Müsahibimiz Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovdur.
- Siyavuş müəllim, məlum olduğu kimi iyulun 11-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi. Bu ilin ötən dövrü ərzində əldə olunan nəticələri necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, Azərbaycanın inkişafı davamlı xarakter daşıyır və bu inkişaf 2012-ci ilin birinci yarısında da davam edib. Azərbaycan Prezidentinin sədrliyi keçirilən müşavirədə bütün faktlar sadalandı. Belə ki, həm iqtisadiyyatın inkişafında, həm yeni iş yerlərinin açılmasında, həm abadlıq-quruculuq işlərində, bütövlükdə xarici və daxili siyasətdə, ölkəmizin bütün sahələrində uğurlu addımlar atılıb. Avropada iqtisadi böhranın hökm sürməsinə baxmayaraq Azərbaycanda inkişaf çox sürətlə gedir. O cümlədən, kənd təsərrüfatında, sənayedə, qeyri-neft sektorunda ciddi artımlar müşahidə olunur.
Eyni zamanda, ötən yarım il ərzində Azərbaycan bir neçə uğurlu müqavilələrə imza atıb, BMT Təhlükəsizlik Şurasına sədrlik edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra görüşlər keçirilib. Həmçinin, ayrı-ayrı dövlət başçılarının ölkəmizə səfərləri, "Eurovision" mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun göstəricidir.
Radikal müxalifət xainlərə xas hərəkətlər edir
- Müşavirədə dövlətimizin başçısı "Eurovision" mahnı müsabiqəsi ərəfəsində ölkə müxaifətinin fəaliyyətinə münasibət bildirdi və bu fəaliyyəti milli satqınlıq, xəyanət kimi qiymətləndirdi...
- Ölkə Prezidenti İlham Əliyev çıxışında radikal müxalifətin qiymətini tamamilə düzgün verdi. Çünki bu ünsürlərin etdikləri hərəkətlər Azərbaycana ləkə yaxmağa, zərbə vurmağa yönəlmişdi. Onlar dünyanın ayrı-ayrı ölkələrindən gələn KİV nümayəndələrinə və erməni lobbisi ilə əlbir olan xarici parlamentarilərə yanlış informasiyalar, böhtanlar çatdırırdılar ki, Azərbaycanın nüfuzuna xələl gəlsin. Belə hərəkətləri isə xainlər, milli satqınlar edə bilər.
Azərbaycana "Eurovision" ərəfəsində dünyadan yüzlərlə jurnalist gəlmişdi. Bu mötəbər tədbir 46 ölkədə canlı yayımlandı ki, bu da Azərbaycanın dünyada təbliğində xüsusi rol oynadı. Azərbaycanın bu qədər uğurları olduğu halda, müxaliflər müxtəlif yerlərdə piketlər keçirməklə, özlərini polislərə çırpmaqla, xarici jurnalistlərə yanlış məlumatlar verməklə Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışırdılar. Belə hərəkətləri yalnız ermənilər, bir də özümüzdən olan satqınlar edə bilərlər. Bəs indi niyə piket, mitinq keçirilmir? Radikal düşərgə müsabiqə ərəfəsində mütəmadi olaraq qeyri-qanuni aksiyalar keçirməyə cəhd göstərdi. Fəvvarələr meydanında olan hadisələr onların xainliyinin sübutudur. Bəs indi niyə keçirmirlər? Bu, demokratiya uğrunda mübarizə idisə, indi mübarizə bitdimi? Bütün bunlar onu göstərir ki, məqsəd lEurovision" müsabiqəsinin baş tutmasının qarşısını almaq idi. Amma Azərbaycanı istəməyən bütün qüvvələrin bu arzusu puç oldu. Azərbaycan bu tədbiri yüksək səviyyədə keçirdi və xalqımız buna sevinir. Müxalifət adlanan ünsürlər ölkəmizin artan uğurlarına sevinmir, əksinə kədərlənir. Bu ünsürlərin mövqeyi belədir ki, ölkədə qan tökülsə, ara qarışsa onlar üçün bir o qədər yaxşı olar. Bu yalnız vətən xainlərinə xas olan xüsusiyyətdir. Onlar hər zaman bu metodlardan istifadə etməyə çalışırlar.
Torpaqlarımız bu adamların satqınlığı səbəbindən işğal olunub
- Amma nə qədər qəribə də olsa, həmin partiyalar bu gün də müxtəlif iddialarla çıxış edirlər. Buna münasibətiniz necədir?
- Radikal müxalifətin ölkəmizdə heç bir dəstəyi yoxdur. Onların 20-ci sahədə keçirdikləri mitinqləri müşahidə etmişəm. Bu mitinqlər göstərdi ki, müxalifətin elektoratı, sosial dayaqları yoxdur. Ona görə də, daha 20-ci sahədə mitinq keçirmirlər. Oradakı mitinqdə İsa Qəmbər yalvarırdı ki, gələn dəfə hərə özü ilə 5-6 nəfər gətirsin. Bu kolxoz bazarı deyil ki? Əgər sənin tərəfdarın varsa, mitinqə gələcək, yoxdursa gəlməyəcək. Lakin bu mitinqlərdə 1500-dən çox adam toplaşmadı. Əslində, onların satqınlığı hələ 1990-cı illərdəki fəaliyyətlərindən bəllidir. İndi bəzi mətbuat orqanlarında torpaqların işğalından danışırlar və günahı indiki hakimiyyətin üzərinə atmağa çalışırlar. Hər şey Azərbaycan xalqının gözü qarşısında baş verib. 1990-cı ildə 20 Yanvar hadisələri ilə bağlı ümummilli liderimiz Heydər Əliyev indiki Prezidentimiz İlham Əliyevlə bir yerdə Moskvada Azərbaycan nümayəndəliyinə gedib bu hadisəyə etiraz səsini ucaldanda, İsa Qəmbər Yusif Səmədoğlunun evində konyak içirdi, Əli Kərimli isə qaçıb tələbə yataqxanasında gizlənmişdi. Onlar belə qorxaq, satqın insanlardı. Yaxud İsa Qəmbər Kəlbəcərdə icra başçısının toyunu etdi, ardınca Azərbaycanın ən strateji nöqtələrindən olan bu ərazi ermənilərə təhvil verildi. O cümlədən, Füzuliyə gedib-gələndən sonra bu rayonun böyük hissəsi işğal olundu. Elə İskəndər Həmidov özü deyirdi ki, Əli Kərimli fəraridir. İndi bu cür adamlar gəlib hansısa batalyonların ləğv olunması, ərazilərimizin işğal edilməsindən danışması gülüş doğurur. Çünki həmin vaxt o batalyonlar konkret şəxslərə tabe idi və müxtəlif məsələlərlə məşğul olurdular. Surət Hüseynovun qorxusundan Əli Kərimli qaçıb iki il Kələki kəndində yaşadı. 1993-cü ildə onlar öz hərbi dəstələrini geri çəkdilər ki, yenə hakimiyyət dəyişsin. Çünki özləri bu yolla hakimiyyətə gəlmişdilər. O zaman müxtəlif təxribatlarla yenidən bu proqramı tərtib etmək istədilər, amma baş tutmadı. Yəni bu cür adamların indi xalqın adından danışması, guya sosial dayaqlarının olduğunu iddia etmələri yalnız gülüş doğurur.
Mötəbər xarici qonaqlar müxalifətə əhəmiyyət vermir
- Avropa İttifaqı Şurasının prezidenti ölkəmizə səfəri zamanı müxalifətçilərlə görüşmədi. Bu fakt bir daha müxalifətin zəifliyinin göstəricisi deyilmi?
- Xatırladım ki, ABŞ dövlət katibi də ölkəmizə gələndə belə hadisə baş vermişdi. Onun ardınca Avropa İttifaqı Şurasının prezidenti də müxalifətlə görüşmədi. Bu onu göstərir ki, mötəbər xarici qonaqlar da bu müxalifətin ölkəmizdə heç bir nüfuzunun olmadığını bilirlər və onları siyasi meyid hesab edirlər. Belə partiyaların rəhbərləri ilə görüşə əhəmiyyət vermirlər. Müxalifət düşərgəsinin bugünkü funksiyası müxtəlif mətbuat orqanlarına, beynəlxalq təşkilatlara donos yazmaqdan ibarətdir. Onlar artıq bilirlər ki, bu düşərgə heç bir ictimai dəstəyə malik deyil, xalq onlara inanmır. Ona görə də, mötəbər qonaqlar müxalifətçilərlə görüşməyə ehtiyac duymurlar.
- Belə olan halda bu düşərgənin 2013-cü il prezident seçkiləri ilə bağlı iddialarını necə izah edərdiniz?
- Həmin adamlar heç öz partiyalarının qurultayını keçirə bilmirlər. Qorxurlar ki, qurultay zamanı özlərinə qarşı daxildən etiraz səsləri ucalacaq. Çünki öz partiyalarını geriyə aparırlar, islahatlar həyata keçirmirlər, kürsülərində oturmaq üçün daxili intriqa yaradırlar. Bütün bu səbəblərdən qurultay keçirə bilmirlər. Belə olan halda hansı məntiqlə prezident seçkilərində iştirak etmək istəyirlər?
Arxasınca beş adam apara bilməyənlər necə prezidentliyə namizəd ola bilər? Fikirləşirlər ki, namizəd olub xaricdən yenə 5-10 manat alsınlar, sonra öz istirahətlərini təşkil etsinlər. Amma bu arzu çətin baş tutsun. Çünki artıq xarici qüvvələr də onlara heç bir etimad göstərmir.
Hazırda onlar vahid namizəd məsələsini də ortaya atıblar. Amma razılığa gələ bilmirlər. Həmişə deyirdilər ki, biz Rəsulzadə, Elçibəy yolu ilə gedirik. Amma 1998-ci ildə seçkilər ərəfəsində Ə.Elçibəy onlardan xahiş etmişdi ki, onun vahid namizəd olmasını dəstəkləsinlər. Heç biri güzəştə getmədi. Halbuki, hər biri Elçibəyin tələbəsi olduğunu deyirdi. Onlar yenə də, bir-birilərinə heç vaxt güzəştə getməyəcəklər. Hər biri özlərini iddialı hesab edirlər. Amma bilmirlər ki, arxalarında heç kim yoxdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.