Günter Verheugen: Azərbaycan artıq Avropanın ən yüksək potensiala malik olan strateji tərəfdaşıdır

Tanınmış almaniyalı siyasi xadim Günter Verheugen 2004-cü ilədək Avropa Komissiyasında çalışmış, Avropa İttifaqının genişlənməsi məsələsi ilə məşğul olmuşdur. O, 2004-cü ildən 2010-cu ilədək isə Avropa İttifaqının sənayeyə məsul olan komissarı vəzifəsində işləmiş, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti olmuşdur. 
Bakıda səfərdə olan Günter Verheugen Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc-a) məxsusi müsahibə vermişdir.
Müsahibəni təqdim edirik.
- Cənab Verheugen, Sizi Avropa İttifaqının genişləndirilməsi prosesinin fəal tərəfdarı, bu işi ürəkdən istəyən siyasi xadim kimi tanıyırıq. Siz bu prosesin gələcəyini necə görürsünüz, yaxın perspektivdə üzvlük məsələsində hansı ölkələri daha şanslı hesab edirsiniz? Bu kontekstdə Azərbaycan-Avropa İttifaqı əlaqələrini necə dəyərləndirirsiniz?
- Mən uzun müddət Avropa İttifaqına (Aİ) qəbul üzrə danışıqlara məsul komissar vəzifəsində çalışmışam və bu sahədə təcrübəm vardır. Hazırda genişlənmə Aİ-nin gündəliyində olan bir məsələ deyildir. Çünki bildiyiniz kimi, Aİ-də hazırda çox ciddi maliyyə-iqtisadi böhran müşahidə olunur. Lakin bu vəziyyət dəyişəcəkdir və yeni imkanlar yaranacaqdır. Biz Avropa müqaviləsindəki prinsipə əsaslanmalıyıq. Bu prinsiplərdən ən vacibi "açıq qapı" prinsipidir. Bu, o deməkdir ki, bu məsələdə heç bir ölkə üçün istisna yoxdur. Aİ-ni dünyadan ayıracaq yeni sərhədlərin yaranmasını qəbul edə bilmərik.
Xorvatiya gələn il Aİ-yə üzv olacaqdır. Bundan başqa, hazırda Aİ-yə üzvlüklə bağlı Türkiyə və İslandiya ilə də danışıqlar aparılır. Türkiyə ilə danışıqlar daha çətin, mürəkkəb xarakter daşıyır, İslandiya ilə isə daha yüngül. Mənim fikrimcə, danışıqların aparılacağı növbəti ölkələr Makedoniya və Monteneqro olacaqdır.
Azərbaycana gəldikdə isə qeyd etmək istərdim ki, sizin ölkə Avropa qonşuluq siyasətinin tərkib hissəsidir və "Şərq tərəfdaşlığı" proqramının fəal iştirakçısıdır. 2003-2004-cü illərdə mən qonşuluq siyasəti üzərində işləyərkən düşünürdüm ki, bu siyasət üzvlüyü əvəz edən alət deyil, məhz üzvlüyə hazırlıq prosesi olmalıdır. Mən hələ də bu fikirdəyəm.
Zənnimcə, Brüsseldə anlamalıdırlar ki, Azərbaycan Avropanın ayrılmaz tərkib hissəsidir və üzv olmaq istədiyi halda Azərbaycana da tam ədalətli şəkildə üzvlük hüququ verilməlidir.
Təbii ki, bu proses bir neçə gün ərzində baş verə bilməz. Buna vaxt lazımdır. Lakin öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, üzvlük transformasiya dövrünü yaşayan ölkə üçün çox böyük bir stimuldur.
- Avropa İttifaqı münaqişələrin həllində fəal rol oynayır. Sizcə Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə necə töhfə verə bilər?
- Avropa İttifaqı münaqişənin həll olunması prosesinə töhfə verə bilər. Lakin bunun üçün Avropa İttifaqının münaqişəni həll etmək üçün vahid bir mövqeyə malik olması vacibdir. Bildiyimə görə, Avropa İttifaqında bu məsələyə dair ümumi bir fikir yoxdur. Mən inanıram ki, Avropa İttifaqının bütün 27 üzv dövləti məsləhətləşmələr nəticəsində vahid bir mövqeyə gəlsələr və öz nüfuzundan, siyasi potensialından istifadə etsələr, münaqişənin həlli prosesində dəyişiklik baş verə bilər. Lakin təəssüflər olsun ki, hazırda biz bunu müşahidə etmirik. Avropa İttifaqının əksər üzv ölkələri münaqişə üzrə açıq-aydın prinsipial bir mövqedən çıxış etmir, demək olar ki, münaqişə prosesini sadəcə izləyirlər.
Mən "dondurulmuş münaqişələr" konsepsiyası ifadəsinə inanmıram. Bu konsepsiyanın tərəfdarı deyiləm. Mənim fikrimcə, münaqişə ya baş verir, ya mövcuddur, ya da ki, həll olunmur. Mən açıq etiraf edir, hətta utanıram ki, münaqişə bu günədək həll olunmayıb və bu məsələdə Avropa İttifaqının vahid mövqeyi mövcud deyildir.
- Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Siz bu rolu necə qiymətləndirirsiniz?
- Bu, çox vacib bir sualdır. Çünki burada nəzərə çarpacaq dərəcədə dəyişiklik olub. Mən Brüsseldə olduğum zaman Azərbaycana münasibət başqa cür idi. Brüsseldə Azərbaycanı heç kim strateji tərəfdaş kimi qəbul etmirdi. Lakin son bir neçə il ərzində baş vermiş mühüm strateji dəyişiklik nəticəsində Azərbaycan artıq Avropanın etibarlı strateji tərəfdaşı kimi çıxış edir. Azərbaycan artıq Avropanın ən yüksək potensiala malik olan strateji tərəfdaşıdır. Keçən il Avropa Komissiyası sədrinin Azərbaycana səfəri və bu yaxınlarda Şuranın sədrinin edəcəyi səfər Brüsselin Azərbaycana olan marağının sübutudur.
Azərbaycan zəngin təbii ehtiyatlara malik ölkədir. Lakin Azərbaycanın vacib ölkə olması təkcə bu amilə əsaslanmır. Azərbaycan regionda mühüm rol oynayan bir ölkədir. Çünki Azərbaycanın siyasi sabitliyi və iqtisadi inkişafı çox vacib göstəricilərdir. Mən bu amilləri xüsusi vurğulamaq istərdim.
- Avropa Şurası Parlament Assambleyasının yay sessiyasının gündəliyi açıqlanmışdır. Sessiyada Avropada iqtisadi, siyasi və demokratik böhran, populist ekstremizmin və onun demokratiya üçün təhlükəsi məsələləri müzakirə olunacaqdır. Avropanı təhlükəli çağırışların təhdid etdiyi bir şəraitdə Almaniyanın bəzi siyasi dairələri, Bundestaqın deputatları, kütləvi informasiya vasitələri guya Azərbaycanda insan hüquqlarının pozulması barədə qərəzli kampaniya aparırlar. Azərbaycanda Ermənistan tərəfindən hüquqları pozulmuş 1 milyondan çox qaçqın və məcburi köçkün vardır. 20 ildir ki, bu barədə susan almaniyalı deputatlar indi Azərbaycanda guya insan hüquqlarının pozulmasından danışırlar. Bu ikili standart Azərbaycan ictimaiyyətində ciddi etirazlar doğurur. Kifayət qədər təcrübəli siyasi xadim kimi sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.
- İlk növbədə, demək istərdim ki, bu kampaniya başlayanda çox təəccübləndim. Açığı, mən bunu gözləmirdim. Zənnimcə, bu kampaniya Azərbaycanda keçirilmiş "Eurovision" mahnı müsabiqəsi ilə bağlıdır. Qeyd etməliyəm ki, dünyanın istənilən ölkəsində problemlər, zəif məqamlar mövcuddur. Avropanın istənilən ölkəsində, o cümlədən İsveçdə, Norveçdə və hətta Almaniyada bu problemlər vardır. İdeal bir ölkə mövcud deyildir. Hesab edirəm ki, ölkə üzrə məlumat verdikdə bütün məqamlar nəzərə alınmalıdır. Sırf tənqidlər yox, həmçinin digər sahələrə də fikir verməlidirlər. Ölkənin strateji inkişaf kursu nəzərə alınmalıdır. Buna görə demək istərdim ki, Azərbaycana qarşı aparılan bu kampaniya ədalətli deyildir. Azərbaycana tövsiyəm budur ki, bu deyilənlərə o qədər də çox reaksiya verməsin. Burada əsas məqsəd Avropada, dünyada Azərbaycan haqqında həqiqi bilikləri artırmaqdır. Hazırkı səfərimiz bu prosesdə ilk addım olsa da çox vacibdir. Qrupumuzun tərkibində Almaniyanın nüfuzlu siyasi, iqtisadi və ictimai xadimləri vardır. Biz belə bir fikrə gəldik ki, Azərbaycanda vəziyyət tamamilə başqa cürdür. Biz mətbuatda çaxnaşma xarakterli xəbər alırdıq. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan barədə həqiqətlər dünyaya çatdırılmalıdır.
- Azərbaycanda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi barədə fikirlərinizi bilmək istərdik.
- "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda uğurla keçirilməsi ölkənizin dünyada tanınması, onun mədəniyyətinin beynəlxalq aləmdə təbliği üçün çox vacib idi. Əslində "Eurovision"da səslənən mahnılara çox fikir vermirəm. Lakin Azərbaycanın milli musiqilərini, xüsusən də muğamını çox sevdim. Düşünürəm ki, muğam dünyada daha çox təbliğ olunmalıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında