"Biz təzyiqlə addım atmırıq"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Media forum" saytının suallarını cavablandırmışdır.

{nl}


- ABŞ Dövlət Departamenti 2011-ci ildə dünya ölkələrində, o cümlədən Azərbaycanda insan haqlarının durumu haqda hesabat yayıb. Avropa Parlamenti isə Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib. Hesabatın yayılmasının və qətnamənin qəbul edilməsinin "Avroviziya 2012" mahnı yarışının keçirildiyi günlərə düşməsini necə qiymətləndirirsiniz?
- Avropa Parlamentini deyə bilmərəm, amma ABŞ Dövlət Departamentinin hesabat yaymasının "Avroviziya" mahnı yarışması ilə bağlı olduğunu düşünmürəm. Çünki Dövlət Departamenti hər il belə hesabat yayır. Bu yalnız Azərbaycanla bağlı olmur, başqa ölkələr haqda da hesabatlar hazırlanıb dərc edilir.
Avropa Parlamenti də, ABŞ Dövlət Departamenti də bizim tərəfdaşımızdır, onlarla tərəfdaşlıq münasibətlərimiz var. Azərbaycanın rəsmi qurumları hesabat və qətnaməni öyrənəcəklər, nəzərə alınması mümkün olan məsələlər nəzərə alınacaq. Dövlətimizin və xalqımızın maraqlarına cavab verməyən müddəaları isə nəzərə almağımız mümkün deyil.
- Hesabatda və qətnamədə əsasən söz, mətbuat, sərbəst toplaşmaq azadlığının təmin olunması sahəsindəki vəziyyət tənqid olunub. Tənqidlərlə razısınızmı?
- Təfsilata varmaq istəmirəm. Onu deyim ki, Azərbaycan öz tərəfdaşları, xüsusən də ABŞ, Avropa İttifaqı, Avropa Şurası ilə, bu sahələrdə fəaliyyət göstərən digər təşkilatlarla insan hüquqları, söz, mətbuat, sərbəst toplaşmaq azadlığı məsələləri ətrafında sıx əməkdaşlıq edir. Birgə müzakirələr aparıb mövcud problemləri aradan qaldırırıq, lazımi addımlar atırıq. Amma öncə müvafiq qurumlar hesabat və qətnaməni öyrənməlidirlər, orada əks olunan məsələlərə baxmalıdırlar, yanaşmanın, metodikanın doğru olub-olmadığını, informasiyaların dəqiq olub-olmadığını bilməlidirlər.
Dünyanın hər bir ölkəsində tənqid etmək üçün məsələ tapmaq olar. Həmin qurumlar ABŞ-da da insan haqları, ayrı-ayrı məsələlər barədə həmişə açıqlamalar verirlər. Təbii ki, dünyada ideal dövlət, cəmiyyət yoxdur. Hər bir ölkədə müxtəlif problemlər var. Əsas məsələ dövlətin həmin problemləri həll etmək üçün iradəsinin və dünyada qəbul olunan normalarla hərəkət etmək imkanının olmasıdır. Əgər bunlar olarsa, qalan problemlər həllini tapar.
- "Avroviziya 2012" müsabiqəsinin indiyədək olan mərhələsi necə keçib? Hansısa problemlər yaranıbmı? Azərbaycan iqtidarı bu müsabiqənin siyasiləşdirilməsi cəhdlərinə qarşı çoxsaylı çağırışlar edib. Sizcə, müsabiqənin siyasiləşdirilməsi cəhdlərinin qarşısını almaq mümkün olubmu?
- "Avroviziya" bizim tədbir deyil. Ötən il Azərbaycan təmsilçiləri qalib gəldiklərinə görə müsabiqənin qaydalarına uyğun olaraq yarışma bu il Bakıda keçirilir. Azərbaycan müstəqil dövlətdir, xalqının milli adət-ənənələri, dəyərləri var, ölkənin dünyaya nümayiş etdirmək üçün çoxlu tarixi və müasir nailiyyətləri mövcuddur. "Avroviziya"dan istifadə edib bunu dünyaya göstərməyə çalışırıq. Xüsusən də, Azərbaycanın zəngin mədəniyyətini, qonaqpərvərliyini, tolerant cəmiyyətini, dövlətin müasir inkişafını, dünyəvi xarakterini dünyaya kifayət qədər nümayiş etdirə bilmişik.
"Avroviziya"nı siyasiləşdirmək üçün göstərilən cəhdlər ilk növbədə Avropa Yayımları Birliyinə, 57 ildir mövcud olan brendə hörmətsizlikdir. Əgər hər bir ölkə "Avroviziya" yarışmasından qonşu və digər dövlətlərlə haqq-hesab çəkmək üçün istifadə etməyə başlasa, buna cəhd göstərsə, onda bu yarışmadan heç nə qalmaz. Hesab edin ki, bu il Ukrayna qalib gəlir və bu ölkənin əleyhdarları, rəqibləri başlayır "Avroviziya"dan istifadə edib Ukraynaya qarşı kampaniya aparmağa. Növbəti il Türkiyə qalib gəlir və eyni hal təkrarlanır, daha sonra İtaliya birinci yerə çıxır və rəqibləri "Avroviziya"dan istifadə edib bu dövlətə qarşı kampaniya aparır... Belə davam etsə, bir müddətdən sonra "Avroviziya" tamamilə öz dəyərini itirər, heç bir ölkə bu yarışmanı arzulamaz, onun arxasınca getməz. Ona görə də yarışmanın siyasiləşdirilməsi cəhdlərini ilk növbədə Avropa Yayımları Birliyinə, onun gözəl brendinə qarşı hörmətsizlik hesab edirik. Açığı, bunun Azərbaycandan başlanmasını istəmirik. Bu ənənənin əsası nəyə görə bizim dövlətdə qoyulmalıdır?
Əslində, "Avroviziya"nın siyasiləşdirilməsi cəhdlərinin əsasını ötən il Ermənistan qoydu. Azərbaycan qalib gələn kimi Azərbaycan əleyhinə təbliğata, yarışmanı siyasiləşdirməyə, Azərbaycanın qələbəsini ləğv etdirmək üçün bəhanələr axtarmağa başladılar. Buna nail ola bilmədikdə isə Bakıya gəlməmək üçün bəhanələr axtardılar, "Avroviziya 2012"də iştirak etməmələrini əsaslandırmağa cəhd göstərdilər.
Hesab edirəm ki, "Avroviziya"nı siyasiləşdirmək cəhdləri var və bu presedentin qarşısı alınmalıdır. Əks halda "Avroviziya" dəyərini itirəcək.
- Bu mahnı yarışı Azərbaycanı beynəlxalq diqqət mərkəzinə gətirib. Amma Avropada, ABŞ-da, azad dünyada ictimai fikri, dövlətlərin mövqeyini formalaşdıran mətbuat orqanlarında, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın adı daha çox mənfi formada hallanır, məqalələrin əksəriyyəti tənqidi ruhdadır. Bunları necə qiymətləndirirsiniz? Bunu kənar müşahidəçilərin Azərbaycandakı vəziyyəti daha obyektiv qiymətləndirməsi, yoxsa kənar qüvvələrin təsir və təzyiqi ilə qərəzli yanaşma hesab edirsiniz?
- "Avroviziya" fonunda Azərbaycan haqda yazılan məqalələrin, çəkilən verilişlərin hamısının ölkəmizin əleyhinə yönəlməsi, tənqidi ruhda olması ilə razı deyiləm. Mən hesab etmirəm ki, belədir. Sadəcə olaraq Azərbaycanın bəzi mətbuat orqanları tənqidi ruhda olan məqalələri geniş şəkildə trajlayır. Halbuki müsbət ruhda yazılan məqalələr və çəkilən verilişlər tənqidi formada olanlardan ən azı beş dəfə çoxdur. Həmin məqalə və verilişlərdə həm Azərbaycanın dəyərləri göstərilib, həm hakimiyyətin, xalqın mövqeyi əks etdirilib, həm də antixalq mövqe tutanların, bu tədbirləri qaralamağa çalışanların, "Avroviziya"dan öz siyasi məqsədləri üçün istifadə etmək istəyən qüvvələrin mövqelərinə yer verilib. Eyni zamanda Azərbaycana heç bir aidiyyəti olmayan, "Avroviziya" ilə bağlı ölkəmizə gəlib burada şou yaratmaqla Azərbaycanın imicini aşağı salmaq istəyənlərin mövqeləri işıqlandırılıb. Azərbaycanın bugünkü inkişafını, xalqın mədəniyyətini, ənənələrini gizlətmək, qaralamaq qeyri-mümkündür və bəzi yazılarda nə qədər çalışsalar da, buna nail ola bilməyiblər.
Dediyim kimi, mən xaricdə Azərbaycan haqda yalnız mənfi yazıların yazılması fikri ilə razı deyiləm. Amma mənfilər də var. Təəssüflər olsun ki, "Avroviziya 2012" Azərbaycan xalqının yaddaşında, tarixində təkcə Azərbaycan dövlətinin, millətinin maraqlarını təmin etmək istəyənlərin fəaliyyəti ilə yox, həm də bu musiqi yarışmasından istifadə edib öz ambisiyasını, şəxsi, subyektiv marağını təmin etməyə çalışan, Azərbaycan xalqının maraqları üzərindən belə məmnuniyyətlə adlayıb özü üçün çalışan insanların fəaliyyəti ilə qalacaq. Eyni zamanda bu yarışı xatırlayanlar xarici mətbuatda dərc olunan məqalələrdə təkcə Azərbaycanı təbliğ edənləri, Azərbaycanı sevənləri yox, həm də Azərbaycan əleyhinə təbliğat aparan qüvvələri görəcəklər. Gələcək nəsillər bunların hamısına qiymət verər, bunların hansına müsbət münasibət göstərəcəyini özü müəyyənləşdirər.
- Sizcə, bu gün Azərbaycanı sevənlər, yoxsa istəməyənlər daha çox və güclüdür?
- Dünyada Azərbaycanı sevənlər, xalqımızın iradəsinə hörmətlə yanaşanlar, dəstəkləyənlər antiazərbaycançı qüvvələrdən dəfələrlə çoxdur. Biz antiazərbaycançı qüvvələrin tədbirlərini görürük, onların nə qədər olduqlarını müşahidə edirik. Azərbaycan xalqının iradəsi müstəqil dövlət yaradıb, bu ölkə dünyada tanınır, dünya siyasətini idarə edən 15 dövlətin sırasındadır, Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən ölkədir. Azərbaycanı yıxmaq, ən sonuncu nöqtəyə yuvarlayıb dünyada nüfuzdan salmaq istəyən qüvvələrin gücü, nəyə qadir olduqları elə Azərbaycan cəmiyyətində də görünür. Xalqın onları necə dəstəklədiyi, onların seçkilərdə nə qədər səs topladıqları əsas göstəricilərdir və bunları hamı bilir.
- Müxalif İctimai Palata bir neçə ay əvvəl bəyan etmişdi ki, 2011-ci ilin 2 aprel mitinqinə görə tutulan şəxslər azadlığa buraxılsa, "Avroviziya 2012" dövründə aksiyalar keçirməyəcək. Məhbuslar azadlığa buraxılmadı və müxalifət etiraz aksiyaları keçirməkdədir. Sizcə, 2 aprel məhbuslarını azadlığa buraxmaqla bu prosesin qarşısını almaq daha düzgün olmazdımı?
- Biz təzyiqlə addım atmırıq. İctimai Palatanın, orada təmsil olunan insanların xarakterinə də bələdik. Bundan sonrakı proseslər də Azərbaycan xalqının maraqlarına cavab verən istiqamətdə gedəcək. Hansı məsələ xalqın və dövlətin marağına, iradəsinə cavab verirsə, həyata keçiriləcək, uyğun olmayanlar isə bunu kimin və necə istəməyindən asılı olmayaraq reallaşmayacaq.
- İranla Azərbaycan arasında yaranan gərginliyin əsas səbəbi nədir? Problemlərin aradan qaldırılması üçün iki dövlət arasında təmaslar varmı? Hazırda gərginlik artır, yoxsa azalır?
- İstəyirik ki, bizi olduğumuz kimi qəbul etsinlər. İran isə istəyir Azərbaycan onun arzuladığı kimi olsun. Bu isə mümkün deyil. Hər halda tərəflərin məsələyə yanaşması onu göstərir ki, Azərbaycan da, İran da vəziyyəti gərginləşdirmək istəmir. Əgər iradə varsa, deməli, məsələlər yoluna qoyulacaq, problemlər aradan qalxacaq. Müvafiq dövlət orqanları danışıqlar aparır.
- Bir aya yaxındır İranda yoxa çıxan gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani haqda hansısa məlumat varmı? Onları girov götürülmüş saymaq olarmı?
- Təəssüflər olsun ki, onlar haqda heç bir informasiyaya malik deyiləm. Həmin şəxslər barədə çağırışlar etmişik. Müvafiq qurumlar, Azərbaycanın İrandakı səfirliyi, Təbrizdəki baş konsulluq iş aparır. Hələlik bir məlumat yoxdur.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında