Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi
- Bakıda "Demokratiya üçün oxu" kampaniyası çərçivəsində keçirilən tədbirlər yekunlaşdı. Sizcə, bu kampaniya Azərbaycanla bağlı hansı izlər buraxdı?
- Faktiki olaraq "Eurovision-2012" mahnı müsabiqəsi ilə bağlı qərarlar veriləndən sonra dünyanın bəzi anti-Azərbaycan qüvvələri və təşkilatlar hərəkətə keçib. Sıralarında erməni təşkilatlarının da təmsil olduğu, onların bəlli sahələrdə maliyyəsi ilə fəaliyyət göstərən qurumlarına qoşulan bu təşkilatlar və bu təşkilatları təmsil edən bir-iki nəfər Azərbaycan vətəndaşı anti-Azərbaycan təbliğatına dəstək verirlər. Anti-Azərbaycan təbliğatı aparan beynəlxalq mərkəzlərin dəyirmanına su axıdırlar. Ona görə də düşünürəm ki, bu təşkilatın qurucuları və bu fəaliyyəti həyata keçirən insanlar tezliklə onların anti-Azərbaycan siyasətinə cəlb olunduqlarını, bu və ya digər xarici kəşfiyyat orqanlarına dəstək verdiklərini anlayıb bu yoldan çəkinməlidirlər.
- Bu müddət ərzində İctimai Palatanın razılaşdırılmamış aksiyalar keçirilməsini necə qiymətləndirirsiniz?
- Buna da təəssüf edirik. Müxalifət partiyaları ölkə vətəndaşlarına və xarici ictimaiyyət nümayəndələrinə, KİV-lərə, xarici ölkələrdəki siyasətyaratma mərkəzlərinə özlərini göstərmək üçün daha müsbət və pozitiv fəaliyyət göstərə bilmədikləri üçün bu cür davranırlar. Yəni, Azərbaycana "Eurovision" mahnı müsabiqəsini işıqlandırmağa gəlmiş jurnalistlər qarşısında özlərini göstərmək, mövcudluqlarını nümayiş etdirmək istəyirlər. Onlar belə fəaliyyətlə heç zaman Azərbaycan seçicisinin səsinə ümid edə, onun etimadını qazana bilməzlər. Əgər onlar hesab edirlərsə ki, xarici təşkilatların, yaxud bu gün onların fəaliyyətini xaricdə işıqlandıraraq Azərbaycana çamur atan qurumların dəstəyi ilə hakimiyyətə gələcəklər, yanılırlar.
- İsveçin Azərbaycandakı səfirinin dünən keçirilmiş ziyafətdə bu ölkənin "Eurovision" təmsilçisi Lorinə çıxışı zamanı siyasi bəyanat verməsi ilə bağlı təklifi barədə mətbuatda yayılan məlumata münasibətiniz necədir?
- Bəli, bu məlumat barədə xəbərim var. Təəssüf olsun ki, burada da müəyyən siyasiləşmə cəhdləri var. İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun. Musiqi yarışmasını siyasiləşdirmək olmaz. Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışması arasındakı ünsiyyətləri quraraq belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək.
- Bununla bağlı İsveç tərəfinə etiraz olacaqmı?
- Mən bu məsələnin mahiyyəti barədə dəqiq məlumatlı deyiləm. Hər halda mətbuatdakı xəbərlərdən görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə "Eurovision" yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik etməsi bəlli məqsədlərlə edilə bilər. Əlbəttə, bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik.
- NATO-nun Çikaqo sammitinin yekununda qəbul edilmiş bəyanatda Dağlıq Qarabağla bağlı müddəa da əksini tapmışdır. Bunu necə dəyərləndirirsiniz?
- Biz bunu obyektiv, həm də müsbət dəyərləndiririk. Çünki NATO beynəlxalq sülhyaratma proseslərində iştirak edən əsas nüfuzlu qurumlardan biridir. Düşünürük ki, bu qurumun Cənubi Qafqazdakı münaqişələrə münasibət bildirməsi, dəyərləndirmə aparması, hər üç ölkənin ərazi bütövlüyünün pozulmaz olmasını təsdiqləməsi, gələcəkdə Dağlıq Qarabağ probleminin, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həllində ATƏT-in digər prinsipləri ilə yanaşı istifadə olunan əsas beynəlxalq hüquq norması kimi qəbul oluna bilər. NATO əvvəlki illərdə, əvvəlki sammitlərdə də Azərbaycanın ərazi bütövlüyü və Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını təsdiq etmişdi. Bu gün həmin faktı bir daha təsdiqləməsi onu göstərir ki, erməni tərəfi, yaxud onlara dəstək verən dairələrin iddia etdiyi kimi "Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilməz" yanaşması, uydurmaları yalandır və nüfuzlu beynəlxalq təşkilatların mövqeyi ilə üst-üstə düşmür.
- AXCP sədri Əli Kərimli deyib ki, "İranda milyonlarla azərbaycanlının dini lider kimi qəbul etdiyi din xadiminin burda tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil".
- Azərbaycanda heç bir İran dini rəhbəri, yaxud dini lideri təhqir olunmayıb. Azərbaycan hakimiyyəti və ictimaiyyəti İranın dini rəhbərlərinə, ruhaniyyətinə daim sayğı ilə yanaşıb. Lakin eyni zamanda ruhaniyyətin anti-Azərbaycan fəaliyyətini də açıq şəkildə, çəkinmədən onlara bildirib. Son zamanlar İranın bəzi ruhani dairələri heç bir əsası olmayan anti-Azərbaycan fəaliyyətinə, təbliğatına qoşulublar və bu işin başında dayanıblar, Azərbaycanda keçirilən beynəlxalq tədbiri "gey-parad" adı ilə ləkələmək istəyirlər. Azərbaycan xalqına beynəlxalq aləmdə, o cümlədən İran səviyyəsində böhtan atmaq istəyirlər. Biz bu böhtana etirazımızı bildirmişik. İran səfirliyi qarşısında keçirilən piketlərdə İranın dini rəhbərinin portretinin qaldırılması, "Ermənistana dəstək verməkdən imtina et!", "Anti-Azərbaycan fəaliyyətinin qarşısını alın!" şüarları isə çağırışdır. Burada böhtan, təhqir yoxdur.
- İranın Azərbaycandakı səfirinin Tehrana çağırılmasına münasibətinizi bilmək istərdik....
- Hər bir ölkənin öz səfirini ölkəyə çağırması, məsləhətləşmələr aparması təbiidir. Bu normal prosedurdur. Bunu dramatikləşdirmək lazım deyil. Faktiki olaraq dramatikləşən odur ki, İranın bəzi dairələri Azərbaycanın əleyhinə əsası olmayan anti-Azərbaycan təbliğatı aparırlar. Bir an içində bunu dayandırmalıdırlar. Azərbaycan hakimiyyətinin indiyədək İran, onun maraqları, regionda bu ölkəyə yanaşma, bu ölkə ilə beynəlxalq aləmin münasibətləri ilə bağlı səsləndirilən rəsmi açıqlamalarının cavabı hələ ki İran tərəfindən gəlməyib. Biz o rəsmi açıqlamaları İran tərəfindən gözləyirik.
- İranda saxlanılan iki azərbaycanlı şairin taleyinə hələ də rəsmi aydınlıq gətirilməyib. Bununla bağlı gözləntiləriniz nədir?
- Təəssüf olsun ki, biz bu məsələyə aydınlıq gətirə bilmirik. Çünki heç bir məlumat yoxdur. Hesab edirik ki, bu cür hallar iki ölkə arasındakı münasibətlərə ziyan vurur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.