Emil KONSTANTİNESKU: Azərbaycan və Rumıniya beynəlxalq aləmdə bir-birilərini dəstəkləyirlər

Azərbaycan və Rumıniya beynəlxalq aləmdə bir-birilərini dəstəkləyirlər. Bu sözləri İkinci Beynəlxalq Humanitar Forumunda iştirak edən Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku AzərTAc-a müsahibəsində demişdir. 
Sabiq prezident demişdir ki, Azərbaycanda ilk dəfə 1998-ci ildə İpək Yolunun yenidən bərpası ilə əlaqədar rəsmi səfərdə olmuşdur. İpək Yolunun bərpasında maraqlı olan bir sıra ölkələrin prezidenti ilə bərabər məni də ümummilli lider Heydər Əliyev qəbul etmişdir. E.Konstantinesku qeyd etmişdir ki, İpək Yolu layihəsi sadəcə neft, qaz, enerji mübadiləsi sahəsində deyil, mədəniyyət və multikulturalist əlaqələrin də inkişafı baxımından əhəmiyyətli bir layihədir.
Azərbaycana Beynəlxalq Forumda iştirak etmək üçün gəldiyini söyləyən qonaq demişdir ki, Azərbaycanda sürətli inkişaf ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilməsinin göstəricisidir.
Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə toxunan E.Konstantinesku bildirmişdir ki, hazırda Azərbaycan və Rumıniya strateji tərəfdaşlardır və bu, təqdirəlayiq haldır. Hər iki ölkə beynəlxalq aləmdə bir-birilərini dəstəkləyir. Bu istiqamətdə Azərbaycan, Gürcüstan və Rumıniya arasında Buxarestdə imzalanan "Qaz tədarükü sahəsində əməkdaşlıq haqqında" Memorandumu xüsusi vurğulamaq lazımdır. E.Konstantinesku demişdir: "Bütün sahələrdə, xüsusilə də iqtisadiyyat və mədəniyyət sahələrində əlaqələrimiz daha da inkişaf edir. Yüksələn xətt üzrə inkişaf edən münasibətlərimizin bir nümunəsi də mənim Buxarestdə şəxsən ziyarət etdiyim Heydər Əliyevin adını daşıyan parkdır".
Son vaxtlar təhsil sahəsində də ölkələrimiz arasında əlaqələrin artdığını deyən rumıniyalı qonaq münasibətlərin gələcəkdə daha da inkişaf etməsində hər iki dövlətin maraqlı olduğuna əminliyini ifadə etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında fikirlərini söyləyən sabiq prezident ölkəmizin mövqeyinin dünya ictimaiyyəti tərəfindən dəstəkləndiyini bildirmişdir. E.Konstantinesku demişdir: "Azərbaycan Qarabağdan olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm işlər görür. Münaqişənin həlli nə qədər çətin olsa da, regionda təhlükəsizliyin, əmin-amanlığın, inkişafın təminatı və qorunub saxlanılması üçün sülh yolunun seçilməsi böyük əhəmiyyət kəsb edir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında