Almaniya səfiri Herbert KVELLE: Almaniya federal hökuməti ATƏT-in Minsk qrupu və Avropa Birliyi çərçivəsində münaqişənin dinc yolla həlli üçün göstərilən bütün cəhdləri dəstəkləyir

Lakin Azərbaycan daha çox avropalı turisti cəlb etmək istəyirsə, vizalar ləğv olunmalıdır. Bu, çox ciddi maneədir
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvellenin APA-ya müsahibəsi

- Azərbaycanla Avropa Birliyi arasında "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsindəki əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Almaniya "Şərq Tərəfdaşlığı" proqramının fəal tərəfdarlarından biridir. Şərq tərəfdaşlığı proqramı kimi layihə qəbul olunduğundan Aİ çərçivəsində əməyin paylanmasına müvafiq olaraq Aİ-nın xarici siyasət məsələləri üzrə xidməti Aİ adından konkret danışıqları həyata keçirir. AB ölkələri danışıqlardakı irəliləyişlər və ortaya çıxan problemlər barədə müntəzəm məlumatlandırılır. Mən danışıqlar prosesində ortaya çıxan istənilən qiymətləndirmə və gözləntilərin AB-Azərbaycan münasibətlərində üstünlük təşkil edən qarşılıqlı anlayış və etimad ruhunda həll olunacağı məsələsində nikbinəm.
- İki ölkə arasında iqtisadiyyat, ticarət və enerji sahəsində əməkdaşlığın perspektivlərini, eləcə də "Nabucco" layihəsinin gələcəyini necə görürsünüz? Almaniya bu layihəyə kapital qoyacaqmı?
- Almaniya ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin gələcəyi parlaqdır. 2011-ci ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmində artım müşahidə edilib. Almaniya Azərbaycandan 1,5 milyard avrodan çox idxalat (əsasən neft), Azərbaycana isə 800 milyon avrodan çox ixracat gerçəkləşdirib. Əminəm ki, bu ilin martında Almaniya xaric işlər nazirinin Azərbaycana səfəri zamanı Bakıda ikitərəfli ticarət palatasının qurulması haqda əldə olunan razılıq Azərbaycanda alman yatırımlarının həcminin artmasına səbəb olacaq. Biz klassik "iqtisadi əməkdaşlığımız" olan və GİZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti) tərəfindən həyata keçirilən konsultasiya işində, eləcə də KFW və DEG tərəfindən layihələrin maliyyələşdirilməsində pozitiv inkişaf görürük.
Enerji sahəsində Almaniya təbii qazla təminatını diversifikasiya etməkdə maraqlıdır və "Cənub dəhlizi" çərçivəsindəki layihələri dəstəkləyir. Alman şirkətləri bir-biri ilə rəqabətdə olan RWE, "Nabucco", TAP layihələrinə kapital qoyublar və məndə olan məlumata görə, layihə 2013-cü ilin iyununa qədər seçiləcək.
- Bu ilin may ayının əvvəllərində Azərbaycanla Almaniya arasındakı münasibətlərdə müəyyən gərginlik müşahidə olundu və Almaniya mətbuatında Azərbaycan əleyhinə yazılar dərc edildi. Bu durum nədən qaynaqlanırdı və münasibətlərə hələ də neqativ təsiri davam edirmi?
- Mən sizə martın 15-də "Yeni Azərbaycan" qəzetində çap olunan və iki ölkə arasında diplomatik əlaqələrin 20 illiyinə həsr edilmiş məqaləmi oxumağı tövsiyə edirəm. (Bu yazını səfirliyimizin saytında alman və Azərbaycan dillərində tapa bilərsiniz). Yazının tarixi göstərir ki, gərginlik daha əvvəl başlayıb. Alman mətbuatında çıxan bu cür yazılar iki ölkənin və xalqın tarixi inkişaf mərhələləri və mentaliteti arasındakı fərqlərin işarəsi olaraq qəbul olunmalıdır. Azərbaycan hökumətini Almaniya mətbuatındakı Azərbaycan barədə neqativ yazıların arxasında Almaniya hökumətinin dayanmadığına inandırmaq asan olmadı. Buna baxmayaraq, hər iki ölkənin hökuməti belə razılaşdı ki, ikitərəfli münasibətlərin dostluq və etimad əsasında inkişafı hər iki ölkənin maraqları daxilindədir. Münasibətlərimizin əsası hələ Azərbaycana ilk alman miqrasiyasının gerçəkləşdiyi 1891-ci ildə qoyulub. Mən Azərbaycanın mədəni irsindən çox təsirlənmişəm, bunu Şəmkirdə və hazırda böyük bərpa işlərinin getdiyi Göygöldə müşahidə etmək olar.
- Sizcə, Avropada, konkret olaraq İspaniya və Yunanıstandakı iqtisadi böhran AB-Azərbaycan əlaqələrinə necə təsir göstərə bilər?
- Bəzi Avrozona ölkələrində borclarla bağlı böhran müşahidə olunur. Sadə dildə desək, bu ölkələr qazandıqlarından çox xərcləyiblər və hazırda borcların maliyyələşdirilməsi problemi ilə üzləşiblər. Almaniya Avropanın dünyada iqtisadi baxımdan ən rəqabətə davamlı region olmasına dair "Lissabon-2010"un gündəminə çox ciddi yanaşıb. Son onilliklər ərzində Almaniyanın struktur islahatlarına əmək bazarındakı böyük çeviklik və pensiya yaş həddinin 65 yaşdan 67 yaşa qədər artırılması aiddir. Bu yalnız bir neçə misaldır.
Biz öz məqsədimizə çatdıq, lakin öz uğurumuzun qurbanı olduq. Arvrozonada rəqabətə daha az davamlı tərəfdaşlarımız bizdən həmrəylik istəyir. Biz kömək etmək istəyirik, amma müəyyən təbii hədlər var. Biz Avrozonanın başqalarını xilas etmək üçün öz mövcudluğunu riskə atacaq rəsmi mühafizə orqanı deyilik. Hazırda Avrozonadakı bəzi çatışmazlıqların korreksiyası üzərində çalışırıq. Effektiv maliyyə-iqtisadi öhdəlikləri də nəzərə almaqla bizə daha güclü siyasi birlik lazımdır. Mən hazırda bu iqtisadi məsələlərin AB-Azərbaycan münasibətlərinə təsirini görmürəm.
- Bu yaxınlarda Bakıda Azərbaycan-Almaniya biznes-forumu keçirildi. Siz forumun nəticələrini necə qiymətləndirirsiniz? Hansı razılaşmalara nail olunub?
- Siz yəqin mənim doğma əyalətim Şimali Reyn-Vestfaliyadan gələn nümayəndə heyətinin səfərini nəzərdə tutursunuz. Bu əyalət ən çox əhalisi olan (18 milyon) və ən çox iqtisadi istehsalın gerçəkləşdiyi (Polşadan çox) federal əyalətdir. 2011-ci ildə Almaniyanın Azərbaycana ixracatının 10%-i bu əyalətin payına düşüb. "NRW-İnvest" şirkəti Bakıda xarici sərmayə cəlb etmək istəyən tərəfləri təqdim edib. Bu şirkət Şimali Reyn-Vestfaliyadan olan iş adamlarının xaricdəki ticarət-investisiya araşdırmalarında onları müşayiət edir. Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şimali Reyn-Vestfaliyada ciddi iş görməsini istərdik. Mən ümid edirəm ki, Azərbaycanda və Almaniyada tərəfdaş axtaran hər iki tərəf "AZPROMO"nun Bakıda təşkil etdiyi intensiv danışıqların gedişindən məmnun qala bilər. Adətən bu cür səfərlərin dərhal konkret nəticələri olmur, lakin ümumi atmosfer çox pozitiv idi.
- Azərbaycanda hansı alman şirkətləri təmsil olunub?
- Hazırda Azərbaycanda 50-yə yaxın alman şirkəti təmsil edilib. Tam siyahını Alman-Azərbaycan İqtisadi İttifaqı (DAWF) saytında tapmaq olar. Siyahıda "Lufthansa" kimi qlobal şirkətlər, eləcə də çoxlu sayda kiçik və orta müəssisə var.
- İki ölkə arasında turizm sahəsində əlaqələri necə qiymətləndirirsiniz və "Eurovision" müsabiqəsi alman turistlərin Azərbaycana marağını artırıbmı?
- Azərbaycan çox rəngarəng landşaft təklif edir və öz xalqının qonaqpərvərliyi ilə fəxr edə bilər. Beynəlxalq turizm ciddi rəqabətin olduğu çox həssas sahədir. Azərbaycan turizmin inkişafı üçün potensiala malikdir, lakin turistlər hələ də Avropa standartının çatışmazlığını hiss edirlər. Hesab edirəm ki, "Eurovision" Azərbaycanın öyrənilməsində müəyyən maraq yaradıb. Lakin ölkə avropalı turistləri cəlb etmək istəyirsə, vizalar ləğv olunmalıdır. Bu, çox ciddi maneədir.
- Bu il Almaniya Xristian-Demokrat İttifaqının xarici siyasət üzrə komitəsi Dağlıq Qarabağla bağlı sənəd qəbul edib. Bu sənəddə hökumət münaqişənin həlli üçün fəaliyyət göstərməyə çağırılır. Bu sənədin Bundestaq səviyyəsində müzakirəsi planlaşdırılırmı və gələcəkdə bu barədə qətnamə qəbul olunacaqmı?
- Almaniya federal hökuməti ATƏT-in Minsk qrupu və Avropa Birliyi çərçivəsində münaqişənin dinc yolla həlli üçün göstərilən bütün cəhdləri dəstəkləyir. Bundestaq öz gündəmini müstəqil müəyyənləşdirən dövlət orqanıdır. Ona görə də mən təəssüf ki, sizin sualınıza cavab verə bilmərəm.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında