Litva ilə Azərbaycanın turizm əlaqələrinin böyük potensialı var

İki il əvvəl dövlətçilik tarixinin 1000 illiyini qeyd edən Litva Respublikası XX əsrin son onilliyində qazandığı müstəqillik dönəmində keyfiyyətcə yeni inkişaf səviyyəsinə qədəm qoydu. Nahaq deyil ki, bu gənc ölkəni müstəqilliyinin 20-ci ilində artıq dünya mətbuatında sürətli inkişaf tempinə görə "Baltika pələngi" adlandırırdılar.
Çox mühüm dəyişikliklərin aparılmasını zərurətə çevirən iqtisadi diplomatiyanın inkişafı ilk vaxtlar ciddi çətinliklər yaratsa da az bir vaxtdan sonra azad bazar iqtisadiyyatına keçid və makroiqtisadi sabitliyin təmin edilməsi Litva iqtisadiyyatını sürətli inkişaf yoluna çıxardı.
Bir sözlə, öz dövlət müstəqilliyini bərpa etdiyi gündən Qərbin siyasi, iqtisadi və müdafiə strukturlarına inteqrasiya etmək və beləliklə Litvanı demokratik dünyaya qaytarmaq, sabitlik, təhlükəsizlik və rifah sahəsinin genişləndirilməsi, həmçinin qonşularla yaxşı münasibətlərin yaradılması ölkənin siyasi-iqtisadi siyasət strategiyasının əsas elementlərinə çevrildi. Ölkənin büdcə gəlirlərində öz payını ildən-ilə artıran turzm isə iqtisadi siyasət strategiyasında artıq çoxdan mühüm sahə kimi özünəməxsus yer tutmuşdur. Litvada bu sahə, indi sözün əsl mənasında, özünün yüksəliş mərhələsindədir. Bizim üçün maraqlı olan məqam ondan ibarətdir ki, Azərbaycan Litvanın iqtisadi cografiyasında olduğu kimi, turizm coğrafiyasında da diqqət mərkəzində olan ölkələrdən birinə çevrilmişdir.
Litvanin qonşuluq münasibətləri strategiyasında Azərbaycan Respublikasına ayrılan yer və bizim ölkələr arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti, turizm sahəsində əlaqələr barədə bir çox digər suallarlarımıza aydınlıq gətirmək üçün bu günlərdə Bakıda səfərdə olan Litva Respublikasının İqtisadiyyat Nazirliyinin Turizm Departamentinin baş direktoru xanım Raymonda Balnieneyə müraciət etdik.
- Diqqət yetirirsinizsə, son 5-6 ildə Azərbaycan Respublikası ilə olan münasibətlərdə böyük impuls, sıçrayış müşahidə edilməkdədir.
- Bizi yaxınlaşdıran əsas məqamlardan biri uzun illər bir ölkənin, bir sistemin, qurumun qonşu ölkələri olmağımızdır. Bu gün Avropa İttifaqının proqramı çərçivəsində həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə ikitərəfli münasibətlər çox intensiv inkişaf edir. Təbii ki, bunların tarixi kökləri var və yeni münasibətlər artıq yeni keyfiyyətdə - iki müstəqil ölkənin istəkləri çərçivəsində, məhz bu baza üzərində qurulub inkişaf edir. Sevindirici haldır ki, dövlət başçıları səviyyəsində yüksək səviyyədə olan münasibətlər ölkələrimiz arasında olan əlaqələrə daha böyük təkan verir. Bu yüksək səviyyəli səfərlər zamanı əldə olunan razılaşmalar, imzalanan sazişlər və müqavilələr kağız üzərində qalmır.
İnvestisiyaların qarşılıqlı təşviqi, idxal-ixrac əməliyyatlarının həcmi sürətlə artır. Mədəniyyət və incəsənət, təhsil sahəsində əlaqələrdə dinamik temp müşahidə edilməkdədir.
Azərbaycanın bankları, holdinq və şirkətləri Litvadan müasir və yüksək texnoloji avadanlıqlar alır. Eyni zamanda, Azərbaycanda Litvanın kənd təsərrüfatı mallarına böyük maraq var. Biokimya, farmakologiya, lazer texnologiyası və digər sahələrdə də əməkdaşlıq üçün böyük perspektivlər var və ən müxtəlif sahələrdə hazırda güclü təcrübə mübadiləsi gedir. Bütün bunlarla bərabər, Litva turizm ölkəsi kimi də azərbaycanlılar üçün həmişə maraqlı olub və bu gün də belədir.
