Audronyus AJUBALİS: Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımır

u il aprel ayında Litvanın xarici işlər naziri Audronyus Ajubalis Azərbaycana rəsmi səfər etmişdir. Nazir AzərTAc-ın müxbirinə verdiyi müsahibədə səfərin yekunları barədə söhbət açmışdır.

{nl}

- Cənab nazir, Siz bu səfərinizi necə qiymətləndirirsiniz? Fikrinizcə, perspektivdə nələr gözlənilir?

{nl}

- Səfəri çox müsbət qiymətləndirirəm. Sizin ölkədə ATƏT-in sədri qismində olandan bir il sonra Bakıya qayıtmaq, habelə keçən ilin baharında Litva Prezidentinin Azərbaycana səfəri barədə yaxşı rəylər eşitmək mənə xoş idi. 
Bildiyiniz kimi, 2013-cü ilin payızında Litva Avropa İttifaqında sədrlik etməyə hazırlaşır və bu sədrliyin əsas prioritetlərindən biri Avropa İttifaqının Şərq Tərəfdaşlığını inkişaf etdirməkdən ibarət olacaqdır. Buna görə də Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşlər zamanı vurğulamışam ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə dialoqu fəallaşdırmaq istəyini dəstəkləyir.
Mən Azərbaycanı Aİ ilə viza rejiminin sadələşdirilməsi və readmissiya barədə danışıqların başlanması münasibətilə təbrik etdim, assosiasiya barədə saziş bağlanmasına dair Aİ ilə danışıqları daha fəal davam etdirməyə çağırdım. Bu danışıqlar Litvanın sədrliyi dövründə başa çatdırıla bilər.
Litva şirkətləri Azərbaycan bazarında uğurla fəaliyyət göstərir, lakin iqtisadi əməkdaşlığın potensialından yetərincə istifadə edilmir. İnformasiya texnologiyaları, tikinti, ekologiya, turizm və başqa sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar çoxdur. Bu məsələlər Bakıda görüşlərimizin mühüm mövzusu olmuşdur.
Biz Azərbaycanın "Vikinq" konteyner qatarı layihəsinə qoşulmasının mümkünlüyünü müzakirə etdik. Əminəm ki, bu, daha fəal ikitərəfli ticarət əlaqələrinin inkişafına şərait yaradacaq, iqtisadi əməkdaşlıq üçün daha böyük potensial imkanları üzə çıxaracaqdır. Litva, Belarus və Ukraynanın bu müştərək layihəsi sayəsində Baltik dənizi və Qara dəniz dəmir yollar vasitəsilə birləşdiriləcəkdir.

{nl}

- Litva ilə Azərbaycan arasında siyasi dialoq hansı səviyyədədir?

{nl}

- Litva ilə Azərbaycan arasında siyasi dialoq çox fəaldır və müxtəlif səviyyələrdə inkişaf edir. Keçən il mən ATƏT-in sədri qismində Azərbaycana səfər etmişəm. Litva Prezidentinin və parlament sədrinin də Azərbaycana səfərləri olmuşdur. Dialoq ali səviyyədə gedir. 
Bu yaxınlarda Litvanın energetika naziri də Azərbaycanda olmuşdur. İki ölkənin müxtəlif idarələri daim bir-biri ilə əlaqə saxlayır. Litva Seymi və xüsusi təhqiqatlar xidməti Aİ-nin "Tvinninq" proqramının layihələrini həyata keçirmək məqsədilə Azərbaycanın müvafiq idarələri ilə əməkdaşlıq edirlər.

{nl}

- İkitərəfli əməkdaşlıq üzrə Litva-Azərbaycan hökumətlərarası komissiyasının iclasının yekunları nədən ibarət olmuşdur?

{nl}

- Komissiya artıq ikinci dəfədir ki, öz iclasında ölkələrimiz arasında iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmişdir. Energetika, informasiya texnologiyaları və turizm sahələri Litva ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın potensial inkişaf sahələri olduğu qeyd edilmişdir. 
Litva enerji ehtiyatları təchizatçısının dominantlığından asılılığı azaltmağa çalışır, buna görə Azərbaycan ilə bu sahədə əməkdaşlıq imkanları bizim ölkəmiz üçün vacibdir. Komissiyanın iclasında Klaypeda limanında mayeləşdirilmiş təbii qaz terminalı tikilməsi, qaz kəmərinin Polşa ilə birləşdirilməsi və digər enerji layihələri təqdim edilmişdir. Litvanın informasiya texnologiyaları şirkətləri öz qərarlarını artıq indidən Azərbaycanda maliyyə, mobil texnologiyalar, tədqiqatlar və başqa sektorlarda uğurla tətbiq edirlər. Azərbaycanlı tərəfdaşlara limanın idarə edilməsi və nəqliyyat dəhlizlərinə xidmət məsələlərində informasiya texnologiyaları sahəsində qərarlar təqdim edilmişdir.
Azərbaycandan Litvaya gəlmiş qonaqlara turizm və səhiyyə sektorunun xidmətləri də təqdim olunmuşdur. Bu, Azərbaycandan sərmayə qoyuluşu gözlənilən sahələrdən yalnız biridir. Qeyd etməliyəm ki, sərmayələr hələlik azdır.
Çox şadam ki, ölkələrimizin vətəndaşları arasında mədəni əməkdaşlıq tədricən daha fəal inkişaf edir. Litvanın Bakıdakı səfirliyi və Heydər Əliyev Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanması litvalı və azərbaycanlı tələbələrin öz təhsilini başqa ölkənin universitetlərində davam etdirmələri üçün yeni imkanlar yaradacaqdır. Bu tədris ilində Litva universitetlərində Azərbaycandan olan 55 tələbə təhsil alır.

{nl}

- "Vikinq" kontinental qatarı layihəsində Azərbaycanın iştirakı barədə razılıq əldə edilmişdirmi?

{nl}

- Azərbaycan nəqliyyat sahəsində çox mühüm tərəfdaşdır. Biz şadıq ki, Azərbaycan "Vikinq" konteyner qatarı layihəsi ilə maraqlanır və bu layihədə iştirak etmək arzusunda olduğunu bildirmişdir. 
"Vikinq" qatarı həm iqtisadi, həm də siyasi baxımdan bir tərəfdən Qərbi Avropa və Skandinaviya, digər tərəfdən Qafqaz və Mərkəzi Asiya arasında mühüm əlaqələndirici vasitədir. Bu layihənin uğurla inkişaf etməsi sayəsində "Vikinq" yük qatarı ilə əməkdaşlığa maraq göstərən ölkələrin sayı artmaqdadır. Beləliklə, onlar iqtisadi rəqabət qabiliyyətini artırmaq və Avropa ilə iqtisadi əlaqələri inkişaf etdirmək imkanı qazanacaqlar.
Bu yaxınlarda Moldova və Gürcüstan həmin layihəyə qoşulmuşlar. Hazırda Azərbaycan və Türkiyə ilə fəal danışıqlar aparılır. Bu layihənin inkişafı ilə əlaqədar yeni imkanlar yaranır. Dünyada müşahidə olunan meyllər göstərir ki, konteyner daşımalarının həcmi daim artır, konteyner qatarları ilə perspektivli nəqliyyat sahəsidir.
"Vikinq" konteyner qatarı Klaypedadan Odessaya qədər məsafəni (1734 kilometr) 54 saata qət edir. Bu qatar Avropa İttifaqının Belarus ilə xarici sərhədini 30 dəqiqəyə keçir. Bu, gömrük və sərhəd institusiyaları ilə uğurlu əməkdaşlıq və müasir informasiya sistemlərinin tətbiq edilməsi sayəsində mümkün olmuşdur. Bu, Avropada ən yaxşı nəticədir. Avtomobil nəqliyyatı ilə müqayisədə yüklərin qatarla daşınması daha təhlükəsiz və ekolojidir. Ümidvarıq ki, Azərbaycan öz mallarını Avropaya təhlükəsiz və səmərəli ixrac etmək imkanından bəhrələnəcək və yaxın gələcəkdə bu layihəyə qoşulacaqdır.

{nl}

- Qaz sahəsində Litva ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri necədir?

{nl}

- Neft sahəsində olduğu kimi, qaz sahəsində də Litva Azərbaycanı özünün mühüm tərəfdaşı hesab edir. Azərbaycanda təbii qazın sanballı ehtiyatları və bu sektorun genişləndirilməsi imkanları təkcə Litvanın deyil, həm də Avropa İttifaqının təbii qazla təchizatını şaxələndirməyə kömək edə bilərdi. Belə layihələrdən biri "Nabukko"dur. Azərbaycan bu layihədə qazın əsas təchizatçısı olacaqdır. Lakin başqa layihələri, məsələn AGRİ (Azerbaijan-Georgia-Romania Interconnector) birləşdirici boru kəmərini və mayeləşdirilmiş təbii qazla təchizat barədə Azərbaycan ilə Ukrayna arasında sazişi də nəzərə almaq lazımdır. 
Biz Azərbaycanın qaz sektorunu genişləndirmək səylərini alqışlayır və burada əməkdaşlıq üçün yaxşı imkanlar görürük. Düzdür, Azərbaycan ilə Litva arasında birbaşa qaz kəməri yoxdur, lakin Klaypedada mayeləşdirilmiş təbii qaz terminalı layihəsinin həyata keçirilməsi üçün böyük imkanlar yaranır. Azərbaycan şirkətləri bu layihədə iştirak etmək imkanına böyük maraq göstərirlər.
Mayeləşdirilmiş təbii qaz terminalı layihəsini həyata keçirən Litvanın "Klaypedos nafta" şirkəti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə fəal əlaqə saxlayır. Azərbaycandan Klaypeda terminalına, o cümlədən "svop" (mübadilə) tipli əqdlər üzrə mayeləşdirilmiş təbii qaz nəql edilməsinin mümkünlüyü müzakirə edilir. Uzunmüddətli perspektivdə Gürcüstanda mayeləşdirilmiş təbii qaz istehsal edən zavod tikiləndə isə biz birbaşa Azərbaycandan qaz idxal etməyi nəzərdə tuturuq.

{nl}

- Bildiyiniz kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi qurbanları, dağıntıların sayına, iqtisadi və mənəvi ziyanın həcminə görə postsovet məkanında ən genişmiqyaslı millətlərarası münaqişələrdən biridir. Sizin fikrinizcə, Litva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hansı rol oynaya bilər?

{nl}

- Keçən il Litva ATƏT-in sədri kimi Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlıq etmişdir. Dağlıq Qarabağda qeyri-sabit vəziyyətin kəskinləşməsinin qarşısı alınmışdır.
Dekabrın 6-da Vilnüsdə Nazirlər Soveti, Minsk qrupunun nümayəndə heyətlərinin rəhbərləri, həmsədr ölkələrin nümayəndələri, habelə Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinin davam etdirilməsini və münaqişənin dinc yolla tənzimlənməsinə nail olmağın zəruriliyi barədə razılığa gəlmişdir. Biz bu gün də danışıqların əsas formatı olan ATƏT-in Mİnsk qrupunun həmsədrləri ilə əməkdaşlığı tamamilə dəstəkləyirik.
Münaqişənin dinc yolla tənzimlənməsinin alternativ variantları yoxdur. Güc tətbiq edilməsi, eləcə də "status-kvo" bu sürəkli münaqişənin həllinə kömək etmir. Yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələr bizi narahat etmişdir. Bu hadisələr insidentlərin təhqiq edilməsi üçün ATƏT-in təklif etdiyi mexanizmin vacibliyini vurğulayır. Snayperlərin təmas zonasından çıxarılması və insidentlərin təhqiqatının səmərəli mexanizminin bərpa edilməsi kimi sadə əməli addımlar münasibətlərdə gərginliyin xeyli azalmasına gətirib çıxarar.
Aİ bu yaxınlarda Gürcüstanda və regionda sabitləşmə və münaqişənin tənzimlənməsi tədbirlərində iştirakını davam etdirməyə hazır olduğunu təsdiqləmişdir. Mən əminəm ki, Aİ ilə Cənubi Qafqazın üç ölkəsi arasında münasibətlərin möhkəmlənməsi sürəkli münaqişənin tənzimlənməsi üçün yeni perspektivlər yarada bilər.

{nl}

- Bu ilin iyul ayında Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində qondarma Dağlıq Qarabağ respublikasının qondarma rəhbəri vəzifəsinə seçkilər keçirməyi planlaşdırır. Siz Ermənistanın bu pozucu addımını necə qiymətləndirirsiniz?

{nl}

- Avropa İttifaqı Dağlıq Qarabağda keçirilən seçkilərin konstitusion və hüquqi çərçivələrini tanımır. Bu hadisə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə mane olmamalıdır. Ona görə də tərəflər Madrid sazişinin prinsiplərinə uyğun olaraq konsensusa nail olmaq üçün daha çox səy göstərməlidirlər. Bu prinsiplər sülhün qorunub saxlanmasının, eləcə də prezidentlərin ATƏT-in Minsk qrupu çərçivəsində öz üzərlərinə götürdükləri öhdəliklərin tam yerinə yetirilməsinin əsasıdır.
- Azərbaycan Avropa İttifaqına inteqrasiya məsələlərində Litvanın təcrübəsindən necə istifadə edə bilər?
- Litva Azərbaycanın Avropa İttifaqı ilə dialoqu fəallaşdırmaq arzusunu qətiyyətlə dəstəkləyir. Biz islahatlar keçirilməsi məsələsində təcrübə mübadiləsi etmək istəyirik. Ölkələrimizin bir sıra institusiyaları birbaşa əməkdaşlıq edir, təcrübə və yaxşı praktika nümunələrini mübadilə edirlər. Bu münasibətlər qarşılıqlı faydalıdır, çünki hər iki ölkə bir-birindən öyrənə bilər.
"Tvinninq" proqramı islahatlar keçirilməsi və Aİ-yə inteqrasiya təcrübəsi mübadiləsi üçün yaxşı platformadır. Litvanın müxtəlif idarələri bu proqramın imkanlarından fəal istifadə edirlər. Azərbaycanda parlament ilə baş prokurorluq arasında qarşılıqlı əlaqə üzrə "Tvinninq" proqramının iki layihəsi artıq həyata keçirilmişdir.
Əməkdaşlıq sahələri bununla bitmir. Yaxın vaxtlarda infrastrukturun radiasiyadan qorunmasının inkişafı və möhkəmlənməsi sahəsində daha bir Tvinninq layihəsi təsdiq edilmişdir. Bu layihə Litva Radiasiya Təhlükəsizliyi Mərkəzi və Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən birlikdə həyata keçirilir. Bir sözlə, ölkələrimiz arasında əməkdaşlıq məkanı çox genişdir.

{nl}

- Dünyada Azərbaycan diasporunun rolu ilbəil artır. Siz Litvadakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz, ona nə arzu etmək istərdiniz?

{nl}

- Mən ilk növbədə öz vətənini unutmamağı və ənənələri qoruyub saxlamağı arzu edərdim.
Litvadakı Azərbaycan icması sosial baxımdan fəaldır və bu, bizi çox sevindirir. Bir necə il bundan əvvəl Litvada Azərbaycan səfirliyinin açılması ölkələrimiz arasında münasibətlərin inkişafına çox kömək etmişdir.

{nl}

Nigar HÜSEYNOVA AzərTAc-ın xüsusi müxbiri
Vilnüs

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında