Natəvan ŞEYXOVA: Dördüncü yerə çıxmağımız özü də bir qələbədir

"Eurovision 2012" mahnı müsabiqəsi sona çatsa da, hələ də istər ictimaiyyətdə, istərsə də musiqisevərlər arasında yarışla bağlı fikir və təəssüratlar bitmək bilmir. Yarımfinalda və finalda təqdim edilən möhtəşəm şou, işıqlandırma və səhnə tərtibatı, açılış və bağlanışdakı kompozisiyalar, bir sözlə; düşünülmüş hər bir detal yarışmanın yaddaqalan və dolğun təəssürat yaratması üçün xüsusi seçilirdi. Bu baxımdan Bakının ev sahibliyi etdiyi "Eurovision" yarışmasının keçirilməsi, təmsilçimiz Səbinə Babayevanın çıxışı və bu yarışmanın ölkəmiz və mədəniyyətimizin inkişafı üçün verdiyi töhfələr barədə ətraflı fikir öyrənmək üçün tanınmış müğənni, xalq artisti Natəvan Şeyxova ilə söhbətləşdik.
- Natəvan xanım, bu yaxınlarda Bakının ev sahibliyi etdiyi "Eurovision" yarışması başa çatdı və musiqisevərlər tərəfindən musiqi bayramı kimi qarşılandı. Siz həm də bu ilki yarışda münsif idiniz. İstərdim, ilk seçimlər, yarışa hazırlıq və indiyə kimi Azərbaycanın "Eurovision"da çıxışlarından danışasınız.
- Bu il ölkəmizi "Eurovision"da təmsil etmək üçün seçim turunda hardasa 120 nəfər gənc ifaçı müraciət etmişdi. Biz münsiflər heyəti olaraq, onlardan 70-ə yaxın iştirakçını seçim turunda bəyənib seçdik. Onlar həqiqətən qabiliyyətli və istedadlı uşaqlar idilər. Bilirsiniz ki, ilk dəfə olaraq, Azərbaycan 2008-ci ildə yarışmada iştirak etmək üçün elan verdi. İlk ili bu yarışma barədə gənclər arasında o qədər də bilgi yox idi, həvəs az idi. Ona görə də ilk dəfə bu müsabiqədə 30 nəfər gənc iştirak etmək istəyirdi. Onlar arasında Səbinə Babayeva də var idi. Ancaq təəssüflər olsun ki, onu seçmədilər. O, heç onluğa da düşmədi. Ancaq o, əla oxuyurdu. Həmin ili ilk dəfə çıxış etdiyimizə görə maraqlı çıxış və şou göstərmək istəyirdik. İlk ildə seçilən Samir və Elnur müsabiqədə iştirak etdilər və 8-ci yerə çıxdılar. Bu, ilk dəfə yarışa qatılan ölkə - Azərbaycan üçün böyük uğur idi. Növbəti ildə Aysel Teymurzadənin Araşla çıxışı, Səfurə Əlizadənin ifası ölkəmiz üçün yaxşı nəticələr bəxş etdi. Eldar və Nigar Camalın Düsseldorfda keçirilən yarışmada birincilik qazanması isə bizim üçün əsl bayram və sevinc oldu. Dünyada isə sensasiya olaraq qiymətləndirildi. Çünki "Eurovision" tarixində heç kim sürətli addımlarla qısa vaxtda belə yaxşı nəticələr əldə etməyib.
- Azərbaycanı builki "Eurovision" müsabiqəsində təmsil edən Səbinə Babayevanın ifasını necə qiymətləndirirsiniz?
- Səbinə Babayeva mənim tələbəm olub. Asəf Zeynallı adına Musiqi Məktəbində mənim sinfimdə oxuyub. 2006-cı ildə Səbinə həmin məktəbi bitirib. O, əvvəldən elə istedadlı idi. Səbinə məsuliyyətli, fəal və qabiliyyətli ifaçıdır. O, nə istədiyini bilirdi, istəyirdi ki, o, əsl müğənni olsun. Sevindirici haldır ki, Səbinə musiqi məktəbini bitirəndən sonra bir sıra nüfuzlu beynəlxalq musiqi müsabiqələrində iştirak etməyə başladı. İndiyə kimi beynəlxalq müsabiqələrdən iki "Qran Pri" qazanıb. Bir sözlə; o, bu müddət ərzində hər bir addımıyla qarşısına qoyduğu məqsədə doğru addımladı. Bu il Səbinə Babayevanın seçim turlarında qalib gəlməsi və ölkəmizi bu yarışda təmsil etməsini ədalətin təntənəsi sayıram. Nəhayət ki, bu istedadlı gənc qız öz məqsədinə çatdı. Çünki digər illərdə seçim turlarında iştirak etsə də, seçilməmişdi. Səbinə auditoriyanı duymağı bacarır. Bu isə o deməkdir ki, onun auditoriya ilə ünsiyyət baxımından artıq təcrübəsi var. Tamaşaçı çox olduqda bir sıra müğənnilər, ifaçılar özlərini itirirlər. Ancaq Səbinə özünü səhnədə sakit və yaxşı hiss edir, hesab edirəm ki, o, Azərbaycanı bu il yarışda layiqincə təmsil etdi. Onun dördüncü yer qazanması Azərbaycan üçün bir qələbədir. Mən bunu qələbə sayıram. Çünki, adətən, bir ölkə birinci yer qazananda növbəti il həmin ölkənin iştirakına maraq zəifləyir, az səs verirlər. Ancaq bu il Səbinənin ifa etdiyi "When the music dies" mahnısına verilən səslərin çoxluğu ölkəmizi dördüncü yerə çıxardı. Bu böyük uğurdur.
- Bəs "Eurovision 2012"-in qalibi Lorinin ifası, vokal imkanları barədə nə deyə bilərsiz?
- Həqiqətən yarışmadan öncə də internet saytlarında onun ifası barəsində yazır, bu ifaçıya ümidlərin olduğu qeyd edilirdi. Onun vokal imkanlarını, ifasını bəyəndim. Bəyəndiyim ifalar arasında Yunanıstan, İspaniyanın çıxışları da vardı. Onların da təmsilçiləri xoşuma gəldi. Yunan təmsilçisi təkcə yaxşı oxumurdu, səhnədə mahnıya uyğun hərəkətlər edirdi. Təəssüf ki, bəyəndiyim Gürcüstan ifaçısı finala çıxa bilmədi. İngiltərəni təmsil edən yaşlı müğənni Engelbert Hamperdink isə həqiqətən peşəkar müğənnidir, öz çıxışı ilə digər gənc iştirakçılara ustad dərsi keçdi. Fikirləşirəm ki, o da layiqli yer tutmalıydı. Ancaq o, gərək gənclərlə yarışmaya qatılmaqdansa, fəxri qonaq kimi müsabiqəyə qatılardı. Ona görə ki, bütün titulları qazanıb, dünya onu tanıyır. Builki yarışda maraqlı ifaçılar çox idi.
- Bu il "Eurovision" kimi populyar yarışmanın Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti nə oldu?
- Ölkəmizin belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi həqiqətən sevindirici və qürurverici haldır. Mən əcnəbi musiqisevərlərin, iştirakçı və turistlərin də fikirlərini televiziyada izlədim. Onlar şəhərimizdəki qonaqpərvərlik və insanların mehribanlığından çox xoş olduqlarını söylədilər. Mədəniyyətimizi, milli mətbəximizi bəyəndiklərini bildirdilər. Bunları eşitmək həqiqətən xoşdur. Bakı ilə tanış olan və müsbət təəssüratlar yaşayan əcnəbi qonaqlar, yəqin ki, növbəti illərdə də Azərbaycana səfər edəcəklər. Artıq ölkələrinə qayıdanda Azərbaycan barədə maraqlanan şəxslərə ətraflı danışa biləcəklər. Sözsüz ki, yarışmanın bu cür maraqlı və yüksək səviyyədə təşkil edilməsində və qısa müddətdə möhtəşəm Bakı Kristal Zalının istifadəyə verilməsində Cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu böyükdür. Hər kəs etiraf edir ki, "Eurovision" tarixində hələ belə möhtəşəm və daha çox izlənilən yarış olmayıb. Buna ancaq sevinmək olar. Hər halda bu, bir həqiqətdir ki, 57-ci "Eurovision" yarışması maraqlı anlarla tarixə düşdü.

{nl}

Müsahibəni qələmə aldı: Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında