Ulu öndərimiz Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin yaranmasını şərtləndirən siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsi olaraq hazırda Azərbaycan sosial-iqtisadi sahələrdə qazandığı uğurlarla dünya ölkələri arasında mövqeyini daha da möhkəmləndirmişdir. Bu uğurların əldə edilməsində təhsil sistemində reallaşdırılan islahatların da rolu əvəzsizdir.
Müasir dünya təcrübəsi əsas tutulmaqla ümumi təhsilin yeni konsepsiyasının işlənib hazırlanması, məqsəd və vəzifələrin yeni təfəkkür baxımından formalaşdırılması, fənlərin məzmununun konseptual müddəalarının müəyyənləşdirilməsi və s. bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Binəqədi rayonunun iki orta məktəbinin timsalında bunu aydın görmək olar.
Zakir BAYRAMOV - Binəqədi rayonundakı 313 saylı orta məktəbin direktoru:
- Son illər təhsil sistemində həyata keçirilən yeniliklər barədə də bir neçə kəlmə qeyd etmək istərdik. Belə ki, orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının köhnə qayda ilə keçirilməsi beynəlxalq aləmdə yaxşı qarşılanmırdı. Xarici mütəxəssislər dəfələrlə bu sahənin Avropa standartlarına uyğunlaşdırılmasının zəruriliyini bildirmişdilər. Göstərirdilər ki, ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi gənc nəslin gələcək həyat yolunda uğurla irəliləməsinə, peşə seçiminə, intellektual səviyyəsinin inkişafına öz müsbət təsirini göstərir. Amma bu təcrübəyə respublikamızda, necə deyərlər, kor-koranə yanaşılmadı. Götür-qoy edildi, Avropa məktəblərinin təcrübəsi nəzərdən keçirildi, bu qaydanın əhəmiyyəti, reallaşdırma mexanizmi, tətbiqindən sonrakı nəticələri öyrənildi. Yalnız bundan sonra sözügedən qaydanın pilot layihə kimi bir neçə rayonda tətbiqinə başlanıldı. Müsbət rəylər əldə olunandan sonra Azərbaycanın bütün ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş buraxılış imtahanları keçirildi...
Digər yeniliklər də var. Məktəblərdə şagird biliyinin qiymətləndirilməsi, ibtidai təhsilin təşkili, yeni dərslik siyasətinin müəyyənləşdirilməsi və s. məsələlər də uğurla həllini tapmış, bu zaman beynəlxalq təcrübədən Azərbaycan reallığı nəzərə alınmaqla səmərəli şəkildə yararlanmışdır.
Məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə də bir neçə kəlmə qeyd etmək yerinə düşər. Xatırladım ki, bu mühüm məsələ ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Möhtərəm dövlət başçımız Azərbaycan təhsilinin inkişafında bu sahənin önəmli rol oynadığını dəfələrlə vurğulamış, bununla əlaqədar müvafiq dövlət qurumlarına konkret tapşırıqlar vermişdir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı Proqramı"nın uğurlu icrası bunun bariz ifadəsidir. Hazırda Azərbaycandakı məktəblərin V-XI siniflərində hər 29 şagirdə bir kompyuter düşür. Halbuki proqramın təsdiq edilməsinə qədər hər min şagirdə bir kompyuter düşürdü.
Ümumiyyətlə, son illər məktəblərin internet şəbəkəsinə qoşulması, elektron dərsliklərin, elektron məktəblərin yaradılması, pedaqoji kadrların elektron bankının təşkil edilməsi, şagird, müəllim və məktəb rəhbərlərinin İKT ilə fəal işləməsini təmin etmək məqsədilə 20 mindən çox adamı əhatə edən treninqlərin keçirilməsi milli təhsilimizin əsaslı şəkildə yeniləşdirilməsindən, müasirləşdirilməsindən xəbər verir.
Bir neçə kəlmə də rəhbərlik etdiyim təhsil ocağının fəaliyyəti barədə. Məktəbimiz öz fəaliyyətinə 2007-2008-ci dərs ilinin sentyabrından başlamışdır. Təhsil Nazirliyi tərəfindən inşa olunmuş 840 şagird yerlik olan bu məktəb müasir tələblərə cavab verməklə hər cür dərs vəsaiti və texniki avadanlıqla təchiz edilmişdir. Burada müasir kitabxana, oxu və idman zalları, yeməkxana və s. şagirdlərin istifadəsinə verilmişdir.
Qısa müddətdə xeyli uğur qazanmağa nail olmuşuq. Belə ki, 2008-2009-cu dərs ilində məktəbimizin ilk buraxılışı olmuşdur. XI sinifdə oxuyan 13 şagirdin hamısı Təhsil Nazirliyi tərəfindən keçirilən mərkəzləşdirilmiş imtahanı uğurla verərək orta təhsil haqqında attestat almışdır. Bu şagirdlərin isə 50 faizi birinci mərhələdə ali məktəblərə qəbul olmuşdur. Ali məktəblərə qəbul olan şagirdlərin 60 faizi 400-dən 600-ə qədər bal toplamışdır.
Qısa müddət ərzində xüsusi istedada malik şagirdlərin aşkar edilməsi üçün məqsədyönlü iş aparılmış, belə şagirdlərin fənn olimpiadalarında, inşa, rəsm, kompyuter müsabiqələrində iştirakı təmin edilmişdir. Məhz bunun nəticəsidir ki, VIII sinif şagirdləri Röya Məmmədova Azərbaycan dili və ədəbiyyat fənni üzrə, Əvəz Mütəllimov, Azərbaycan tarixi fənni üzrə, X sinif şagirdi Vüsalə Nəsibova riyaziyyat fənni üzrə, XI sinif şagirdi Əbülfət Əhmədov Azərbaycan tarixi fənni üzrə keçirilən olimpiadaların şəhər turunun birinci mərhələsində ən yüksək bal toplayaraq I yerə layiq görülmüşlər. X sinif şagirdi Mövlud Məmmədli isə daha yüksək nəticə göstərərək olimpiadanın riyaziyyat fənni üzrə respublika turunda iştirak etmişdir. VIII sinif şagirdi Cavid Müseyibli Təhsil Nazirliyinin keçirdiyi "Gənc kompyuter istedadları" I Respublika tmüsabiqəsində II yeri tutaraq xüsusi diplom və mükafata layiq görülmüşdür. XI sinif şagirdi Aytən Hadıyeva YAP Binəqədi rayon təşkilatının keçirdiyi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Biz Azərbaycan tarixini bilməliyik" olimpiadasında I yer tutaraq xüsusi diploma layiq görülmüşdür.
2009-2010-cu dərs ilində də ötən illərdə olduğu kimi tədrisin səmərəliliyini artırmaq, gənc müəllimlərlə təcrübəli müəllimlərin işinin keyfiyyətini artırmaq məqsədilə savadlı və təcrübəli müəllimlərin açıq dərsləri təşkil edilmişdir. Mart ayının əvvəlində məktəbimizdə "Açıq dərs - dəyirmi masa" ümumşəhər tədbiri keçirilmiş, müəllimlərimizdən S.Ağayeva, M.İsmayılov və B.Səlimovanın yeni təlim texnologiyalarını özündə əks etdirən, müasir tələblərə cavab verən açıq dərsləri keçirilmişdir. Qabaqcıl və təcrübəli müəllim Mərdan İsmayılov "İlin ən yaxşı müəllimi" müsabiqəsində iştirak edərək, hazırda sonuncu mərhələyə gəlib çıxmışdır.
Təşkilat ƏLİYEV, - Binəqədi rayonundakı 284 saylı orta məktəbin direktoru:
- Mən söhbətə Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir fikri ilə başlamaq istərdim. Möhtərəm dövlət başçımız çıxışlarının birində demişdir: "Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır".
Bəli, cənab Prezident, göründüyü kimi, biliyə, təhsilə, elmi-texniki tərəqqiyə böyük önəm verir, bu amilin gənc nəslin həyat yolunda mühüm amilə çevrildiyini vurğulayır, insan kapitalına diqqətlə yanaşılmanın zəruriliyini göstərir.
Məhz elə bunun nəticəsidir ki, möhtərəm İlham Əliyev dövlət başçısı seçiləndən sonra ölkə təhsilinin sürətli inkişafına, ənənəvi cəhətləri saxlamaqla müasirləşdirilməsinə nail olmaq üçün bu sistemin bütün sahələrini əhatə edən, konkret sahələrin tərəqqisini nəzərdə tutan dövlət proqramları imzalamışdır. Yeri gəlmişkən, xatırladım ki, təhsil ictimaiyyəti, bu sistemin hər bir üzvü həmin proqramların qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün səyini əsirgəməyib. Hazırda da sözügedən istiqamətdə uğurlu addımlar atılır.
Onu da qeyd edim ki, təhsilimizin inkişafından, ona göstərilən qayğıdan danışarkən, mütləq bir məqamı da nəzərə almalıyıq. Bu da son illərdə orta məktəblər üçün müasir tələblərə cavab verən yeni binaların tikilib istifadəyə verilməsi ilə bağlıdır. Mən bir faktı xatırlatmaq istərdim. 2003-cü ildən indiyədək Azərbaycanda 350 mindən çox şagird yeri olan 1300 yeni tədris müəssisəsi məktəblilərin öhdəsinə verilmişdir. Bu isə o deməkdir ki, artıq ölkə üzrə bütün şagirdlərin təxminən 50 faizi müasir üslubda inşa olunmuş təhsil ocaqlarında oxuyur. Özü də bu məktəblərin tikilib istifadəyə verilməsində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Yeni Azərbaycana yeni məktəb" layihəsi də mühüm rol oynamışdır.
Ölkəmizin təhsil sistemində demokratik idarəetmənin təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, pedaqoji prosesə innovasiyaların daha geniş şəkildə tətbiqi, tərbiyə işinin yenidən qurulması, pedaqoji işçilərin və rəhbər kadrların işə qəbulunda yeni mexanizmlərin istifadə olunması, istedadlı uşaqların üzə çıxarılması üçün beynəlxalq təcrübədən yararlanılması və s. məsələlərin prioritet istiqamət kimi götürülməsi sözügedən sahədə kifayət qədər uğurlar qazanılması ilə nəticələnmişdir.
Azərbaycanın təhsil sistemində əldə edilən dinamik inkişafı məktəbimizin timsalında da aydın görmək olar. Fikrimin təsdiqi kimi bəzi məqamları diqqətə çatdırmaq istərdim. Belə ki, məktəbimizdə 1740 şagird təhsil alır. Onların təlim-tərbiyəsilə 170 pedaqoji işçi məşğul olur. Tədrisin keyfiyyətinə, müəllim-şagird münasibətinin möhkəmlənməsinə ciddi diqqətin yetirilməsinin nəticəsidir ki, son illər ali məktəblərə şagirdlər yüksək balla qəbul olmuşlar. Ötən tədris ilində 9 şagirdimiz 500-700 balla ölkəmizin ən nüfuzlu ali məktəblərinin tələbəsi adını qazanmışdır.
Şagirdlərimiz müxtəlif səviyyəli idman yarışlarında, fənn olimpiadalarında da uğurları ilə müəllimlərini, valideynlərini sevindirirlər. Bu yaxınlarda Binəqədi rayonu üzrə keçirilən "Şahinlər" hərbi, idman və turizm oyununda şagirdlərimiz fəal iştirak etmiş, II yeri tutmuşlar. IX sinif şagirdləri Vüsalə Orucova, Mətanət Mahmudzadə ayrı-ayrı fənlər üzrə təşkil olunan şəhər, respublika olimpiadalarında fəxri fərmanlarla və qiymətli hədiyyələrlə təltif edilmişlər.
{nl}
Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.