Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yeni növ elektron xidmətlər göstərəcək

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində informasiya-kommunikasiya texnologiyaları (İKT) iqtisadiyyatın və bütövlükdə cəmiyyətin prioritet fəaliyyət sahəsinə çevrilmişdir. Respublikamızda aparılan uğurlu neft siyasəti və reallaşdırılan dövlət proqramlarının nəticəsi olaraq qeyri-neft sektorunun və iqtisadiyyatın yeni sahələrinin inkişafı üçün geniş imkanlar açılmışdır. Uzunmüddətli perspektivə hesablanmış addım kimi qeyri-neft sektorunun inkişafı məqsədilə informasiya-kommunikasiya texnologiyalarından istifadə xüsusi önəm kəsb edir. Bu sahənin prioritet istiqaməti kimi önə çəkilməsi torpaqlardan istifadə, geodeziya, xəritəçəkmə sahəsində yaranmış imkanlardan da səmərəli yararlanmağa təkan vermişdir. 
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinə diqqətini yönəldən dövlət qurumlarından biri də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Qurumda bu sahə ilə əlaqədar müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməkdədir. Bununla əlaqədar komitədə "İnteraktiv elektron xəritələr elektron hökumətin xidmətində" mövzusunda tədbir keçirilmiş və bu sahədə görülən işlərin təqdimatı olmuşdur.
Fürsətdən istifadə edib Azərbaycanda torpaq islahatlarının həyata keçirilməyə başlanmasının 20 illiyi ərəfəsində, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bu istiqamətdə görülən işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və həyata keçirilən layihələr barədə suallarımıza cavab almaq üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədova müraciət etdik.

{nl}


- Rəhbərlik etdiyiniz komitə hər zaman ölkədə aparılan islahatların önündə gedən qurumlar sırasında olmuşdur. Bu gün də informasiya-kommunikasiya texnologiyaları sahəsinə diqqət yönəldən, onun tətbiqinə böyük səylə başlayan bir qurum kimi İKT-dən istifadənin hazırkı vəziyyəti barədə fikirlərinizi bilmək istərdik.
- Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkilini, torpaqların münbitliyinin bərpası və artırılmasını, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsini, ərazi vahidlərinin müəyyən edilməsini, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsini reallaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.
Bununla yanaşı, komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş torpaq islahatlarının həyata keçirilməsi komitənin prioritet vəzifələrindən olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir. Təbii ki, bu həcmdə işin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi olmadan həyata keçirilməsi qeyri-mümkün idi. Ölkə rəhbərliyinin xüsusi qayğısı və diqqəti sayəsində qısa zamanda komitənin həmin dövrdə analoqu olmayan maddi-texniki bazası, o cümlədən İKT avadanlıqları və müasir ölçmə cihazları bazası formalaşdırıldı, beynəlxalq təcrübə öyrənildi, müvafiq kadr potensialı yaradıldı. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası MDB məkanında ən uğurlu torpaq islahatına imza atdı. 2000-ci illərin əvvəlləri üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi istifadə olunan aparat və proqram vasitələrinin həcmi və modernliyi baxımından mərkəzi icra hakimiyyəti orqanları sırasında birincilər sırasına yüksəldi. Elə həmin illərdə bizdə formalaşan kadr potensialı bu gün nəinki Komitənin, digər mərkəzi icra hakimiyyəti orqanlarının, idarə və müəssisələrin, özəl qurumların müvafiq sahələr üzrə aparıcı qüvvəsinə çevrilmişdir.
Son illərdə informasiya texnologiyaları nüvəsi ətrafinda yeni materiallar, enerji mənbələri, istehsal texnikası, o cümlədən torpaqlardan səmərəli istifadənin təşkili, geodeziya və kartoqrafiya sahələrində ciddi texnoloji sıçrayışlardan ibarət toplum meydana gəlmişdir. M.Kastelsə görə, eksponensional olaraq genişlənən bu texnoloji transformasiya prosesi informasiyanın yaradıldığı, saxlandığı, emal olundugu və ötürüldüyü universal rəqəmli dil vasitəsilə texnoloji sahələr arasında interfeysi təmin etməlidir.
Bütün bunlar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində İKT-dən istifadə sahəsində yeni baxışların, mən deyərdim ki, yeni fəlsəfənin meydana gəlməsinə təkan verdi. Komitə və onun tabeliyində olan qurumlarda istər İKT avadanlığının, istərsə də proqram təminatının ən son texnologiyalara uyğun yenilənməsinə başlandı. Yüksək keyfiyyətli elektron xidmətlərin göstərilməsinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və tabeliyində olan qurumların müasir tələblərə tam cavab verən lokal şəbəkələrinin qurulması hazırda yekunlaşmaq üzrədir. Şəbəkənin qurulması zamanı ən yüksək ötürücülüyə malik kabellərdən və bütün son texnologiyaları dəstəkləyən şəbəkə avadanlıqlarından istifadə olunmuşdur. Komitənin rayon (şəhər) şöbələrinin və tabelikdə olan qurumların regional bölmələrinin fiber-optik xətt vasitəsilə vahid internet şəbəkəsinə qoşulması prosesinə başlanmışdır. ESRİ, Bentley və digər tanınmış brendlərin proqram vasitələrinin son versiyaları əldə olunmuşdur.
- Şübhəsiz ki, bu işlərin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı da mühüm rol oynamışdır.
- Bəli, fərmanın 2-ci bəndi ilə mərkəzi icra hakimiyyəti orqanlarının üzərinə bir sıra mühüm vəzifələr qoyulmuşdur. Fərmanın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində imzalanmış 18 iyul 2011-ci il tarixli əmrlə komitənin aparatında olan vakansiyalar hesabına ümumi şöbənin nəzdində informasiya texnologiyaları sektoru yaradılmış və hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqələr nəticəsində sektorun komplektləşdirilməsi yekunlaşmaqdadır. Komitənin 22 fevral 2012-ci ildə keçirilmiş geniş kollegiya iclasında sektorun təqdimatı olmuş və gələcək fəaliyyət planı müzakirə olunmuşdur. Eyni zamanda, komitənin tabeliyində olan qurumlarda da həmin sektorun normal fəaliyyətinin tənzimlənməsi üçün müvafiq bölmələrin yaradılmasına başlanmışdır. Komitənin tabeliyində olan qurumlara qısa müddət ərzində müstəqil internet informasiya resurslarının yaradılmasını başa çatdırmaq və bu zaman göstərilən xidmətlərə görə ödəmələrin nəğdsiz ödəniş sistemləri vasitəsilə həyata keçirilməsi imkanlarını, həmçinin göstərdikləri elektron xidmətlərin tam interaktivliyini təmin etmək tapşırılmışdır.
Komitənin rəsmi internet informasiya ehtiyatı olan www.dtxk.gov.az portalında elektron xidmət bölməsi yaradılmış, göstərilən xidmətin adı, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin elektron forması yerləşdirilmiş, vətəndaşların bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri ilə birlikdə elektron xidmət bölməsinə müraciət edən şəxslərin identifikasiyasını, onlar tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsini, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsini həyata keçirən xüsusi proqram ("mühərrik") hazırlanmış və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılması təmin edilmişdir.
Göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi üçün müvafiq billinq sistemlərinin layihələndirilməsinə də başlanmışdır. Hazırda müvafiq ödəniş sistemlərinə inteqrasiyanın başa çatdırılması üzrə intensiv işlər davam etdirilir, elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatlar zamanı fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirləri həyata keçirilir.
- Son vaxtlar ayrı-ayrı ölkələr tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü, tarixi, coğrafi adların təhrif olunması, inzibati-ərazi vahidlərinin və dövlət sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması faktları artmaqdadır. Bununla bağlı komitədə hansı tədbirlər görülür?
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi geodeziya və kartoqrafiya sahəsində dövlətin siyasətini müəyyən edir. Komitənin əsasnaməsinə uyğun olaraq ölkəmizin müdafiə və təhlükəsizliyini, dövlət sərhədlərinin delimitasiya, demarkasiya və redemarkasiyasını, eləcə də onların mühafizəsini, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, Xəzər dənizinin Azərbaycana mənsub olan hissəsinin müəyyən edilməsi, tikinti, arxitektura və şəhərsalma, rabitə, meliorasiya və su təsərrüfatı, ekologiya, kənd təsərrüfatı və ümumiyyətlə, iqtisadiyyatın bütün sahələrini, elm, təhsil və ictimaiyyəti müvafiq məlumat və materiallar ilə təmin etmək məqsədilə komitə Dövlət Peyk Geodeziya, Qravimetriya və Yüksəklik şəbəkələrinin qurulması, bərpası, modernləşdirilməsi və müşahidəsi; ölkə (o cümlədən şəhər və qəsəbələrin) ərazisini əhatə edən müxtəlif miqyaslı topoqrafik xəritə və planların hazırlanması, yeniləşdirilməsi, çapa hazırlığı, nəşri, müxtəlif mövzularda tematik xəritə və atlasların tərtibi və yüksək keyfiyyətli çapı, mühəndis geodeziya və digər zəruri işləri yerinə yetirir.
Təəssüflər olsun ki, ölkəmizdə fəaliyyət göstərən ayrı-ayrı müəssisə və təşkilatlar da kartoqrafiya sahəsində "özfəaliyyətlə" məşğul olurlar.
Halbuki bildiyiniz kimi, "kartoqrafiya" sahəsi çox həssas bir sahədir. Burada dövlət sirrini daşıyan məlumat və materialların yayılmaması, coğrafi adların düzgün əks etdirilməsi, istifadə olunan geodeziya əsası, düzgün seçilmiş kartoqrafik proyeksiya, riyazi əsaslar, şərti işarələr, obyektlərin dəqiq yerləşdirilməsi və bir çox amillərin nəzərə alınması vacibdir.
Məlumat üçün bildirim ki, DTXK-da hər bir kartoqrafik məhsul son təhvilədək ən azı 5-6 nəzarət mərhələsindən keçir. Hər bir xəritə yalnız xüsusi redaktorların yoxlamasından sonra nəşr oluna bilər. Məhz bu səbəbdən komitəmiz tərəfindən istehsal olunan xəritələr bütün tələb olunan parametrlərə cavab verir və bu günə qədər nəşr etdirdiyimiz heç bir xəritə ilə bağlı mənfi reklamasiya daxil olmamışdır.
Bəzi işbazlar müasir avadanlıq, kompyuter, proqram təminatları, şübhəli xəritələr və ya müəlliflik hüququmuz olan xəritələri əldə etməklə yararsız xəritələrin istehsalı ilə məşğuldurlar. Onlar unudurlar ki, hər bir xəritə unikal kartoqrafik əsərdir. Əsərlərin yaradılması ilə diletantlar yox, professionallar məşğul olmalıdır.
2003-cü ildən başlayaraq komitənin müəssisələrində hazırlanan xəritələr yalnız rəqəmli formatda istehsal olunur. Sonrakı mərhələdə isə ölkə ərazisini əhatə edən elektron xəritələrin istehsalına başlanılmışdır. Hazırda elektron xəritələr Azərbaycanın ərazisini tam əhatə edir. İnteraktiv elektron xəritələr dedikdə isə hər zaman məlumat bazasına dəyişikliklərin əlavə edilməsi mümkün olan və ümumiyyətlə, idarə olunan xəritələr başa düşülür.
Bizdən xəritə əldə etməklə digər təşkilatlar həm də vahid kartoqrafiya əsasında yaradılan xəritələrin üzərinə öz məlumatlarını əlavə edə bilərlər. Belə olan halda məlumatlar həm xəritədə düzgün əks etdirilir, həm də bütün standartlara cavab verən xəritələrdə yayıla bilir. Komitə geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən orqan kimi, bu sahədəki bütün neqativ halların qarşısını almağa qadirdir.
- Rəhbərlik etdiyiniz qurumun fəaliyyətini ictimaiyyətə təqdim edən rəsmi internet portalı vasitəsilə komitə tərəfindən göstərilən elektron xidmətlərin sayı və çeşidi barədə nə deyə bilərsiniz?
- "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və "Elektron xidmət növlərinin siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli Qərarına müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin portalında doqquz xidmət və həmçinin ayrıca olaraq Komitəyə müraciət forması yerləşdirilmişdir. Xidmətlərdən həm fiziki, həm hüquqi şəxslər, həm də dövlət orqanları yararlana bilərlər. Hər bir xidmət üzrə inzibati reqlamentlər hazırlanmış, geniş ictimai müzakirələrdən sonra təsdiq olunmuşdur. Onu da xüsusi bildirmək istəyirəm ki, təqdim olunan elektron xidmətlər birincilər sırasında elektron xidmətlər reyestrinə daxil edilmiş və təsdiqlənmişdir. Yeni tərtib edilən "Elektron xidmət növlərinin siyahısı"na dair təkliflərimizi artıq təqdim etmişik.
Bununla yanaşı, bir sıra yeni elektron xidmətlərin tətbiqinə hazırlıq işləri həyata keçirilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bir sıra avtomatlaşdırılmış informasiya sistemlərinə, o cümlədən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə (İAMAS) qoşulmaması yeni elektron xidmətlərin tətbiqi və onların gələcəkdə EHDİS-ə inteqrasiyasına çətinlik törədir. Hazırda İAMAS-a qoşulma ilə əlaqədar texniki problemlər həll olunur və müvafiq müraciət hazırlanır. Bu işlərin həyata keçirilməsi və koordinasiyasında yeni yaradılan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və Elektron Hökumət üzrə Dövlət Agentliyinin həssas və çevik münasibət göstərəcəyinə ümid edirik.
- Komitə "Elektron hökumət" portalı vasitəsilə hansı xidmətləri təklif edir?
- Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya olunmuşdur. Bunun üçün komitənin inzibati binasında EHDİS-in adaptasiya və təhlükəsizlik serverləri yerləşdirilmişdir. Elektron Xidmətlər Portalında komitənin aşağıdakı dörd xidməti təqdim olunmuşdur: Blankın nömrəsinə görə, komitəyə dair məlumatların əldə edilməsi; kadastr nömrəsinə görə torpaq sahələri haqqında məlumatların əldə edilməsi; istifadəçinin tam adına görə torpaq sahələri haqqında məlumatların əldə edilməsi; şəxsin adına görə komitəyə dair məlumatların əldə edilməsi.
EHDİS-ə inteqrasiya nəticəsində müvafiq sənədlər barədə informasiya əldə olunması üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi təmin olunmuşdur. Həmçinin elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların əsasən EHDİS üzərindən həyata keçirilməsi fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə həmin sistemdə tətbiq olunan zəruri texniki təhlükəsizlik tədbirlərindən yararlanmağa imkan vermişdir.
- Yəqin ki, bütün bu yeniliklərin tərkibində "Elektron imza" da yer almışdır. Komitədə "Elektron imza"dan istifadə olunurmu? Sizin "Elektron imza"nız varmı?
- Sualın ikinci hissəsindən başlayım. Bəli, mənim elektron imzam var və ondan sertifikatda nəzərdə tutulan qaydada həm imza və həm də möhür kimi istifadə edirəm. Komitənin elektron xidmətlərin göstərilməsində iştirak edən bütün əməkdaşları (8 nəfər) elektron imza ilə təmin edilmiş, daha 21 nəfərlə bağlı sənədlər Milli Sertifikat Xidmətləri Mərkəzinə təqdim edilmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq informasiya texnologiyaları sektoru komitədə elektron imzadan istifadəyə nəzarət edir.
- Yeni idarəetmə texnologiyası rəhbərlik etdiyiniz qurumda çalışan əməkdaşlar tərəfindən sözsüz ki, tam mənimsənilməlidir. Komitə əməkdaşlarının yeni idarəetmə texnologiyalarına sürətli keçidini təmin etmək üçün hansı işlər görülmüşdür?
- Komitədə "Elektron Azərbaycan" Dövlət Proqramının tətbiq edilməsi və elektron imzadan istifadənin sürətləndirilməsi, həmçinin modern və çevik idarəetmənin təmin edilməsi, əhaliyə, dövlət orqanlarına göstərilən elektron xidmətlərin çeşidinin artırılması və keyfiyyətinin yüksəldilməsi məqsədilə 28 fevral 2012-ci ildə imzalanmış əmrlə Mərkəzi Aparatın, rayon (şəhər) şöbələrinin və tabelikdə olan qurumların əməkdaşları ilə idarəetmədə İKT-nin tətbiqinə dair keçiriləcək treninqlərin planı təsdiq edilmiş və onların keçirilməsinə başlanmış, virtual treninqlərin keçirilməsinə, vətəndaşların internet üzərindən videoqəbulunun təşkilinə dair təkliflər hazırlanmışdır. Komitənin informasiya texnologiyalarına məsul şəxsləri müvafiq Əlaqələndirmə Şurasının iclaslarında, dövlət orqanları tərəfindən təşkil olunan treninq və seminarlarda iştirak etmişlər. Həyata keçirilmiş tədbirlər, yaradılmış mühit, həmçinin tətbiq olunan texniki və texnoloji vasitələrin səviyyəsi və keyfiyyəti əhaliyə, biznes strukturlarına və dövlət qurumlarına təqdim olunan elektron xidmətlərlə bağlı problemlərin yaranmayacağı barədə düşünməyə imkan verir.
- Yəqin ki, belə böyük həcmli işlərin həlli zamanı müəyyən problemləri də dəf etmək lazım gəlir...
- Bir çox hallarda problemlərin kökü komitənin fəaliyyət sahəsinə aid olan lisenziyalı proqram təminatlarının digərlərinə nisbətən çox bahalı olması, coğrafi informasiya sistemləri sahəsində respublikada yüksək səviyyəli peşəkarların azlığı və müvafiq beynəlxalq təcrübənin tam öyrənilməməsidir. Bu problemlərin aradan qaldırılması üçün müxtəlif mənbələr axtarılır, qrant və digər müştərək layihələrdə müvafiq bəndlərin nəzərə alınmasına xüsusi önəm verilir. Həmçinin, elektron xidmətlər və bununla əlaqədar yaradılan infrastrukturun gələcəkdə Milli Məkan Məlumatları İnfrastrukturunun əsasını təşkil edəcəyinin nəzərə alınması baxımından müvafiq standartların yaradılması zərurəti meydana çıxmışdır.
- Müasir dövrdə coğrafi informasiya sistemlərinə olan tələbatı və ölkəmizdə bu istiqamətdə aparılan işləri necə qiymətləndirirsiniz?
- İqtisadiyyatın və cəmiyyətin inkişafının müasir mərhələsində geodeziya təminatı sahəsində ərazilərin dayanıqlı inkişafı konsepsiyasından irəli gələn yeni məqsəd və vəzifələr, həmçinin yeni texniki və texnoloji nailiyyətlərlə şərtlənən yeni imkanlar meydana gəlir.
Ərazilərin dayanıqlı inkişafının geodeziya təminatının yeni məqsədi kimi iqtisadiyyatın və cəmiyyətin həyatının müxtəlif sahələrinin vahid məkan əsası üzərində vahid ideologiya, vahid prinsiplər əsasında qurulmuş və vahid tələblərə cavab verən ümumi informasiya fəzasına inteqrasiyasına olan tələbat çıxış edir. Beləliklə, müasir geodeziya təminatı bu yeni məqsədlərə, şərtlərə, tələblərə cavab verməlidir: o, birincisi, çoxlu sayda təbii və ekoloji xarakteristikaların qarşılıqlı uyğunluğu və birgə istifadəsi üçün əsas olmalı; ikincisi isə ərazilərin hazırkı və keçmiş dövrlərdəki hal modellərini saxlamağa və müqayisə etməyə imkan verməlidir. Bundan əlavə, nəticələrin məlumatların kompyuter analizini və geocoğrafi emalını təmin edən rəqəmli formada təqdim edilməsi də məcburi tələbdir.
Yeni texniki və texnoloji imkanlar məkan məlumatlarının yığılması və emalının yeni metod və vasitələrinə əsaslanır. Ərazidəki nöqtələrin vəziyyətinin təyini metodları son illərdə peyk texnologiyaları, lazer skanlaşdırma və rəqəmli metodlardan istifadə edən məsafədən zondlamanın tətbiqi ilə əlaqədar yeni keyfiyyət səviyyəsinə yüksəlmişlər. Ətraf mühitin modelləşdirilməsi kompyuter qavrayışı, məkan-zaman dördölçülü uyuşanlığı və müxtəlif miqyaslı və tematik təyinatlı modellərin uyğunluğu tələblərinə riayət edilməklə rəqəmli formada həyata keçirilir. Ərazi geodeziya məlumatlar bankında geoməkan məlumatlarının yığılması, yenilənməsi və istifadəsinin yeni kompyuter texnologiyaları meydana gəlmişdir. Coğrafi informasiya sistemlərindən (CİS) geniş istifadə olunmağa başlanmışdır.
Coğrafi informasiya sistemləri vahid toplu halına gətirilmiş cədvəl, mətn kartoqrafik xidməti məlumatların, demoqrafik, statistik, torpaq, bələdiyyə, ünvan və digər informasiyaların analizi üçün nəzərdə tutulmuş çoxfunksiyalı vasitələrdir. Müxtəlif istiqamətli və təyinatlı CİS-lər real dünyanın məkan obyektlərinin xəritələşdirilməsi və analizi üçün müasir kompyuter texnologiyalarıdır. Bu texnologiya özündə verilənlər bazası ilə işləmək üçün sorğu və statistik analiz kimi ənənəvi əməliyyatlarla xəritənin təklif etdiyi tam vizualizasiya və məkan analizinin üstünlüklərini birləşdirir.
Hazırda dövlət ehtiyatlarının iqtisadi qiymətləndirilməsi və onlardan istifadənin uçotunun əsasını təşkil edən torpaq və digər kadastr növlərinin yaradılması və aparılması problemi kəskinliyi ilə seçilir. Məlumdur ki, bu qəbildən olan işlərin yerinə yetirilməsində CİS-texnologiyalardan istifadə ən yaxşı vasitədir. Həm də bu texnologiyadan yalnız bir mərhələdə deyil, ilkin məlumatların toplanmasından yekun sistemin yaradılmasınadək bütün texnoloji zəncirdə istifadə olunmalıdır.
Burada ən başlıca və mühüm məsələ keyfiyyətli kartoqrafik məhsulun əldə olunmasıdır. Bu gün ölkəmizdə bir sira dövlət orqanları, özəl qurumlar müxtəlif təyinatlı CİS-lər layihələndirməyə və onlardan yararlanmağa cəhd edirlər. Bu ümumilikdə müsbət tendensiya olsa da, istifadə olunan kartoqrafik məhsulun bəlli olmayan mənbələrdən əldə olunması, bir sira hallarda onun keyfiyyətsizliyi nəticədə sərf olunmuş vəsaitin çölə atılmasına gətirib çıxarır. Belə ki, yaradılmış məhsullar naturada öz təsdiqini tapmır. Eyni sözləri naviqasiya fəaliyyəti ilə bağlı da söyləmək olar.
- Bu vəziyyəti aradan qaldırmaq üçün komitə tərəfindən nə kimi işlər görülür?
- İlk öncə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bu sahədə işləri həyata keçirən dövlət orqanlarının səlahiyyətli nümayəndələrinin üzvlüyü ilə daimi fəaliyyət göstərən dəyirmi masa fəaliyyətə başlayır. Gələcəkdə dəyirmi masanın Əlaqələndirmə Şurasına transformasiya olması nəzərdə tutulur. Avropaya inteqrasiya xətti götürmüş ölkəmizdə məkan məlumatlarının uyuşanlığının təmin olunması onların gələcəkdə mövcud beynəlxalq sistemlərə qoşulması istiqamətində inkişaf etdirilməlidir. Avropa İttifaqı ölkələri tərəfindən qəbul olunmuş İNSPİRE Direktivinin 3 əlavəsini nəzərdən keçirdikdə görürük ki, hər bir ölkədə mövcudluğu zəruri olan məcburi təbəqələrin böyük əksəriyyəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanır. Bu isə de-fakto Komitəni Milli Məkan Məlumatları İnfrastrukturunun operatoru funksiyalarını öz üzərinə götürməyə məcbur edir. Bu istiqamətdə ilk addım kimi isə Vahid Elektron Kartoqrafik Əsasın (VEKƏ) yaradılması qəbul olunur.
- Azərbaycanda kosmik sənayenin yaradılması ilə əlaqədar aparılan işlər, təbii ki, komitənin də diqqət mərkəzindədir.
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə kosmik sənayenin yaradılması prosesini daim nəzarətdə saxlayır. Bildiyiniz kimi, orbitə çıxarılacaq ikinci peyk Yerin məsafədən zondlanması üçün nəzərdə tutulmuşdur. Bu peykin məhsullarının əsas istifadəçilərindən biri kimi bizim komitə nəzərdə tutulur. Bununla əlaqədar Kosmik Şuranın, işçi qrupların iclaslarında iştirak edir, "Azərkosmos" ASC ilə yaxından əməkdaşlıq edirik.
Yerin məsafadən zondlanması sahəsinin əvvəlki kimi dinamik inkişaf etməsinə əmin olsaq da, gələcək perspektivləri bir qədər yaradıcı dəyərləndirmək lazımdır. Məkandan həyati əhəmiyyətli ehtiyaclar, o cümlədən dövlət maraqları üçün necə və niyə istifadə etməyimiz, həmçinin bu proseslərdə tətbiq olunan üsullar barədə köhnəlmiş təsəvvürləri dəyişmək lazımdır.
- AzPOS sisteminin imkanları barədə nə deyə bilərsiniz?
- AzPOS Azərbaycanda daimi fəaliyyət göstərən geodeziya istinad şəbəkəsidir. Bu gün Azərbaycanın müxtəlif rayonlarında 37 GNSS referens baza stansiyaları quraşdırılmışdır. Şəbəkə GPS, GLONASS, GALİLEO sistemlərinin hər birini dəstəkləyir. Hazırda şəbəkədən istifadə qaydaları üzərində iş gedir. Yaxın günlərdə şəbəkənin istismara verilməsi gözlənilir. AzPOS-un üstünlüyü vahid koordinat-zaman fəzasının yaradılması, idarəetmə qərarlarının qəbulunun operativliyi, yalnız topo-geodeziya deyil, həmçinin ərazilərin idarə olunmasının inzibati məsələlərinin həlli, şəbəkənin bir kompyuterdən istifadə olunması, insan və avadanlıq ehtiyatlarına qənaət etməkdir.

{nl}

Müsahibəni qələmə aldı: İlqar RÜSTƏMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında