Şriftin ölçüsü:
10.06.2010 05:02 | Oxunma sayı: 745
Azərbaycandakı Amerika Ticarət Palatasının təşəbbüsü və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin təşkilatçılığı ilə Bakı şəhərinin məktəblərində ekoloji maarifləndirmə tədbirləri keçirilmişdir. Birgə layihə barədə məlumat verən "Ekol Mühəndislik Xidmətləri" QSC-nin baş direktoru Ramil Əliyev bildirdi:
- XXI əsrdə Azərbaycan da ekoloji problem qarşısındadır. Uzun illər Azərbaycanda neft-kimya sənayesinin sovet proqramları əsasında qurulması, ekoloji məsələlərə diqqət yetirilməməsi respublikamızın hava, su hövzələrinin və torpaq sahələrinin çirklənməsinə, ölkəmizin fauna və florasının sürətlə pisləşməsinə, əhalinin sağlamlığının təhlükə altında qalmasına səbəb olmuşdur.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "ekoloji tarazlığın bərpa edilməsi, ekoloji tədbirlərin görülməsi, ətraf mühitin qorunması həmişə beşinci, onuncu dərəcəli məsələ kimi gündəlikdə dayanırdı". Respublika ərazisinin 20 faizinin erməni işğalçıları tərəfindən zəbt edilməsi isə ekoloji vəziyyəti pisləşdirmişdir.
Bütün bu çətinliklərə baxmayaraq hələ sovet rejimi dövründə Azərbaycana rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev bu məsələlərə ciddi diqqət göstərirdi. 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi siyasətçi başqa sahələr kimi ekoloji təhlükəsizlik məsələlərini də nəzarətə götürdü, əhəmiyyətli işlər görülməyə başlandı.
Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin yetirməsi və layiqli davamçısı Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə ekoloji problemlərin həlli dövlət siyasətində yeni bir mərhələyə yüksəldi. Ölkə başçısı 28 sentyabr 2006-cı il tarixli 1697 saylı sərəncamla "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nı təsdiq etdi. Bu mühüm dövlət sənədi çərçivəsində aidiyyəti qurumlar zəruri tədbirlərin həyata keçirilməsinə başladılar. Son dörd ildə bir çox vacib ekoloji məsələlər öz həllini tapdı.
ARDNŞ və onun tabeliyində olan qurumlar da öz sahələrində "Kompleks Tədbirlər Planı"nın icrasına başlamış və bu gün də uğurla davam etdirilir.
Şirkət ekoloji siyasətində respublikamızın ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirməklə yanaşı, ekoloji maarifləndirmə məsələlərinə də geniş yer ayırmışdır. Ümummilli lider Heydər Əliyevin imzaladığı "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanununu əldə rəhbər tutaraq, ARDNŞ ekoloji maarifləndirmə və təbliğat məsələlərinə daha çox diqqət yetirir. Şirkət prezidentinin əmri ilə tədbirlər planı təsdiq edilmiş, ekoloji təbliğat və maarifləndirmə işlərinə start verilmişdir.
Tədbirlər planına ARDNŞ-in əməkdaşları üçün ekologiya üzrə seminarların təşkili, beynəlxalq təşkilatlarla dəyirmi masaların keçirilməsi, məktəblər, məktəbdənkənar müəssisələr və mərkəzlərlə əməkdaşlığın qurulması, uşaqlar üçün açıq dərslərin, ekskursiyaların, iməciliklərin və müsabiqələrin təşkili, keçirilən tədbirlərə ictimaiyyətin, QHT və KİV nümayəndələrinin cəlb olunması kimi məsələlər daxil edilmişdir.
ARDNŞ-in təsisçiliyi ilə yaradılmış "Ekol Mühəndislik Xidmətləri" QSC 2008-ci ilin sonundan bu tədbirlər planında qeyd edilmiş məsələlərin həyata keçirilməsinə başlamışdır.
Ramil Əliyev daha sonra dedi:
- "Ekol Mühəndislik Xidmətləri" QSC üzv olduğu Azərbaycandakı Amerika Ticarət Palatasının təşəbbüsü ilə "Ekologiya ili" çərçivəsində may ayının 12-dən Bakı şəhəri məktəblərində ekoloji maarifləndirmə aparır. İlk tədbirlər paytaxtın Zərifə Əliyeva adına, 20, 23, 6 saylı lisey-məktəblərini və "SOS uşaq kəndi" internat məktəbini əhatə etmişdir. Bu layihə, məktəblilərin mədəniyyətinin, onların dünyagörüşlərinin, düşüncə tərzlərinin və yeni davranış stereotiplərinin ekoloji cəhətdən formalaşmasına yönəldilmişdir. Təqdim olunan əyani materiallarla respublikamızın ekoloji vəziyyəti, problemlərin həlli yolları, ölkəmizin təbii ehtiyatları, alternativ enerji mənbələri, onlardan səmərəli istifadə və digər ekoloji mövzular barədə geniş məlumat verildi. Təqdimatlarda qeyd olundu ki, cəmiyyətin elə bir sahəsi yoxdur ki, orada ekologiyanın prinsip və qaydaları nəzərə alınmasın. Bununla belə, ekoloji tarazlığın vacibliyi hələ tam dərk edilməmiş və lazımı səviyyəyə qaldırılmamışdır. Müxtəlif sosial, maddi-texniki, hüquqi amillərin sırasında ekoloji təhsilin və ekoloji mədəniyyətin aşağı olması təhlükəli ekoloji durumun əsas səbəblərindəndir.
Məktəblilərin diqqətinə çatdırıldı ki, özünün və kainatın sirlərini dərk etməyin sonsuz arzuları ilə yaşayan insan ümumbəşəri dəyərlərdən hesab edilən ekologiya məsələlərinə münasibətində dəyişiklik etməli, ekologiyanın gələcək mənzərəsinin təsvirini verməyi bacarmalıdır. Əminliklə bildirilmişdir ki, ekoloji biliklərin hər bir insana çatdırılması onun cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq həyat fəaliyyətinin bütün sahələrində təbiətə münasibətdə düzgün mövqedə durmasında xüsusi rol oynayacaq. Ekoloji biliklər hər bir kəsin mədəniyyətinin və dünyagörüşünün ayrılmaz hissəsi olacaq. Bu isə cəmiyyətin, xalqın və ölkənin sağlam həyatı deməkdir. Müsahibimiz sonda bildirdi: - 2010-cu ili ölkə Prezidentinin "Ekologiya ili" elan etməsinin əsas məqsədi də ekoloji problemlərin ümumxalq qayğısı olduğunu bütün səviyyələrdə təsbit etməkdir. Bu prosesin həyata keçirilməsi təhsilin bütün pillələrində ekoloji biliklərin mənimsənilməsinə nail olmağı tələb edir.
Məktəblərdə keçirdiyimiz təqdimatları şagird və müəllim heyəti böyük maraqla qarşıladılar. Məktəblilərə cəmiyyətimizin rəmzi hədiyyələri təqdim olundu. "SOS uşaq kəndi" internat məktəbinə isə əlavə olaraq televizor hədiyyə edildi.
Gənclərin ekoloji maarifləndirilməsi, məktəblərlə qarşılıqlı əməkdaşlıq və davamlı ekoloji tədbirlər keçirilməsi "Ekol Mühəndislik Xidmətləri" QSC-nin fəaliyyətinin əsas istiqamətlərindəndir.
{nl}
Söhbəti yazdı: R.TAHİR, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.