Şriftin ölçüsü:
26.04.2012 07:13 | Oxunma sayı: 880
Azərbaycanın dünya miqyasında artan nüfuzu getdikcə daha da genişlənir, əlaqələri möhkəmlənir. Hazırda ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının sürətlə artması da bunu təsdiqləyir. Azərbaycanın dünyada ən mötəbər qurum kimi tanınan BMT-nin Təhlükəsizlik Şurasına ötən ilin sonunda üzv seçilməsi müstəqillik tarixində qazanılan ən böyük uğurudur. Bu ilin may ayında Azərbaycan bu nüfuzlu qurumun Təhlükəsizlik Şurasına sədrlik edəcək. Bu da ölkəmizin müstəqillik tarixində böyük siyasi hadisə kimi yadda qalacaq.
Azərbaycanın dünyanın ən mötəbər və ən vacib qurumuna sədrlik etməsi hər birimizdə qürur hissi yaradıb. Tanınmış ictimai - siyasi xadimlər, ziyalılar və ekspertlər ölkəmizin BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına sədrlik etməsini beynəlxalq aləmdə qazanılan uğurun təntənəsi kimi qiymətləndirirlər.
{nl}
Fəzail İBRAHİMLİ, Milli Məclisin deputatı:
- Dünyada bir çox xalqlar var ki, onların heç dövlətləri də yoxdur. Dövlətləri olan bir çox xalqlar isə illərlə belə bir arzu ilə yaşayıblar ki, onların yaşadıqları ölkə mötəbər qurumların üzvü olsun. Mən hələ nüfuzlu Birləşmiş Millətlər Təşkilatını demirəm. Fəxrlə demək olar ki, Azərbaycan bu gün dünyanın bütün mötəbər təşkilatlarının üzvüdür. Haray çəkib "yox millətimin imzası imzalar içində" deyən dünyasını dəyişən bizim babalarımızın ruhu bu gün şaddır. Hər bir soydaşımız qürur duymalıdır ki, Azərbaycanın bayrağı dünyanın ən böyük təşkilatlarının qərargahları qarşısında dalğalanır, ən əsası isə Azərbaycan bir dövlət, bir millət kimi dünyada gedən ən böyük siyasi proseslərin nəinki iştirakçısı, hətta sədrlik etmək hüququ qazanıb.
{nl}
Çingiz QƏNİZADƏ, Milli Məclisin deputatı:
- Azərbaycan beynəlxalq aləmdə artan nüfuzunu günbəgün genişləndirir.Konkret olaraq BMT-nin Təhlükəsizlik Şurasına sədrlik məsələsində hesab edirəm ki, bu çox böyük nailiyyətdir. Ölkəmiz yaranmış bu situasiyadan həmişə olduğu kimi dividend əldə edəcək. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına həm üzv olması, həm də sədrlik etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmiz üçün müəyyən mənada müsbət rol oynayacaq. Əlbəttə, mən ilk növbədə münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində həllini nəzərdə tuturam. Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında birmənalı olaraq bilidirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüququn normaları çərçivəsində həll olunmalıdır. Azərbaycan Prezidentinin bu mövqeyi dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları tərəfindən dəstəklənir. Hesab edirəm ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətdə də beynəlxalq hüququ və ədaləti müdafiə edəcək.
{nl}
Rüstəm XƏLİLOV, Milli Məclisin deputatı:
- Azərbaycan hazırda beynəlxalq aləmdə söz sahibi olan dövlətlərdəndir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Azərbaycanın müstəqilliyinin bərpa olunduğu 20 illik dövrə nəzər yetirdikdə bütün sahələr üzrə yüksək nailiyyətlər qazanıldığının şahidi oluruq. Ölkəmiz hazırda regionda lider dövlətə çevrilib. İqtisadiyyatın inkişaf tempinə görə dünyada öncül yerlərdən birini tuturuq. İctimai - siyasi sabitliyin davamlılığının qorunub saxlanılması, Prezidentlə xalqın vəhdəti, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi və sülh tərəfdarı olmamız ölkəmizin beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldir.
Azərbaycan hazırda nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin keçirildiyi məkana çevrilib. Ölkəmiz Birləşmiş Millətlər Təşklatının Təhlükəsizlik Şurasına qeyri - daimi üzv seçildikdən sonra nüfuzu daha da artıb. Həmin seçkidə dünyanın 155 dövlətinin Azərbaycana dəstək verməsi dünya birliyinin bizə olan inam və etimadının təzahürü idi. Gələn ay isə bu nüfuzlu təşkilatın Təhlükəsizlik Şurasına Azərbaycanın sədrlik etməsi xarici siyasət sahəsində qazanılan ən böyük uğurdur. İyirmi illik müstəqillik tarixində belə bir uğur qazanmaq hər dövlətə nəsib olmur. Bu, ulu öndər Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən düşünülmüş şəkildə davam etdirilməsinin nəticəsidir. Azərbaycan xalqı inanır ki, bu siyasi xətt ölkəmizə daha yadda qalan uğurlar gətirəcək.
{nl}
Söhbəti qələmə aldı: Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.