Diaspor qurumları Azərbaycanın milli maraqlarına xidmət edir

Asif İsa oğlu Qurbanov Bakı şəhərində doğulub. 1992-ci ildə N.Nərimanov adına 45 nömrəli orta məktəbi bitirib. Türkiyənin İzmir şəhərindəki Doqquz Eylül Üniversitetində ali təhsil alıb, istehsalın idarə edilməsi ixtisasına yiyələnib. Sonra həmin universitetin aspirantura və doktoranturasında təhsilini davam etdirib. İqtisadiiyyat uzrə elmlər doktorudur. Türkiyədə nəşr olunan "Azərbaycanda gəlir bölgüsü" adlı kitabın muəllifidir. Elmi həyatı ilə bərabər "Tural" ticarət şirkətinin sahibi və təsisçisidir. Şirkət Azərbaycan və Türkiyənin ortaq maraqlarının inkişafına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına, qardaşlıq tellərinin möhkəmlənməsinə, Azərbaycan reallıqlarının dunyaya çatdırılmasına çalışır, Turkiyədə təhsil alan tələbələrimizə maddi və mənəvi dəstək verir. Soydaşımız Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. Karate üzrə gara kəmər qazanıb, Azərbaycanı bir sıra yarışlarda təmsil edib. Evlidir. İki övladı var, həyat yoldaşı İzmirdəki Doqquz Eylül Üniversiteti və İzmir İqtisad Üniversitetində tarix müəllimidir.
Türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılıb. Türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamları türk dünyasının birliyinə nə qədər böyük önəm verildiyinin əyani təsdiqidir. İndi bu fikirlər həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Müasir dövrdə xaricdə yaşayan Azərbaycan və türk icmalarının üzərinə düşən başlıca vəzifə bu formula əsaslanaraq, xalqlarımızın mənafeləri naminə qarşılıqlı əməkdaşlığımızı daha da genişləndirməkdən ibarətdir. Dünya Azərbaycanlıları Konqresinin sədr müavini Asif Qurbanovla söhbətimiz də bu barədədir.
- Türkiyədə nə vaxtdan yaşayırsınız? Bu qardaş ölkədə, o cumlədən İzmirdə Azərbaycanı lazımınca tanıda bilirsinizmi?
- 20 ildir İzmirdə yaşayıram. Diaspor fəaliyətimizə 1995-ci ildə başladıq. İlk dəfə İzmirdə Novruz Bayramı şənliklərinin təşkilatçılığı mənim üzərimə düşdü. Bizi Türkiyədə Novruz Bayramında insanların bir-birinə daş atması təəccubləndirmişdi. Bəzi böyüklərimizin də köməyi ilə əslində belə bir məsələ olmadığını və bu bayramın Bahar Bayramı olduğunu və Türk dünyasında da qeyd edildiyini dedik. Bu söhbətlərdən sonra İzmirdə fəaliyyət göstərən üniversitetlerdə bayram tədbirlərinin keçirilməsinə qərar verdik. Şənliklərə icra hakimiyətinin numayəndələri də qatıldılar və bu işə çox böyuk yardımçı oldular. Təşkilat komitəsi yaradıldı, sədrlik də mənə həvalə edildi. Ən büyük köməyi də icra hakimiyəti aparatında məsul vəzifə tutan Fadıl Ünaldan aldıq. Bir həftə İzmirin bir çox vacib yerlərində - şəhərin mərkəzində, tarixi yerlərdə Novruzun gerçək üzünü, tariximizə bağlılığını insanlara göstərdik. Kosanı, Keçəli tanıtdıq, paxlavanın, şəkərburanın dadını insanlara tanıtdıq. Yeri gəlmişkən, İzmirdə keçirilən bu ilk Novruz şənliyinə dəstəyi olan, o zaman şəhərin icra başcısı postunu tutan hörmətli Kutlu Aktaşa (sonra o,Türkiyənin daxili işlər naziri oldu), tələbə dostlarımız Akifə, Fərhada, Gülnarəyə, Aidəyə, Mehriyə və adlarını çəkə bilmədiyim onlarca vətənsevər dostlarımıza təşəkkür etmək istərdim. Fəaliyyətimiz gözəl başladı, böyük rəğbətlə qarşılandı və bizi çox həvəsləndirdi. Bundan sonra digər işlərimizə də yol açıldı. İzmirdə bu illər ərzində mitinq, seminar, konfrans, şənlik şəklində Azərbaycanımızın ağrılı ve sevinçli günlərini tanıtmağa çalışdıq. Bu gün Türkiyədə Azərbaycanla bağlı ən geniş fəaliyyətin İzmir şəhərində olduğunu deyə bilərik. Xususilə son illərdə Xocalı soyqırımı günlərində bütün Türkiyədə olduğu kimi, İzmirdə də böyük aksiyalar keçirilmişdir.
- İzmirdəki diasporumuzun həmrəyliyi hansı səviyyədədir?
- Qloballaşan dünyanın müasir reallıqları bütün türk xalqlarının qarşısında mühüm və taleyüklü vəzifələr qoymuşdur. Dövlətlər və xalqlar arasında gedən inteqrasiya prosesləri, planetin siyasi mənzərəsində baş vermiş dəyişikliklər bəşər sivilizasiyasının yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Türk dünyasının bu mürəkkəb və ziddiyyətli mərhələdən müvəffəqiyyətlə çıxması eyni tarixi köklərə malik olan xalqlarımız arasında birliyin və həmrəyliyin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu sahədə bütün türk dövlətlərinin səyləri artmaqda, xüsusilə də tarixi müttəfiqlik xarakteri daşıyan Azərbaycan-Türkiyə münasibətləri yeni dünyanın tələblərinə uyğun olaraq günü-gündən möhkəmlənməkdədir. Çoxəsrlik dil, din, qan qardaşlığına, ortaq etno-mədəni dəyərlərə söykənən bu münasibətlər ölkələrimizin qloballaşan dünyaya inteqrasiyasının ən mühüm dayaqlarından birini təşkil edir. Sovetlər İttifaqının süqutu nəticəsində dünyanın siyasi düzənində baş vermiş dəyişikliklərdən sonra Azərbaycan və Türkiyə arasında ictimai-siyasi və iqtisadi həyatın bütün sahələrində dostluq, əməkdaşlıq münasibətləri daha da dərinləşərək, yüksək inkişaf səviyyəsinə qədəm qoymuşdur. Ölkələrimiz regionda həyata keçirilən qlobal iqtisadi layihələrdə strateji tərəfdaş olmaqla yanaşı, bölgədə sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi ilə bağlı məsələlərdə də eyni mövqedən çıxış edir. Azərbaycan və Türkiyənin ortaq milli maraqları xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına təkan verir.
Diasporumuzun fəaliyyəti və soydaşlarımız arasındakı munasibətlər enişli-yoxuşludur. Dövlətçiliklə bağlı və milli məsələlərdə möhkəm birlik var, belə tədbirlər birlikdə düzənlənir, bəzi dönəmlərdə isə fikir ayrılıqları qalmaqdadır. Dörd milyonluq İzmir şəhərində iki ayrı Azərbaycan dərnəyinin olması, əslində, çox normaldır. Bəzən iki ayrı dərnəyin olması faydalı rəqabət yaradır, tədbirlərin sayı artırmaqla yanaşı, həm də keyfiyyəti yüksəldir. Diasporla iş üzrə komitədən də istəyimiz bu olardı ki, burada fəaliyyət göstərən bütün dərnəklərlə eyni səviyyədə munasibət qursunlar. Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış xalqımızın haqq səsinin dünyaya çatdırılması, Dağlıq Qarabağ probleminin ədalətli həllinə kömək bizim hər birimizin ümdə vəzifəmizdir.
- "İzmir - Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyi" ilə əlaqələriniz haqqında nə deyərdiniz?
- Hər bir Azərbaycan adını daşıyan dərnək ilə əlaqələrimiz necədirsə, bu qurumla da əlaqəmiz önəmli bir səviyyədədir. Bu dərnəklərin hər biri, bayaq dediyim kimi, Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi naminə çalışdıqları üçün onların hər birınə Azərbaycanın bir parçası kimi baxırıq. Azərbaycan adını daşıyan, onun haqq işinə dəstək olan hər bir toplum ilə yalnız yaxşı münasibət olmalıdır.
- Turk mətbuatında Azərbaycanla bağlı yazılar verilməsində sizin üzərinizə mühüm vəzifə düşür...
- Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın müstəsna rolu var. Dünya arenasında diaspor təşkilatlarımızın fəaliyyətinin daha dolğun olması üçün onların yaşadıqları ölkələrin media qurumları ilə sıx əlaqəsi önəmli məsələlərdəndir. Qloballaşan informasiya müharibəsində qalib gəlmək ən güclü və ciddi nəticələr verən bir vasitədir. Lobbiçilik işinin daha da səmərəli olması üçün diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkənin media qurumları ilə yaxınlıq çox vacibdir. Azərbaycanlı jurnalistlərin xarici qəzet və jurnallar üçün yazması, tələbələrin təhsil aldıqları ölkənin media qurumlarında staj keçməsinə nail olunması önəmlidir.
Bizdə bu barədə işlər hələ zəifdir və görülən işlərdə medianın rolu da yuksək deyil. Media ilə işləyən mərkəzimiz yoxdur. Sadəcə, hər kəs şəxsi münasibətlərindən faydalanaraq Azərbaycan ilə əlaqəli xəbərləri mətbuatda verdirə bilir. Burada onsuz da Azərbaycanı hər kəs tanıyır deyərək, ölkəmiz barədə xəbərlərə az yer ayırırlar. Ümumilikdə götürdükdə isə artıq dunyanın demək olar ki, butun ölkələrində TV-lərdə şou xarakterli verilşlər daha çoxdur. İnformasiya müharibəsində qalib gəlmək üçün dünyanın nüfüzlu media qurumlarında azərbaycanlı jurnalistlərin təmsil olunması müasir dövrümüzdə diplomatların, iqtisadçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.
- Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işləri görürsünüz və hansı planlarınız var?
- Mən Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədr muaviniyəm. DAK-ların iki yerə bölündüyünü bilirsiz, onlarınbirləşməsi uçun çox əmək sərf etdik. Birləşmə bu il alınmadı, çünkü bəzi güvvələr var ki, sərbəst deyillər. Bəziləri diaspora təşkilatlarımıza Azərbaycana deyil, bəzi dairələrə xidmət üçün gəlmişlər. Bunun üçün də zaman lazımdır və birləşmə də olacaq. Diaspor təşkilatlarımız zaman keçdikcə tam formalaşacaq, vacib olan odur ki, əsl xidmət üçün insanları bu təşkilatlara gətirə biləsən. Başqa niyyətlərlə təşkilatlara gələn insanlar zaman keçdikcə getməyə məcbur olacaqlar. Birləşmənin əleyhinə olan insanları isə tarix bağışlamayacaq.
Mən Belçikada ( 27-29 aprel 2012-ci il) DAK-ların birləşmə qurultayında oldum. İki ayrı DAK və əvvəllər diaspor xidməti olanlar bir araya gəldik. Yuksək səviyyədə keçən tədbirin sonunda böyük birləşmə yaşandı. Azərbaycan diasporu qazandı, istəməyənlər üzüldü. Yenidən DAK İdarə Heyətinə seçildim. Davamında Ankarada Belnəlxalq Güney Azərbaycan Forumunda iştirak etdim. Forum çox faydalı oldu və Güneydə yaşayan soydaşlarımızın problemlərindən və həlli yollarından danışıldı. Oradakı soydaşlarımızın ana dilində təhsili, mədəni haqları, media vasitələri yoxdur. Davamlı olaraq basqı altında yaşayırlar. Qlobal dünya artıq belə ölkə siyasətinə yer vermir. Orada soydaşlarımızın insan haqlarının qorunması üçün hələ çox işlər aparılmalıdır.
Dünya azərbaycanlılarının hazırda bir müstəqil dövləti var, o da Azərbaycan Respublikasıdir. Prezident İlham Əliyev Dunya Azərbaycanlılarının qurultayında çıxışında dünyada 50 milyondan çox soydaşımızın yaşadığını qeyd etmişdir. Müstəqil cümhuriyətimizdə 9 milyon, digər dünya ölkələrində 41 milyon nəfər soydaşımız yaşamaqdadır. Bunun 30 milyonu Güney Azərbaycanda yaşamaqdadır. DAK-ın əsas vəzifələrindən biri də Güney Azərbaycanda yaşayan soydaşlarımızın huquqlarının qorunmasına, təhsil və mədəni haqlarının tanınmasına çalışmaqdır. Zaman isə Azərbaycanın xeyrinə işləyir. İstədiyimiz nəticələri əldə etmək üçün bizlər - xaricdə yaşayan azərbaycanlılar fəaliyyətimizi daha da artırmalıyıq.
- Diasporumuzun təbliğat işində, sizcə, çatışmayan nələrdir?
- Diaspor işindən tam razı olmasam da, deməliyəm ki, böyük işlər görülüb. Diaspor təşkilatları sərbəst olmalıdır. Onların işinə müdaxilə olmamalıdır. Çünkü diaspor təşkilatlarımız fərqli ölkələrdə yerləşir. Onlara eyni şəkildə hərəkət etmələrini demək düzgün olmaz. Çünki hər ölkədə yerləşən təşkilat hər istəyə fərqli cavab verir. Bu təşkilatlar özləri doğru yollarını tapacaqlar.
Qondarma erməni soyqırımı ilə bağlı xəbərlər beynəlxalq mediada tez-tez səslənir. Bu, erməni diasporunun bilavasitə fəaliyyətindən irəli gəlir. Onlar üçün əsas məsələ sadəcə "armenian genocide" söz birləşməsinin hallanmasıdır. Bu, erməni diasporunun xarici media ilə münasibətində aparıcı mövqedir.
- Ermənilərin bu cür fəaliyyətlərinin qarşısının alınmasında diasporumuz hansı addımları atmalıdır?
- Erməni diasporunu yaxşı tanımaq, onun strategiyasını dərindən öyrənmək və bilmək lazımdır. Onda biz strateji planlarımızı da lazımı səvıyyədə qura biləcəyik. Bu gün dünyada "erməni soyqırımı" yalanını ikrah hissi ilə qarşılayanlar getdikcə çoxalır. Azərbaycanın enerji ehtiyatları Türkiyə vasitəsilə dünya bazarına çıxarılır. Əgər Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmasaydı, iri regional layihələr onların ölkəsindən keçərdi. Ermənistan və erməni xalqı bunu görməlidirlər, əgər görmürlərsə, deməli, onlar dəyişən dünyaya qara pəncərədən baxırlar. İrəvan öz ampluasındadır və yüz il bundan öncə uydurulan, mənasız ideologiyanı rəsmi siyasətlərinə gətiriblər. Bu gün Ermənistan hakimiyyətinin tutduğu siyasi yol ona uçurum, faciələr bəxş etməkdədir. Biz də bu yalana qarşı səfərbər olmalı, gerçəklikləri, o cumlədən bəşəriyyəti dəhşətə sala biləcək qanlı faciənı- Xocalı soyqırımını dünyaya tanıtmalıyıq. Bu sahədə qlobal işlərə artıq start da verilib. Ermənilər yalanları barəsində saysız-hesabsız kitablar yazmışlar. Biz də qan və faciə dolu həqiqətlərimizi ortaya qoyan və dünyaya həqiqi bilgilər verən informasiyaları lazımı unvanlarına çatdırmalıyıq. Xocalı soyqırımı haqqında daha çox öz portallarımızda, media vasitələrimizdə rast gəlirik. Beynəlxalq informasiya, media , TV vasitələtələrindən geniş istifadə yollarını axtarmalıyıq. Qondarma erməni soyqırımı haqqında bir çox portallar yazır. Bunların müəyyən hissəsi ermənlərə aid olsa da, çox hissəsi digər dövlətlərin media portalları və ya forumlarıdır. Dünyanın məşhur aktyorlarının belə yer alacağı, Dağlıq Qarabağ gerçəyini ortaya qoyan film çəkməliyik. Görmək istədiklərimiz çoxdur.
- Milli həmrəyliyin yaranmasına və möhkəmlənməsinə öz çevrənizdə nə dərəcədə nail ola bilmisiniz?
- Bilirsiz, həmrəylik məsələsi, mustəqilliyimizin yaşı qədərdir - 20 il. Uşaq oldu, 10 il, 15 il yaşadı , indi 20-ci ilini yaşayır, Daha sonra 30 yaş var, 40 yaş var... Məncə, böyuk faydanı 30-35 yaşdan sonra gözləmək doğru olardı. Bir tələbə üniversitetdə oxuyur və 10 dərsin 8-dən keçir. Deyirik kaş 10-dan keçə idi, amma gücü buna yetir. Bu da yaxşı göstəricidir. Şirkət var ki, keçən il 1 milyon dollarlıq ixracat edib, bu il hədəfi 1,5 milyon dollar idi, ancaq 1,2 milyon dollar ixracat edə bildi. Hədəfinə 100 faiz çata bilmədi, amma yenə də əvvəlki illərdən artıq nəticə göstərdi. Yəni inkişaf var. Eyni ilə bizim diaspor fəaliyyətimizdə də bu addımlar muşahidə olunur. Bu inkişafın hərəkətverici quvvəsi var: AZƏRBAYCAN DÖVLƏTİ! Azərbaycan həm ərazisinə, həm əhalisinin sayına, həm iqtisadiyyatına, həm də bölgədəki təbii-coğrafi qaynaqlarına və geosiyasi üstünlüklərinə görə Cənubi Qafqazın ən böyük dövlətidir. Cənubi Qafqazda orta hesabla 60 milyard dollara yaxın ümumi daxili məhsul istehsal edən yeganə ölkə Azərbaycandır. Əhalinin gəlirinə görə də Azərbaycan Cənubi Qafqazın ən öndə gedən ölkəsidir. Cənubi Qafqazın ümumi iqtisadi resurslarının təxminən 70 faizi ölkəmizdədir, bütün enerji qaynaqları üzrə ən zəngin ölkə də Azərbaycandır. Azərbaycanın 30-50 ilə çatacaq neft ehtiyatı, 120 ilə çatacaq təbii qaz ehtiyatı var. Azərbaycanın yalnız neft və qazdan olan gəlirlərinin ildə 30-35 milyard dollar olduğunu nəzərə alsaq, 100 il ərzində böyük vəsait edir.
- Bəs hansı çətinlikləriniz var?
- Çətinliklər var: mənəvi, maddi... Mən çətinliklərin və problemlərin media vasitəsi ilə çatdırılmasının tərəfdarı deyiləm. Bu işlərin irəliyə getməsini istəyən qurumlarla və ya şəxslərlə birgə çalışmağın faydalı olacağına inanan və gələcəyə böyuk inamla baxan bir insanam. Düşüncələrimin diaspor hərəkatı üçün faydalı olacağına böyük ümidlərim var.

{nl}

Namiq QƏDİMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında