Müsahibimiz Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovdur
{nl}
- Siyavuş müəllim, bugünlərdə NATO Parlament Assambleyasının yaz sessiyası keçirildi. Azərbaycan nümayəndə heyətinin üzvü kimi bu sessiyada iştirak etmisiniz. İstərdik, tədbir haqqında ətraflı məlumat verəsiniz...
- Bildiyiniz kimi, NATO PA-nn yaz sessiyası Estoniyanın paytaxtı Tallin şəhərində keçirildi. Sessiya zamanı qurumun komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələlərinə diqqət yetirilib. Çikaqo sammitindən sonra NATO-da siyasi aspektlər, müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub. İclaslarda "Ərəb baharı: Avro-atlantik təhlükəsizlik üçün gələcək təsirlər", "Şimali Afrikada inqilabların möhkəmləndirilməsi", "Əfqanıstan: 2014-cü ilə doğru və ondan sonra", "Avro böhranının mənbələri və gələcək təsirləri" və digər mövzulara həsr olunmuş məruzə layihələri dinlənilib. Yaz sessiyasında Fars körfəzində təhlükəsizlik, Rusiyada gedən proseslərin daxili və xarici siyasətə təsirləri, Aralıq dənizi hövzəsində miqrasiya məsələləri, Əfqanıstanda narkotiklə mübarizə, kiber təhlükəsizliyin tənzimlənməsi, nüvə enerjisi, dəniz quldurluğu problemi və pilotsuz hava nəqliyyatı barədə məsələlərə də baxılıb. O cümlədən, sessiyada atom enerjisi, ümimi təhlükəsizlik sistemi, NATO-ya daxil olan ölkələrin daha yeni müdafiə sisteminin yaradılması və digər məsələlər gündəmdə idi. Bu məsələlər həm komitələrdə, həm də plenar iclasda geniş müzakirə olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri də müzakirə olunan məsələrlə bağlı çıxış edərək fikirlərini bildirdilər. Millət vəkillərimiz həm Ermənistanın Metsamor AES-nin region və Avropa üçün yaratdığı təhlükə, həm də İranın regionda sabitliyin pozulmasına təsiri barədə fikirlərini ifadə etdilər. Çıxışlarda qeyd olundu ki, terrorçu təşkilatlar, Hizbullah və Əl-Qaidə kimi təşkilatlar İrandan böyük dəstək alır, İran Suriyanı silahla təchiz edir. Eyni zamanda, İran rejiminin ölkədə yaşayan xalqlara qarşı fəaliyyəti kəskin şəkildə pislənildi. Hesab olundu ki, terrroru dəstəkləyən ölkə kimi İranla bağlı xüsusi addımlar atılmalıdır, qərarlar qəbul olunmalıdır. Çıxışlarda qeyd olundu ki, ən kəskin rejim İrandadır və rejim insanların hüquqlarını ciddi şəkildə pozulmasına bilavasitə xidmət edir. Biz İran-Ermənistan münasibətləri ilə bağlı məsələ qaldırdıq ki, bu gün İran nüvə silahı əldə etmək üçün Ermənistandan müəyyən ləvazimatlar alır, o cümlədən Ermənistanı narkotiklər, silahla təmin edir.
- Nümayəndə heyəti səfər çərçivəsində hansı ikitərəfli görüşlərdə iştirak etdi? Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hansısa müzakirələr keçirildimi?
- Əlbəttə ki, sessiya çərçivəsində bir sıra görüşlər keçirdik və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair fikir mübadiləsi aparıldı. Hər bir görüşdə Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair məlumatları diqqətə çatdırdıq və bu işğalçı siyasətə son qoyulması üçün beynəlxalq birliyin səylərinin gücləndirilməsinin zəruriliyini vurğuladıq. Eyni zamanda, qurumun komitələrinin iclaslarında müxtəlif məsələlərin müzakirəsi zamanı Qarabağ problemini önə çəkdik. Həmçinin, Ermənsitanda AES-in böyük təhlükələr yaratdığını diqqətə çatdırdıq. Eləcə də, işğal olunmuş ərazilərdə narkotiklərin becərilərək Avropaya ixrac olunması, qanunsuz silahlı qüvvələrin yerləşdirilməsi və digər məsələlər haqda mövqeyimizi ortaya qoyduq.
Onu da qeyd edim ki, biz səfərdə olanda Bakıda "Eurovision" mahnı müsabiqəsi keçirilirdi. Biz PA-nın iclasına qatılanda bütün nümayəndə heyətləri ayrı-ayrılıqda yaxınlaşıb Azərbaycanın belə yüksək tədbir təşkil etdiyinə görə təbrik etdilər. Onlar ölkəmizə gəlmək istədiklərini deyirdilər və biz onları məmnuniyyətlə Azərbaycana dəvət etdik. Bu, bir daha onun göstəricisi idi ki, insanlar nüfuzlu musiqi yarışması nəticəsində ölkəmiz haqqında geniş məlumatlar əldə etdilər.
- NATO-nun Çikaqo sammitinin yekun qərarında Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi vurğulanır və münaqişələrin həllinə dair təşkilatın mövqeyi ifadə edilir. Bu kontekstdə sammitdə qəbul olunmuş sənədi necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, Ermənistan NATO-nun Çikaqo sammitində qəbul olunmuş sənəddən çox narahatdır. Hətta Ermənistan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasında da iştirak etmədi. Çünki Çikaqo sammitində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi və bu barədə sənəd qəbul olundu. Doğrudur, belə sənədlər digər beynəlxalq təşkilatlar tərəfindən də qəbul edilib. Amma bu sənədin NATO-nun ən ali tədbirində qəbul olunması bir tərəfdən, haqqı, ədaləti dəstəkləməkdir, digər tərəfdən isə Ermənistana böyük zərbədir. Ermənistan heç vaxt NATO-nun ali sammitlərinə qatılmayıb. Çünki bunun üçün Ermənistana icazə verməyən dövlət onun üzərində ciddi nəzarət edir. Sessiyanın əsas istiqamətlərindən biri Çikaqo sammitinin nəticələrini əhatə edirdi. Belə ki, sessiyada qurumun sədri, baş katibi, baş katibin müavini, o cümlədən, Estoniyanın prezidenti və parlamentin spikeri çıxışlarında əsas diqqəti Çikaqo sammitinə yönəltdilər.
- Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi ərəfəsində bu müsabiqə tarixində ilk dəfə bu qədər siyasiləşdirildi, onun ətrafında çox geniş siyasi disskusiyalar aparıldı. Bu da ondan irəli gəlirdi ki, bu musiqi yarışmasından istifadə edərək müəyyən daxili və xarici qüvvələr Azərbaycana qarşı təzyiq etməyə çalışırdılar. Sizcə, həmin dairələr öz məqsədlərinə çata bildimi?
- Ölkəmizə müəyyən təzyiqlər oldu. Bütün bunlar həm "Eurovision" mahnı müsabiqəsi, həm də ölkəmizin inkişafı, uğurları ilə bağlı idi. Bir çox qüvvələr Azərbaycanı güclü dövlət kimi görmək istəmirlər. İstəyirlər ki, Azərbaycan kiçik və zəif dövlət olsun və onların istənilən şərtlərini qəbul etsin. Azərbaycanda qısa müddət ərzində böyük işlər görülüb, ciddi nailiyyətlər qazanılıb. Ölkəmizin bütün guşələrində quruculuq işləri həyata keçirilir. Nümunə üçün Naxçıvan Muxtar Respublikasında quruculuq işlərini vurğulamaq yerinə düşər. Cənab Prezident bugünlərdə Naxçıvanda səfərdə oldu və bir sıra obyektlərin açılışında iştirak etdi. Ümumiyyətlə, dövlət başçısı ildə bir neçə dəfə Naxçıvana səfər edir və bu səfərlər zamanı xeyli sayda obyektlərin açılışı olur. Blokada şəraitində olan bir bölgədə bu qədər inkişaf gedir. Təbii ki, bütün bunları Avropa da, İran da, Ermənistan da görür. Azərbaycana qarşı təzyiqlər ona görə edilir ki, ölkəmizin neft gəlirləri xalqımızın maraqlarına, əhalinin sosial rifahına sərf olunur, insan kapitalına çevrilir. Bir sıra qüvvələr isə bunu istəmir.
"Eurovision" mahnı müsabiqəsini biz yüksək səviyədə keçirdik. Amma burada bir vacib məsələ ortaya çıxdı. Keçmişdə satqınlar olurdu ki, müdafiə qalasının zəif yerini düşmənə göstərirdilər və yaxud gecə vaxtları qapını açıb düşməni içəri buraxırdılar. Məsələn, Dədə Qorqud dastanında olan yalıncıqlar, Babəki düşmənə satan səhl ibn sumbatlar kimi xarakteri olan insanların hamısı bu ərəfədə üzə çıxdı. Bu prosesin gözəl nəticələrindən biri də odur ki, xalqımız bu tipli adamların kim olduğunu gördü. Bu adamlar Azərbaycan siyasətində özlərini tamamilə biabır etdilər. Əgər onların arasında əsil ziyalı var idisə, müxalifətə müraciət etməli idi ki, "Eurovision" ərəfəsində bu prosesləri dayandırmalıyıq. Azərbaycan xalqı da onların ziyalı olduğunu qəbul edib alqışlayardı. Amma əksinə, bu ərəfədə ilana ağı verən kərtənkələlər üzə çıxaraq bütün imkanlarını ortaya qoydular ki, ölkəmizin nüfuzuna zərbə vursunlar.
Yəni belə bir şəraitdə biz "Eurovision"u yüksək səviyyədə keçirdik. Əsas odur ki, xalqımız bu prosesə böyük dəstək verdi və mahnı müsabiqəsi yüksək səviyyədə baş tutdu. Yəni bizim üçün hansısa dövlətin yox, xalqımızın dəstəyi əsasdır. Bu gün Azərbaycan xalqı çox böyük fəxarət hissi keçirir ki, belə möhtəşəm tədbir baş tutdu. Xüsusilə müsabiqənin gedişi zamanı Azərbaycan haqqında, Qarabağ, Naxçıvan və digər bölgələr haqqında təqdimatlar oldu və bu, çox önəmli idi. Ölkəmiz haqqında on illiklər boyu aparılacaq tədbliğat məhz bir tədbir çərçivəsində reallaşdı. Dünyanın 50-dək ölkəsində birbaşa yayımla insanlar televiziyalarda, meydanlarda bu müsabiqəni, eləcə də Azərbaycanın təbliğatını izlədilər. Bu təbliğatı istəməyənlər hansı qüvvələrdir? Təbii ki, Ermənistan, İran, müəyyən xarici qüvvələr və Azərbaycanda onların quyruğu olan "beşinci kalon", yəni yalıncıqlar, səhl ibn sumbatlar.
- Bayaq qeyd etdiyimiz proseslərin bu gün də davam etdiyini müşahidə edirik. Avropa Parlamentinin mayın 24-də qəbul etdiyi qərəzli qətnaməni də bu kontekstdə dəyərləndirə bilərikmi?
- Azərbaycan xalqı demokratik dövlət quranda çoxlarının dövləti yox idi. İndi onlar bizə demokratiya dərsi keçməyə çalışırlar. Avropanın bəzi deputatları xəritədə ölkəmizin harda yerləşdiyini bilmir, sadəcə olaraq müəyyən maraqlara görə belə bir sənəd qəbul ediblər. Bu qətnamə tamamilə biabırçılıqdır. Sənəd mahiyyət etibarilə bizim üçün heç bir əhəmiyyət daşımır. Sanki elə təsəvvür yaratmağa çalışırlar ki, guya bu xalqı Azərbaycan dövlətindən çox istəyirlər. Qətnamədə belə bir müddəa var ki, guya Azərbaycanda abadlıq-quruculuq işləri zamanı bəzi insanların hüquqları pozulur. Sual olunur ki, siz bunu hardan bilirsiniz? Bir qəzetin qeyri-obyektiv yazısı əsasında belə qərar qəbul edilirsə, bu nə təşkilatdır? Sizin ürəyiniz Azərbaycan hökumətindən çox yanır insanların vəziyyətinə? Əgər elədirsə, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində bir milyon insan qaçqın-köçkün vəziyyətinə düşüb, onların evləri, bütün əmlakları dağıdılıb, xalqımızın tarixi-mədəni abidələri məhv edilib, məzarlıqlar dağıdılıb, müharibə qanunlarına zidd olaraq əsir düşmüş dinc insanlara olmazın işgəncələri verilib. Bəs bunlar sizi niyə narahat etmir? Eyni zamanda, jurnalistlərlə bağlı müddəalar tamamilə yanlışdır. Hansısa jurnalistin şəxsi həyatı ilə bağlı videogörüntülərin internetdə yayılmasını hökumətin üstünə atmaq nə qədər düzgündür? Bunu yəqin həmin təşkilatlar edib ki, gələcəkdə həmin jurnalistə hansısa status alsın. Mən qətiyyən insanların şəxsi həyatına qarışmağın tərəfdarı deyiləm. 20 ildir ki, siyasətlə məşğul olan şəxs kimi həmişə bu mövqeyimdə qalıram. İndiyə qədər opponentlərimizin siyasi fəaliyyəti ilə bağlı mövqeyimi bildirmişəm. Kimsə şəxsi həyatında nə ilə məşğul olubsa və bunu ictimailəşdirərək dövlətin boynuna yıxıb sonradan Avropadan hansısa qərar almaq və sığınacaq almaq istəyirsə, bunun Azərbaycan hökumətinə heç bir aidiyyatı yoxdur. Sual olunur ki, niyə bir şəhid anası, qaçqın və ya milli qəhrəman anası haqqında bir söz deyilmir? Amma kiminsə şəxsi həyatı il bağlı məsələ Avropa Parlamentinin qətnaməsinə düşür. Avropa Parlamentinin nə marağı var burada? Çünki özləri belə işləri təşkil edir. Azərbaycan dövləti tərəfindən internetdə belə məsələlərin qoyulması qadağan olunub. Amma Avropa tərəfindən bu hadisə internetə ötürüldü və yayıldı. Bunu nəyə əsasən deyirsən ki, hökumət edib. Belə qeyri-ciddi yanaşma tərzi olmamalıdır. Nə üçün bir müəllim, həkim haqqında Avropa Məhkəməsi qərar qəbul etməyib. O adamlar haqqında qərar verilib ki, erməni dəyirmanına su tökür, erməni lobbisinə xidmət edir və Azərbaycanın əleyhinə işləyir. Belə adamlar Avropa Məhkəməsinin sevimlilərinə çevriliblər. Bütün bunları Azərbaycanda hamı bilir. Cəmiyyətin özünün dəyərləri var və ağı qaradan çox yaxşı seçir.
- Sənəddə əksini tapan demək olar ki, bütün məsələlər qərəzli və obyektivlikdən uzaqdır. O cümlədən, guya ölkəmizdə sərbəst toplaşmaq hüququnun pozulduğu və söz azadlığının olmadığı şəklində ifadələr əslində, bu sənədin nə qədər lobyektiv" olduğunu göstərmirmi?
- Azərbaycanda kütləvi aksiyalar keçirmək üçün müəyyən yerlər ayrılıb. Bəs nə üçün həmin yerlərdə aksiyalar keçirilmir? Məgər Almaniyada, Böyük Britaniyada, Fransada və başqa ölkələrdə kim harda istəsə nümayiş, mitinq keçirə bilər? Qəti şəkildə yox.
Amma biz heç nədən narahat deyilik. Biz görürük ki, Avropanın özündə də qanunsuz mitinqlərin qarşısını necə alırlar. Almaniyada, İngiltərədə və digər ölkələrdə belə aksiyaları atlarla, itlərlə, su şırnaqları ilə, gözyaşardıcı qazla dağıdırlar. Azərbaycanda isə qanunsuz mitinq iştirakçıları zorla özlərini polislərə sürtürdülər ki, fiziki güc tətbiq edilsin. Polis də insandır axı, onun da psixoloji durumu var. Amma bizim polislər çox sağ olsunlar ki, təmkinli olaraq heç kimə xətər toxundurmadan qanunsuz aksiyaların qarşısını alır. "Azadlıq" radiosunun saytında da açıq görünür ki, bəzi aksiya iştirakçıları zorla özünü yerə yıxır. Keçən il Böyük Britaniyada bir hadisə baş vermişdi və bir nəfər öldürülmüşdü. Bununla bağlı mitinqllər keçirilirdi. O zaman həmin dövlətin baş naziri çıxış edərək dedi ki, demokratiyanı məhdudlaşdırmaq və təhlkəsizliyi təmin etmək lazımdır. Maraqlıdır ki, onlar özlərinə rəva görmədiyini niyə bizə məsləhət bilirlər? Bütün bunlar göstərir ki, Azərbaycana müəyyən xarici dairələr qərəzli yanışırlar. Bu qətnamənin qəbul olunması ölkəmizin inkişafına, ictimai-siyasi sabitliyə dözümsüzlük göstərən dövlətlərin mövqeyidir. - Söz azadlığına gəlincə, ölkəmizdə belə bir probblem yoxdur. Bütün KİV-lər, o cümlədən müxalifət qəzetləri istədiklərini yazırlar. Avropa parlamentariləri nümunə kimi yaxşı olar ki, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinə baxsınlar. Bu qəzetlərdə hakimiyyət nəinki tənqid olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin təşkilat "Azadlıq" qəzetinin bir aylıq nəşrlərinin monitorinqini aparıb görsün ki, hakimiyyət haqqında nə qədər şər-böhtan yazır, amma buna qarşı dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat azadlığı olmasaydı, bu yazılar yazıla bilərdimi?
- Məlum olduğu kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Belə olan halda, Avropa Parlamentinin belə sənəd qəbul etməsini necə başa düşmək olar? Bəzi millət vəkilləri bu sahədə Avropa dövlətləri ilə əməkdaşlığa yenidən baxmağı təklif edirlər...
- Avropada maraqlı qruplar var ki, müxtəlif məqsədlərinə çatmaq istəyirlər. Məsələn, bir qrup " NABUCCO" layihəsinin əleyhinədir, digər qrup isə lehinədiir. Onların hərəsinin şəxsi maraqları var. Azərbaycan xalqının maraqlarını düşünmürlər ki?! Əgər düşünsəydilər, Qarabağ məsələsi ilə bağlı qəti mövqe ortaya qoyardılar. Amma əksinə Qarabağdakı separatçı rejimə milyonlara dollar maliyyə yardımı edirlər. Yəni bu qüvvələr erməni lobbisinin təsirində olanlardır. Təsəvvür edin, "Eurovision" mahnı müsabiqəsinin başa çatmasına bir neçə gün qalmış Avropa Parlamenti belə bir qətnamə qəbul etdi. Bu qərarı verənlər düşünürdü ki, ya onların agentlərini, həmin yalıncıqları azadlığa buraxdıraq, ya da tədbirin keçiriməsinə mane olaq. Amma Azərbaycan sübut etdi ki, hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında bərabərdir və qanunu pozanlar cəzalandırılmalıdır. Bunun başqa variantı yoxdur. Avropanın bəzi dövlətləri beynəlxalq tədbirləri keçirməkdən imtina etdiyi halda, Azərbaycan bir çox beynəlxalq səviyyəli tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bunu isə kimlərinsə gözü götürmür.
Azərbaycan yeganə tolerant ölkədir ki, burada bütün dinlərə bərabər yanaşılır. Almaniyadan fərqli olaraq bizdə imkan verilmir ki, məscidlər yandırılsın. Ölkəmizdə irqi ayrıseçkiliyə yol verilmir, dini dözümsüzlük yoxdur. Mən parlamentdə səslənən həmin təkliflərin tərəfdarı deyiləm. Ölkəmiz bütün beynəlxalq təşkilatlarda təmsil olunur və öz sözünü deyir. Biz bütün müstəvilərdə öz sözümüzü deyirik və mövqeyimizi müdafiə edirik. Bununla da, haqlı olduğumuzu sübut edirik. Əgər onların faktları varsa, fikirlərini əsaslandırsınlar. İstənilən Avropa ölkəsi ilə müqayisədə Azərbaycanda insan hüquqları daha yaxşı qorunur, sərbəst toplaşmaq, söz azadlığı daha yüksəkdir.
- Siyavuş müəllim, sizcə, bu proseslərdə İranla Avropadakı dairələrin eyni mövqedən çıxış etməsi hansı amillərlə bağlıdır?
- Burada İranın Ermənistanla əlaqələri, erməni lobbisinin təsiri öz rolunu oynayır. İran vətəndaşları Azərbaycana gəlir və ölkəmizin inkişafını, yaşayış tərzini görür. Həmin vətəndaşlar sual edir ki, İranın nefti də, qazı da Azərbaycandan çox olduğu halda, nə üçün yaşayış səviyyəsi xeyli dərəcədə bu ölkədən aşağıdır? Bu gün İranda insan hüquqları ciddi şəkildə pozulur. Bu baxımdan, Azərbaycanın inkişafı İranda daxili vəziyyəti qarışdırır. İran vətəndaşları sərhədi bu tərəfə keçəndə yerlə göy qədər fərq görür və elə təsəvvür edirlər ki, cənnətə düşüblər. Bu insanlar da öz dövlətindən yaxşı yaşamasını tələb edir və təbii ki, bu da rejimi qıcıqlandırır. Digər məsələ ondan ibarətdir ki, İranın güclü dövlətlərə gücü çatmır. Məsələn, ABŞ-a, İsrailə, Avropanın inkişaf etmiş dövlətlərinə güc gələ bilmir. Ona görə də, müəyyən fikirlərini Azərbaycana qarşı hərəkətləri vasitəsilə onlara çatdırmağa çalışır. Baxmayaraq ki, Azərbaycan İrana qarşı həmişə ədalətli mövqe nümayiş etdirib. Ölkə Prezidenti bəyan edib ki, Azərbaycan ərazisindən İrana hərbi müdaxilə edilməsinə imkan verilməyəcək. Amma bunun müqabilində İranın hərəkətləri çox ədalətsizdir, nə Allaha, nə dinə, nə imana uyğun olan hərəkətlərdir.
İran problemlərin qarşısını almaq, Azərbaycan kimi qonşusu ilə yaxşı münasibətlər yaratmaq əvəzinə, hadisələrdən nəticə çıxarmaq əvəzinə özü üçün çətinlikləri daha da dərinləşdirir. Oradakı ağıllı adamlar bu yanaşma tərzinin dəyişməsinə çalışmalıdırlar.
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.