Yəqin bilirsiniz ki, 2008-ci ildən siyasi və iqtisadi əlaqələrin koordinasiyası məqsədilə Azərbaycan Respublikasının hökuməti ilə Litva Respublikasının hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu komissiya vaxtaşırı iclaslar keçirir və münasibətlərin inkişafına öz töhfəsini verir.
- İki ölkə arasında məhz bu sahədəki münasibətləri necə dəyərləndirirsiniz?
- Turizm ikitərəfli münasibətlərdə təkcə mühim iqtisadi amil deyil. Diqqət edin, 2011-ci ildə turizm təsərrüfatı Litvanın büdcəsinə 1,4 milyard avro gəlir gətirib. Bu il isə Litvanın turizm sektoru üçün xüsusilə əlamətdardır. Çünki biz bu il 20 illiyimizi qeyd edirik. Tarixə qovuşan bu 20 ilə nəzər salanda birmənalı şəkildə deyə bilərik ki, turizm sahəsi kardinal dəyişiliklərə məruz qalıb və biz həqiqətən çox böyük nəticələr əldə etmişik. Bütün dünyada turizm sahəsinin inkişafı 4,4 faiz təşkil edibsə, Litvada bu rəqəm rekord göstərici - 18 faiz artımla qeydə alınıb. 20 ildə bu infrastruktura düzgün və məqsədyönlü investisiya yönəldilmiş və bu da öz bəhrəsini vermişdir. Ona görə də Litvada turizmin uğurlu iqtisadi inkişaf nümunəsinə çevrilməsi təsadüfi deyil.
Biz "Əkizlər" layihəsində qalib gəlməyimizə hədsiz dərəcədə şadıq. Litvanın Turizm Departamentinin məqsədi bazarlar şöbəsinin rəisi Dayva Kirkilayte-Çetkuti layihə çərçivəsində uğurlu təcrübəmizi azərbaycanlı həmkarlarımızla bölüşmək üçün 2013-cü ilin yanvarından Bakıda olacaq.
Layihənin ümumi məqsədi Azərbaycanda turizm sektorunun səmərəliliyini artırmaqdır. Daha konkret tapşırıq isə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin inistitusional və texniki imkanlarını inkişaf etdirməkdir. Turizm Departamentinin Avropa İttifaqının norma və standartlarına cavab verən turizm siyasətinin formalaşdırılması və tənzimlənməsi funksiyalarını icra etməsi məqsədi ilə hüquqi bazanın təkmilləşdirilməsində yardımçı olmaqdır. Sözsüz, əsas məqsədlərdən biri də Litva ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri möhkəmləndirməkdir. Bütün vasitələrlə çalışacağıq ki, layihə başa çatandan sonra da turizm sahəsində əməkdaşlıq davam etsin.
- Necə bilirsiniz, Litvada, ümumən Avropada Azərbaycanı yaxşı tanıyirlarmı?
- Sözsüz, Azərbaycanın unikal turizm imkanları litvalılara yaxşı məlumdur. Sizin 9 iqlim qurşağında olan ölkəniz Litvadan üç dəfə böyükdür, Xəzər dənizi, Kiçik və Böyük Qafqaz sıra dağları Azərbaycanı Şimaldan Cənub-Şərqə doğru dövrəyə almışdır. Bildiyimizə görə, bütün palçıq vulkanlarının yarısı, 7 mühafizə ərazisi, Qobustanda unikal qayaüstü rəsmlər Azərbaycan ərazisindədir.
Digər tərəfdən, sizin ölkəniz çox böyük sürətlə dəyişir. Azərbaycan artıq 10 il, 5il, hətta 1 il əvvəlki ölkə də deyil. Respublikanın çox çətin və mürəkkəb bir geosiyasi durumda olmasına baxmayaraq, belə sürətlə inkişaf etməsi heyrət doğurur.
Hesab edirəm ki, sizin olduqca gözəl ölkənizin Avropada və dünyada daha yaxından tanınmasında və öyrənilməsində ev sahibliyi etdiyiniz bir çox beynəlxalq tədbirlər, idman yarışları, uğurla keçirdiyiniz "Eurovision - 2012" mahnı müsabiqəsinin çox böyük əhəmiyyəti oldu. Belə böyük miqyaslı tədbirlərin köməyi ilə siz ölkənizin imkanlarını dünyaya açdınız və təqdirəlayiq haldır ki, bu tədbirlər davam etməkdədir.
Ölkənizin turizm infrastrukturu da sürətlə inkişaf edir.Təkcə Bakıda deyil, bütün regionlarınızda sürətli tikinti işləri həyata keçirilir. Bütün bunlar və düzgün turizm infrastrukturu, turizm məhsullarının və xidmətlərinin yüksək keyfiyyəti ölkənin potensialından maksimum istifadə etməyə və Qərbi Avropadan səyahətçiləri cəlb etməyə yardım edəcək.
- Yəqin edirəm ki, Azərbaycan Litva üçün həm də turist "bazarı" kimi əhəmiyyət kəsb edir?
- Başqa cür ola bilməz. Biz də Azərbaycandan turistləri çox gözləyirik. Axı Litvanın da çox böyük turizm potensialı var. Ölkəmizdə də göstərməli və heyran etməli çox şeylər var. Litva YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş obyektlərlə fəxr edir: Vilnüs şəhərinin qədim hissəsi, Kurşskilinin mədəni landşaftı, Avropada bütpərəst dövlətin sonuncu orta əsr şəhər həyatını əks etdirən Kyarnavda arxeoloji yerlər, Şyaulyay rayonunda xaç və xaç sivolikalarının hazırlanması sənəti ilə tanışlığa imkan verən Xaç dağı, mahnı bayramları və "sutartina" (çoxsəsli Litva xalq mahnısı xoru) Litvada həmçinin dünyanın 10 qədim muzeyi sırasına daxil edilmiş Qrutski parkı, neçə- neçə interaktiv, unikal muzeylər var ki, burada təkcə ekspozisiyalara baxmaqla yox, həm də müxtəlif ümumtəhsil proqramlarında iştirak etmək mümkündür.
- Amma etiraf edək ki, təkcə bunlarla turistləri təkrar Litvaya səfər etməyə sövq etmək olmaz. Məncə turizmin ölkənizdəki əsas istiqamətləri "gələn bir də gəlsin" prinsipinə əsaslanır. Elə isə bunun yolları barədə bir qədər ətraflı söhbət açardınız.
- Hazırda biz 5 əsas istiqamədə iş aparırıq.
Birincisi, mədəniyyət istiqamətidir. Vilnüsun qədim hissəsində qalaların, kilsə və monastrların, universitetlərin və kübar saraylarının, həmçinin qotika, barokko, klassik stillərin gözəlliyini qoruyub saxlayan yaşayış evlərinin arxitektura ansamblı diqqət çəkir. Bundan əlavə, Litva tədricən özünün saray irsini turizmin məqsədlərinə uyğunlaşdırır və burada muzeyləşdirmə ənənələri dirçəlir, parklar bərpa olunur.
İkinci, fəal turizm infrastrukturunun yaradılmasıdır. Litvada qolf oynamaq üçün gözəl komplekslər quraşdırılmış, velosiped trassı salınmış, baydarka turizmi, əyləncə parklarına turlar inkişaf etdirilmiş, at çapmaq, qədim hava şarlarından Vilnüsu göydən seyr etmək üçün imkanlar yaradılmışdır. Litvada Baltik ölkələrində yeganə olan və il boyu dam altında "Snuw arena" qış əyləncə kompleksi fəaliyyət göstərir, akvaparklarda müxtəlif əyləncələr təklif olunur. Sahildə turistləri yaxtalarda gəzintilər, gəmidən əsrarəngiz gecə mənzərələri, balıq ovu , su motasikllərində gəzinti və hətta yantar axtarışı gözləyir. Küləkli sahil kaytsyorfinq və ya quruda yelkən idmanı təşəbbüskarlarının sevimli yeridir. Turizm təsərrüfatında, yay sevinclərindən heç də az olmayan qış əyləncələri də var: hamamda süpürgəli pardan sonra yarılmış buz dəliyindən dənizə baş vurmaq, atların və itlərin qoşulduğu xizəklərdə, qarmobillərdə gəzintilər və s.
Üçuncü, şəhər infrastrukturudur: Litvanın böyük şəhərləri çox müasirdir, yaşıllıqlar göz oxşayır, şəhərlər mədəni və tarixi obyektlərlə, qayğı ilə qorunan qədim hissələrlə zəngindir. Vilnüsun keçmiş şəhərkənarı sənətkarlıq məhəlləsi Ujupis özünün bohemalı atmosferi ilə Parisin Monmartrını xatırladır. Paytaxtın qədim hissəsində dar küçələr və bu dar küçələrdə xüsusi köşklər qoyulmuşdur. Şəhərin digər yerlərində nəhəng ticarət mərkəzləri, pavilyonlar fəaliyyət göstərir. Turistlərin boş vaxtlarında müxtəlif mədəni kütləvi tədbirlər keçirilir, Litvanın opera və caz musiqiçilərinin çıxışları xüsusilə yüksək qiymətləndirilir. Dinamik gecə həyatının klaydeskopunda isə klublar, kafelər, restoranlar, konsert proqramları, festivallar var.
Dördüncüsü, sağlamlıq və SPA turizmdir. İstirahət günlərinə və daha uzunmüddət üçün Litva, təkcə dəniz sahillərində deyil, parkların ərazisində və ölkənin göllərində, 200 ildən artıq fəaliyyət göstərən müalicəvi kurortlar təklif edir. Kurortların sağlamlıq mərkəzlərində kineziterapiya, psixoterapiya, massaj, müalicəvi vannalar, müalicəvi palçıq və aparatla terapiya kimi prosedurlar həyata keçirilir. Litvada ən böyük müalicə ənənələri olan Druskininkaysk kurortudur. Şəhərdə 7 mineral su mənbəyi var və müalicə ocaqlarında ən müasir diaqnostika və müalicə texnologiyası var. Burada turistlər üçün müalicə xidmətlərinin çox böyük seçimi var-mineral, oksigen, ot, palçıq və digər vannaların müalicəvi təsirini sınaqdan keçirmək, su massajlarının, bal maskalarının gətirdiyi rahatlığı duymaq, bitki yağlarının terapiyasının möcüzəsinə şahid olmaq mümkündür. Birştonas regional parkı da, Neman çayının sahilindədir. Buranın SPA mərkəzlərində turistlər süd və şərab vannalarını, həqiqi tibbi palçığın möcüzəsini görə bilərlər.
Beşinci istiqamət isə konfrans turizmdir. Litva Avropanın coğrafi mərkəzində yerləşir. Ölkənin 4 beynəlxalq hava limanı var. Bura Avropanın 60 şəhərindən və nəhəng tranzit mərkəzlərindən təyyarələr gəlir.
Ölkəmizin yolları və avtomagistralları bütün Baltika regionunda ən inkişaf etmiş şəbəkələrdən sayılır. Litvanın paytaxtında müxtəlif xarakterli böyük və ya kiçik beynəlxalq konfranslar keçirmək mümkündür. Vilnüsun LİTEXPO sərgi mərkəzində belə tədbirlərdə eyni vaxtda 5 min nəfər iştirak edə bilər. Tədbirlərin sayına və ekspozisiya salonunun sahəsinə görə bu mərkəz də Baltika ölkələrində ən böyüyüdür. Böyük hotellərdə adətən 1-2 min nəfər üçün nəzərdə tutulmuş çox gözəl konfrans mərkəzləri var. Görüşlər və konfranslar üçün standart olmayan yerlər - dəbdəbəli qədim saraylar, malikanələr və qalalar, incəsənət qalereyaları və ya teatrlar da təklif olunur. Mobil rabitə 100 faiz bütün Litvanı əhatə edir, xətsiz şəbəkədən isə əksər hotellərdə, kafelərdə və turistlərin olduğu ictimai yerlərdə istifadə etmək mümkündür. İnternetin sürətinə görə də ölkəmiz dünyada qabaqcıl yerlərdən birini tutur.
- Çox istərdik, Litvanın "Kəhrəba yolu" turizm marşrutu layihəsi barədə bir qədər məlumat verəsiniz.
- "Kəhrəba yolu" dünya turizm marşrutu çox unikal beynəlxalq təşəbbüsdür. Litva bu il dünya turizm bazarına təqdim etdiyi "Kəhrəba yolu" beynəlxalq turizm marşrutu ilə bütün dünya turistlərinə müstəsna və cəlbedici bir distansiya təklif etməyə çalışıb. BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən bu ilin iyununda Vilnüsda təşkil olunmuş "Keçmiş-bu gün-gələcək: Kəhrəba yolunun yaradılması üçün əməkdaşlıq" beynəlxalq konfransında layihənin təqdimatı keçirilmişdir. Təşəbbüs, xüsusilə Rusiyanın Kalininqrad və Sankt-Peterburq turizm agentlikləri tərəfindən fəal beynəlxalq dəstək qazandığı üçün bu il tam gücü ilə reallaşmağa başlamışdır. Artıq layihədə iştirak edən, kəhrəba, kəhrəba irsi, kəhrəbanın işlənməsi, kəhrəba sənayesi ilə birbaşa və dolayısı ilə əlaqəsi olan ölkələrin turizm bazarlarının məhsulları, xidmətləri və ya obyektləri internet saytda yerləşdirilir. Layihədə Litvanın Kəhrəba yolu təkcə Baltik dənizinin unikal tullantısı olan kəhrəba, dəniz sahili boyu uzanan 98 kilometr coğrafi kəsikdən ibarər qədim Kəhrəba ticarət yolu kimi təqdim olunmur, burada həm də SPA "kəhrəbalı" proseduralar (massaj, sauna), kəhrəba turşusunun kosmetika və kulinariyada istifadə imkanları, kəhrəbadan olan yuvilir məhsullar, dizayn və s. nümayiş etdiriləcək.
Biz sizin ölkəni də çox böyük məmnuniyyətlə dəvət edirik və çox istərdik ki, Azərbaycanın turizm biznesinin nümayəndələri öz kəhrəba əşyalarını və xidmətlərini təqdim etməklə dünyanın Kəhrəba yolunun yaradılmasında iştirak etsinlər.
Litva turizm sektorundakı dünya tendensiyalarına çox diqqətlə yanaşır, ona görə də kulinariya turizmi üçün imkanlar açır; turistləri təbii və ya ekoloji, həm də ləng (sow-food) yeməklərini dadmağa, tarixi kulinariya ənənələri ilə tanış olmağa çağırır. Çox az adam bilir ki, Litvanın Böyük knyazları və zadəganları, digər nümayəndələri, Avropanın tanınmış ailələri ilə qohum olublar, ona görə onaların da qəbul etdikləri yeməklər kral yeməkləri sırasına daxil olub. XIV-XVIII əsrlərin zadəgan mətbəxləri özlərinin ədviyyaları, tərəvəzləri, ov quşları, maral, dovşan əti ilə şöhrətlənirdi, stola həmçinin göyərçin, qaz, balıq yeməkləri verilirdi, çaxır, müxtəlif araqlar, şirələr içilirdi. Bu gün də Litva restoranlarında məşhur boyar menyuları sifariş olunur. Litvalılar indinin özündə də şaltibarşyayla (soyuq borş), qara çovdar çörəyi, kəsmikli pendir, bal, həmçinin göbələkdən olan yeməkləri ilə qürur duyurlar. İnanmıram bu yeməkləri, turistlər daha haradasa dada bilsinlər. Bundan əlavə, ölkədə içməli su Avropada ən yaxşılarındandır: şəhər əhalisi suyu dərin artezian quyularından götürür. Belə sular ətraf mühitdən çirkabların qarışması ehtimalını tam aradan qaldırır, onda çoxlu minerallar olur.
Litvanın bütün bu məhsulları ilə Azərbaycan turizm biznesinin nümayəndələri 2013-cü ilin fevralında Vilnüsda keçiriləcək ADVENTUR beynəlxalq turizm sərgisi zamanı daha yaxından tanış ola bilərlər. Dəvət edirik, buyursunlar gəlsinlər, sərgidə iştirak etsinlər, Litva ilə tanış olsunlar, kontakt birjalar zamanı faydalı əlaqələr qursunlar. Litva ilə Azərbaycanın turizm əlaqələrinin böyük potensialı var və bu potensial artıq hərəkətə gətirilib.
Ayrıca pressturların təşkili bizim funksiyamıza daxil olduğu üçün , istərdik sizi və həmkarlarınızı Litvaya dəvət edək. Belə turlardan birini biz çox böyük məmnuniyyətlə Azərbaycandan olan jurnalistlər üçün təşkil edəcəyik. Ümid edirik ki, Azərbaycandan olan turistlər Litvanı özləri üçün fəth edəcək və sevəcəklər, dostcanlılığımız və qonaqsevərliliyimiz onların xoşuna gələcək və onlar təkrar-təkrar bizim ölkəyə gəlmək istəyəcəklər.

{nl}

Müsahibəni qələmə aldı, İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında