Aprel ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinə görə Qriqori Lvoviç Belenki "Dostluq" ordeni ilə təltif edilmişdir.
Nyu-York Dövlət Universitetinin elektrik və kompyuter mühəndisliyi üzrə professorunun adı bu gün ölkəmizdə gənc nəslin azsaylı nümayəndələrinə tanış olsa da, 1989-cu ildən Birləşmiş Ştatlarda fəaliyyətini davam etdirən Qriqori Belenki özünü məhz Azərbaycan ziyalılarına aid edir. Bakılı fizik bir alim kimi Azərbaycanda yetişmiş, Azərbaycan Dövlət Universitetini bitirərək Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmış, neçə-neçə gənc alim yetişdirmişdir. Alim 170-dən çox elmi məqalənin, ABŞ-da dörd elmi patentin müəllifi, beynəlxalq elmi mükafatların sahibidir. Qriqori Belenki Vətən ilə daim əlaqə saxlayır, Azərbaycanda son illər tez-tez keçirilən elmi-praktiki konfranslarda, forumlarda iştirak edir, ölkəmizdə elmin inkişafını yaxından izləyir. AzərTAc-ın xüsusi müxbiri professor Qriqori Belenki ilə bu və digər məsələlərlə bağlı söhbət etmişdir.
- Cənab Belenki, Azərbaycan elminin inkişafında və elmi əlaqələrin genişləndirilməsindəki xidmətlərinizə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən "Dostluq" ordeni ilə təltif edilməyiniz münasibətilə Sizi təbrik edirik. Bu barədə ilk xəbər sizdə hansı təəssürat doğurdu?
- Mən, bu xoş xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundakı dostlarımın məktubundan aldım. Təbii ki, çox sevindim və təsirləndim. Bakıdakı 25 illik elmi fəaliyyətimə verilən bu yüksək qiymətə görə minnətdaram. Həm Azərbaycan Prezidenti cənab İlham Əliyevə, həm də onun şəxsində bütün Azərbaycan hökumətinə bu yüksək mükafata görə təşəkkürümü bildirir, işimə bu cür dəyər verdiklərindən böyük məmnunluq duyuram.
- Bakı həyatınızla bağlı bir qədər danışardınızmı? Sizi paytaxtımızla nələr bağlayır?
- Bildiyimə görə, ailəmiz Bakı şəhərində XIX əsrin sonlarından yaşayır. Valideynlərim Bakıda doğulmuşdular. Mən özüm əvvəl 6, sonra isə 189 nömrəli məktəblərdə oxumuşam. Hələ gənc yaşlarımdan çox fəal komsomolçu idim. Beləliklə, müxtəlif sahələrdən özümə çoxlu dost qazanmışdım. Onlar mənə Bakıda yaşadığım bütün müddət ərzində kömək edir, dəstəkləyirdilər. 1959-cu ildə mən, bütün imtahanlardan əla qiymət alaraq Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə qəbul olundum. Buranı bitirəndən sonra Fizika İnstitutunda çalışdım. Gənclik dövrüm bütövlüklə Bakı və Abşeronla bağlıdır. Bu, həyatımın ən unudulmaz və ən yaxşı çağlarıdır.
- Bildiyimizə görə, ailənizin əksər üzvləri Bakının elmi həyatında fəal iştirak edib, öz töhfələrini vermişlər. Sizin də elm dalınca getməyiniz ailənizdəki seçimlərlə bağlı idi?
- Ailəmizin əksər üzvləri həkim idilər. Xalam Asya Belenkaya Tibb İnstitutunun biologiya kafedrasının müdiri idi və xatırladığıma görə, həm həmkarları, həm də tələbələri arasında yüksək hörmətə malik bir mütəxəssis idi. O, neçə-neçə tibb alimləri yetişdirmişdir. Dayım Lev Belenki respublika səhiyyə nazirinin müavini vəzifəsində işləmişdir. Xüsusilə, anam tərəfi böyük ailə idi və əksəriyyəti o zaman tanınmış həkimlərdən ibarət idi. Mənim sənət seçimim isə 189 nömrəli məktəbdə müəllimimin məsləhəti ilə baş vermişdir. O zaman anamı inandırmışdılar ki, fizika fənnində istedad nümayiş etdirmişəm. Amma bunun tək ailədən gəldiyini düşünmürəm. Bilirsiniz, o zaman Bakıda bizim mühit, ümumiyyətlə, elmə meyilli idi. Cəmiyyətdə yüksək ali savada malik olmaq dəyərləndirilirdi. Hətta dostlarım arasında Azərbaycan Dövlət Universitetinə qəbul olunmaq çox hörmətli bir hal kimi qəbul olunurdu. O zaman fizika sahəsi yüksəlişdə idi, lirik fiziklərin vaxtı idi. Ona görə, mən də bu amillərin təsiri ilə fizikanı seçdim.
Bakı qeyri-adi bir yer idi. Ötən əsrin birinci yarısında burada təkcə hamının tanıdığı dünya şöhrətli insanlar, o cümlədən Mstislav Rostropoviç, Lev Landau və digərləri doğulmamışdır, həm də bir çox məşhurlar Bakıda işləmiş, Azərbaycan mədəniyyətindən çox şeylər götürmüş və öz növbələrində bu mədəniyyətin formalaşmasına töhfə vermişdilər. Məsələn, tanınmış şair və linqvist Vyaçeslav İvanov 1920-1924-cü illərdə Bakıda işləmişdir. Məhz Azərbaycanın pullarına o, İtaliyaya qədər gedib çıxa bilmiş və burada Renessanss incəsənətinin sayılan mütəxəssisinə çevrilmişdir. Böyük miqyaslı fizik Yakov Dorfman, riyaziyyatçılar Yuri Lopatinski, Aleksandr Buxştab və digərləri Azərbaycan Dövlət Universitetində işləmiş, yüksək ixtisaslı kadrlar yetişdirmişdilər. Məhz onların tələbələri elmi ənənələri qoruyub saxlamış, məhəbbətlə gənclərə çatdırmış, istedadı dəyərləndirmişlər. Bu, çox vacib bir məqamdır.
- Həyatınızda mühüm rol oynayan hansı müəllimlərinizi xatırlayırsınız?
- Tək bir nəfərin adını çəkməkdə çətinlik çəkirəm. Amma onu qətiyyətlə deyə bilərəm ki, universitetdə bizə çox istedadlı insanlar güclü təhsil verirdilər. Yadımdadır, professor Məmməd Abdullayev mexanika və molekulyar fizika üzrə bizə mühazirə oxuyurdu. Həm şəxsi keyfiyyətləri, həm də ensiklopedik biliklərinə görə qeyri-adi bir insan idi. Dosent Mehdi Əliyev optika dərsi deyirdi. Bəstəboy adam idi. Radiofizikanı Lətif İmanovdan, yarımkeçiricilərin fizikasını akademik Həsən Abdullayevdən, Maqsud Əliyevdən öyrənirdik. Diplomumuza hazırlıq Azər Zeynallının başçılıq etdiyi laboratoriyanın maraqlı mühitində aparılırdı. Bura dünyanın hər yerindən məşhur alimlər gəlirdilər, tələbələrin də onlarla söhbət etmək imkanı olurdu. Bu insanların hər birinin mənim alim kimi formalaşmağımda böyük rolu olmuşdur. Universiteti bitirdikdən sonra, Elmlər Akademiyasının Fizika İnstitutunda işlədiyim dövrlərdə də gözəl mütəxəssislərlə birlikdə çalışmaq imkanım olub. İndiyə qədər onların çoxu ilə, həmkarlarım və tələbələrimlə dostluq münasibətləri saxlayıram. Firudin Haşımzadənin adını xüsusi çəkmək istəyərdim. Onunla Bakıda müzakirə etdiyimiz məsələlər hətta bu gün də mənim Amerikadakı elmi qrupumun işinə müsbət təsirini göstərir.
Hamının adını çəkmək mümkün deyil. Bakıda yüksək bilikli mütəxəssislər həmişə olub və indi də vardır. Onlarla dəyərli ünsiyyət mənə həmişə böyük sevinc hissi gətirir.
- İxtisasca fizik olan Azərbaycanın ABŞ-dakı sabiq səfiri, hazırda isə xarici işlər nazirinin müavini - Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev hərdən zarafatla deyirdi ki, fiziklərin və riyaziyyatçıların qabiliyyətləri onlara hər bir sahədə uğurlu olmağa imkan verir. Bununla razısınızmı?
- Cənab Hafiz Paşayevin dediklərində həqiqət vardır. Fizika, riyaziyyat və ümumiyyətlə, tətbiqi elmlərlə məşğul olan insanlar, adətən, geniş təhsilli olurlar. Onlara ətraflı təhlil etmək, diqqətlə dinləmək, başqasının fərziyyəsinə hörmətlə yanaşmaq, öz fikirlərini qısa və dəqiq ifadə etmək cəhətləri xasdır. Əgər şərait onlardan özlərini digər sahələrdə də sınamağı tələb edirsə, hər yerdə öz töhfələrini verə bilirlər. Hafiz Paşayevlə biz 1960-cı illərin əvvəlindən, tələbəlik dövründən tanışıq. Yadımdadır o, çox yaxşı alimdir.
- Bildiyimizə görə, 1989-cu ildən ABŞ-da yaşayırsınız. Azərbaycan üçün sizdə ən çox nə çatışmır, ən çox nədən ötrü darıxırsınız?
- "Çatışmır" yaxşı sözdür. Əlbəttə, köçüb gəldiyim ilk illər mürəkkəb vaxtlar idi. Ən çox darıxdığım Bakıdakı həmkarlarım və dostlarımla ünsiyyət idi. Birdən-birə səni sevən, daim dəstəkləyən cəmiyyətdən ayrı düşmək asan deyildi. Müəyyən vaxtdan sonra, yeni mühit yaranır. Amma Bakıdakı həmkarlarımın yerini verən yoxdur. Digər darıxdığım isə, Bakının bulvarı, Abşeronun sahilyanıdır. Mən bütün boş vaxtımı Abşeronun dəniz sahillərində keçirirdim. O təbiət üçün yəqin ömrümün axırına qədər darıxacağam. Xüsusilə, Bakının küləkləri üçün çox darıxıram.
- Bakıda son illər keçirilən elmi forumlarda, konfranslarda tez-tez iştirak edirsiniz. Şəhərin yeni siması barədə nə deyərdiniz?
- Bakı olduqca dəyişib. Tamam başqa bir məkana çevrilib. İndi Bakı maraqlı tikililəri, nadir memarlığı olan Avropa şəhəridir, daim inkişafda, böyüməkdədir. Hiss olunur ki, gələcəkdə Azərbaycan paytaxtı bundan da böyük, gözəl və yaraşıqlı olacaqdır. Görünür ki, şəhərin inkişafına böyük məbləğdə sərmayə yatırılır. Bu, məni çox sevindirir. Amma özümün köhnə bakılı olduğumu nəzərə alsam, qədim küçələrin itirilməsini görürəm. Bizim vaxtlarda keçmiş Torqovı küçəsindən Nizami kinoteatrına çatana qədər hər tində səni tanıdığın insanlar saxlayıb söhbət edər, sonra birlikdə bulvara gedərdilər. Ətrafda hamı tanış idi. Bu gün, təbii ki, bunu edə bilmirsən. Bəlkə də, belə yaxşıdır. Mənim üçün bu, artıq başqa şəhərdir. Şəhərin elmi mühitində isə müəyyən müddət təbii durğunluqdan sonra dirçəliş hiss olunur. Xüsusilə də mənim məşğul olduğum sahədə yeni nəslin yetişdiyi görünür. Onlar institutu düzgün istiqamətdə inkişaf etdirirlər. Moskvadakı dostlarım da bunu təsdiqləyir və bu səyləri yüksək qiymətləndirirlər. Çox müsbət şeylərin baş verdiyi hiss olunur və ümid edirəm ki, bu meyil uzun illər davam edəcəkdir.
- ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri ilə münasibətiniz varmı? Diasporun tədbirlərinə qatıla bilirsinizmi?
- Təəssüf ki, istədiyim qədər yox. Həm məşğulluğuma, həm də Nyu-Yorkdan və Vaşinqtondan uzaq məsafədə yaşadığıma görə. Amma ünsiyyətdə olduğum bir çox dostlarım Bakıdandır. Onların çoxu Azərbaycandan xəbərləri yaxından izləyir, burada diplomatik nümayəndəliklər tərəfindən təşkil olunan tədbirlərdə iştirak edirlər.
Azərbaycan diasporu ABŞ-da güclü alətdir. İnanıram ki, Azərbaycanın buradakı nümayəndəlikləri onları səfərbər etmək üçün səylər göstərir. Yadımdadır, Alim Qasımovun buradakı konsertində olmuşdum. Azərbaycan mədəniyyəti böyük qüvvədir. İstərdim, mədəni xadimlər tez-tez Amerikaya səfər edərək bu mədəniyyətin zənginliyini amerikalılara həmişə xatırlatsınlar.
- Yekun fikirləriniz?
- Bir daha bu yüksək mükafata görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib Bakıdakı bütün dostlarıma, həmkarlarıma və tələbələrimə səmimi salamlarımı çatdırmaq istəyirəm. Şadam ki, Azərbaycanda elm inkişaf edir, Bakı gündən-günə gözəlləşir, yeni nəslin nümayəndələri Britaniya, ABŞ kimi ölkələrin ən yaxşı məktəblərində təhsil alırlar. İstərdim ki, Amerikanın ali məktəblərində müxtəlif elm sahələri üzrə təhsil alan azərbaycanlı tələbələrin sayı bir qədər də artsın. Perspektivləriniz böyükdür. Bütün bunlar məni çox sevindirir.
- Söhbətinizə görə təşəkkür edirəm.
{nl}
Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.