Bol məhsul münbit torpaqda yetişir

Söhbət melioratorların çətin və şərəfli əməyindən gedir

{nl}

Bu gün Azərbaycan kəndi inkişaf və tərəqqi yolundadır. Kənd adamının gün-güzəranı daha da yaxşılaşır, ildən-ilə gəliri artır, qazancı çoxalır. Ən əsası isə odur ki, kəndlinin çörəyi, anbarından taxılı əskik olmur. Özünə, ailəsinə çatacaq qədər tərəvəz, meyvə, ət, yağ, yumurta tədarük edə bilər. Kəndlərimiz öz simasını dəyişir, yeni münasibətlər formalaşır, müxtəlif təyinatlı emal müəssisələri yaradılır. Burada, əlbəttə, ilk növbədə ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafı sahəsində qarşıya qoyduğu vəzifələri, gündəlik diqqət və qayğısını, imzaladığı fərman və sərəncamları xüsusilə qeyd etmək lazımdır.
Heç şübhəsiz, bu inkişaf və yüksəlişdə kənd adamının özü də dəyişir, idarəetmə vərdişlərinə yiyələnir. O, öz savad, bilik və dünyagörüşünü artırır. Təsadüfi deyildir ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalı dinamik sürətlə artır, əkinçilik mədəniyyəti yüksəlir. Əsas diqqət daha çox əkin sahələrinin genişləndirilməsinə deyil, məhsuldarlığın yüksəldilməsinə yönəldilir.
Əlbəttə, kənd adamı, fermer, sahibkar, necə deyərlər, tək əllə heç bir ciddi nəticə əldə edə bilməz. Kəndin, kəndlinin inkişafı, iqtisadi, sosial və mədəni tərəqqi, məhsul bolluğu bir çox amillərlə sıx bağlıdır. Bu amillərdən biri, bəlkə də, birincisi meliorasiya və su təsərrüfatı kompleksi, torpaqların meliorasiyası, şoralaşmanın qarşısının alınması sahəsində aparılan ardıcıl tədbirlərdir.
O da həqiqətdir ki, torpaqları münbitləşdirmədən yüksək və sabit məhsuldarlıqdan danışmağa dəyməz. Bəs, bu cəhətdən bölgələrdə vəziyyət necədir? Görülən işlər, həyata keçirilən tədbirlər nədən ibarətdir? Qarşıda duran konkret vəzifələr hansılardır, həlli vacib məsələlər, çətinlik və problemlər necə aradan qaldırılır?
Ağcabədi Rayon Meliorasiya İdarəsinin rəisi Azər Rzayevlə söhbətimiz də bu barədədir. Müsahibimiz bildirdi:
- Əvvəllər meliorasiya işləri, torpaqların münbitləşdirilməsi, kollektor-drenaj şəbəkəsinin lildən təmizlənməsi ilə rayon suvarma sistemləri idarələri məşğul idi. 2000-ci ildə isə respublikanın bir çox bölgələrində, o cümlədən Ağcabədi rayonunda Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin müstəqil strukturu kimi ayrıca meliorasiya idarələri yaradıldı.
Yeri gəlmişkən, mən burada 2 mühüm məsələ üzərində dayanmaq istəyirəm. Birincisi, əvvəllər bu vacib işin təşkilində sistemsizlik və pərakəndəlik vardı. Digər tərəfdən, torpaqların şor sulardan, kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsinə ciddi ehtiyac yaranmışdı. Deməli, yeni yaranmasına baxmayaraq meliorasiya idarələrinin qaraşısında vacib və təxirəsalınmaz vəzifələr dayanırdı. Uzun illərin təcrübəsinə əsaslanıb deyə bilərəm ki, bu, meliorasiya, kollektor-drenaj şəbəkəsinin fəaliyyətini daha da gücləndirmək, operativ və sistemli nəzarət qurmaq, işin səmərəsini və keyfiyyətini artırmaq baxımından vaxtında atılmış bir addım idi.
Yeri gəlmişkən, mən burada ötən əsrin 70-80-ci illərini xatırlatmaq istəyirəm. Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev həyatımızın, iqtisadiyyatımızın bütün sahələri kimi, kənd təsərrüfatı, o cümlədən torpaqların meliorasiyası sahəsində də geniş və uzunmüddətli tədbirlər işləyib həyata keçirmiş, qarşıya böyük vəzifələr qoymuşdur. Ulu öndər hələ respublikaya rəhbərlik etdiyi birinci dövrdə yüz min hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilmiş, yeni kanallar çəkilmiş, subartezian quyuları qazılmışdır. Digər tərəfdən, torpaqların sağlamlaşdırılması məhsuldarlığın yüksəldilməsi, ümumi məhsul istehsalının artırılması ilə nəticələndi. Həmin illərdə aparılmış geniş meliorasiya tədbirləri Ağcabədi torpaqalarını da gülüstana çevirmişdir. Əgər indi bütün sahələrdə bol məhsul götürülürsə, məhsuldarlıq yüksəkdirsə bu, heç şübhəsiz, məhz 70-80-ci illərdə həyata keçirilən nəhəng meliorasiya işlərinin bilavasitə nəticəsidir.
- Melioratorlara torpağın təbibləri də deyirlər. Doğrudan da, şoran, necə deyərlər, xəstə torpaqları sağaltmaq, münbit, məhsuldar hala gətirmək şərəfli olduğu qədər də məsuliyyətli bir işdir...
- Elədir. Səmərəli meliorasiya tədbirləri görülmədən yüksək məhsuldarlıqdan danışmağa dəyməz. İndi əvvəllər olduğu kimi, necə deyərlər, ucsuz-bucaqsız əkin sahələri yoxdur. Aqrar islahatlar nəticəsində torpaqlar kənd adamları, fermerlər, sahibkarlar arasında bölünmüşdür. Deməli, kənd adamı eyni sahədə həm taxıl, həm bostan-tərəvəz, həm də pambıq yetişdirir. Özü də bu sahədə bol məhsul götürmək istəyir. Başqa sözlə desək, söhbət hər hektarın məhsuldarlığını yüksəltməkdən gedir. Bu isə aydın məsələdir ki, səmərəli və ardıcıl meliorasiya tədbirləri həyata keçirilmiş və bol su ilə təmin edilmiş torpaqlarda mümkündür.
- Bu yerdə konkret fakt və rəqəmlərsiz keçinmək mümkün deyil.
- Ağcabədi Meliorasiya İdarəsi rayon ərazisində 2689,48 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsinə və onların üzərində olan 1994 hidrotexniki qurğuya xidmət edir. Bu isə 35809 hektar torpaq sahəsinin meoliorativ cəhətdən yaxşılaşdırılması deməkdir. Həmin işlərin tələb olunan müddətdə və keyfiyyətlə aparılması digər vacib amillərlə yanaşı, həm də müvafiq maşın-mexanizmin vaxtında alınmasından çox asılıdır. Bu cəhətdən işimizdə heç bir problem yoxdur. Yeri gəlmişkən, mən respublika Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə konkret diqqət və köməyə görə kollektivimizin və kənd əməkçilərimizin minnətdarlığını çatdırmaq istəyirəm.
Belə kömək və diqqətin nəticəsidir ki, idarəmiz müstəqil olaraq fəaliyyətə başlayandan indiyə kimi nəzərdə tutulan bütün tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir. Məsələn, cari ilin ötən ayları ərzində kollektivimizin gücü ilə 70,4 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənmiş, 2 hidrotexniki qurğu əsaslı, 45-i isə cari təmir edilmişdir. 2011-ci ildə isə bu rəqəm 187 kilometr, əsaslı şəkildə təmir edilən qurğuların sayı 4, cari təmir edilənlərin sayı isə 84 olmuşdur. Qaradolaq, Mehrablı, Hacıbədəlli, Şənlik, Afşar, Salmanbəyli, Xocavənd kəndləri ərazisində aparılan meliorasiya tədbirləri yerli sakinlər, fermer və sahibkarlar tərəfindən daha böyük razılıq və minnətdarlıqla qarşılanmışdır.
- Həyata keçirilmiş belə genişmiqyaslı meliorasiya tədbirləri, sözsüz ki, məhsul istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi ilə nəticələnir. Son illər Ağcabədi rayonunda kənd təsərrüfatının ayrı-ayrı sahələrində əldə edilmiş uğurlar dediklərimizə konkret misaldır.
- Əvvəlcədən onu deyim ki, son 7 il ərzində Ağcabədi rayonunda 12831 hektar sahə əkin dövriyyəsinə daxil edilmişdir. Bu rəqəm, əslində, torpaqların münbitləşdirilməsi istiqamətində aparılan ardıcıl tədbirlərdən xəbər verir. Yeri gəlmişkən, deyək ki, Ağcabədi respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Bircə fakt göstərək: hələ ötən əsrin 70-ci illərində respublika üzrə pambıqçılıq sahəsində 100 min ton həddini keçən rayonlardan biri də Ağcabədi idi. Taxılçılıq, heyvandarlıq, baramaçılıq və s. də onun kimi. Demək istəyirəm ki, indiki inkişaf və irəliləyişin möhkəm bünövrəsi məhz həmin illərdə qoyulmuşdur.
Ötən ilin bəzi xarakterik rəqəmlərini yada salmaq yerinə düşərdi. 2011-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 249.067,5 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 69,3 faiz artmışdır. Burada qeyri-dövlət bölməsinin xüsusi çəkisi 93,4 faiz təşkil etmişdir.
Son illər Ağcabədi rayonunun iqtisadi xəritəsində emal müəssisələrinin sayı artmış, böyük istehsal gücünə malik obyektlər tikilib istifadəyə verilmişdir. Məsələn, "Gilan Holding" Məhdud Məsuliyyətli cəmiyyət tərəfindən sutkalıq gücü 20 ton olan süd emalı zavodu tikilib istifadəyə verilmişdir. Burada 7 çeşiddə süd və süd məhsulları istehsal olunur. Ayrı-ayrı yerlərdə 5 süd qəbulu məntəqəsi fəaliyyət göstərir. Bundan başqa, sutkalıq gücü 250 ton olan "Atena" süd məhsulları kombinatı tikilmişdir. İlkin mərhələdə 14 çeşiddə məhsul buraxılır. Sonralar isə 50 çeşiddə məhsul buraxılması nəzərdə tutulmuşdur.
2011-ci ildə rayon üzrə 51752 ton taxıl istehsal olunmuş, hər hektarın məhsuldarlığı isə 35,8 sentner təşkil etmişdir. Hazırda biçinin gərgin çağıdır. Əldə edilmiş ilkin nəticələr belə deməyə əsas verir ki, ümumi məhsul istehsalı bu il daha çox olacaqdır.
Heyvandarlıq məhsulları istehsalı da artan sürətlə inkişaf etmişdir. Belə ki, ötən il qaramalın sayı 82804 başa, qoyun-keçilərin sayı isə 323326 başa çatmışdır. Rayon üzrə ət istehsalı 9216 ton, süd istehsalı 48518 ton olmuşdur ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur.
Rayonda kənd təsərrüfatı məhsulları istehsalının dinamik sürətlə inkişafından xəbər verən bu fakt və rəqəmləri sadalamaqda məqsədim var. Demək istəyirəm ki, inkişaf və yüksəliş elə-belə, quru yerdə əldə edilmir. Burada digər mühüm amillərlə yanaşı, ardıcıl və sistemli şəkildə aparılan meliorasiya tədbirlərini, şor suların vaxtında axıdılmasını, torpaqların münbitləşdirilməsini ayrıca qeyd etmək lazımdır. Biz meliorasiya işçiləri bundan sonra da işimizi kənd adamları, fermer və sahibkarlarla qarşılıqlı əlaqə şəraitində quracaq, ölkədə nəzərdə tutulmuş ərzaq proqramının, məhsul bolluğunun yaradılmasına öz layiqli töhfəmizi verəcəyik.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında