Müsahibimiz YAP-ın sədr müavini - icra katibi Əli Əhmədovdur
- Sentyabr ayının 13-də Avropa Parlamenti Ramil Səfərovun işi ilə əlaqədar Azərbaycana dair qətnamə qəbul edib. Qətnamənin məzmununu necə qiymətləndirirsiniz?
- Avropa Parlamentinin Ramil Səfərovun məsələsi ilə əlaqədar Azərbaycana aid qətnaməsi, yumşaq desək, obyektiv deyil. Əvvəla, Ramil Səfərovun Prezident İlham Əliyev tərəfindən əfv edilməsi müvafiq beynəlxalq konvensiyalara, habelə ölkə qanunvericiliyinə bütünlüklə uyğundur. Azərbaycanın zabitinin dövlət başçısı tərəfindən əfv edilməsində hüquqi normaların pozulmasına yol verilməmişdir, əksinə, bütün hüquq normaları daxilində hərəkət edilmişdir.
Onu da qeyd etmək lazımdır ki, əfvetmə mahiyyət etibarı ilə humanizm ideyasına əsaslanır, bağışlama xarakteri daşıyır. Əfvetmə qanun pozuntusuna yol vermiş insanların məqsədəuyğunluq baxımından bağışlanmasını nəzərdə tutur. Əfvetmə institutunun mənası da məhz elə bundadır: məhkum edilmiş şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilir. Humanizm və insanpərvərlik baxımından yanaşdıqda da Prezident İlham Əliyevin Ramil Səfərovu əfv etməsi hər hansı əxlaq normaları ilə ziddiyyət təşkil etmir. Ramil Səfərova heç bir hüquqi məntiqə sığmayan sərt cəzanın verilməsi, cəzasının 9 ilini çəkməsi kimi hallarda da mütləq nəzərə alınmalıdır. Mən Ramil Səfərovun işi ilə əlaqədar Avropa Parlamentinin Azərbaycanla bağlı qərarının qeyri-obyektiv və ədalətsiz olduğunu deyərkən, ilk növbədə bunları nəzərdə tuturam. Əlbəttə, dediklərim yeganə arqumentlər deyil.
- Digər arqumentlər hansılardır?
- Ramil Səfərovun işinə, onun tam mahiyyətini başa düşmək üçün, necə deyərlər, kompleks halında yanaşılmalıdır. Avropa Parlamentinin məlum qətnaməsində məhz elə bu kompleks yanaşma çatmır. Ramil Səfərovun işi Ermənistanın Azərbaycana təcavüzünü, 10 minlərlə insanın həlak olmasının, o cümlədən Ramil Səfərovun onlarla yaxın qohumlarının qatillərinin cəzasız qalmasının, 20 ildən çox Azərbaycan torpaqlarının işğal altında qalmasının, 1 milyondan çox insanın məcburi köçkün vəziyyətində yaşamasının birbaşa nəticəsidir. İstənilən cinayət hadisəsinin dərk edilməsi onun motivlərinin dəqiq müəyyənləşdirilməsini tələb edir. Beynəlxalq hüquq da, insan haqları da Ermənistanın Azərbaycana təcavüzü, Xocalı qətliamı, azərbaycanlıların etnik təmizlənməsi zamanı pozulub. Ramil Səfərov məsələsi səbəb yox, nəticədir. Təəssüf ki, Ramil Səfərovun məsələsində məhz elə bu hallar nəzərə alınmamışdı və ona heç cür haqq qazandırılması mümkün olmayan sərt cəza verilmişdi. Hesab edirəm ki, cənab Prezidentin sərəncamına yalnız bu mövqedən yanaşılmalıdır. Əgər zamanında Budapeşt məhkəməsi qeyd etdiyim ədalətsizliyə yol verməsəydi, indi bu qədər hay-küyə səbəb olmuş əfv qərarının verilməsinə də ehtiyac qalmazdı.
Bu mənadə deyə bilirəm ki, erməni zabiti Qurgen Marqaryan əslində Qarabağ münaqişəsinin qurbanıdır - on minlərlə digər qurbanlar kimi. Elə Ramil Səfərov bir növ bu münaqişənin qurbanı sayıla bilər, çünki ömrünün 9 ilini həbsxanada keçirməli olmuşdur.
Bir şeyi də qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin Ramil Səfərovu əfv etməsi ölkə rəhbərinin ictimai əhval-ruhiyyəyə adekvat reaksiyası idi. Təsəvvür edin, Prezidentin əfv sərəncamı hamı tərəfindən təqdir edilir, başa düşülür və qiymətləndirilir. Əslində, bütün cəmiyyət, qeyri-hökumət təşkilatları, siyasi partiyalar Ramil Səfərovun əfv edilməsini müsbət qiymətləndirdi. Deməli, Prezident Azərbaycan zabitini əfv etməklə bütün cəmiyyətin iradəsini əks etdirmiş oldu. Əslində, Ramil Səfərovun əfv edilməsi də, insanların ona emosional münasibəti də cəmiyyətin uzun sürən erməni təcavüzünə etirazının ifadəsidir.
- Avropa Parlamentinin qətnaməsində Ramil Səfərovun qəhrəman kimi qarşılanmasının və Prezident tərəfindən əfv edilməsinin münaqişə zonasında gərginliyin artmasına səbəb olacağı göstərilir. Buna münasibətiniz?
- Təəssüf edirəm ki, Avropa strukturlarının çoxu kimi, Avropa Parlamenti də belə bir reallığa göz yummaqda davam edir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin yeganə səbəbi məlum münaqişə və Azərbaycan torpaqlarının 20 ildən artıq işğal altında olmasıdır. Avropa Parlamentinin yaşadığımız bölgədə gərginliyin artmasından narahatlıq keçirməsi özlüyündə təqdirəlayiq sayılmalıdır. Lakin onların narahatlıq keçirmələri səmimi olsaydı, 20 il ərzində münaqişənin aradan qaldırılması üçün təsirli addımlar atardılar. Ermənistanın təcavüzünü aradan qaldırılmaq yönündə real bir iş görmədən gərginliyin artmasından narahatlıq ifadə etmək, yumşaq deyilsə, qeyri - səmimiliyi ilə insanı təəccübləndirir.
Azərbaycan cəmiyyətinin Ramil Səfərovu qəhrəmanlaşdırması məsələsinə gəldikdə, hesab edirəm, Avropa Parlamenti yenə də, həqiqəti yarımçıq şəkildə ifadə edir. Yarımçıq həqiqət isə yalandan betərdir.
Azərbaycan cəmiyyətinin Ramil Səfərov məsələsinə münasibəti, kimin necə qiymətləndirməsindən asılı olmayaraq, erməni təcavüzü və onun ağır nəticələri güzgüsündə əks olunur. Qeyd etdiyim kimi, on minlərlə azərbaycanlının qatilləri, Xocalı soyqırımının günahkarları ədalət məhkəməsi qarşısında cavab vermədiyindən, insanların bu haqsızlıqlara reaksiyası Ramil Səfərova məlum münasibət şəklində ortaya çıxır.
Haqsızlığın qarşısı qanuni yollarla və ədalətli şəkildə alınmadıqda, həmin haqsızlığa qarşı istənilən etiraz forması böyük emosional rezonans yaradır. Tam qətiyyətlə deyə bilərəm ki, Ramil Səfərova ictimai rəydə olan alternativsiz münasibət yalnız və yalnız azərbaycana qarşı edilmiş təcavüzün bu günə qədər aradan qaldırılmaması ilə əlaqədardır. Digər tərəfdən isə o da var ki, azərbaycanlılara qarşı qəddarlıqlar etmiş nə qədər erməni Ermənistanda qəhrəman sayılır. Elə götürək Xocalıda yüzlərlə qoca, qadın, uşaq qatillərini. Onlar nəinki öz ölkələrinin qəhrəmanı olublar, hətta bu qətllər üzərində öz karyeralarını qurublar.
Buna görə də hesab edirəm ki, bu günə qədər davam etməkdə olan faciələrin yeganə səbəbi Dağlıq Qarabağ münaqişəsidir. Nə qədər ki, beynəlxalq strukturlar, o cümlədən Avropa Parlamenti bu həqiqəti yetərincə dəyərləndirib, lazımi addımlar atmayıb, baş verən faciələrdə onların da günah payı olacaq. Avropa Parlamentinin dünən qəbul etdiyi birtərəfli, qeyri-obyektiv qətnaməyə də mən elə bu prizmadan yanaşıram. Təəssüf ki, həmin qətnamə Azərbaycanla Ermənistan arasında gərginliyin azalmasına deyil, daha da gərginləşməsinə xidmət göstərəcək.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.