Şriftin ölçüsü:
29.04.2012 22:30 | Oxunma sayı: 1998
Ötən hər gün bizi möhtəşəm bir hadisəyə - "Eurovision-2012" mahnı müsabiqəsinə yaxınlaşdırır. Tam əminliklə deyə bilərik ki, çoxlu sayda beynəlxalq səviyyəli tədbirlərə uğurla ev sahibliyi etmiş, hər dəfə də xarici qonaqları, sözün yaxşı mənasında heyrətləndirməyi bacarmış Azərbaycan bu dəfə də başladığı işi böyük uğurla sona çatdıracaqdır. Bu fikirləri "Eurovision-2012" mahnı müsabiqəsinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir MƏMMƏDOV deyir:
- "Eurovision-2012" mahnı müsabiqəsinin ölkəmizdə çox yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Bu, təkcə bizim rəyimiz deyildir. Avropa Yayımları Birliyinin uzun illər "Eurovision" mahnı müsabiqəsinə rəhbərlik edən şəxsləri, eyni zamanda, qurumun Məşvərət Qrupu layihənin icrasının bütün mərhələlərində öz fikirlərini bildirmişlər. Onlar bu qənaətdədirlər ki, layihəyə hazırlıq çox yüksək səviyyədə gedir. İnanırıq ki, proses axıradək də bu cür gedəcək və bütün Avropa auditoriyasına uğurlu bir müsabiqə təqdim edəcəyik.
- "Eurovision-2012" mahnı müsabiqəsinə dünyanın 42 ölkəsindən nümayəndələr gələcəkdir. Onların qarşılanması və yerləşdirilməsi ilə bağlı hazırlıq işləri nə yerdədir?
- Bildiyiniz kimi, "Eurovision" mahnı müsabiqəsinin çox önəmli, spesifik cəhətlərindən biri də ondan ibarətdir ki, layihədə çoxlu sayda ölkələr iştirak edir. Bakı müsabiqəsində iştirak edəcək çoxsaylı nümayəndələrin qarşılanması, yerləşdirilməsi ilə bağlı artıq bütün məsələlər öz həllini tapmışdır və "Eurovision-2012"nin qonaqlarının gəlişini səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, mayın birinci yarısından etibarən onlar Bakıya gəlməyə başlayacaqlar. İnanırıq ki, qonaqların hər biri Azərbaycana səfərindən və paytaxtımızda keçiriləcək mahnı müsabiqəsindən yüksək səviyyədə razı qalacaqlar.
Nümayəndə heyətləri artıq qalacaqları otelləri də müəyyənləşdirmişlər. Şəhərimizdə xidmət göstərən çoxsaylı otellər onlara sərbəst və geniş seçim imkanı yaratmışdır. Nümayəndələr öz istəklərinə uyğun otellər seçmişlər. Hər bir nümayəndə heyətindən aldığımız rəy bundan ibarətdir ki, onlar seçdikləri oteldən, Azərbaycan paytaxtındakı ab-havadan çox razıdırlar. Biz bu qəbildən rəyləri nümayəndə heyətləri rəhbərlərinin mart ayında keçirilmiş toplantısında da eşitmişik.
-57-ci "Eurovision" mahnı müsabiqəsi ilə əlaqədar bir məqam da bu şounun tarixi ənənəsi ilə bağlıdır. Əvvəlkilərdən fərqli olaraq 2012-ci ilin musiqi yarışması Avropada deyil, Şərq ilə Qərbin qovuşduğu bir məkanda keçiriləcəkdir. Sizcə, bu baxımdan Bakı şousu özündən əvvəlkilərdən hansı keyfiyyətləri ilə fərqlənəcəkdir?
- "Eurovision" mahnı müsabiqəsinin bir özəlliyi də ondan ibarətdir ki, o, hər il məhz qalib olan ölkədə keçirilir. Mahnı müsabiqəsində həmin ölkənin mədəniyyəti, ab-havası, məişəti, xalqın milli-mənəvi dəyərləri özünü göstərməlidir. Bu mənada bu il "Eurovision" müsabiqəsi özündən əvvəlkilərdən bir çox özəllikləri ilə seçiləcəkdir. Çünki "Eurovision" müsabiqəsi coğrafi ərazi olaraq Mərkəzi Avropadan çox uzağa getmişdir. Azərbaycana gələn nümayəndələr, bütün dünya auditoriyası və müsabiqənin minlərlə qonağı Mərkəzi Avropadan uzaqda, zəngin Şərq və avanqard Qərb mədəniyyətlərinin harmoniyasını təcəssüm etdirən çox müasir bir ölkədə - Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin nə qədər rəngarəng və fərqli keçirilməsinin şahidi olacaqlar. Təbii ki, "Eurovision-2012" müsabiqəsinin bütün açılışlarında, şounun ümumi konsepsiyasında bu, özünü göstərəcəkdir. Mənə elə gəlir ki, seyrçilərdə unudulmaz təəssürat yaradan məqamların biri də məhz elə bu olacaqdır.
- "Baku Crystal Hall"da cari hazırlıq işlərinin vəziyyəti barədə nə deyə bilərsiniz?
- "Baku Crystal Hall"da işçi qrupu və prodakşn heyət artıq öz fəaliyyətinə başlamışdır. Orada səhnə, işıq, səs və video avadanlıqlarının quraşdırılması prosesləri gedir. Burada hər şey çox sürətlə baş verir və bu işlər çox qısa bir vaxtda tamamlanacaqdır. Onu da deyim ki, texniki baxımdan həm telekommunikasiya işləri, həm audio-vizual avadanlığın quraşdırılması ən son televiziya standartları ilə həyata keçirilir. Texniki məsələlərdən çox danışmaq istəməzdim. Sözün qısası, "Eurovision" müsabiqəsinin Bakı şousu çox maraqlı olacaqdır.
{nl}
Gözəl AĞAYEVA AzərTAc-ın müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.