Məmməd ƏLİYEV: Rusiyada yaşayan azərbaycanlılar Vətənin dəstəyini həmişə hiss edirlər

Bu gün Azərbaycan-Rusiya münasibətləri haqqında danışarkən biz bu münasibətlərin inkişafına, onların sabit və ahəngdar, ikitərəfli strateji tərəfdaşlıq ruhuna uyğun olmasına çalışan müxtəlif peşə və ixtisas sahiblərinin uzun illər boyu vermiş olduğu və bu gün də verdiyi töhfəni hökmən vurğulayırıq.
Belə insanlar sırasında görkəmli həmvətənimiz Məmməd Cavad oğlu Əliyevin adı, şübhəsiz, xüsusi qeyd edilməlidir.
Məmməd Əliyev dünya şöhrətli onkoloq-alim, Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Dövlət mükafatı laureatı, RF Hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar elm xadimidir. Belə insanlar haqqında deyirlər ki, onun istedadı Allah vergisidir.
Maraqlı fakt. Məmməd Əliyev Rusiya Elmlər Akademiyasının, ondan əvvəl isə SSRİ Elmlər Akademiyasının bütün tarixi ərzində onun həqiqi üzvü rütbəsinə layiq görülmüş yeganə azərbaycanlıdır. Bunun necə böyük şərəf olduğunu vurğulamaq üçün onu qeyd etmək kifayətdir ki, indiyə qədər SSRİ Elmlər Akademiyasını (Rusiya Elmlər Akademiyasının sələfi) müxbir üzvü rütbəsinə Azərbaycandan yalnız Azərbaycan Elmlər Akademiyasının prezidenti Yusif Məmmədəliyev, dünya şöhrətli fizik-alim Həsən Abdullayev və bir sıra başqa görkəmli Azərbaycan alimləri layiq görülmüşdür. SSRİ Tibb Elmləri Akademiyasının akademiki vəzifəsinə isə bundan əvvəl yalnız bir həmvətənimiz - məşhur cərrah Mustafa Topçubaşov seçilmişdir.
Buna görə də ikiqat şərəfdir ki, Azərbaycanın dünyada ən iri diaspor təşkilatlarından birinə - Ümumrusiya Azərbaycanlılar Konqresinə rəhbərlik etmək on ildən çoxdur ki, məhz Məmməd Əliyevə etibar edilmişdir.
Daha bir səciyyəvi fakt. Bu vəzifəyə Məmməd Əliyevin namizədliyini Azərbaycanın ümummilli lideri Heydər Əliyev təklif etmişdir. Ulu öndər özünün bu uzaqgörən qərarı ilə əslində ÜAK-ın inkişaf vektorunu on il əvvəldən müəyyən etmişdir. Bu hadisə Heydər Əliyevin fenomenal qabiliyyətini - şəxsiyyətin potensialını dəqiq qiymətləndirmək və onu həmin potensialın tam həcmdə açılacağı sahələrdə irəli çəkmək keyfiyyətini bir daha təsdiqləyir.
Məmməd Əliyevlə Bakıda, qızmar avqust günlərinin birində axşamçağı görüşdük. İş cədvəlinin gərgin olmasına baxmayaraq, onun elmi və ictimai fəaliyyəti ilə əlaqədar bizi maraqlandıran suallara cavab vermək üçün macal tapmışdı.
-Məmməd müəllim, sizin ictimai fəaliyyətinizlə Azərbaycanda yaxşı tanışdırlar. Dövlətimiz bu fəaliyyəti qiymətləndirmişdir. 2006-cı ildə siz "Şöhrət" ordeni ilə təltif edilmisiniz. Keçən il isə Azərbaycan Prezidenti İlham Əliyev sizi "Dostluq" ordeni ilə təltif etmişdir. Lakin sizin elmi fəaliyyətiniz barədə Azərbaycanda məlumat o qədər də çox deyildir. Klinikada, institutda işiniz barədə qısaca məlumat verə bilərdinizmi? Məsələn, bizə məlumdur ki, siz onkoloji ortopediya sahəsində görkəmli alimsiniz.
-Mənim bütün peşəkar fəaliyyətim dayaq-hərəkət aparatının (sümüklərin, yumşaq toxumaların, dərinin) şişləri problemlərinin öyrənilməsinə həsr edilmişdir. Mən dayaq-hərəkət aparatının müxtəlif anatomik lokallaşmalarında çoxlu əməliyyatlar aparıram, kombinə edilmiş müalicə ilə əlaqədar işlərə, o cümlədən onurğa sütununun və paravertebral zonanın, çanağın ilkin və metastatik şişləri zamanı əməliyyat müdaxilələrinə, rekonstruktiv plastik əməliyyatlara, endoprotezləmə məsələlərinə də xeyli diqqət yetirməyə çalışıram.
Fəxrlə deyə bilərəm ki, bu sahədə çoxillik işim bu gün öz əməli nəticələrini verir. Məsələn, qeyd etmək olar ki, sarkoma kimi qorxulu diaqnoz qoyulmuş pasiyentlərin sağalma göstəricisi 75-80 faizə çatmışdır. Əvvəllər amputasiyaya məhkum olan pasiyentlərin bu sahədə orqanqoruyucu müalicəsi isə yaşlılar arasında 85, uşaqlar arasında 90 faizə çatır.
- Həmkarlarınızla söhbət zamanı öyrənmişik ki, siz postsovet məkanında onkoortopediya sahəsində ilk mükəmməl elmi məktəb yaratmağa nail olmusunuz. Yüksək profilli mütəxəssisləri birləşdirən, Rusiya Prezidentinin qrantını alan bu məktəbdə dayaq-hərəkət aparatı şişlərinin müalicəsinə dair araşdırmalar aparılır. Özü də bu işlər kifayət qədər qısa müddətdə görülmüşdür. Bu müddətdə nələrə nail olmusunuz?
-2005-ci ildə akademik M.İ.Davıdovun təşəbbüsü ilə Rusiya Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin (ROEM) ümumi onkologiya bölməsi həmin Mərkəzin ümumi onkologiya şöbəsinə çevrilmiş və bu şöbəyə rəhbərlik mənə həvalə edilmişdir. 2005-ci ilin dekabr ayından mən həm də ROEMin Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru təyin edilmişəm. Həqiqətən, o vaxtdan çox müddət keçməmişdir, buna baxmayaraq, indi biz xəstələrin müalicəsinin ən yüksək elmi-metodik səviyyədə təşkil edilməsinə nail olmuşuq. Müalicə onkoloji pediatriyada ən yeni nailiyyətlər nəzərə alınmaqla, dünyanın aparıcı onkoloji mərkəzlərində işlənib hazırlanmış beynəlxalq elmi proqramlardan istifadə edilməklə aparılır, bizim şöbə həmin mərkəzlərlə sıx elmi əlaqə saxlayır və vahid protokollar işləyib hazırlayır.
Rusiyanın, digər MDB ölkələrinin bir sıra elmi müəssisələri, ABŞ-da uşaq neyroonkologiyası üzrə iki aparıcı mərkəz - Hyustondakı Texas Uşaq Onkoloji Mərkəzi və Los-Ancelesin Uşaq Hospitalı ilə sıx əlaqəli şəkildə geniş spektrli elmi tədqiqatlar aparılır.
-Məlumdur ki, sizin rəhbərlik etdiyiniz onkoortopediya elmi məktəbi 1965-ci ildə məşhur akademik N.N.Trapeznikov tərəfindən yaradılmışdır. Bu gün həmin məktəbin fəaliyyətində hansı yeniliklər vardır?
-Onkoortopediya elmi məktəbi rəqabət qabiliyyətli olmasını sübut etmişdir. Deyə bilərəm ki, bu, bizim əsas nailiyyətlərimizdən biridir. 2009-cu ildə mənim təşəbbüsümlə həmin elmi məktəbin inkişafının növbəti mərhələsi kimi, sarkomaların öyrənilməsi üzrə Rusiyada və MDB üzvü olan digər ölkələrdə mütəxəssisləri birləşdirən Şərqi Avropa Qrupu (East-European Sarcoma Group) yaradılmışdır. Bu elmi cəmiyyətin bazasında mütəxəssislər üçün öyrədici proqramlar, məsləhət fəaliyyəti həyata keçirilir, sümüklərin və yumşaq toxumaların sarkomasının müalicəsi üzrə mültimərkəzi protokollar təşkil edilmişdir. Bu qrupun işi sayəsində yaradılmış vahid informasiya məkanı çərçivəsində marağı olan bütün mütəxəssislər üçün ünsiyyət imkanı təmin edilir. Məsələn, mən həmin qrupun nəşr etdiyi "Sümüklərin və yumşaq toxumaların sarkoması və dəri şişləri" adlı jurnalın baş redaktoruyam. Jurnalın auditoriyası bütün postsovet məkanında təmsil olunmuşdur. Qrupun öz internet saytı vardır. Sarkoma problemini öyrənən bütün müvafiq elmi birliklərlə həmin sayt vasitəsilə əlaqə saxlanılır. Səyyar ustad dərsləri keçilir (nümunəvi əməliyyatlar aparılır, yerlərdə yaranmış mürəkkəb vəziyyətlərə dair məsləhətlər verilir, mühazirələr oxunur, müalicə protokolları müzakirə edilir).
-Bu qədər böyük həcmli elmi-klinik fəaliyyəti inzibati işlə uzlaşdırmağa necə nail olursunuz, axı siz həm də Rusiyada ən iri tibbi mərkəz olan Tibb Elmləri Akademiyasının N.N.Bloxin adına Onkoloji Elmi Mərkəzinin direktorunun elmi və müalicə işləri üzrə müavini, Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Ümumi Onkologiya Klinikasının rəhbərisiniz...
-Həqiqətən, bunun sirri iş stilindədir. Mənim yaxşı müəllimlərin olmuşdur. Ciddi iş reqlamenti, müavinlərim və şagirdlərim, mənimlə həmməslək olan kollektiv yaradılması bütün bu işlərin öhdəsindən gəlməyə imkan verir.
-İcazənizlə, indi də Rusiyada bizim diasporun fəaliyyəti mövzusuna müraciət edək. Siz onun potensialını necə qiymətləndirirsiniz?
-Rusiyada Azərbaycan diasporunun çox böyük potensialı vardır. Bu da təbiidir, çünki RF-də Azərbaycan diasporu həm sayca, həm də öz sosial tərkibinə görə ən sanballı diaspordur. Digər tərəfdən, yadda saxlamaq lazımdır ki, Azərbaycan diasporu Rusiyada prinsipcə yeni, tamamilə fərqli tarixi və sosial-mədəni şəraitdə təşəkkül və inkişaf prosesində olan bir hadisədir. Ona görə də bu potensialdan düzgün istifadə etmək vacibdir. Bu gün həmvətənlərimizin öz tarixi və mədəni köklərini itirmədən mütəşəkkil və hörmətə layiq bir diaspora çevrilməsi üçün zəruri ilkin şərait vardır.
Tarixi Vətənimiz olan Azərbaycanla sıx əlaqə də bizim güc mənbəyimizdir. Biz Azərbaycan dövlətini həmişə dəstəkləyəcək, diasporumuzun malik olduğu iqtisadi, intellektual və mənəvi vasitələr əsasında milli dövlətçiliyimizin möhkəmlənməsinə imkan daxilində kömək edəcəyik. Lakin bunun üçün diaspor böyüməli, möhkəmlənməli, cəmiyyətdə nüfuz və təsir qazanmalıdır. Azərbaycan diasporunun nüfuzu onun Azərbaycan Respublikası tərəfindən dəstəklənməsindən əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də Prezident İlham Əliyev tərəfindən diasporun problemlərinə göstərilən qayğı və diqqət bizim üçün çox vacibdir.
-Siz müasir mərhələdə ÜAK-ın fəaliyyətini necə qiymətləndirərdiniz? Məsələn, müasir dövrdə Rusiya-Azərbaycan humanitar əməkdaşlığının dərinləşməsi fonunda ÜAK-ın qarşısında hansı vəzifələr dayanır?
-ÜAK-ı artıq püxtələşmiş təşkilat hesab etmək olar. Bu qurumun yaradılmasından on ildən çox keçir. Onun peşəkar icra aparatı formalaşmışdır, həftəlik qəzeti çıxır, öz saytı vardır. Mənim fikrimcə, regional şəbəkə yaratmağımız bizim fəaliyyətə başlamağımızdan keçən on il ərzində gördüyümüz ən vacib iş olmuşdur. Bu şəbəkəyə Vladivostokdan Kalininqrada qədər geniş bir ərazidə 70-dən çox Azərbaycan təşkilatı daxildir. Təşkilatın gələcək hədəflərini iki qrupa bölmək olar - diaspordaxili və ümumrusiya miqyaslı hədəflər. Bu gün ÜAK Rusiyanın istənilən guşəsində azərbaycanlılar mühitində baş verən hadisələr barədə tam məlumata malikdir. Bizim həm Azərbaycanda, həm də Rusiyada müəyyən siyasi dəstəyimiz vardır. Humanitar əməkdaşlığa töhfəmiz məsələsinə gəldikdə isə, Azərbaycandan olan tələbələrin Rusiya ali məktəblərinə qəbul proqramını bu baxımdan ÜAK-ın ən böyük nailiyyəti hesab etmək olar. Bu, ən uğurlu layihələrdən biri olmuşdur. Bu gün ÜAK xətti ilə Rusiyada 240-dan çox tələbə təhsil alır, onların 50 faizi RF-nin regionlarında oxuyur. Əvvəllər bizim gənclər əsasən Moskvada və Sankt-Peterburqda təhsil almağa üstünlük verirdisə, indi bu prosesin coğrafiyası xeyli genişlənmişdir. Ümidvaram ki, bu layihə uzunömürlü olacaq və öz səmərəsini göstərəcəkdir.
ÜAK-ın axırıncı qurultayından sonra həm icra aparatında, həm də qəzet redaksiyasında ciddi dəyişikliklər baş vermişdir. Mənim fikrimcə, bu modernləşmə işin xeyrinə olacaqdır. Diaspor Rusiya Federasiyasında dəyişmiş reallıqlar şəraitində müəyyən uyğunlaşma tələb edən canlı mühitdir.
İkitərəfli humanitar əməkdaşlığın inkişafı baxımından mən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatına (RAGT) da böyük ümid bəsləyirəm. RAGT-ın lideri Leyla Əliyeva mədəniyyət, ekologiya və təhsil sahələrində olduqca qeyri-ordinar layihələr təşəbbüsü ilə çıxış etmişdir və bu layihələrin hamısı uğurla həyata keçirilir. Hələlik Rusiyadakı başqa diasporların heç birində gənclərin bu qədər genişmiqyaslı təşkilatı yaradılmamışdır.
-ÜAK-ın fəaliyyətində hansı perspektivli istiqamətləri qeyd etmək istərdiniz?
-Şübhə yoxdur ki, bu gün Konqres və onun regional bölmələri qarşımızda qoyulmuş məsələlərin öhdəsindən gəlmiş, müasir Rusiyanın dövlət siyasətinin və milli siyasətin hamılıqla tanınmış mühüm elementinə çevrilmişlər. Bu gün ÜAK-ın qarşısında öz xarakterinə görə əvvəlkindən daha genişmiqyaslı məsələlər durur. Bizim fəaliyyətimizin konkretliyi də artmışdır. Məsələn, artıq bir neçə ildir ki, yeddi federal dairədə yaradılmış həmvətənlərə kömək və dəstək üzrə qərargahlar fəaliyyət göstərir. Onlar miqrantların RF ərazisində olmasının leqallaşması, Rusiya hökuməti üçün məqbul formatda leqal məşğulluq məsələlərində mühüm rol oynamışlar. Hazırda həmin qərargahların işində təcrübəli hüquqşünaslar iştirak edir. Onlar həmvətənlərimizə ixtisaslı hüquqi yardım göstərirlər. Bununla yanaşı, ÜAK-ın regional strukturlarının fəaliyyəti təkmilləşir. Bir sıra yeni regional təşkilatlar təşəkkül prosesindədir.
Bundan əlavə, ÜAK-ın rəyasət heyəti Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbərliyi ilə sıx işgüzar əlaqələri daha da möhkəmlətmişdir. Həm Moskvada, həm də Rusiyanın regionlarında 20-dən çox mühüm müştərək tədbir keçirilmişdir. Həmin konfranslarda, "dəyirmi masa"larda, forumlarda müstəqil Azərbaycanın tarixi və müasir vəziyyəti, onun problemləri və perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin kökləri və onun həlli yolları barədə həqiqət Rusiya ictimaiyyətinə çatdırılmışdır. Bu iş də bizim fəaliyyətimizin prioriteti sayılır.
Əsas məsələ budur ki, biz - ümumi niyyətlər ətrafında birləşən Rusiya azərbaycanlıları bütün təşəbbüslərimizin uğurlu olacağına inanır, Vətənimizin dəstəyini hiss edirik. Bu inam bizə güc və enerji bəxş edir.
-Maraqlı söhbətinizə görə çox sağ olun, Məmməd müəllim! Çətin, lakin şərəfli işinizdə Sizə uğurlar arzulayırıq.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında