, mən Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının İdarə Heyətinin üzvüyəm. Əslində paytaxt təhsilini istiqamətləndirən bir qurumun müdirinin adı çəkilən partiyada təmsil olunmasının özü də ölkənin pedaqoji ictimaiyyəti üçün nümunədir.Çünki ötən əsrin 90-cı illərinin əvvəllərində gənc müstəqil Azərbaycan dövlətinin üzləşdiyi çoxsaylı problemlərdən çıxış yollarını bizə məhz bu partiya və xüsusən, partiyanın sədri, ulu öndərimiz Heydər Əliyev göstərmişdi. Xalqın Yeni Azərbaycan Partiyasına olan inamını və bu siyasi təşkilatın əsil xalq partiyası olduğunu göstərən bir çox məqamlar vardır . Məsələn, bir təşkilatın ki, sədri Heydər Əliyev idi, deməli, o partiya ümumxalq partiyası idi. Bir təşkilat ki, yaradılmasından heç bir il keçməmiş iqtidara gəldi, deməli, xalqın o təşkilata inamı, etimadı möhtəşəm idi, tükənməz idi. Bir partiyanın ki, üzvlərinin sayı cəmi 20 ildə yarım milyonu geridə qoydu, deməli, o təşkilat xalqın arzu və istəklərini ifadə edən təşkilatdır.
Yeri gəlmişkən, qısa müddətdən sonra biz Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyini qeyd edəcəyik. Bu münasibətlə təkcə siyasi həmfikirlərimizi deyil, bütün soydaşlarımızı təbrik etmək istəyirəm. Əminəm ki, qarşıdan gələn illərdə də Heydər Əliyev siyasəti , cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə gündən-günə artan nüfuzu, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli təhsilimizin inkişafına ayırdığı diqqət nəticəsində Azərbaycan təhsili daha böyük nailiyyətlərə imza atacaq. Biz bu qənaəti cənab nazir Misir Mərdanovun çıxışı və nitqlərində də tez-tez eşidirik. Hörmətli nazirimiz əmindir ki, milli təhsilimizin gələcək uğurlarında Bakı təhsinin yeri həmişə olduğu kimi bundan sonra da daha böyük, daha məsuliyyətli olacaq. Paytaxtın təhsil ictimaiyyəti buna qadirdir.
{nl}
Söhbəti qələmə aldı: İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.