Azərbaycan - Litva: dostluq və əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir

Müsahibimiz Litva Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kestutis Kudzmanasdır.

{nl}

- Cənab səfir, dünya maliyyə böhranı başlamamışdan müstəqil Litvanı son 10 illik inkişafına görə dünya mətbuatında "Baltika pələngi" adlandırırdılar. Maraqlıdır, Litva nəyin sayəsində ölkənin və cəmiyyətin keyfiyyətcə yeni inkişaf səviyyəsini təmin edə bilmişdir?
- İstərdim əvvəlcə "cəmiyyətin keyfiyyətcə yeni inkişaf səviyyəsi" anlayışına aydınlıq gətirim. Bildiyiniz kimi Litva ötən il öz dövlətçilik tarixinin 1000 illiyini qeyd etdi. Bu il isə dövlət müstəqilliyimizin bərpasının 20 illiyini qeyd edəcəyik. Məhz bu 20 illik tariximizdə çox şey dəyişdi.
Ölkənin siyasi elitasının varlığı keyfiyyət dəyişikliklərinin baş verdiyi ictimai-siyasi və iqtisadi həyatımızın bütün sahələrində özünü göstərdi. Bu iki onillikdə ölkənin prioritet elan etdiyi istiqamətlər əsasən belə idi: xarici siyasətdə ikitərəfli dövlətlərarası əlaqələrin yaradılması və beynəlxalq təşkilatlara üzv olmaqla ölkənin müstəqilliyinin təsdiq olunması, Polşa və Ukrayna ilə strateji əməkdaşlıq əlaqələri də daxil olmaqla, qonşu dövlətlərlə dostluq münasibətlərinin yaradılması, Avropa İttifaqına və NATO-ya üzv olmaq. Avropa İttifaqının Solonikidəki sammitindən sonra artıq Litvanı bu birliyin yeni üzvü adlandırırdılar. Bu məsələ ilə bağlı ölkədə keçirilən referendumun nəticələri gözlənilənlərdən də yüksək oldu.
Əlbəttə, ölkənin siyasi elitası yaxşı başa düşürdü ki, birdən-birə hazırlıqsız bu birliyə daxil olmaq heç də tam bizim xeyrimizə olmayacaq. Ona görə buna ciddi hazırlaşırdıq.
İqtisadi diplomatiyanın inkişafı çox mühüm dəyişikliklərin aparılmasını zərurətə çevirirdi. İnzibati amirlik iqtisadiyyatından azad bazar iqtisadiyyatına keçid ölkəni çox dramatik nəticələrlə üz-üzə qoydu və 1992-ci ildə inflyasiya 1192 faizə çatdı, qısa zamanda böyük işsizlər ordusu yarandı, sənayedə və bir sıra digər sahələrdə istehsal həcmi sürətlə aşağa düşdü.
Buna baxmayaraq, ölkə özəlləşdirməni uğurla həyata keçirdi. Bunun ardınca xarici investisiyaların cəlb edilməsinə başlandı. Bu, əvvəlcə xarici investisiyaların yeni bazarı sınaqdan keçirmək xarakteri daşıyırdı. Lakin sonradan hökumətin ciddi addımları və potensial investorlarla fəal işləmələri və Litvanın 2004-cü ildə Avropa İttifaqına, daha sonra NATO-ya üzvlüyü sayəsində investisiyaların həcmi ildən-ilə artmağa başladı. Artıq 2003-cü ilin əvvəlində Litva iqtisadiyyatına qoyulan investisiyaların həcmi 4 milyard dolları keçirdi.
Azad bazar iqtisadiyyatına keçid və makroiqtisadi sabitliyin təmin edilməsindən sonra Litva iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Litva Respublikasının hökuməti tərəfindən həyata keçirilən struktur islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirilir və bu, Litvanın beynəlxalq iqtisadi məkanda nüfuzuna daha da müsbət təsir göstərirdi.
Siyasi elita müstəqilliyin bərpasından dərhal sonra demokratik institutların yaradılmasına, vətəndaş azadlıqlarının təminatına və xristian dəyərlərinin bərpasına çox böyük diqqət yetirirdi. Azad bazar iqtisadiyyatı Litva əhalisinin maddi və sosial rifah halının intensiv və dinamik inkişafını şərtləndirdiyi şəraitdə siyasi elitanın prioritet vəzifələrindən biri də təhsil, səhiyyə və sosial təminat sisteminin inkişafı üçün münbit zəminin yaradılması idi. Nəticələr özünü çox gözlətmədi və Litva artıq bu göstəricilərə görə də Avropa Birliyi ölkələrindən heç də geri qalmır.
Bir sözlə, öz dövlət müstəqilliyini bərpa etdiyi gündən Litvanın xarici siyasət kursu dəyişməz olaraq qalır: Qərbin siyasi, iqtisadi və müdafiə strukturlarına inteqrasiya etmək və beləliklə, Litvanı demokratik dünyaya qaytarmaq, sabitlik, təhlükəsizlik və rifah sahəsinin genişləndirilməsi, həmçinin qonşularla yaxşı münasibətlərin yaradılması. Litva xarici siyasət strategiyasının əsas elementləri isə belədir: Avropanın və Şimali Atlantika Alyansının siyasi, iqtisadi və təhlükəsizliyi təmin edən strukturlarına tam inteqrasiya, qonşu ölkələrlə konstruktiv münasibətlərin təmin olunması və inkişafı: bütün demokratik və dost ölkələrlə pozitiv və qarşılıqlı faydalı əməkdaşlıq, müxtəlif yönlü regional əməkdaşlığın inkişafı.
Hazırda Litva Avropa İttifaqının və NATO-nun üzvü kimi bir çox beynəlxalq təşkilatların işində fəal iştirak edir. Litva BMT-nin çox mühüm orqanlarından biri - İqtisadi və Sosial Şuranın üzvüdür. Bizim siyasətçilər Avropanın, Mərkəzi Asiyanın və Şimali Amerikanın 56 dövlətini birləşdirən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətində iştiraklarına xüsusi əhəmiyyət verirlər.
Qısası müstəqilliyimizin 20 ilinin böyük bir hissəsini ölkəmiz öz problemlərinin həlli ilə məşğul idi və qeyd etdiyim kimi, əsas diqqəti strateji müttəfiq olan Avropa İttifaqı ilə əlaqələrin inkişafına yönəlmişdi.
- Bu gün demək olarmı ki, Litva siyasi və iqtisadi münasibətlərin dairəsini genişləndirib? Belədirsə, Litvanın xarici siyasətində Azərbaycan Respublikası hansı yeri tutur?
- Litva Avropa İttifaqı, NATO və Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə problemlərini yoluna qoyduqdan sonra Şərq qonşularına da diqqət yönəltməyə başladı. Son beş ildə xüsusilə Azərbaycan Respublikası ilə olan münasibətlərdə böyük impuls, sıçrayış müşahidə edilməkdədir.
Əlbəttə, bu səmimi dostluq münasibətləri əvvəllər də var idi. Litva Azərbaycana və onun problemlərinə həmişə diqqətlə yanaşıb, onu anlayıb və beynəlxalq təşkilatlarda ölkənizin ağrılı problemlərinin müzakirəsində öz obyektiv və dost mövqeyini həmişə bildirib.
Bu gün Avropa İttifaqının proqramı çərçivəsində həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə ikitərəfli münasibətlər çox intensiv inkişaf edir. Təbii ki, bunların tarixi kökləri var və yeni münasibətlər artıq yeni keyfiyyətdə - iki müstəqil ölkənin istəkləri çərçivəsində, məhz bu baza üzərində qurulub inkişaf edir. Sevindirici haldır ki, dövlət başçıları səviyyəsində yüksək səviyyədə olan münasibətlər ölkələrimiz arasında olan əlaqələrə daha böyük təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir neçə dəfə Litvada olub, Litvanın keçmiş prezidenti cənab Valdas Adamkus Azərbaycana tez-tez gəlirdi. İndi Litvanın yeni Prezidenti xanım Dalya Qribauskaytenin Bakıya səfəri hazırlanır.
Cəsarətlə deyə bilərəm ki, bu yüksək səviyyəli səfərlər zamanı əldə olunan razılaşmalar, imzalanan sazişlər və müqavilələr kağız üzərində qalmır. Azərbaycan Prezidentinin 2007-ci ilin sentyabrında Litvaya səfəri zamanı hər iki ölkənin prezidentləri tərəfindən imzalanmış Litva ilə Azərbaycan Respublikası arasında tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında birgə bəyannamədə strateji tərəfdaşlığı möhkəmləndirmək, siyasi və iqtisadi məsləhətləşmələri davam etdirmək məqsədilə regional və qlobal təhlükəsizliyi gücləndirməyə yönəlmiş dialoqu canlandırmaq, ikitərəfli əlaqələrin təşviqinin təmin edilməsi üçün mövcud hüquqi çərçivəni genişləndirmək zərurəti vurğulanırdı. Məhz bu səfər çərçivəsində hökumətlər arasında mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, turizm sahələrində əməkdaşlığa dair sazişlər, vergi məsələləri üzrə informasiya mübadiləsi haqqında və digər sahələrdə 10-dək sənəd imzalandı. Bundan sonra Litva Prezidenti Valdas Adamkusun Bakıya səfəri oldu və böyük nümayəndə heyətinin iştirak etdiyi səfərdə də bir sıra sənədlər imzalandı ki, bunlar iki dövlət arasında əlaqələrin inkişafı üçün hüquqi baza rolunu oynamağa başladı.
İnvestisiyaların qarşılıqlı təşviqi, idxal-ixrac əməliyyatlarının həcmi sürətlə artmağa başladı. Həm də faiz hesabıyla yox, son bir neçə ilə bir neçə dəfə artdı. Mədəniyyət və incəsənət, təhsil sahəsində əlaqələrə bir dinamika gəldi. Azərbaycanın bir çox tələbələri Litvada diplomatiya və hərbi sahədə təhsil almağa başladılar.
Biz Avropa İttifaqına, ÜTT-yə üzvlüklə bağlı təcrübəmizi Azərbaycana ötürməyə başladıq. Azərbaycanın bankları, holdinq və şirkətləri Litvadan müasir avadanlıqlar və yüksək texnoloji avadanlıqlar alır. Eyni zamanda, Azərbaycanda Litvanın kənd təsərrüfatı məhsullarına böyük maraq var. Biokimya, farmakologiya, lazer texnologiyası və digər sahələrdə də əməkdaşlıq üçün böyük perspektivlər var və ən müxtəlif sahələrdə hazırda güclü təcrübə mübadiləsi gedir. Litva turizm ölkəsi kimi də azərbaycanlılar üçün həmişə maraqlı olub və bu gün də belədir.
Bizi yaxınlaşdıran digər əsas məqamlardan biri də uzun illər bir ölkənin, bir sistemin, qurumun qonşu ölkələri olmağımızdır. Baltikyanı ölkələrin Avropa İttifaqına daxil olma təcrübəsi Azərbaycan üçün çox maraqlıdır. Biz çox sevinirik ki, bu işdə Azərbaycan partnyor kimi məhz Litvanı seçib.
Sizin parlamentiniz də Avropa İttifaqının "Twining" layihəsini həyata keçirmək üçün məhz Litva Seymini seçmişdir. İlk belə layihənin həyata keçirilməsində 50-dək ekspert iştirak etmiş və iki il müddətinə bu layihə ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət etmişdir. Bu gün artıq ikinci "Twining" layihəsi olan "Antikorrupsiya" proqramı da Litva Seymilə birgə həyata keçirilir.
Bütün bunlar sizdə elə təsəvvür yaratmasın ki, hər şeyi yalnız biz nümunə göstəririk. Yox, biz özümüz də sizdən çox şey öyrənirik. Sizin ölkə çox böyük sürətlə dəyişir. Azərbaycan artıq 10 il, 5, il hətta 1 il əvvəlki ölkə də deyil. Respublikanın çox çətin və mürəkkəb bir geosiyasi durumda olmasına baxmayaraq, belə sürətlə inkişaf etməsi heyrət doğurur.
Həqiqətən sizin Prezidentinizın belə gərgin bir regionda sabitliyi qorumaqla bərabər, ölkəsinin sürətli inkişafını təmin etməsi, onun siyasi müdrikliyindən, çevik diplomatiyasından və ustalığından xəbər verir.
Avropadakı, Qərbdəki partnyorlar sizin ölkəni, xalqınızı bizim kimi tanıya bilməzlər. Çünki biz uzun illər bir qurumun ağrısını çəkmişik. Mental baxımdan da biz bir-birimizi daha tez başa düşürük.
Siz isə qonşularla bağlı çox böyük mütəxəssislərsiniz, analitiklərsiniz. Biz Azərbaycanın sayəsində bu regionun bilicilərinə çevrilir və çox mürəkkəb regionun eksperti oluruq.
Biz, eyni zamanda, Avropa İttifaqında Azərbaycanın ekspertinə çevrilirik. Beləcə, strateji bir xətt üzrə müttəfiqlik yaranıb və inkişaf edir.
- İki ölkə arasında Sizin də qeyd etdiyiniz kimi tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında bəyannamə imzalanıb. Bu tərəfdaşlıq özünü necə və nədə göstərir?
- İki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin tənzimlənməsi üçün hüquqi baza var. Tərəfdaşlıq haqqında birgə bəyannamə bu bazanın daha da təkmilləşdirilməsini və zənginləşdirilməsini tələb edir. Məsələn, həmin sənəddə göstərilir ki, "Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi artırmaq məqsədilə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq etməyin və ayrıca sazişlər əsasında hər iki dövlətin müvafiq qurumları arasında əlaqələrin inkişaf etdirilməsinə yardım göstərilməsi" lazımdır.
Digər, sizin üçün ağrılı olan Dağlıq Qarabağ problemini götürək. Litvanın bu məsələdə mövqeyi birmənalıdır və tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında prezidentlərimizin birgə bəyannaməsində də bu öz əksini tapıb: "tərəflər hesab edirlər ki, BMT Nizamnaməsinin prinsiplərini, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və ATƏT-in Lissabon sammitində qəbul edilmiş üç prinsipi rəhbər tutaraq, Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normaları əsasında, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında sülh yolu ilə həll edilməsi vacibdir".
Litva Azərbaycanın Avroatlantik strukturlarına inteqrasiyasına kömək etməyə və bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır.
Bilirsiniz ki, 2008-ci ildən siyasi və iqtisadi əlaqələrin koordinasiyası məqsədilə Azərbaycan Respublikasının hökuməti ilə Litva Respublikasının hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası Komissiya fəaliyyət göstərir. Bu komissiyanın Vilnüsdə ötən ayda iclası keçirildi. Güman edirəm ki, bu iclas da iki ölkə arasında iqtisadi münasibətlərə yeni impuls verəcək. Azərbaycan parlamentində və eləcə də Litva Seymində fəaliyyət göstərən dostluq qurupları da münasibətlərimizin yaxşılaşmasında öz rolunu oynayır.
- Cənab səfir, bütövlükdə xalqımız və ölkəmiz haqqında təəssüratınızı bilmək istərdik.
- Azərbaycan və bütövlükdə xalqınız dostluqda, səmimiyyətdə, xeyirxahlıqda həqiqətən bənzərsizdir. Çox tez-tez eşidirəm ki, Azərbaycan tolerant bir ölkədir. Mənə elə gəlir ki, tolerantlıq sizin xalqınızın digər xalqlara münasibətini, dözümlülüyünü, birgəyaşayış mədəniyyətini bütünlüklə əhatə etmir. Axı Azərbaycanda insanların münasibətində, məişətində milli mənsubiyyət, dini etiqad heç bir əhəmiyyət daşımır. Təbii ki, bu baxımdan ölkəniz, xalqınız dünyaya bir nümunədir. Azərbaycan mətbəxinin vurğunuyam. Ölkədə gedən tikinti və quruculuq işləri, insanların yaradıcı əməyi mənə çox xoş təsir bağışlayır. Düşünürəm ki, içində bir böyük ağrı, dərd ola-ola xalq belə əzmkarlıq göstərib ölkəsinin çiçəklənməsinə xidmət edirsə, onun gələcəyinin parlaq olacağı şübhəsizdir.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik.

{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında