Zaman təhsil qurumlarının yaxşı təchiz edilməsini, müəllimin isə daha məsuliyyətli olmasını tələb edir

Müsahibimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, əməkdar müəllim Nailə RZAQULİYEVADIR
-Nailə xanım, ötən il sizin rəhbərlik etdiyiniz idarəinin beş yaşı tamam oldu. İndi isə beş illik yubleydən sonra başladığınız ilk dərs ili yekunlaşmaq üzrədir. Geridə qalan illərdə qazandığınız təcrübə, əldə etdiyiniz uğurlar indiki fəaliyyətinizə hansı təsirləri göstərir?
-Siz mənə çox geniş asrektdə bir cavab söyləmək imkanı verdiniz. Əminəm ki, bu müsahibənin sonunadək məndən eşidəcəyiniz cavabların hamısında bu ilk sualın müəyyən məqamlarına toxunmuş olacağıq. O ki qaldı geridə qalan beş ilin indi yekunlaşdırmaqda olduğumuz dərs ilindəki fəaliyyətimizə təsirinə, çəkinmədən deyə bilərik ki, bu təcrübə təhsil prossesinin bütün məqamlarına öz müsbət təsirini göstərib və göstərir. Üstəlik, ulu öndər Heydər Əliyevin dediyi kimi, təhsil elə bir prosesdir ki, burada aparılan islahatların nəticələrini beş ildən, on ildən sonra gözləmək tələskənlik olardı. Dünyanın heç yerində təhsil qurumları belə qısa müddətdə köklü surətdə dəyişilmir. Sadəcə, bizdə təhsilə dövlət qayğısı o qədər geniş miqyaslıdır ki, bu qayğının müqabilində sürətli irəliləyişin olmaması mümkün deyil. Valideynlərin və bütövlükdə cəmiyyətin təhsil müəssisəsinə, məktəbə, müəllimə münasibəti əsaslı şəkildə dəyişilməyə başlayıbsa, bu münasibət öz əksini təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında, gözlənilən nəticələrin əldə olunmasında göstərməlidir. Həmin amillər isə göz qabağındadır. Yəqin ki, hörmətli oxucuların yadındadır, müstəqilliyin ilk on ilində Azərbaycanda son 200 ildə tikildiyindən də çox məscid binası tikilmişdi. Biz buna etiraz etmirik. Məscid Allahın evidir və vicdan azadlığı bizim əsas qanunumuzun ən tez yada düşən müddəalarındandır. Amma ötən əsrlərdə müsəlman ölkələrində öncə mədrəsə, yəni məktəb, sonra isə məscid tikirdilər ki, uşaqlar ibadətə başlayanda onun əlifbasını, yazı- pozusunu öyrənmiş olsunlar. Deməli, ağıllı adamlar təhsili həmişə önə çəkiblər. Şərq müdrikliyinin bu nümunəsini biz 2003-cü ilin payızından sonra Azərbaycanda daha geniş miqyasda gördük. Həmin tarixdən sonra ölkəmizdə mindən çox yeni məktəb binası tikilibsə, təxminən bir o qədər də mövcud məktəblərdə təmir- bərpa işləri aparılıbsa,təhsil müəssisələrinin maddi- texniki təchizatı yeni əsrin tələbləri səviyyəsində müasirləşdirilirsə, deməli bizdən yeni- yeni uğurlar gözləyənlər haqlıdırlar.
Mən bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. Bu gün dünya alimləri elə böyük elmi kəşflərə imza atırlar ki, həmin kəşflər barədə nəinki yüz il, hətta on il qabaq ancaq fantast yazıçılar söz aça bilərdilər. Elmin bu qədər irəli getməsi nəyin nəticəsidir? Əlbəttə, təhsilin keyfiyyətinin. O ölkələrdə ki təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, orada elmi-texniki tərəqqinin yeni uğurları və daha mükəmməl cəmiyyətin formalaşması labüddür. Biz son 6 ildə məhz bu məqamları əsas götürüb işləmişik və məqsədimizə nə dərəcədə çatmışıq, bunu paytaxt sakinləri, xüsusilə də, mətbuat təmsilçiləri daha yaxşı bilirlər. Geridə qalan beş ilin təcrübəsinin indiki dərs ilindəki fəaliyyətimizə təsirinə gəlincə isə deyə bilərəm ki, biz nəinki beş ilin, hətta, geridə qalan bir ayın, bir rübün nəticələrindən də öyrənirik, bəhrələnirik.
-Gəlin, fikrimizi bir az konkretləşdirək.
-Məsələn, 2006-cı ildən başlayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən irəli sürülən təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, difereisiallaşdırılması və fərdiləşdirilməsi prinsiplərinə əməl etməyimiz paytaxt təhsilinin inkişafında xüsusi rol oynamışdır. Təbii ki, heç bir söhbətdə rəqəmlərsiz keçinmək olmur. Ona görə də inkişaf dediyimiz həmin məfhumu rəqəmlərlə ifadə edək. Məsələn, yadınızdadırsa, hələ 2007 -ci ilin noyabrından cənab Prezidentin imzaladığı sərəncam əsasında ölkədə "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilir. Bu müsabiqələrin keçirildiyi 2008- 2011-ci illərdə qalib gələn 200 məktəbdən 89-u, yəni 44,22 faizi Bakı məktəbləridir. Qalan 55,78 faizi isə Təhsil Nazirliyi nəzdində olan məktəblər, Naxçıvan Muxtar Respublikasının və digər şəhər və rayonların məktəbləridir.
Eləcə də "Ən yaxşı müəllim" müsabiqəsində 2011-ci ilin nəticələrinə görə Bakı müəllimlərindən 49 nəfəri "ən yaxşı müəllimi" elan edilib. Müsabiqənin ilk ilində isə bu göstəricimiz 42 nəfər idi. Müsabiqənin keçirildiyi müddətdə qalib gələn müəllimlərin 45 faizi paytaxt məktəblərini, daha doğrusu, Bakı Şəhəri üzrə Təhsil İdarəsini təmil edənlərdir.
-Müəllimlərin bu peşəkarlığı şagirdlərin göstəricilərində özünü necə əks etdirir?
-Mən hələ dəqiq bilmirəm ki, siz bu sualla hansı göstəriciləri öyrənmək istəyirsiniz. Çünki jurnalistlər çox zaman orta məktəbin göstəricilərini öyrənmək istəyəndə ali məktəbə qəbul olunanların sayı ilə maraqlanırlar. O barədə də söhbət açacağıq. Ancaq bizim şagirdlərin başqa göstəriciləri də var axı. Məsələn, 2006-cı ildə Respublika üzrə keçirilən fənn olimpiadalarında bizim məktəblərin 48 şagirdi qalib olmuşdu. 2011-ci ildə isə bu göstərici artıq 108 nəfər idi. "Biz təhsilin keyfiyyətini yaxşılaşdırmağa çalışmışıq"- ifadəsini dilə gətirmək yaxşıdır, ancaq bu nəticəni rəqəmlə ifadə etmək, beş ildə 2,2 dəfədən çox artıma nail olduğumuzu göstərmək daha yaxşıdır.
Bundan başqa, dövlət müstəqilliyimizin 20 illik tarixində ilk dəfə olaraq ötən il təhsildə xüsusi nailiyyətlər qazanan orta məktəb məzunlarından 53 nəfəri qızıl və gümüş medalla təltif olunmuşdur. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən həmin 53 nəfərin 18-i bizim məktəblərimizin məzunları idi. Həmin məzunlarımızın hamısı ən nüfuzlu ali məktəblərə qəbul olunublar və onların qazandığı orta balın göstəricisi 631 olub. Bu, bizim öz fəaliyyətimiz barədə söylədiklərimizin reallıqdakı təsdiqidir.
-Fikrimcə, məzunlarınızın ali məktəblərə qəbul zamanı qazandığı göstəricilərin yada salınması məqamı da gəldi.
-Ötən il ali məktəblərə qəbul zamanı respublika üzrə ən yüksək 700 bal toplayan 4 məzunun hamısı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təmsilçiləridir. Qəbul imtahanı verən məzunlarımızın 47,13 faizi tələbə adını qazanıb. 1889 məzunumuz 500-dən, 517 nəfər isə 600-dən çox bal toplayıb. Məzunlarımızın qəbul imtahanlarında topladığı orta bal göstəricisi 254.173-ə bərabərdir. Bəzi məqamlara xüsusi diqqət yetirək. 2006-ci ildə Bakı məktəblərinin qəbul imtahanlarında iştirak etmiş məzunlarının 34,79 faizi tələbə adını qazanmışdı. Sonrakı hər ildə bu göstərici nəzərəçarpacaq dərəcədə artmış və nəhayət, 2011-ci ildə 47,13 faiz olmuşdur. Bu zaman yada salınmalı bir məqam da var. Belə ki, 2006-cı ildə 27 min 432 məzundan 8335-i ali məktəbə qəbul olunmuşdusa, 2011-ci ildə cəmi 20 min 249 məzundan 8862 nəfəri bu ada layiq görülüb. Yəni, ötən il daha az məzunla daha çox uğur qazanmağa nail olmuşuq.
-Yeri gəlmişkən, bəzi qəzetlərdə yazmışdırlar ki, guya sizin məktəblərdə ucdantutma bütün məzunlara attestat verilib.
-Həmin qəzetlər ardıcıl olaraq bir neçə gün Günəşin doğmadığını da yaza bilərlər. Ancaq Günəş hər gün öz nurunu yer kürəsinə göndərir, sadəcə, o nuru görə bilməyənlər var. Ötən il bizim məktəbləri 23 min 19 şagird bitirib. Onlardan 2 min 715-i, yəni 11,80 faizi attestat ala bilməyib. Doğrudur, həmin məzunların sonradan imtahan verib attestat almaq hüququ qorunur, ancaq fakt odur ki, müvafiq normativlərə cavab verə bilməyən şagirdin attestat alması mümkün olan hal deyil.
- Siz bayaq qızıl və gümüş medalları yada saldınız. O medallar da öz sahiblərinə təntənəli şəkildə təqdim edilmişdi.
- Bəli, həmin tədbiri müstəqillik dövrümüzdə ilk dəfə olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə təşkil etmişdi. "Məzun - 2011" adlı tədbirdə paytaxtın 650- yə yaxın əlaçı məzunu iştirak edirdi və orada Təhsil Nazirliyinin nüma- yəndələrinin, deputatların, çoxsaylı ziyalıların iştirakı ilə qızıl və gümüş medala layiq görülmüş məzunlarımız mükafatlandırılmışdı.
-Kütləvi informasiya vasitələrindən bəlli olur ki, çoxsaylı tədbirlər keçi- rirsiniz.
- Əlbəttə, özü də bu tədbirlər müxtəlif istiqamətlərdə olur. Məsələn, "Milli kurikulumun tətbiqinin bəzi nəzəri məsələləri", " Ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsinin aktual yolları" mövzusunda konfranslar, "Ümumtəhsil məktəblərinin ibtidai təhsil pilləsi üçün fənn kurikulumlarının xüsusiyyətləri", " Ümumitəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi yolları və vasitələri," " Müasir təlim baxımından təlim- tərbiyə prosesinin pedaqoji- psixoloji aspektləri" mövzusunda seminarlar, " Demokratik idarəetmə və problemlərin həlli təcrübəsi" mövzusunda treninq, eləcə də "Müasir pedoqoji prosesdə şagirdin yeri" mövzusunda keçirilən dəyirmi masa sırf pedoqoji baxımdan əhəmiyyətli idi. Ancaq bizim hərbi- vətənpərvərlik sahəsində də kifayət qədər fəaliyyətimiz var. Ötən il "Şahin" hərbi- idman yarışlarında hər üç mükafatçı yerin qalibi bizim məktəblərin komandaları olmuşdu. Yaxud, "Heydər Əliyev şəxsiyyəti və müstəqil Azərbaycan gənclərin gözü ilə" mövzusunda təşkil edilən ümumşəhər konfransı gənclərin vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq baxımından daha mükəmməl şəkildə tərbiyələndirilməsində xüsusi əhəmiyyət kəsb edirdi. " Müstəqilliyimiz əbədidir" mövzusunda təşkil olunan inşa və bədii qiraət üzrə şəhər müsabiqəsi də həmin amala xidmət edirdi. Həmin tədbirlərdə biz təkcə istedadlı şagirdlərin ortaya çıxarılmasına nail olmadıq, həm də ümumilikdə bir tərbiyə prosesi başladıq və başa çatdırdıq.
-Nailə xanım, orta məktəblərdə bəzi müəllimlərlə əmək müqaviləsinin ləğv edilməsi məsələsi də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin adını tez- tez mətbuatın gündəliyinə gətirirdi.
-Bilirsinizmi, biz son beş illik fəaliyyətimizi ciddi şəkildə təhlil edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2 illik ( 2011- 2012 - ci illər) Starteji Planını hazırlamışıq. Məqsəd dövlətin təhsil siyasətinin prioritetlərinə uyğun olaraq missiya, prespektivlər və dəyərlərin əlaqələndirilməsi, fəaliyyətin məhz bu istiqamətdə həyata keçirilməsidir. Strateji təhlil əsasında tərtib edilmiş 2011- ci il üçün Fəaliyyət Planında həyata keçirilməsi nəzərdə tutulan tədbirlər ilk növbədə təhsilin effektli idarə edilməsinə, keyfiyyətin yüksəldilməsinə, müasir cəmiyyətin və dövlətin tələblərinin ödənilməsinə yönəldilmişdir. Məhz bu plana uyğun olaraq idarəetmdə işlər bir qədər təkmilləşdirilmiş, əmək qanunvericiliyinin yerinə yetirilməsinə, normativ- hüquqi sənədlərin icrasına nəzarət gücləndirilmişdir.
Beləliklə, paytaxtın orta məktəblərində yaş məhdudiyyəti ilə əlaqədar əmək müqavilələrinin ləğv edilməsi məsələsi gündəliyə gəlmiş, 1310 nəfər müəllimlə əmək müqaviləsinin müddəti uzadılmamışdır. 2000 işçi ilə müqavilələr bağlanmamışdır. Xatırladım ki, əmək müqaviləsi ləğv edilən müəllimlərin yerinə cəmi 10 nəfər müəllm qəbul edilib. Sadəcə, onların dərs yükü siniflərdə yığma saatlar hesabına təşkil edilirdi. Bu dərs saatları digər yığma saatlarla işləyən, ancaq cavan ixtisas müəllimlərinə verilib. Bəzi müəllimlərin yerinə isə sıxlığı çox olan məktəblərdən köçürmələr edilib. Bu proses tədrisin normal təşkilinə heç bir mənfi təsir göstərməyib və heç bir məktəbdə müəllim çatışmazlığı yaranmayıb.
- Daha bir dərs ili yekunlaşır, qabaqda isə növbəti vəzifələr dayanır. Sizə yeni- yeni uğurlar arzulayırıq.
-Sağ olun. Mən sonda yada salmaq istəyirəm ki, Azərbaycan dövlətinin gündən- günə qüdrətlənməsi ölkəmizin təhsil şəbəkəsinin də mükəmməl inkişafına zəmin yaradır. Gənc müstəqil Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurasına sərdlik etməsi, ölkəmizin "Böyük iyirmilər"in sammitinə dəvət olunması, Bakıda çoxsaylı beynəlxalq tədbirlərin, o cümlədən Avropa miqyaslı mahnı müsabiqəsinin keçirilməsi cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Mən əminəm ki, bu siyasət və Heydər Əliyev Fondunun prezidenti , YUEESKO- nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın daimi qayğısı nəticəsində Azərbaycan təhsili gündən- günə inkişaf edəcəkdir. Əminəm ki, ulu öndər Heydər Əliyevin söylədiyi "Təhsil millətin gələcəyidir" tezisi günün reallığına çevriləcəkdir. Nəhayət, Azərbaycanın son aylar qazandığı çoxsaylı uğurlar münasibətilə bütövlükdə xalqımızı, dərs ilinin başa satması münasibətilə isə həmkarlarımızı, paytaxtın təhsil ictimaiyyətini təbrik etmək istəyirəm. İnanıram ki, qarşıdakı illərdə uğurlarımız daha böyük olacaq.

{nl}

Müsahibəni qələmə aldı: İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında