Xankəndidə dünyasını dəyişmiş yaşlı erməni Azərbaycan torpağında deyil, Gorusda dəfn olunmasını vəsiyyət etmişdir
{nl}
Müsahibimiz "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlı İcması" Ictimai Birliyinin rəhbəri Bayram Səfərovdur
- Bayram müəllim, öncə rəhbərlik etdiyiniz "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin son vaxtlardakı fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi fəaliyyətini getdikcə gücləndirir. Biz beynəlxalq təşkilatlarla əlaqələrimizi daha da möhkəmləndirmişik. Keçirdiyimiz görüşlərdə Azərbaycan həqiqətlərinin olduğu kimi çatdırılmasında bütün imkanlardan istifadə edirik. Artıq beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Mən bu işdə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətti və onun siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Məhz bunun nəticəsidir ki, artıq dünyanın qüdrətli dövlətlərinin rəhbərləri də Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında möhtərəm Prezidentimizin mövqeyini dəstəklədiklərini bildirmişlər. Bu, dövlət başçımızın həyata keçirdiyi xarici siyasətin uğurudur. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi də bu istiqamətdə fəaliyyətini gücləndirib. Beynəlxalq təşklatların nümayəndələri ilə keçirdiyimiz bütün görüşlərdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə tarixi faktları ortaya qoyur, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısını alır və bütün vasitələrlə onları ifşa edirik. Demək olar ki, hər ay iş qrafikimiz çox qərgin olur. Mən bir faktı söyləmək istərdim. Təkcə bu ilin iyun ayında həm yerli, həm də xarici ölkələrin nümayəndələri ilə birlikdə 20-yə yaxın tədbirimiz olub. İcmanın üzvləri yerli və xarici kütləvi informasiya vasitələrində müxtəlif mövzularda çıxış etmişlər. Bu mövzuların əsas qayəsini Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsi, Azərbaycan diplomatiyasının tarixi nailiyyətləri, ölkəmizin dünya birliyində reytinqinin artmasını təsdiqləyən faktlar, ermənilərin törətdikləri vandalizm aktları və tarixi mədəni abidələri vəhşicəsinə dağıtmaları təşkil edir. İcmanın mərkəzi qərargahında nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə keçirilən görüşlər də böyük əhəmiyyət kəsb edir. Mən ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın baş nazirinin müavini, xarici işlər və ticarət naziri E. Gilmorun rəhbərlik etdiyi nümayəndə heyəti və əvvəllər Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri işləmiş, hazırda ABŞ-ın vətəndaşı Libaridyianla keçirilən görüşləri xüsusilə vurğulamaq istərdim. Həmin görüşlərdə və digərlərində də ilk növbədə qondarma "Dağlıq Qarabağ Respublikası"nda prezident seçkiləri ilə bağlı başlanan kampaniyaya ciddi etirazımızı bildirmişdik.
- Qondarma "Dağlıq Qarabağ Respublikası"nda dünyanın heç bir dövləti və heç bir beynəlxalq təşkilatı tərəfindən tanınmayan belə bir "seçki" keçirildi. Bu qondarma "prezident seçkisi" ilə əlaqədar İcma öz etirazını hansı şəkildə bəyan etdi?
- Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2012-ci il iyulun 19-da keçirilmiş qondarma "prezident seckiləri" Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının kəskin etirazına səbəb olmuşdur. Biz bunu seçki yox, gülünc bir hadisə hesab edirik. Buna baxmayaraq, biz idarə heyətinin iclasında məsələni müzakirə etdik və bu "seçkini" qətiyyətlə pislədik. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat qəbul etdi və bəyanat dünyanın bütün ölkələrinə, nüfuzlu beynəlxalq təşkilatlara göndərildi. Bəyanatda birmənalı olaraq qeyd edilir ki, bu qeyri-qanuni "seçkilər" Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağ bölgəsində tarixən yaşamış azərbaycanlı əhalinin seçki hüquqlarını nəzərə almır. Biz bəyan etmişik ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər. Ermənistan Respublikası beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə "seçkilər" təşkil edir.
Ermənistan Respublikası öz qanunsuz hərəkətləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə və icmalar arasındakı dialoq imkanlarına ciddi zərbə vurur. Bütün dünyaya bəllidir ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki tanınmamış qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma "seckiləri" heç vaxt tanımamışdır. Budəfəki "seçki" də heç bir dövlət və heç bir beynəlxalq təşkilat tərəfindən tanınmayıb. Hətta Ermənistanın özü də bu "seçkini" tanımayıb, tanıya da bilməz. Çünki Ermənistanın dövlət rəsmiləri də bilirlər ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli ərazisidir.
Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də çox yaxşı bilirlər ki, bu ərazilər Azərbaycanın tarixi torpağıdır. Mən bir fakt söyləmək istəyirəm. Dağlıq Qarabağda yaşayan yaşlı bir erməni dünyasını dəyişməzdən əvvəl vəsiyyət edibmiş ki, öləndən sonra onu Xankəndidə yox, Gorusda dəfn etsinlər. Doğmaları ondan bunun səbəbini soruşduqa deyib ki, buralar Azərbaycanın torpağıdır. Gec - tez onlar öz torpaqlarını alacaqlar. O zaman mənim məzarım qərib yerdə qalacaq.
Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən daha kəskin şəkildə qınanılır. Mətbuatdan da məlum olduğu kimi, Dağlıq Qarabağda keçirilmiş qondarma "prezident seçkisi"nin tanınmaması, qeyri - legitim və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olması ilə əlaqədar bir - birinin ardınca bəyanatlar verilir. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, bu ölkənin işğalçılıq siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcəkdir.
- Sizin fikrinizcə, münaqişənin nizamlanması istiqamətində ilk növbədə hansı tədbirlər görülməlidir?
- Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün, ilk növbədə, bölgənin qaçqın düşmüş azərbaycanlı icmasının öz doğma torpaqlarına geri qayıtması zəruridir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdırılması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verə bilər. Bu səbəbdən icmalar arasında görüşlərin keçirilməsini də zəruri hesab edirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunmuşdur. Eyni zamanda, adı çəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə də münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapması göstərilmişdir. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir. Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayana və münaqişə ədalətli şəkildə həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyildir. Bu gün Ermənistan bütün layihələrdən kənarda qalıb. Aclıq və səfalət o həddə çatıb ki, əhali kütləvi şəkildə ölkəni tərk edir. Bu hal Dağlıq Qarabağda da baş verib. Orada yaşayan əhali artıq Ermənistanın işğalçılıq siyasətinə açıq şəkildə etirazlarını bildirməyə başlayıblar. Bir faktı diqqətinizə çatdırım. Xankəndində bir erməni mağazasının qabağına bir kisə torpaq qoyub və oradan keçənlərə torpağı göstərərək deyir ki, gəlin alın, aparın yeyin, balalarınıza da yedizdirin. Bundan ötrü vuruşmursunuz, bundan ötrü qan tökmürsünüz? Yeyin də, nəyə baxırsınız? Onsuz da bundan başqa yeməyə bir şey tapmırıq. Bu fakt da təsdiqləyir ki, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər acından ölürlər. Artıq onlar da acından ölməmək üçün xarici ölkələrə üz tuturlar. Ümumiyyətlə, son illərdə Ermənistan əhalisinin üçdə biri ölkəni tərk edib. Azərbaycanda isə əhalinin sayı 9,3 milyon nəfərə çatıb. Bu ondan xəbər verir ki, Ermənistan əhalisi yaşamaq üçün xarici ölkələrə qaçır, bir vaxtlar xarici ölkələrə getmiş soydaşlarımız isə indi öz vətənlərinə qayıdırlar. Bu da ölkəmizin sürətli inkişafının, dünya birliyinin layiqli üzvünə çevrilməsinin nəticəsidir.
- Dağlıq Qarabağda qondarma "prezident seçkisi"nin keçirilməsi bölgənin gələcək statusuna hər hansı bir təsir göstərə bilərmi?
- Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Dünyanın bütün ölkələri, o cümlədən nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Ona görə də Dağlıq Qarabağın hər hansı bir statusundan danışmağa dəyməz. Dövlətimizin başçısı da dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağa hər hansı bir status yalnız Azərbaycanın tərkib hissəsində verilə bilər. Əgər qondarma "prezident seçkisi"ni heç bir ölkə və ya heç bir beynəlxalq təşkilat tanımırsa, demək Dağlıq Qarabağın da gələcək statusundan danışmağa dəyməz. Bu gün Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki status- kvonun dəyişdirilməsi əsas məsələ kimi dəfələrlə bəyan edilib. Azərbaycan Prezidenti keçirdiyi bütün görüşlərdə mövcud status - kvonun qəbuledilməz olduğunu diqqətə çatdırıb. ATƏT - in Minsk qrupunun həmsədr dövlətləri də status - kvonun qəbuledilməz olduğunu bəyan ediblər. Baxmayaraq ki, bir sıra beynəlxalq təşkilatlar hələ də öz ikili mövqelərindən əl çəkmirlər, ancaq həmin qurumlar da mövcud status - kvonun qəbuledilməz olduğunun tərəfdarıdırlar. Göründüyü kimi, bu gün zaman Azərbaycanın xeyrinə işləyir. Həm Ermənistan, həm də Dağlıq Qarabağda yaşayan ermənilər artıq məğlubiyyətin bir addımlığında olduqlarını çox yaxşı bilirlər. Ermənistan tərəfi Azərbaycanın getdikcə artan gücünü, qüdrətini hiss edir. Bir neçə il əvvəl Bakıda keçirilən hərbi parad zamanı Azərbaycanın gücü bir daha özünü göstərdi. Bu gün ölkəmizdə 600 növdən çox hərbi sursatın, silahın istehsalı, milli hərbi kadrların yetişməsi Ermənistanı bərk qorxuya salıb. Çünki işğalçı dövlət hələ də Rusiyanın köhnə silahlarının ümidinə qalıb. Bu ölkə hələ də müstəqil olduğunu təsdiqləyə bilmir. Bu gün Ermənistan Rusiyanın quberniyasına, mən deyərdim ki, ondan da kiçik sratusa malikdir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyanın müstəqil fikri, hərəkəti yoxdur. Hər hansı bir məsələnin müzakirəsi zamanı bir tərəfə çəkilb kiminləsə məsləhətləşdikdən sonra bir qərara gəlir. Bu isə Ermənistanın hələ də müstəmləkə olmasından xəbər verir.
Azərbaycan müstəqil dövlət kimi dünya birliyindəki mövqelərini getdikcə möhkəmləndirir. Biz əminliklə deyə bilərik ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimiz tezliklə azad ediləcək. Dağlıq Qarabağda qondarma "prezident seçkiləri" keçirməklə vaxtı uzatmaq istəyən Ermənistan tərəfi öz məqsədinə çata bilməyəcək. Əksinə, işğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik etməklə öz vəziyyətini daha da ağırlaşdırır və Dağlıq Qarabağda qondarma seçkilər keçirməklə özünü daha pis vəziyyətə salır. Bunu beynəlxalq təşkilatların və dünya birliyinin qondarma "prezident seçkisi"nə münasibəti də təsdiqlədi.
{nl}
Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.