Azərbaycanın humanitar təşəbbüsləri beynəlxalq aləmdə böyük rəğbətlə qarşılanır

İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının fikirləri də bunu təsdiq edir
Son illər Bakı möhtəşəm beynəlxalq tədbirlərin keçirildiyi əvəzolunmaz məkana çevrilib. Hər il respublikamızda qlobal əhəmiyyətli məsələlərin müzakirəyə çıxarıldığı onlarla yüksək səviyyəli tədbirlər keçirilir. Bakı Beynəlxalq Humanitar Forumu həmin tədbirlər sırasında özünəməxsus yerə malikdir. Bir daha xatırladaq ki, forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.
Həmin məsələlərin dünyada nüfuz sahibi olan mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələri, həmçinin beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri tərəfindən məhz Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunda gündəmə gətirilməsi Azərbaycanın imicinə təsəvvürə gətirə bilməyəcəyimiz dərəcədə müsbət təsir göstərir. Dünyanın müxtəlif qaynar nöqtələrində baş verən hərbi münaqişələr, dini və milli qarşıdurmalar, aclıq, səfalət, dözümsüzlük fonunda Azərbaycanın irəli sürdüyü bəşəri təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır. "Xalq qəzeti"nin oxucuları ilə fikirlərini bölüşmək istəyən həmsöhbətlərimizin dedikləri də bunu təsdiq edir.
Franko Frattini, İtaliyanın sabiq xarici işlər naziri:
- Müasir dünyada humanitar təşəbbüslərin böyük əhəmiyyəti vardır. Bu məsələdə Azərbaycanın tutduğu mövqeni yüksək qiymətləndiririk və alqışlayırıq. Əminliklə deyə bilərəm ki, Bakıda XXI əsr: "Ümidlər və təhdidlər" mövzusunda Beynəlxalq Humanitar Forumun keçirilməsi mədəniyyətlər və dinlərarası əlaqələri daha da genişləndirmək, daha böyük əlaqələr yaratmaq üçün çox ümidverici imkandır. Ona da əmin olmaq istərdim ki, tədbirdə iştirak edən dostlarımız bu imkanı, mən deyərdim ki, bu fürsəti düzgün qiymətləndirəcək və forum öz missiyasını uğurla başa vuracaq.
Azərbaycandakı daxili vəziyyətə gəldikdə isə səmimiyyətlə deyərdim ki, ölkəniz tolerantlıq məkanıdır. Paytaxtınız Bakı şəhəri isə tolerantlığın, dini, milli dözümlülüyün simvoluna çevrilib. Bakı dünyada multikulturalizm və dinlərin qarşılıqlı hörmətinin nümunəsi kimi qəbul olunur. Bu mənada, Beynəlxalq Humanitar Forumun məhz Bakıda keçirilməsi də əhəmiyyətlidir və dünyaya bir mesajdır. Mesaj ondan ibarətdir ki, Azərbaycan dünyanın bütün ölkələrində, regionlarında dözümlülüyün,qarşılıqlı hörmətin olması arzulayır.
Bu gün Aralıq dənizi regionunda, Yaxın Şərqdə mövcud olan böhranlar, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada çətin vəziyyət yaranıb. Belə bir şəraitdə bu forumun keçirilməsi çox mühümdür. Forum qarşılıqlı hörmət, anlayış yaratmaq üçün çox vacibdir. Ona görə də mən Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin keçirilməsi təşəbbüsünü alqışlayıram. Azərbaycanın təşəbbüsləri dünya ölkələri üçün nümunə təşkil edir. Bununla Azərbaycan regionda və dünyada böyük və şərəfli missiyanı daşıyan əhəmiyyətli ölkələr sırasına daxil olur.
Yuri Rayhel, Ukraynanın "Den" qəzetinin icmalçısı:
- Bilirsiniz ki, bu gün dünyada həlli dalana dirənmiş çoxsaylı hərbi qarşıdurmalar, toqquşmalar mövcuddur. Vəziyyət belə ikən, Azərbaycan kimi özünün tolerantlığı ilə seçilən bir ölkədə Beynəlxalq Humanitar Forumun keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Bu, beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin möhkəmlənməsinə çox böyük təsir göstərir, ölkənizin sabit, təhlükəsiz bir məkan kimi tanınmasına xidmət edir. Tədbir dünya ictimaiyyəti üçün də əhəmiyyət kəsb edir. Belə ki, iştirakçıların əksəriyyəti kimi, mən də əminəm ki, forum beynəlxalq münasibətlərin və əlaqələrin inkişafına, mühüm məsələlərin birgə həllinə öz müsbət təsirini göstərəcəkdir.
Bakıya gələn dünyada nüfuz qazanmış insanlar buradakı inkişafı, müstəqil Azərbaycanın hansı səviyyəyə yüksəldiyini öz gözləri ilə görür, onlarda ölkəniz barədə müsbət rəy formalaşır. Bu isə öz növbəsində Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət edir. Onu da deyim ki, mən birinci dəfə deyil ki, Azərbaycana gəlirəm. Bundan əvvəl də bir neçə dəfə ölkənizə səfər etmişəm. Hər dəfə Bakıya gələndə Azərbaycanda gedən inkişafı görürəm, uğurlarınızın şahidi oluram. Bakı ildən-ilə inkişaf edir, çiçəklənir, çoxlu yeni binalar tikilir, şəhər gözəlləşir. Xüsusən "Euroviziya" ərəfəsində Bakıda görülən işlər hər kəsi heyrətləndirir. Məmnuniyyətlə qeyd edirəm ki, Ukrayna Azərbaycanın dostudur və hər iki dövlət arasında sıx əməkdaşlıq mövcuddur. Ukrayna hər zaman texniki, hərbi sənaye, siyasi və iqtisadi məsələlərin həllində Azərbaycanın yanındadır. Eyni zamanda, Azərbaycan da Ukrayna ilə qeyd etdiyim sahələr üzrə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu ortaya qoymuşdur. Bizim ölkəmizdə Azərbaycan Dövlət Neft Şirkətinin istehsal və emal sahələri xüsusilə inkişaf edib. Bizim dostluğumuz bütün sahələrdə bundan sonra da inkişaf edəcəkdir.

{nl}


Söhbəti qələmə aldı: Rauf KƏNGƏRLİ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında