Şriftin ölçüsü:
17.05.2012 10:04 | Oxunma sayı: 1039
Azərbaycanın Avropa Şurasındakı mövqeləri getdikcə möhkəmlənir. Azərbaycan parlament nümayəndə heyətinin AŞPA-nın sessiyalarında və komitə iclaslarında fəallığı Ermənistan nümayəndələrini çətin vəziyyətə salır.
Artıq nümayəndə heyətimizin üzvləri qurumun rəhbərliyi tərəfindən bir sıra məsələlərdə məruzəçi də təyin olunublar. Bu, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının və mötəbər qurumlarda böyük etimad qazanmasının nəticəsidir. Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin layiqincə yerinə yetirilməsi də ölkəmizə olan inam və etimadın artmasında böyük rol oynayıb.
Hazırda bir sıra beynəlxalq qurumların ikili standartlardan çıxış etmələrinə baxmayaraq, ölkəmizin dünya birliyində reytinqi getdikcə artır. Azərbaycan nümayəndə heyətinin AŞPA- dakı rəhbəri Səməd Seyidov bu qurumla Azərbaycan arasındakı əlaqələrdən danışarkən bildirdi ki, ölkəmiz Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Bəzi qüvvələrin ikili standartlardan çıxış etmələrinə baxmayaraq, Azərbaycan öz mövqeyini davamlı şəkildə nümayiş etdirir, ölkəmizə qarşı qərəzli mövqedə olanları real faktlarla susdurur.
S.Seyidov AŞPA-nın sonuncu sessiyasından danışarkən dedi ki, Azərbaycanla bağlı mühüm əhəmiyyət kəsb edən məsələlər yenidən gündəmə gətirilmişdir. Əsasən Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların öz doğma yurd - yuvalarından didərgin salınmaları və Ermənistanın hələ də işğalçılıq missiyasından əl çəkməməsi həmişəki kimi yenə də diqqətə çatdırıldı. Nümayəndə heyətinin rəhbəri dedi ki, bəzi qüvvələr yenə də qərəzli mövqedən çıxış edir, öz maraqlarını diktə edir, ölkəmizə qara yaxmağa çalışırlar. Öz maraqlarını diktə edənlərdən biri də AŞPA-nın Azərbaycan üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasserdir. S. Seyidov Azərbaycanda insan haqlarının qorunmasının Avropanın diqqət mərkəzində olduğunu diqqətə çatdıraraq dedi:
- Biz bunu təbii və normal hal hesab edirik. Lakin bəzi qüvvələr bu məsələdə qeyri - obyektivlik nümayiş etdirərək öz qərəzli mövqeyi ilə çaşqınlıq yaratmaq istəyirlər. Mən AŞPA-nın Azərbaycan üzrə məruzəçisi almaniyalı deputat Kristofer Ştrasserin ölkəmiz haqqındakı qərəzli mövqeyini xüsusi vurğulamaq istəyirəm. Yeri gəlmişkən qeyd etmək istərdim ki, vaxtı ilə "Azərbaycanda siyasi məhbus" adı ilə qəbul olunmuş sənəd bir müddətdən sonra Avropa Şurası tərəfindən dəyişdirilərək başqa formada - "Siyasi məhbuslar məsələsinə baxış" adı ilə dərc olunmuşdur. Bu, Azərbaycan nümayəndə heyətinin ölkədəki reallıqları olduğu kimi çatdırmasının məntiqi sonluğu idi. Eyni zamanda, Azərbaycanda aparılan islahatların, hərtərəfli inkişafın, ümumiyyətlə, Avropa Şurasına üzv olan ölkələrdə gedən proseslərin nəticəsi idi. Azərbaycanın hədəf götürülməsi düzgün mövqe deyil. İnsan haqlarının qorunması sahəsindəki problemlər yalnız Azərbaycanda yox, qonşuluğumuzda olan ölkələrdə, ümumiyyətlə, Avropa Şurasına daxil olan ölkələrin hamısında mövcuddur. Bütün bunların içərisindən yalnız Azərbaycanı seçib araşdırma aparmaq ən azı obyektivlikdən uzaqdır. AŞPA-nın sonuncu sessiyasında biz yenidən bu məsələni diqqətə çardırdıq. Bu barədə Avropa Şurasına və şəxsən Kristofer Ştrasserə bir neçə məktub ünvanlamışıq. Həmin məktubda bildirmişik ki, artıq mövzu dəyişib. Bu məsələni müzakirə etmək üçün Azərbaycan tam hazırdır. Bununla əlaqədar istənilən vaxt ölkəmizə gələ bilərsiniz. Hətta nə vaxt gələcəyi, kiminlə görüşəcəyi, hansı məsələləri gündəmə gətirəcəyi barədə də söhbətlər apardıq. Ancaq təəssüflər olsun ki, Ştrasser yenə də öz qərəzli mövqeyindən əl çəkmir. Sonuncu sessiyada komitə sədrinin də iştirakı ilə keçirdiyimiz görüşdə o dedi ki, mən Azərbaycanda yalnız siyasi məhbusları araşdıracağam. Azərbaycana yalnız bu mandatla gələcəyəm. Onun bu iddiası qəbulolunmazdır. Ən azı ona görə ki, o, Helsinki Assosiasiyasının Ermənistanla bağlı 2012-ci ildə dərc etdiyi hesabatı nəzərə almalı idi. Bu hesabatda Ermənistanda siyasi və vicdan məhbusu kimi həbsdə olan 55 nəfərin adı göstərilib. Bu adamlar Ermənistan tərəfindən Dağlıq Qarabağa hərbi xidmətə göndərilmiş gənclərdir. Onlar hərbi xidmətdən və Azərbaycana qarşı vuruşmaqdan imtina etdiklərinə görə Ermənistanda həbsxanalarda saxlanılırlar.
Kristofer Ştrasser bütün bunları bir kənara qoyaraq yalnız Azərbaycanda "siyasi məhbus" axtarışına çıxmaq fikrinə düşüb. Təbii ki, belə bir adam obyektiv münasibət göstərə bilməz. AŞPA-nın İnsan Haqları Komitəsində Avropa Şurasının əksər deputatları Azərbaycanın haqlı mövqeyini dəstəklədilər. Onlar qərəzli mövqedə olan Kristofer Ştrasserə açıq şəkildə təzyiq göstərirdilər. Onun belə qərəzli yanaşması, qeyri-obyektivliyinin Avropa Şurasının adına ləkə olduğunu bildirdilər. Ştrasserin diqqətinə çatdırıldı ki, yalnız Azərbaycanı hədəf seçmək obyektivlikdən uzaqdır. Təəssüf ki, o, hələ də qərəzli mövqeyindən əl çəkməyib.
S.Seyidov bu sessiyada da Azərbaycan parlamenti nümayəndə heyətinin üzvlərinin iştirakını uğurlu hesab etdi. O, həmçinin ölkəmizdəki bəzi dairələrin Ştrasserin qərəzli mövqeyindən istifadə edərək anti - Azərbaycan təbliğatı kampaniyası aparmasını da pislədi. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəs Azərbaycanın təəssübünü çəkməli, ölkəmizin qazandığı uğurlarla fəxr etməli və dünya birliyindəki mövqeyinin daha da möhkəmlənməsi yolunda öz qüvvəsini əsirgəməməlidir.
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.