Azərbaycan fəlsəfəsi dünya meridianlarında

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Səlahəddin Xəlilovdur.

{nl}

Bu yaxınlarda sizin ingiliscə çıxmış yeni kitabınızın Ümumdünya Fenomenologiya Konqresi çərçivəsində təqdimat mərasimi haqqında məlumat vermişdik. İstərdik ki, Parisdə keçirilən bu elmi tədbir haqqında fikirlərinizi bölüşəsiniz.
-Bəli, Parisə səfərimin əsas məqsədi bu şəhərdə keçirilən beynəlxalq fəlsəfi konqresdə iştirak etmək idi. Proqrama məndən başqa Azərbaycandan daha iki nəfərin məruzəsi daxil edilmişdi: fəlsəfə elmləri doktoru Könül Bünyadzadə və mənim aspirantım Anar Cəfərovun fenomenologiyanın aktual problemləri ilə bağlı məruzə mətnləri də təşkilat komitəsi tərəfindən bəyənilmişdi. 23 ölkənin nümayəndə heyətinin iştirak etdiyi bu konqresdə ən əlamətdar hadisələrdən biri mənim Ümumdünya Fenomenologiya İnstitutunun direktoru professor A-T.Timiniçkaya həsr etdiyim monoqrafiyamın təqdimatı oldu. Onu da qeyd edim ki, konqresdə MDB məkanı çox zəif təmsil olunurdu. Cəmi bir nəfər Rusiyadan və bir nəfər də Gürcüstandan iştirak edirdi. ABŞ, Almaniya, İtaliya, Macarıstan, Polşa nümayəndələri daha fəal iştirak edirdilər. Mən konqresin növbəti toplantılarından birini Bakıda keçirməyi təklif etdim. Çünki bu hadisə Azərbaycan elminin dünya miqyasında tanınmasına xidmət edə bilər.
-Eşitdiyimizə görə, Parisdən sonra Almaniyanın Köln şəhərində olubsunuz. Bu səfərinizin də məqsədini açıqlaya bilərsinizmi?
- Mən Köln şəhərinə Almaniyada nəşr olunan "Referans" jurnalının dəvəti ilə getdim. Habelə orada yaşayan türk və azərbaycanlı icmalarının nümayəndələri ilə görüşdüm. Jurnala verdiyim müsahibə artıq çap olunmuşdur. Bu, mənim alman dilində nəşr olunan ilk çıxışımdır. Jurnalistləri daha çox alman və türk mədəniyyətləri arasında münasibətlərin perspektivi maraqlandırır. Mən bu münasibətlərin fəlsəfi əsasları ilə yanaşı, müasir dövrdəki əsas aspektləri və vəzifələri barədə danışdım. Yunus Əmrə Mədəniyyət Akademiyasında da bu mövzuda seminar təşkil olundu və mən "İdeya fəzasında türk perspektivi" mövzusunda çıxış etdim.
Bundan əlavə, Almaniyada "Əbu Turxanın hikmət dünyası" kitabımdan müəyyən hissələr tərcümə olunmuşdur və "Referans" jurnalının növbəti sayında Əbu Turxanın aforizmləri dərc ediləcəkdir. Bu kitabın bütöv halda alman dilində çıxması da planlaşdırılır.
- Bu yaxınlarda sizin daha bir ölkədə, ABŞ-ın nüfuzlu fəlsəfi jurnallarının birində məqaləniz dərc olunub. Xarici əlaqələrinizin belə sürətlə genişlənməsini nə ilə izah edirsiniz?
- Əgər Siz "Philosophy Study" jurnalındakı məqaləni nəzərdə tutursunuzsa, onu yeni saymaq olmaz. Çünki üstündən bir neçə ay keçib. Yeni olan isə mən Fransa və Almaniya səfərindən qayıtdıqdan sonra aldığım məlumatdır. Belə ki, ABŞ-da nəşr olunan bir kitabda ("Philosophers", Memphis, USA, 2012) dünyanın müxtəlif nəsilləri və coğrafi məkanlarını təmsil edən 14 tanınmış filosof haqqında geniş məlumat dərc edilmişdir. XII əsr islam filosofu Əbu Cəfər ibn Harun, XVIII əsr ingilis filosofu David Yum və s. ilə yanaşı, mənim də bu kitaba daxil edilməyim, əlbəttə, fərəhləndirici hadisədir. Mən bunu daha çox bir təsadüfi seçim kimi qiymətləndirirəm. Çünki biz bu barədə ancaq kitab çap olunandan sonra onun internet reklamından xəbər tutduq.
- İstənilən halda bir Azərbaycan filosofunun ABŞ, Fransa, Almaniya kimi ölkələrdə söz sahibi olması çox əlamətdar hadisədir. Bizcə, bunlar təsadüfi ola bilməz, çünki bundan öncə də sizin İstanbulda və Moskvada kitablarınızın təqdimatı keçirilmiş, Avropanın nüfuzlu elmi nəşriyyatlarında əsərləriniz çap olunmuşdur. Sizin kitablarınız barədə xarici mətbuatda çıxan rəylər də onların elmi-fəlsəfi ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini göstərir. Bunlar məhz sizin fəlsəfi ideyalarınıza göstərilən böyük maraqdan doğur, yoxsa ümumiyyətlə, Azərbaycanda fəlsəfi fikrin yüksək inkişafından xəbər verir?
-Əlbəttə, dövlət dəstəyi olmasa, tək bir nəfərin yüksək nəticələr əldə etməsi mümkün deyildir. Əslində bu nəticələr Prezident İlham Əliyevin neft kapitalını intellektual kapitala çevirmək çağırışına bizim tərəfimizdən cavabdır. Bu işdə AFSEA-nın (Azərbaycan Fəlsəfə və Sosial-siyasi Elmlər Assosiasiyası) və onun nəşr etdiyi "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalının da böyük rolu vardır. İndi bu jurnal dünyanın ən nüfuzlu fəlsəfi nəşrlərindən biri hesab olunur.
-Bəs bundan sonra Azərbaycan fəlsəfi məkanında daha hansı yeniliklər gözlənilir. Növbəti planlarınız haqqında bir neçə kəlmə deyərdiniz.
- Bizim fəlsəfi əlaqələrimiz ancaq Qərb dünyası ilə məhdudlaşmır. Qarşıda duran ən mühüm vəzifələrdən biri milli fəlsəfi fikrin inkişaf etdirilməsidir. AFSEA-nın sentyabrın 27-28-də Bakıda keçirməyi nəzərdə tutduğu Fəlsəfə Forumu, Türk dünyasında fəlsəfi araşdırmaların əlaqələndirilməsi və inteqrasiyasına xidmət edəcəkdir. Tədbirdə Azərbaycan, Türkiyə və Qazaxıstan filosoflarının bir araya gəlməsi və türk fəlsəfi fikrinin inkişaf perspektivlərinin müzakirə olunması nəzərdə tutulur.
Bu tədbirdən dərhal sonra, oktyabrın 3-8-də Yunanıstanın Rodos adasında "Mədəniyyətlərarası dialoq" forumu keçiriləcəkdir. Mən bu foruma əsas məruzəçilərdən biri kimi dəvət olunmuşam. Həmin ayda İsveçin Lund Universitetində "Elm fəlsəfəsi" konfransında, noyabrın əvvəlində isə Romada Metafizika konqresində məruzə etmək üçün dəvət olunmuşam. Belə ki, əlaqələr getdikcə genişlənir. Deməyə yeni sözümüzün olması üçün isə ölkəmizdə fəlsəfi tədqiqatların intensivliyini bir az da artırmaq tələb olunur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında