Azərbaycanın dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi bəzi xarici düşmənlərimizin, eləcə də onların havadarlıq etdikləri bir sıra üzüdönük müxalifət nümayəndələrinin ciddi narahatçılığına səbəb olub. "Eurovision-2012" mahnı müsabiqəsinin başlanması ərəfəsində Azərbaycana düşmən qüvvələr bir qədər də fəallaşaraq Avropanın dəyərli mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsinin qarşısını almaq üçün min oyundan çıxırlar. Bu oyunların oyunçularına çevrilmiş AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və "İctimai Palata" adlı qondarma qurumun digər üzvləri ölkəmiz haqqında böhtan və qarayaxma kampaniyalarına başlayıblar.
Yüksək səviyyəli mədəni bir tədbirin Azərbaycanda keçirilməsini istəməyən radikal müxalifət nümayəndələri ölkəmiz haqqında donosbazlıq etməkdə, erməni lobbisinin sifarişlərini yerinə yetirməkdə sanki yarışa giriblər. AXCP sədri tez - tez Almaniyada nəşr olunan müxalifət qəzetlərinə müsahibələr verərək Azərbaycanın getdikcə artan nüfuzuna xələl gətirməyə çalışır, Müsavat Partiyasının rəhbəri İsa Qəmbər Almaniya Azad Demokratlar Partiyasının (FDP) sədr müavini, xanım Bricit Homburgerlə görüşür və ölkədəki ictimai-siyasi vəziyyət, siyasi məhbuslar, sərbəst toplaşmaq azadlığı, demokratiya və insan haqları ilə bağlı, həqiqətə uyğun olmayan "faktlar" verir. Adını da qoyurlar ki, guya Müsavat başqanı və AXCP sədri xarici ölkə nümayəndələri ilə "fikir mübadiləsi" aparıb. Təbii ki, bütün bunların arxasında daha çox qrant almaq məqsədi durur. Öz ölkəsi, Vətəni, xalqı haqqında Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyənlərə yalan və böhtan xarakterli məlumatlar vermək nə əsl azərbaycanlıya, nə də siyasi partiya rəhbərinə yaraşan xüsusiyyət deyil. Belə hərəkətlərin bir adı var - milli xəyanətkarlıq!
Müxalifətin yalan və böhtanları Azərbaycanın beynəlxalq aləmdəki reytinqinə, Almaniya - Azərbaycan dostluq münasibətlərinə heç bir xələl gətirməyəcək. Bunu Almaniyanın rəsmi dövlət dairələri də təsdiqləyirlər. Almaniyanın bəzi rəsmi dövlət nümayəndələrinin iki ölkə arasındakı münasibətlərə dair açıqlamalarını və bu münasibətlərə verdikləri qiyməti qrant xatirinə ölkəmizə böhtan atan əli kərimlilərin, isa qəmbərlərin və bu xislətdə olan digər müxalifət nümayəndələrinin də diqqətinə çatdırmaq istərdik. Həmin açıqlamalarda deyilir: "Azərbaycan Almaniyanın ən yaxın, mühüm siyasi və iqtisadi tərəfdaşıdır. Azərbaycan sürətlə inkişaf edən ölkədir. Almaniyada Azərbaycanın son illərdə iqtisadiyyat səhəsində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verən insanlar çoxdur". Bütün bunlardan sonra da radikal müxalifət nümayəndələri yenə də yalan və böhtanlarından əl çəkmir, ölkəmizin nüfuzuna xələl gətirmək üçün özlərinə "alman" markalı arxa - dayaq axtarırlar.
Təəssüf ki, Almaniyanın "Yaşıllar" fraksiyası və bəzi dairələri Azərbaycanın vəzifə hərisliyində olan müxalifət nümayəndələrinin yalan və bötanlarına inanaraq ölkəmizə qarşı anti- təbliğat kampaniyasına başlamışlar. Azərbaycan "Eurovision-2011" mahnı müsabiqəsinin qalibi olduqdan sonra bu kampaniya bir qədər də genişləndi. Bu da təbiidir. Görünür inkişaf etmiş ölkələri belə bir böyük mahnı müsabiqəsində üstələmiş Azərbaycan bu səbəbdən hədəfə çevrilib. Təəccüblüdür ki, Almaniyanın Azərbaycandakı səfiri də belə bir anti-təbliğat kampaniyasının iştirakçısına çevrilib. Böyük bir ölkənin diplomatının belə bir çirkin kampaniyaya qatılması ölkəmizin tanınmış ictimai - siyasi xadimlərinin, habelə ziyalıların narazılığına səbəb olub.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini- icra katibi Əli Əhmədov hazırda Azərbaycanla Almaniya arasında dostluq münasibətlərinin olduğunu bildirdi. Ancaq Almaniyanın bəzu mətbu orqanlarının və bu ölkənin Azərbaycandakı səfirinin anti- təbliğat kampaniyasına qoşulmalarına təəccübünü bildirərək dedi:
- Mən belə düşünürdüm ki, Almaniyanı Azərbaycanda təmsil edən səfir bu hadisələrin fövqündə dayanan bir taktika seçəcəkdir. Təəssüflə qeyd etmək istəyirəm ki, səfir bizim düşündüyümüz yolla getmədi. Almaniyanın bəzi mətbu orqanları və siyasətçiləri Azərbaycana qarşı təbliğat kampaniyasında çox qəribə bir üsuldan istifadə edirlər.Guya Azərbaycan Avropanın ən hörmətli mahnı müsabiqəsindən bir vasitə kimi istifadə edərək öz imicini yaxşılaşdırmağa çalışır. Burada qəbahət nədən ibarətdir? Əgər bu, pis bir şeydirsə, niyə onda Almaniyanın bəzi mətbuat orqanları, siyasətçiləri, elə müəyyən dərəcədə Almaniyanın Azərbaycandakı səfiri də bu müsabiqədən bir vasitə kimi istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya aparırlar və ölkəmizin imicinə xələl gətirməyə çalışırlar.Əgər bu pis işdirsə, niyə edirlər, yaxşı işdirsə, niyə Azərbaycan hökumətinə rəva bilmirlər. Digər bir tərəfdən Azərbaycan hökumətini guya Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına, evlərin sökülməsinə görə tənqid edirlər. Ən azından Almaniyanın Azərbaycandakı səfiri çox gözəl bilir ki, Azərbaycan hökuməti erməni təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə insanlara evlər tikib və bundan ötrü milyonlarla vəsait xərclənib. O ki qaldı Bakı şəhərinin rekonstruktusiyası ilə əlaqədar bəzi yararsız halda olan evlərin sökülməsi, Azərbaycan vətəndaşlarının daha layiqli yerlərə köçürülməsi məsələsinə, görəsən nə vaxtdan bəri yaşamaq üçün yararsız vəziyyətə düşmüş evlərdən layiqli, daha rahat, təhlükəsiz, münasib mənzillərə köçürülməsinə "insanların evlərinin uçurulması" adı verilibdir? Yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi sökülmüş evlərin və bunun əvəzində həmin evlərin sakinlərinə verilmiş yeni mənzillərin şəkillərini Almaniyanın Azərbaycandakı səfirinə göndərsin. Bundan sonra səfirə daha aydın şəkildə məlum olar ki, Azərbaycan öz vətəndaşlarının qayğısına qalır, insanların hüquq və azadlıqlarının qorunması dövlətin diqqət mərkəzində saxladığı prioritet məsələdir.
Mübariz Qurbanlı, YAP icra katibinin müavini, Milli Məclisin deputatı:
- Almaniyanın xarici işlər naziri Qido Vestervellenin Azərbaycana səfəri gedişində diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına zidd olaraq bəzi əməllərə yol verdiyi haqda Milli Məclisdə çıxış etmişdim. Bundan sonra Almaniyanın Azərbaycandakı səfiri mənə məktubla müraciət edib. Səfir öz məktubunda mənim Milli Məclisdəki çıxışıma təəccüb etdiyini bildirib. Doğrusu, mən də cənab səfirin məktubuna və onların atdıqları addımlara təəccüb etməkdəyəm. Vyana Konvensiyasına görə, diplomatın ölkənin daxili işlərinə qarışmasına yol verilmir.Yəqin cənab səfir də bunu bilir. Amma bu, yenə də davam etməkdədir.Səfirlərin vəzifəsi ölkələr arasında dostluğa, qardaşlığa təkan verməkdir, kömək etməkdir. Təəssüf ki, biz bunun əksini görməkdəyik.Almaniya ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələr var və bu əlaqələr getdikcə inkişaf edir. Ölkəmizdə buna çox böyük dəyər verilir. Lakin Almaniyadakı bəzi dairələr bunu pozmağa çalışır, anti - Azərbaycan kampaniyanın başında dayanırlar. Bundestaqda "Yaşıllar" fraksiyasının bəzi üzvləri də bu kampaniyada iştirak edirlər. Bir məsələni qeyd etmək istərdim. Biz Almaniyanın İnsan haqları üzrə müvəkili cənab Markus Löninqlə də danışmışıq. Əgər insan haqları üzrə müvəkkil Almaniyada azlıqda olan xalqlara qarşı törədilən cinayətlərlə bağlı səsini qaldırsaydı, biz onun ədalətli olduğunu qeyd edərdik.Almaniyada azlıqlara - müsəlmanlara, türklərə, ərəblərə qarşı neofaşistlər dəfələrlə cinayətlər törədiblər, onların ailə üzvlərini yandırıblar. Amma biz Almaniyada nə Yaşılların, nə Lördinqen, nə də digərlərinin, həmçinin Almaniya xarici işlər nazirinin bununla bağlı kifayət qədər açıqlama verdiyini görmədik. Eyni zamanda Azərbaycana qarşı Ermənistan silahlı qüvvələrinin törətdiyi cinayətlərə də münasibət bildirilməyib. Xocalı faciəsi ilə əlaqədar Yeni Azərbaycan Partiyası olaraq dəfələrlə tədbirlər keçirmişik. Həmin tədbirlərə bütün səfirlikləri dəvət etmişik. Ancaq Almaniyanın Azərbaycandakı səfiri bir dəfə də olsun bu tədbirlərə qatılmayıb.Əgər səfir doğurdan da bu və ya digər insan haqlarının pozulmasının əleyhinədirsə və ya bütövlükdə bu siyasəti dəstəkləyirsə, o zaman insanların ən böyük haqqı pozulubdur, ərazimiz işğala məruz qalıbdır. Görəsən almaniyalı səfir bütün bunlara niyə biganə qalıbdır?
XIX - XX əsrin əvvələrində belə bir termin var idi: jandarm, Avropanın jandarmı. Yəni, elə ölkələr var idi ki, onlar müstəqil siyasət yeridən ölkələrə qarşı hərbi müdaxilə edirdilər və belə ölkələri Avropanın jandarmı adlandırırdılar. İndi də Almaniyada bəzi dairələr mənəvi jandarm rolunu oynamaq istəyirlər. Hansısa ölkədə keçirilən futbol çempionatını, musiqi yarışmasını qadağan etmək istəyirlər. Mənəvi jandarm heç bir ölkəyə xeyir gətirməyəcək. Hesab edirəm ki, Almaniyada belə bir addım atanları alman xalqı özü rədd edəcək, o cümlədən də bu, iki ölkə arasındakı münasibətlərə xələl gətirməyəcək. Böhtan və yalan üzərində qurulmuş kampaniya Azərbaycan - Almaniya dostluq münasibətlərinə xələl gətirə bilməz.
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.