Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev: Qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə əlaqədar xüsusi qanun qəbul olunacaq

Ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi və rahat yaşayışının təmin olunması dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin bu məqsədlə imzaladığı sərəncamlar və həyata keçirilən tədbirlər böyük rəğbətlə qarşılanır. Bu gün insanların narahatlığına səbəb olan əsas məsələlərdən biri də qanunsuz tikilmiş evlərin sənədləşdirilməməsidir. Dövlət başçısı bu problemin aradan qaldırılması ilə əlaqədar bu ilin əvvəlində sərəncam imzalamış və müvafiq tapşırıqlar vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində ölkəmizin paytaxtı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədəki yekun nitqində də bu məsələyə münasibət bildirərkən demişdir: "Bakıda evlərin qeydiyyata alınması problemi var. Biz bu problemi bilirik. Bu problem həll edilməlidir. Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir... Bütün bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir. Ona görə çox səmərəli mexanizm hazırlanmalı, işlənilməli və mənə təqdim edilməlidir. O təqdirdə bu məsələ öz həllini tezliklə tapa bilər".
Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində kifayət qədər qanunvericilik bazası mövcuddur. Qeyd edək ki, insan hüquqlarının müdafiəsi, həm də vətəndaşların mənzil hüququnun hansı formada tanınmasında özünü göstərir. Çünki Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunub. Prezident İlham Əliyevin qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı imzaladığı sərəncamdan və bununla əlaqədar mexanizmin hazırlanması barədə aidiyyəti qurumlara verdiyi göstərişdən sonra vətəndaşlarda mənzillərinin sənədləşdiriləcəyinə böyük inam yaranıb. Bununla bağlı məsələnin hansı mərhələdə olduğunu dəqiqləşdirmək məqsədilə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə müraciət etdik. O, qanunsuz tikililərin sənədləşdirilməsi ilə əlaqədar mövcud vəziyyət barədə məlumat verərək dedi:
- Qanunsuz tikililərin sənədləşdirilməsi həqiqətən də həlli vacib məsələlərdən birinə çevrilib. Bu problemin aradan qaldırılması dövlət başçısının da diqqət mərkəzində saxladığı məsələrdəndir. Milli Məclisdə Şəhərsalma və Tikinti Məcəlləsi müzakirə edilərkən bu məsələlər dəfələrlə xüsusi diqqət obyekti olmuşdur. Son vaxtlar bununla əlaqədar mətbuat səhifələrində də geniş müzakirələr aparılır. Kütləvi informasiya vasitələri bunu qanunsuz tikililər və ya qanunsuz binalar kimi diqqətə çatdırır. Əslində bunun hüquqi adı müvafiq qaydalara uyğun tikilməyən tikililər və ya binalardır. Şəhərsalma və Tikinti Məcəlləsinin müzakirəsi zamanı məlum oldu ki, bu, daha geniş məsələdir. Ona görə də bu barədə xüsusi qanun hazırlanması qərara alındı.
S. Mirzəyev dedi ki, hazırda bununla əlaqədar xüsusi qanun hazırlanır. Aparat rəhbəri bildirdi ki, bu, bir o qədər də asan məsələ deyil. Çünki belələri arasında müxtəlif cür tikililər var. Məsələn, hansısa dövlət orqanlarından və ya bələdiyyələrdən müvafiq icazələr alıb inşa edilmiş tikililər. Ancaq bunlar da tam icazəli hesab oluna bilməz. Elə qanunsuz tikililər də var ki, heç bir təşkilatdan icazə alınmayıb. Elələri də var ki, müvafiq təhlükəsizliyə riayət olunmayıb. Belə tikililərin hər birinə müvafiq yanaşma olacaq. S.Mirzəyev bildirdi ki, bu sahədə digər hallar da mövcuddur. Onun fikrincə, bununla əlaqədar mükəmməl qanun hazırlanmalıdır. Elə bir qanun ki, qanunsuz tikililərlə bağlı bütün məsələlər burada öz əksini tapsın.
Milli Məclis Aparatının rəhbəri qeyd etdi ki, ümumi fikir ondan ibarətdir ki, bu məsələ ilə əlaqədar əziyyət çəkən vətəndaşlara kömək olunsun. S.Mirzəyevin qənaətinə görə, əgər qanunsuz tikilmiş evlər, insanların sağlamlığına və digər təşkilatların işinə hər hansı bir təhlükə və ya problem yaratmırsa, bu tikililərə amnistiya verilməlidir və həmin tikililər sənədləşdirilməlidir. Hər halda insanları narahat edən problemin aradan qaldırılması ilə əlaqədar xüsusi qanun hazırlanır.

{nl}

Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında