Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi.
- Bizdə olan məlumata görə, aprelin 23-24-də Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞPA-nın Monitorinq Komitəsinin iclası keçirilmişdir. Həmin iclasda Azərbaycan ilə bağlı sənəd müzakirə edilmişdir. Siz həmin sənəd barədə məlumat verə bilərdinizmi?
- Monitorinq Komitəsinin həmin iclasında Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsi barədə məlumat hesabatı müzakirə edilmişdir. Bu sənəd Monitorinq Komitəsinin həmməruzəçiləri tərəfindən onların bu il yanvar-fevral aylarında ölkəmizə səfərinin nəticələrinə əsasən hazırlanmışdır. Bu hesabatın komitənin növbəti iclasında qəbul ediləcəyi gözlənilir.
Həmməruzəçilər səfər çərçivəsində müxtəlif dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirmişlər. Onlar, həmçinin qaçqınlar və məcburi köçkünlər üçün qəsəbədə və penitensiar müəssisələrin birində olmuşlar.
Qeyd etmək istəyirəm ki, həmməruzəçilər qəbul edilmiş sənəddə Azərbaycan hakimiyyəti və Milli Məclisin AŞPA-da nümayəndə heyəti ilə əməkdaşlığın əla səviyyədə olduğunu vurğulamışlar. Bu, bizim belə əməkdaşlıq üçün açıq olmağımızı və siyasi iradəmizi bir daha təsdiq edir.
Həmməruzəçilər özlərinin məlumat hesabatında demokratik təsisatların inkişafı ilə əlaqədar bir sıra uğurları xüsusi qeyd etmişlər. Məsələn, onlar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul edilməsini müsbət qiymətləndirmişlər. Həmməruzəçilərin sənədində vurğulanır ki, Milli Fəaliyyət Proqramında "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun qəbul edilməsi, bu şəxslərin hüquqlarının pozulması hallarının araşdırılmasına yönəlmiş tədbirlər görülməsi, hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər üçün müvafiq treninqlərin keçirilməsi nəzərdə tutulur.
- Milli Fəaliyyət Proqramında daha nələr nəzərdə tutulur?
- Milli Fəaliyyət Proqramı ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən ardıcıl tədbirlərin tərkib hissəsi olan konseptual, genişmiqyaslı sənəddir. Proqramda həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də əhalinin ayrı-ayrı qruplarının hüquqlarının daha səmərəli müdafiəsinin təmin edilməsinə yönəlmiş konkret tədbirlər görülməsi nəzərdə tutulur.
Proqram ölkəmizin insan hüquqları sahəsində beynəlxalq sənədlərə qoşulması prosesinin davam etdirilməsi, insan hüquq və azadlıqları nəzərə alınmaqla cəmiyyətin həyatının müxtəlif aspektlərini tənzimləyən yeni qanunvericilik aktlarının işlənib hazırlanması və qəbul edilməsi kimi elementləri əhatə edir. Proqramda, həmçinin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlər sektorunun daha da inkişaf etdirilməsi və bir sıra başqa praktiki tədbirlər nəzərdə tutulur. Proqrama müvafiq olaraq, insan hüquqları sahəsində, o cümlədən beynəlxalq təşkilatlarla birlikdə müxtəlif maarifçilik və elmi-praktiki tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
- Gəlin, həmməruzəçilərin məlumat hesabatına qayıdaq. Bu sənəddə daha hansı müsbət məqamlar qeyd edilmişdir?
- AŞPA-nın həmməruzəçiləri "Siyasi partiyalar haqqında" Qanuna dəyişikliklər layihəsinin son variantında siyasi partiya üzvlərinin minimum zəruri sayının 5000 nəfərdən 1000 nəfərə endirilməsini alqışlamışlar. Qeyd etməliyəm ki, digər beynəlxalq təşkilatlar da "Siyasi partiyalar haqqında" yeni qanunun beynəlxalq standartlara uyğun olduğunu hesab edirlər.
Həmməruzəçilər Azərbaycan Respublikası Prezidentinin əfv haqqında 2011-ci il 26 dekabr və 2012-ci il 15 mart tarixli sərəncamlarını xüsusilə alqışlayaraq qeyd etmişlər ki, bu sərəncamlara əsasən Cabbar Savalan, Ruslan Bəşirli, Elnur İsrafilov və işləri bəzi qeyri-hökumət təşkilatlarının gündəmində olan digər şəxslər əfv edilərək azad olunmuşlar. Onlar bu faktı da alqışlamışlar ki, məhkəmənin qərarına əsasən Elşən Həsənov şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onlar qeyd etmişlər ki, hazırda məhkəmələr 2011-ci ilin aprelində ictimai qaydanı pozduqlarına görə məhkum edilmiş daha iki şəxsin - Elnur Məcidli və Arif Alışlının şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə baxırlar.
Həmməruzəçilər QHT-lərin siyahılarında göstərilən başqa məhkumlar barəsində əmin olduqlarını bildirmişlər ki, onların məsələləri siyasi dialoq əsasında monitorinq proseduru çərçivəsində həll edilməlidir. Bununla əlaqədar, həmməruzəçilər qeyd etmişlər ki, qeyri-hökumət təşkilatları onların tərtib etdikləri məhbusların müxtəlif siyahıları barədə ümumi razılığa gəlməmişlər və bu cür şəxslər üçün dəqiq meyarların və ya beynəlxalq miqyasda qəbul edilmiş tərifin olmaması da bu məsələyə dair razılıq əldə edilməsinə mane olur.
Bununla əlaqədar bir məsələni qeyd etməyə bilmərəm ki, meyarlar məsələsi, daha doğrusu, meyarların olmaması uydurma "siyasi məhbuslar" problemi və AŞPA-nın bu problem üzrə məruzəçisi Kristof Ştrasserin fəaliyyəti ilə bilavasitə bağlıdır.
Azərbaycanın uzun illər boyu ardıcıl olaraq tutduğu mövqeyə görə, hər hansı ölkəyə dair məruzə hazırlanmazdan əvvəl yalnız ayrıca götürülmüş bir dövlətə deyil, Avropa Şurasının bütün üzvlərinə tətbiq edilə biləcək "siyasi məhbus" termininin müəyyən edilməsi üçün dəqiq meyarlar hazırlamaq lazımdır. Hesab edirik ki, bu məsələyə hər hansı başqa yanaşma yolverilməzdir, çünki bu, Avropa Şurasının fəaliyyətində ikili standartların mövcudluğu demək olacaqdır. AŞPA-nın üzvlərinin çoxu, beynəlxalq hüquq sahəsində ekspertlər, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu mövqeyə şərikdirlər. "Siyasi məhbus" termininin beynəlxalq miqyasda qəbul edilmiş anlayışı olmadığı halda nəyin bahasına olursa olsun, Azərbaycana dair məruzə hazırlamağa can atan məruzəçi Ştrasserin mövqeyi isə, bizim fikrimizcə, əsassızdır və onun ölkəmizə münasibətdə qərəzli olmamasına şübhə oyatmaya bilməz.
- Həmməruzəçilər hesabatlarında diqqəti daha nəyə cəlb edirlər?
- Həmməruzəçilər məlumat hesabatında müxalifət təşkilatlarının bu il martın 17-də və aprelin 8-də Bakıda iki mitinq keçirməsini alqışlamışlar. Sənəddə göstərilir ki, bu mitinqlər icra hakimiyyəti ilə razılaşdırılmışdır. Hər hansı ciddi insidentsiz keçmişdir.
Qeyd etmək istəyirəm ki, aprelin 22-də daha bir mitinq keçirilmişdir. Bu mitinq də Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmışdı və qanuna əsasən bu məqsədlər üçün ayrılmış yerdə keçirilmişdir. Belə mitinqlərin keçirilməsi bir daha ona dəlalət edir ki, sərbəst toplaşmaq azadlığı hüququ qanuna müvafiq olaraq həyata keçirildikdə heç bir problem yaratmır.
Hər kəsin müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə başqaları ilə birlikdə dinc və silahsız toplaşmaq, yığıncaqlar, mitinqlər, nümayişlər keçirmək hüququ Konstitusiyanın 49-cu maddəsində təsbit edilmişdir. Bu hüququn həyata keçirilməsi "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunla tənzimlənir. Xatırlatmaq istəyirəm ki, bu qanunun müddəaları yaxın keçmişdə təkmilləşdirilmişdir; dəyişikliklərin layihəsi ekspertiza üçün Avropa Şurasının Venessiya Komissiyasına göndərilmişdir. Həmin Komissiya öz yekun rəyində göstərmişdir ki, yenilənmiş qanun Avropa standartlarına tam uyğundur.
Bununla bərabər, yaxın vaxtlarda keçirilmiş mitinqlər mövzusuna qayıdaraq qeyd etməliyəm ki, həmin mitinqlərin keçirilməsi radikal müxalifətin qeyri-konstruktiv, demaqoq xarakterini, onun tamamilə aciz olmasını bir daha nümayiş etdirdi. Bu müxalifətin üzdəniraq liderləri özlərinin qaldırdığı məsələlərin həllinə dair heç bir ağlabatan təklif söyləmədilər. Prinsip etibarı ilə onlar ümumiyyətlə heç bir təklif irəli sürmədilər. Yalnız təhqiramiz, populist şüarlar və çağırışlar səslənirdi. Heç kəs onların proqramını özü üçün aydınlaşdıra bilmədi. Görünür, bu proqram sadəcə olaraq yoxdur. Onların yeganə taktikası iqtidarı total tənqid etməkdir. Onların tədbirləri çoxlu tərəfdarlar cəlb etmir və edə də bilməz - bu tədbirlər daha çox "məhdud şəxslər dairəsinin yığıncaq"larına oxşayır. Bu "yığıncaq"ların yeganə məqsədi xarici sponsorlara onların "investisiya"larının necə xərcləndiyini göstərməkdən ibarətdir. Aydındır ki, heç bir ciddi siyasi qüvvə belə mənfi bünövrəyə əsaslana bilməz. Bu sadə faktı tarix, o cümlədən radikal müxalifətin özünün tarixi də dəfələrlə təsdiqləmişdir.
- AŞPA həmməruzəçilərinin Azərbaycanda KİV sahəsində vəziyyətə münasibəti necədir?
- AŞPA-nın məlumat hesabatında göstərilir ki, hazırda Azərbaycanda 4700-dən çox müxtəlif KİV, o cümlədən 40 gündəlik və 200-dən çox həftəlik və aylıq qəzet, həmçinin 50 informasiya agentliyi, çoxlu sayda ümumrespublika, regional və kabelli telekanal, 30-dan çox İnternet-provayder iqtidar tərəfindən hər hansı təzyiqlə üzləşmədən fəaliyyət göstərir.
Həmməruzəçilər öz sənədlərində jurnalist Xədicə İsmayılovanın iştirakı ilə videogörüntülərin dərc edilməsi ilə əlaqədar insidentə də toxunmuşlar. Onlar qeyd etmişlər ki, bu videonun dərc edilməsini iqtidar da pisləmişdir və Baş Prokurorluq jurnalist xanımın şikayətinə əsasən cinayət işi qaldırmışdır.
- Fürsətdən istifadə edib, bilmək istərdik, bu iş üzrə istintaq necə gedir?
- İstintaq hələ davam edir, buna görə də son nəticə çıxarmaq və ya rəy söyləmək hələ tezdir. Təhqiqat çərçivəsində çoxsaylı şahidlər dindirilmiş, mənzilə baxış keçirilmiş, bir sıra maddi sübutlar götürülmüş, həmin mənzildə yaşamış və ya oraya gəlib-getmiş şəxslər müəyyən edilmiş, Xədicə İsmayılovaya məktubun göndərildiyi yer haqqında məlumat alınmış, digər istintaq tədbirləri həyata keçirilmişdir.
Lakin bir daha təkrar edirəm, bu iş üzrə istintaq hələ davam edir və biz onun nəticələrini gözləməliyik.
- Bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları Bakıda evlərin sökülməsi məsələsini qaldırırlar. Həmməruzəçilər öz hesabatında bu məsələyə toxunmuşlarmı?
- Həmməruzəçilər özlərinin Azərbaycana səfəri çərçivəsində Bakının mərkəzinin abadlaşdırılması üzrə işlərlə əlaqədar binaların sökülməsi məsələsini müzakirə etmişlər və buna müvafiq olaraq, həmin məsələ onların hesabatında öz əksini tapmışdır. Sənəddə deyilir ki, əksər şəxslər onlara təklif edilmiş kompensasiyanın məbləğindən razı qalmışlar, lakin bəzi adamlar bu məbləğdən və ya onlara təklif edilmiş mənzillərdən narazıdırlar. Sənəddə qeyd edilir ki, bir sıra hallarda bu şəxslər şəhərin mərkəzində ən bahalı yeni tikililərdə mənzilin dəyərindən artıq məbləğdə kompensasiya istəyirdilər, halbuki sökülən binaların böyük əksəriyyəti çox köhnə tikililər idi. Hesabatda bir məsələnin mümkünlüyü istisna edilmir ki, Leyla Yunus beynəlxalq dəstək cəlb etmək məqsədilə provokasiyalar təşkil etmək üçün süni şəkildə şişirdilmiş tələblər və bunun ardınca şikayətlər təqdim etmişdir.
Bütövlükdə faktlar provokasiya barədə versiyanın əsaslı olduğuna dəlalət edir. Belə ki, abadlaşdırma işlərinin gedişində bir neçə min adam yeni mənzil almışdır. Mənzilləri sökülməli olan şəxslərə 1 kvadratmetr üçün 2000 dollara qədər ən yüksək məbləğdə pul kompensasiyaları təklif edilmişdir. Bununla bərabər, məhkəmələrdə evlərin sökülməsi ilə əlaqədar şəxslərin şikayətlərinə əsasən yalnız bir sıra işlərə baxılmışdır. Bu rəqəmlər onu göstərir ki, narazılığın miqyası süni şəkildə şişirdilir. Son vaxtlar bu provokasiya kampaniyasının xeyli güclənməsi xarici KİV-lərdə müxtəlif insinuasiyalarla, məsələn Almaniyanın "Şpigel" jurnalındakı məqalələrlə müşayiət olunur. Bu KİV-lərin mövqeyinə siyasi möhtəkirlikdən başqa heç bir ad vermək olmaz.
Radikal müxalifətin yaxın vaxtlarda keçirilmiş mitinqlərində səslənən şüarlar və çıxışlar da bu məsələnin süni şəkildə siyasiləşdirilməsini nümayiş etdirir. Belə ki, yaşlı, emosional cəhətdən qeyri-sabit insan təəssüratını yaradan bir qadın tribunadan ona hətta çox böyük məbləğdə kompensasiya təklif edilsə belə, bundan imtina edəcəyini bəyan edirsə, bu çıxışdan başqa nəticə çıxarmaq çətindir. Aydındır ki, bu sözləri ona sadəcə siyasi məqsədlər üçün öyrədənlər var, çünki adamın köhnə və yararsız mənzildən hətta "milyon dollar müqabilində də" köçməkdən imtina etməsini hər hansı başqa səbəblə izah etmək mümkün deyildir.
- Sonda soruşmaq istərdik, siz həmməruzəçilər tərəfindən hazırlanmış sənədi bütövlükdə necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, məruzəçilər ölkəmizdə demokratik təsisatların inkişaf dinamikasını əks etdirən yetərincə tarazlaşdırılmış sənəd hazırlamışlar. Biz Avropa Şurasından və bütün başqa beynəlxalq təşkilatlardan məhz bu cür münasibət gözləyirik.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.