İƏT-in baş katibi M.Y.Mərufi: Azərbaycan strateji inkişaf hədəflərini dəqiq müəyyənləşdirən və ehtiyatlarından səmərəli istifadə edən ölkədir

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini sürətlə möhkəmləndirməkdədir. İnkarolunmaz həqiqətdir ki, artıq ölkəmiz təmsil olunduğu beynəlxalq təşkilatların hər birində aparıcı qüvvəyə çevrilir. 
İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) da belə nüfuzlu qurumlardandır. Azərbaycan Respublikası 2012-ci ildən başlayaraq bu təşkilata sədrlik edəcəkdir. İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Məhəmməd Yəhya Mərufi bu və digər məsələlərlə bağlı AzərTAc-ın suallarını cavablandırır.
- Cənab baş katib, rəhbərlik etdiyiniz təşkilat son illər bir sıra beynəlxalq iqtisadi layihələr həyata keçirmişdir. Yaxın gələcəkdə daha hansı layihələrin reallaşdırılması nəzərdə tutulur?
- Bu müsahibə lap yerinə düşdü. Bilirsiniz ki, İƏT məkanında 2012-ci il Azərbaycan üçün çox mühüm bir il olacaqdır. Çünki bu il İƏT-ə sədrlik Azərbaycan Respublikasına keçir. Buna görə də hesab edirəm ki, Azərbaycan xalqının İƏT və onun fəaliyyəti ilə daha yaxından tanış olması əhəmiyyətlidir.
İqtisadi Əməkdaşlıq Təşkilatının indiyədək gördüyü işlərə və gələcəkdə yerinə yetirilməsi nəzərdə tutulan irihəcmli layihələrə gəldikdə, qeyd etmək istərdim ki, İƏT-in təsis olunduğu vaxtdan 20 il keçmişdir. Bu müddətdə iqtisadiyyat və ticarətin müxtəlif sahələrində əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaradılmışdır. Nəqliyyat, ticarət, energetika, turizm, kənd təsərrüfatı, səhiyyə, insan resurslarından düzgün istifadə, ekologiya, narkotik qaçaqmalçılığı və mütəşəkkil cinayətkarlıqla mübarizə sahələrində idarəetmə strukturları və strateji proqramlar yaradılmış və yerinə yetirilmişdir. Uğurlu regional əməkdaşlıq ticarət, nəqliyyat, maliyyə və kommunikasiya sahələrində əlaqələrin qurulması və infrastrukturun möhkəmlənməsi üçün gözəl əsas yaradır. İqtisadi əməkdaşlığın əhatə olunduğu bütün sahələrdə müxtəlif layihələrin həyata keçirilməsində İƏT-in məqsədi regional əlaqələrin genişləndirilməsi və regional inteqrasiyadır. Bu istiqamətdə əhəmiyyətli layihələrimiz mövcuddur.
- Azərbaycan Respublikası barədə nə deyə bilərsiniz?
- Azərbaycan Respublikası regionun çox mühüm ölkəsidir. Biz təşkilatın fəal üzvü kimi regional proseslərə öz töhfəsini verən Azərbaycanın fəaliyyətini müsbət qiymətləndiririk. İƏT əsasən iqtisadi əməkdaşlıq və inkişaf məsələləri ilə məşğul olduğu üçün mən Azərbaycanın iqtisadiyyat baxımından əvəzsiz töhfələri barədə danışmaq istərdim.
Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Bizim bu ölkənin dinamik inkişafı və potensialı haqqında geniş məlumatımız vardır. Azərbaycan iqtisadi sahədə keçid mərhələsini uğurla başa çatdırmış, ümumi daxili məhsulun artımı, yoxsulluğun azaldılması, sənayeləşdirmə, aqrar islahatlar sahəsində rekord nəticələr əldə etmişdir.
Daha bir vacib amil Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olmasıdır. Turizm Azərbaycan üçün daha bir mühüm sektordur. Azərbaycan rəsmiləri turizm və sənayenin inkişafına xüsusi diqqət yetirirlər. Azərbaycan ən yaxın zamanlarda regionun turizm mərkəzlərindən birinə çevriləcəkdir. Bir sözlə, Azərbaycan strateji inkişaf hədəflərini dəqiq müəyyənləşdirən və ehtiyatlarından səmərəli istifadə edən ölkədir.
- Azərbaycanın İƏT-dəki rolunu, fəaliyyətini necə qiymətləndirirsiniz?
- Azərbaycan İƏT-in müxtəlif proqram və layihələrində əhəmiyyətli rol oynayan fəal üzvüdür. İqtisadi Əməkdaşlıq Təşkilatında faydalı rol oynadığına görə Azərbaycan dövlətinə minnətdarlığımı bildirmək istərdim. İƏT-ə qoşulduğu vaxtdan Azərbaycan Respublikası təşkilatın çoxşaxəli fəaliyyətində yaxından və səmərəli iştirak edir. Bundan əlavə, Azərbaycan İƏT-in yüksək səviyyəli iclasları daxil olmaqla bir sıra tədbirlərinə ev sahibliyi etmişdir. 2006-cı il mayın 4-5-də İƏT-in IX Sammiti - Dövlət başçılarının Zirvə Toplantısı Bakıda yüksək səviyyədə təşkil olunmuş, Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası, 2010-cu il fevralın 5-də İƏT səhiyyə nazirlərinin iclası, həmçinin bir sıra yüksək səviyyəli ekspert qrupunun iclasları ayrı-ayrı vaxtlarda Bakıda keçirilmişdir. Bu, Azərbaycanın İƏT qarşısında öz öhdəliklərinə sadiq və regional təşkilatın fəaliyyətində maraqlı olmasının aydın göstəricisidir. Prezident İlham Əliyevin dəvəti ilə İƏT-in XII Sammiti və Nazirlər Şurasının 20-ci iclası 2012-ci ildə Azərbaycan Respublikasında keçiriləcəkdir. Bakıda keçiriləcək XII Sammitdə İƏT-ə sədrlik Azərbaycan Respublikasına keçəcəkdir.
Daha bir vacib məqam odur ki, Azərbaycan həm də İƏT-in Ticarət və İnkişaf Bankına üzv olmaq üçün müraciət etmişdir. Tam əminliklə və məsuliyyətlə deyə bilərəm ki, Azərbaycanın bu quruma qoşulması ilə bank öz fəaliyyətinin həcmini və səmərəliliyini daha da artıracaqdır. Xatırladım ki, Azərbaycan, həmçinin İƏT-in onlayn pul köçürməsi sisteminin tətbiqi ilə bağlı təşəbbüsün 4 tərəfdaşından biridir.
- İƏT-in struktur və coğrafi perspektivləri barədə nə deyə bilərsiniz?
- İƏT nəhəng strateji əhəmiyyətə malik bir regiondur. O, "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin mərkəzində yerləşir. Bu region Şərq və Cənub-Şərqi Orta Şərq və Avropa ilə birləşdirir. Trans-Asiya dəmir yolu şəbəkəsinin 57 faizi İƏT regionundan keçir. Asiya dəmir yolu şəbəkəsinin 35 faizi İƏT-in üzv ölkələrindədir. İƏT-in strateji məkanda yerləşməsi ən böyük dəyərlərdən biridir. Bu strateji əhəmiyyəti nəzərə alaraq, dövlətlərarası regional təşkilat kimi İƏT-in məqsədi yaşayış standartlarının yaxşılaşdırılması, region xalqlarının əmin-amanlığı, həmçinin üzv ölkələrin iqtisadi inkişafıdır. O, ticarət və investisiyalara yardımın yolları və vasitələrinin müzakirəsi və davamlı inkişaf üçün platforma təklif edir və bu strateji coğrafiyada regional əməkdaşlığın inkişafında mühüm rol oynayır.
İƏT 1964-cü ildə Pakistan, Türkiyə və İran tərəfindən qurulmuş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatı (RƏİT) kimi tanınmışdı. İranda baş vermiş İslam inqilabından sonra RƏİT 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı olaraq fəaliyyətini davam etdirmişdir. Sovet İttifaqının süqutundan sonra daha da genişlənərək, 1992-ci ildə öz sıralarına yeni yeddi üzv ölkəni (Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) daxil etmişdir. Artıq 10 üzv ölkə ilə İƏT daha böyük iqtisadi gücə sahib olmuş və coğrafi baxımdan genişlənmişdir. İƏT-in sahəsi 8 milyon kvadratkilometr, əhalisi isə 430 milyon nəfərə çatmışdır. İƏT Şərqin, Qərbin, Şimalın və Cənubun bazarlarını bir-birinə birləşdirir və strateji cəhətdən böyük əhəmiyyət kəsb edir.
İƏT-in təşkilat strukturu yarandığı vaxtla müqayisədə hazırkı şəraitə uyğunlaşmaq və üzv ölkələrin ehtiyaclarına cavab vermək üçün inkişaf etmiş və genişlənmişdir. Təşkilatın sonrakı inkişafı məqsədi ilə Nazirlər Şurasının 19-cu iclası təşkilatın daha faydalı fəaliyyət göstərməsi ilə bağlı məsləhətlər hazırlamaq üçün Görkəmli Şəxslər Qrupunu (GŞQ) təsis etmişdir. İstanbul Bəyannaməsinin 25-ci bəndinə əsasən qurulmuş GŞQ öz fəaliyyətinə təşkilatın işini tədqiq etmək, yenidən nəzərdən keçirməkdən və 2012-ci ildə Bakıda keçiriləcək Nazirlər Şurasının XX iclası üçün təkliflər hazırlamaqdan başlamışdır. Bu təkliflər təşkilatın dinamizmini, səmərəliliyini və beynəlxalq nüfuzunu yaxşılaşdıracaqdır. Hazırda regionun İraq və Qətər kimi ölkələri təşkilatımızın sammit və Nazirlər Şurasının iclaslarında iştirak edərək bizimlə münasibətlər qurur. Artıq İraq təşkilata üzv olmaq niyyəti ilə çıxış etmişdir. Siyasi və iqtisadi cəhətdən mümkün olduğu təqdirdə təşkilata daha çox üzv qəbul etmə prosesi baş verə bilər.

{nl}

Sabir ŞAHTAXTI AzərTAc-ın xüsusi müxbiri
Tehran

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında