Danışır forum iştirakçılarış. "Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edir"

Bildiyiniz kimi, iyunun 28-də Bakıda "Rusiya - Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir. Forumun əsas məramı Rusiya Federasiyasının regionları ilə Azərbaycan Respublikası arasında iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq sahəsindəki mövcud əlaqələrin daha da genişləndirilməsi üçün təklif və tövsiyələr hazırlamaq olmuşdur.
Forum Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentləri administrasiyalarının dəstəyi ilə "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondu tərəfindən təşkil olunmuşdur. Forumun işində hər iki ölkənin Prezidentləri Administrasiyalarının, parlamentlərinin, mərkəzi və regional hakimiyyət orqanlarının, elm və təhsil müəssisələrinin, biznes strukturlarının, KİV və QHT-lərin çoxsaylı nümayəndələri iştirak etmişlər. Əməkdaşımız forum iştirakçılarından bir neçəsi ilə görüşərək, onlardan bu önəmli hadisə ilə bağlı fikir və düşüncələrini qəzetimizin oxucuları ilə bölüşdürmələrini xahiş etmişdir.

{nl}

Aqiyə Naxçıvanlı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru:
- Mən bir ziyalı kimi forumun işindən çox razı qaldım. Məlumvat üçün deyim ki, forum çərçivəsində "Rusiya ilə Azərbaycan arasında humanitar sahədəki əməkdaşlığın hazırkı vəziyyəti" mövzusunda təşkil olunmuş "Dəyirmi masa"nın işində fəal iştirak etməyə çalışdım. Yeri gəlmişkən, oradakı çıxışım zamanı bir neçə məsələni xüsusi vurğuladım. Tezis şəklində həmin məqamları yenidən söyləyə bilərəm. Yəqin ki, xatırlayırsınız, 1990-cı illərin əvvəllərində Azərbaycan - Rusiya dövlətləri arasındakı münasibətlər heç də hamar deyildi, əslində, gərgin və mürəkkəb idi. Dahi siyasətçi Heydər Əliyev 1993-cü ilin yayında müstəqil Azərbaycana rəhbərlik etməyə başlayandan sonra, qonşu Rusiya dövləti ilə dostluq münasibətlərinin nizamlanmasında çox mühüm rol oynadı və ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoydu. 2000-ci ildə cənab Vladimir Putinin Rusiya Prezidenti seçilməsi Rusiya-Azərbaycan münasibətlərində yeni dönüş yaratdı. İki ölkənin liderləri zamanın sınağından çıxmış tarixi əlaqələri bərpa etməyə və sabit, mehriban qonşuluq münasibətləri qurmağa nail oldular. Çox fərəhli haldır ki, prezidentlər cənab İlham Əliyev və Vladimir Putin hazırkı dönəmdə bu əlaqələrin daha da gücləndirilməsinə böyük önəm verirlər. Bu dost və qonşu xalqların ziyalılarını, gənclərini, bir sözlə, hər birimizi çox sevindirir. Hazırda Azərbaycanda 120 mindən çox rus yaşayır. Heç kəsə sirr deyil ki, Cənubi Qafqazda rus diasporu ən çox Azərbaycanda özünün etnik identikliyini, mədəniyyətini, dil bənzərsizliyini qoruyub saxlaya bilmişdir. Başqa millətlərin nümayəndələri kimi, ruslar da ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatına sıx inteqrasiya olunublar. Müstəqillik illəri ərzində Azərbaycanda rus dilinin tətbiqi sahəsi məhdudlaşdırmadı, əksinə, daha da genişləndi. Böyük A.S.Puşkinin, L.N.Tolstoyun, A.P.Çexovun qüdrəti təkcə mədəniyyətimizdə deyil, ictimai həyatın, demək olar ki, bütün sahələrində öz mövqelərini qoruyub saxladı. Hazırda rus dilində ölkəmizdə 50-dən çox qəzet və jurnal nəşr edilir ki, bu da sovet dövründə olduğundan bir neçə dəfə çoxdur. Rusiyanın bir çox populyar qəzet və jurnalları Azərbaycan ərazisində sərbəst satılır.
Bu forum çox əlamətdar vaxtda baş tutdu. Belə ki, bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyidir. Sevindirici haldır ki, forumda hər iki ölkənin gənclər təşkilatlarının nümayəndələri fəal iştirak etdilər. Tədbirdə dəfələrlə qeyd olundu ki, Azərbaycan və Rusiya gəncləri arasında əlaqələrin inkişafı yeni meyillərə və innovasiyalara əsaslanır. Gənclər olmayan yerdə hər hansı bir yenilikdən danışmaq olmaz.

{nl}

Yefim Pivovar, Rusiya Dövlət Humanitar Universitetinin rektoru:
- Mən forumun Rusiya tərəfindən moderatoruyam. Məxsusi qeyd etmək istəyirəm ki, bundan əvvəl keçirilən forumlar artıq öz bəhrəsini vermişdir. Bu forumun da uğurla başa çatacağına tamamilə əminəm. Azərbaycan və Rusiya qonşu və dost ölkələrdir, xalqlarımız arasında onillər boyu siyasi-iqtisadi, humanitar sahələrdə sıx əlaqələr formalaşmışdır. Rusiya-Azərbaycan əlaqələrinin genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə son illər Azərbaycanda baş verən sosial-iqtisadi inkişafı diqqətlə izləyirəm. Bu heyratamiz tərəqqiyə Azərbaycanın həqiqi dostlarından biri kimi çox sevinirəm. Demək istəyirəm ki, Azərbaycanın sürətli inkişafı onun şimal qonşusu Rusiyanın da marağındadır. Forumda səslənən bir çox faktlar məni sevindirdi. Belə ki, 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə yarım dəfə artaraq 3 milyard dollara yaxınlaşır. Bu, böyük rəqəmdir. Hər iki dövlətin və xalqın mənafeləri bu iqtisadi əlaqələri daha da genişləndirməyi tələb edir. Rusiyanın böyük regionları var. Onların ayrı-ayrılıqda müstəqil Azərbaycan ilə iqtisadi, ticari əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Yenə konkret rəqəmlər çəkə bilərəm. Məsələn, bu gün Rusiya Federasiyasının 83 subyektindən 70-i Azərbaycan ilə əməkdaşlıq edir. Dağıstan, Tatarıstan, Başqırdıstan respublikalarının ölkənizlə həm iqtisadi, həm də humanitar əlaqələri intensiv xarakter almışdır. Coğrafi cəhətdən Azərbaycana yaxın olan Krasnodar və Stavropol diyarlarının da ölkəniz ilə əlaqələri möhkəmlənmişdir. Moskva və Sankt-Peterburq şəhərlərinin iş adamları Azərbaycan iqtisadiyyatına ciddi maraq göstərirlər. Hər kəsə bəllidir ki, Həştərxan, Volqoqrad, Sverdlovsk, Samara, Rostov, Perm, Çelyabinsk və sair vilayətlərin də Azərbaycan ilə əlaqələri son illər daha da güclənmişdir. Mən forumda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin parlaq çıxışını diqqətlə dinlədim. O xüsusi vurğuladı ki, bu səviyyəli tədbirlərin müntəzəm keçirilməsi prezidentlərimiz İlham Əliyevin və Vladimir Putinin siyasi iradəsi sayəsində mümkün olmuşdur. Hər iki dövlətin rəhbərləri ölkələrimiz arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində, həm siyasi, həm də iqtisadi və mədəni sahələrdə əməkdaşlığın miqyasının genişləndirilməsində maraqlıdırlar. Düşünürəm ki, qarşılıqlı əlaqələrin bu formatı daim dialoq aparmaq və fikir mübadiləsi etmək, iqtisadi və humanitar münasibətlərin perspektivlərini müzakirə etmək, qarşılıqlı fəaliyyətin yeni formalarını birlikdə axtarmaq və tapmaq üçün gözəl imkandır.

{nl}

Sergey Medvedev, Rusiya Federasiyası "Rossotrudniçestvo" İdarəsinin rəis müavini:
- Mən bu forumda iştirakımdan çox məmnunam. Bir məqamı dostlarıma da demişəm, fikrimi sizə də açıqlamaq istəyirəm. O da budur ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin dinamikası intensivdir ki, bu münasibətlər əksər MDB dövlətləri üçün də gözəl nümunə ola bilər.
Biz bilirik ki, Rusiya və Azərbaycan xalqları arasında çoxəsrlik dostluq ənənələri yaranıb, bizim bənzərsiz mədəniyyətlərimiz bir-birinə qarşılıqlı nüfuz edərək zənginləşiblər. Bəllidir ki, ümumi tarix, yüksək humanitar əməkdaşlıq iqtisadi strukturların da uğurlu əməkdaşlığına yol açır. Bütün bunlar strateji tərəfdaşlığın möhkəmlənməsi və durmadan irəliləməsi üçün zəmin yaradır.
Bakı forumunun işi ilə bağlı həm də onu deyə bilərəm ki, regionlararası dialoq təkcə iqtisadi dividendlər gətirməklə məhdudlaşmır, həm də xalqlarımızın daha da yaxınlaşmasına şərait yaradan inteqrasiya elementi kimi çıxış edir. Dinamik inkişaf edən qarşılıqlı ticari-iqtisadi əlaqələr buna sübutdur. Məsələn, son illərdə Rusiya Federasiyası müstəqil Azərbaycana 400 milyon ABŞ dolları məbləğində sərmayə yatırmışdır. Azərbaycan 10 il ərzində Rusiyaya 570 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur. İnvestisiya sahəsində əməkdaşlıq üçün əlavə imkanlar vardır. Bakıda forum iştirakçılarına göstərilmiş qonaqpərvərlikdən çox razıyam. Əslində bütün qonaqlar forumun yüksək səviyyədə təşkilindən çox razıdırlar. Burada açıq və maraqlı fikir mübadiləsi üçün əla şərait yaradılıb. İnanıram ki, forumda aparılan maraqlı və səmərəli diskussiyalar, səslənən yeni ideyalar, əlaqələrimizin daha da inkişaf etdirilməsinə yardım edəcəkdir.

{nl}

Söhbəti qələmə aldı: M.HACIXANLI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında