Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Trend" İnformasiya Agentliyinə müsahibə vermişdir.
- Avstriyanın "Der Standart" qəzeti 70-ə qədər siyasi məhbusun olduğu ölkədə "Eurovision" yarışmasının keçirilməsinin nə dərəcədə məqsədəuyğun olduğunu yazır. Bununla bağlı nə deyə bilərsiniz?
- Təəssüf ki, yalnız "Der Standart" deyil, digər ölkələrin, xüsusilə Almaniyanın bəzi mətbuat orqanları Azərbaycan barədə yanlış fikirlər yayır. Bu məsələ ilə bağlı bir daha bildirmək istərdim ki, Azərbaycanda "siyasi məhbus" yoxdur. İstənilən vaxt, istənilən şəxsə bunu sübut etməyə hazıram. Azərbaycan insan hüquqları sahəsində götürdüyü bütün öhdəliklərə hər zaman sadiqdir. Biz bunu dəfələrlə sübut etmişik.
"Siyasi məhbuslar"ın mövcudluğu barədə yalan məlumatları ölkəmizdə gedən proseslərdən xəbəri olmayan, başqalarının subyektiv fikirləri əsasında Azərbaycan barədə ictimai fikri formalaşdıran ermənipərəst qüvvələr yayır. Reallıq isə tamamilə başqadır. Yəqin ki, Almaniyanın hörmətli səfiri cənab Herbert Kvelle "Eurovision" musiqi yarışmasına gəlmiş alman jurnalistləri ilə görüşündə Azərbaycan həqiqətlərini onlara çatdıracaqdır.
- Müxalifətin razılaşdırılmamış aksiyalar keçiriləcəyi barədə bəyanatlarına sizin münasibətiniz necədir?
- Hazırda radikal müxalifət qüvvələri dinc və təhlükəsiz şəraitdə bir neçə dəfə mitinq keçirmələrinə baxmayaraq, mitinq üçün ayrılmış yerlərdən imtina etdikləri və onun başqa yerdə keçiriləcəyi barədə bəyanatlarla çıxış edirlər. Halbuki onlar həmin mitinqlərə bacardıqları qədər adam da yığmışdılar, istədikləri sözləri də demişdilər.
Səbəb kimi isə, guya Səbail rayonunun ərazisində təşkil olunan toplantıların keçirilməsi üçün dövlət orqanları tərəfindən süni maneələrin yaradılmasını, aksiyada iştirak etmək niyyətində olan "minlərlə" insanın guya mitinq yerinə gələ bilməməsini göstərirlər. Lakin söylənənlər boş bəhanədən başqa bir şey deyildir.
Belə ki, mətbuatda gedən reportajlarda mitinqdə iştirak edənlərin az olması ilə bağlı suallara cavab verərkən təşkilatçılar ictimai nəqliyyat vasitələrinin qəsdən hakimiyyət tərəfindən marşrutdan çıxarıldığını, ona görə də bir çoxlarının mitinqdə iştirak edə bilmədiklərini deyirlər. Halbuki elə həmin reportajlarda mitinq iştirakçılarının əksəriyyəti toplantı yerinə ictimai nəqliyyatla gəldiklərini söyləyirlər.
Bu onu göstərir ki, əsl məqsəd başqadır, yəni, provokasiya təşkil etməklə, "Eurovision" yarışmasını boykot etməyə çağırmaqla diqqəti özünə cəlb etmək, ev sahibi kimi Azərbaycanın nüfuzuna xələl gətirməkdir. Müxalifətin davranışları bir növ evə gəlmiş qonaqlar qarşısında ailə münaqişəsi yaratmağa bənzəyir.
Halbuki siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bu uğur hamımızın uğurudur. Tədbir zamanı təhlükəsizliyin təmin edilməsinə görə məsuliyyət də yalnız hökumətin deyil, həm də hər bir Azərbaycan vətəndaşının məsuliyyətidir.
Bunu başa düşən müxalifətçilər də vardır. Dünən APA-nın verdiyi məlumata görə, 2011-ci il aprelin 2-də zorakılıqla müşayiət olunan mitinqdən sonra onun təşkilatçılarından biri kimi məsuliyyətə cəlb edilən Arif Hacılı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. "İctimai Palata" adlanan qurumun digər üzvlərindən fərqli olaraq A.Hacılı müraciətində "Eurovision" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi, bu populyar yarışmanın ölkəmizdə keçirilməsinin dövlətimiz və millətimiz üçün mühüm olduğunu bildirmişdir. Bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etmək zərurətini qeyd etmişdir.
Bu günlərdə artıq "Eurovision" mahnı müsabiqəsinin məşqlərinə başlanmışdır. Şəhərdə hazırlıq işləri başa çatır. Müsabiqə iştirakçıları və onların fanları ilə yanaşı, ölkəmizə çoxlu sayda jurnalistlər də gəlmişdir. Şəhərimizdə minlərlə qonaq vardır.
Bu, həm də təhlükəsizlik baxımından həssas bir məqamdır. Gündəlik mətbuatdan hüquq- mühafizə orqanlarının ictimai asayişin qorunmasına yönəlmiş tədbirləri barədə yəqin ki, məlumatlısınız. Hazırda hüquq- mühafizə orqanları "Eurovision" ilə bağlı təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə məşğuldur. Belə bir vacib məqamda polisin həm də razılaşdırılmamış mitinqlərin keçirilməsi ilə əlaqədar hüquq qaydasının təmin olunmasına cəlb edilməsi artıq gərginlik yarada bilər. Çox təəssüf ki, bəzi radikal müxalifət qüvvələri xaricdən idarə olunan təhlükəli antiazərbaycan oyunlarının iştirakçısına çevrilir.
- Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırıla bilərmi?
- Toplaşmaq azadlığı da digər hüquqlar kimi Azərbaycanda təmin olunur. Lakin eyni zamanda, vurğulamaq istərdim ki, toplaşmaq azadlığı mütləq deyil və onun üzərində müəyyən məhdudiyyətlər qoyula bilər.
Sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı əvvəllər də suallara cavab verərkən mən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad etmişdim. Belə ki, Böyük Britaniyaya qarşı bir iş üzrə qərarda ifadə edilmiş Avropa Məhkəməsinin fikrinə görə, müəyyən ərazidə hər hansı təşkilat tərəfindən təşkil olunmuş əvvəlki toplantıların dinc olmaması və ictimai asayişin pozulmasına gətirib çıxarması bu ərazidə ümumiyyətlə toplantıların müəyyən müddətə qadağan edilməsi üçün əsas ola bilər.
İsveçrəyə qarşı bir işdə Avropa Məhkəməsi bildirmişdir ki, sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi ilə bağlı razılaşdırma prosedurunun tətbiq edilməsinin özü heç də bu hüququn pozulması demək deyildir. Bu prosedur dövlət orqanları tərəfindən toplantının dinc xarakterinin təmin edilməsi üçün yerinə yetirilməlidir.
Hər halda, hər bir toplantının yeri və vaxtı müvafiq icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Razılaşdırma proseduru məhdudiyyətin bir formasıdır. Lakin hesab etməyin ki, bu, son dərəcədə sərt məhdudiyyətdir. Bir çox ölkələrdə toplantı keçirmək üçün icazə alınmalıdır.
Xatırlayırsınızsa, bir neçə il əvvəl Almaniyada "Böyük səkkizliyin" toplantısı keçiriləndə mitinqlər güc tətbiq edilməklə dağıdılmışdı.
Bu ilin mart ayında isə İsveçrənin Cenevrə kantonunun "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanununa referendum vasitəsilə edilmiş dəyişikliklərə əsasən, toplantının keçirilməsinə icazə almaq üçün müraciət etməmiş, icazənin müddəalarına əməl etməmiş, yaxud toplantı zamanı polisin tələblərinə riayət etməmiş şəxslər 110 min ABŞ dolları məbləğində cərimələnir. Bundan əlavə, fiziki və hüquqi şəxslərə zərər vurulması ilə müşahidə olunmuş toplantının təşkilatçılarına beş ilədək müddətdə toplantı təşkil etməyə icazə verilmir.
Qeyd olunan dəyişikliklərin qəbul edilməsindən iki ay keçməsinə baxmayaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar bunları pisləməmiş, ümumiyyətlə, heç bir reaksiya verməmişlər.
Əvəzində isə bəzi beynəlxalq təşkilatların nümayəndələri ikili standartlardan çıxış edərək antiazərbaycan qüvvələrinin siyasi sifarişlərini yerinə yetirmək məqsədilə Bakıya üz tutmuş, Avropa mahnı müsabiqəsini təşkil etməsindən şərəf və sevinc hisslərini keçirən Azərbaycan xalqının, Azərbaycan dövlətinin imicinə xələl gətirməyə çalışırlar. Onlar öz layiqli və əsaslandırılmış cavablarını alırlar.
Bəzi xarici KİV-lərdə Azərbaycana qarşı əsl informasiya cəbhəsi açıblar. Hətta bəzi səfirliklərin nümayəndələri keçmiş məhbuslara niyə siyasi fəaliyyətə qayıtmadıqlarını irad tuturlar.
Demək istərdim ki, Bakıda "Eurovision" ərəfəsində və müsabiqə gedişində razılaşdırılmamış mitinq keçirənlərlə Təbrizdə Azərbaycan konsulluğu qarşısında Azərbaycan əleyhinə şüar səsləndirənlər arasında heç bir fərq yoxdur.
Unutmaq olmaz ki, ermənilər də "Eurovision" yarışması ərəfəsində daha aqressiv antiazərbaycan kampaniyasına keçiblər, cəbhə bölgəsində atəşkəsin pozulması bir qədər də intensivləşibdir.
Bunları təhlil edəndə hansı ssenarilərin oynandığı aydın görünür. Ölkəmizə mənfi münasibət bəsləyən bəzi xarici qüvvələr ölkədaxili müxalifətlə birləşərək dövlətimiz barədə mənfi təəssürat yaratmağa, bu məqsədlə konfranslar, yürüşlər, mitinqlər təşkil etməyə çalışırlar.
Halbuki ölkədə mötəbər musiqi yarışmasının keçirilməsinə baxmayaraq, siyasi iradə nümayiş etdirilərək mitinqlərin keçirilməsi üçün yerlər ayrılmışdır. Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış toplantıların Qərbdə maraq doğurmadığını, bununla da sifarişçilərin qrantlarından məhrum olmaq təhlükəsini görən müxalifət, deyəsən, yenə 2011-ci ilin zorakı "aprel taktikası"na qayıtmaq istəyir. Yəqin, xatırlayırsınız ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə toplantının yerini və vaxtını razılaşdırmaq əvəzinə, onlar toplantı üçün müraciətdə ümumiyyətlə göstərilməyən yerdə, hətta eyni vaxtda bir neçə yerdə kiçik qruplar şəklində ictimai asayişi pozmağa çalışmışdı. Qanunsuz, zorakı hərəkətlərə görə bir qrup şəxsin tutulmasından sonra belə, onlar aksiyanı "baş tutmuş" hesab etmişdilər. Burada söhbət sərbəst toplaşmaq azadlığından gedə bilməz.
Bütün bu məqamları nəzərə alanda məntiqi suallar yaranır. Bu qədər də öz Vətənini, dövlətini sevməmək olarmı? Öz ölkəsinə bu qədər də nifrət etmək olarmı? Ölkəsinin uğurlarına şərik olmaq əvəzinə, maraqları təmin olunmamış xarici siyasi, iqtisadi dairələrin qara "PR" kampaniyasına şərik olmaqdırmı bu insanların amalı?
"Eurovision" və ya bu kimi möhtəşəm mədəni tədbirlər keçirən hər hansı bir başqa ölkədə bayram ərəfəsində dövlətinin əleyhinə belə kampaniyaların təşkilinə rast gəlinibmi? Bunu təşkil edənlərin məqsədi nədir? Suallara cavab aydındır.
Bizim məqsədimiz isə tədbiri yüksək səviyyədə, təhlükəsiz şəraitdə keçirməkdir. Əminəm ki, müsabiqəni izləyəcək milyonlarla insan Azərbaycanın sürətlə inkişaf edən, azad, tolerant, dünyəvi, qədim və zəngin mədəniyyətə malik ölkə olduğunu görəcəkdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.