Şriftin ölçüsü:
21.04.2012 04:39 | Oxunma sayı: 1090
Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasətinin məntiqi davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq fəaliyyət göstərməkdədir. Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Trend İnformasiya Agentliyinə müsahibəsini oxuculara təqdim edirik.
- Son illər ərzində beynəlxalq təşkilatlarla əməkdaşlıq və dünya təcrübəsinin öyrənilməsi istiqamətində hansı nəticələr əldə olunmuşdur?
- Ölkə həyatının bütün sahələrində olduğu kimi, dəniz nəqliyyatının inkişafı sahəsində də çox böyük uğurlar əldə olunmuşdur. Azərbaycan dünyanın 170 dövlətinin üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatının tamhüquqlu üzvüdür. Ötən dövrdə respublikamız adıçəkilən təşkilatın dəniz nəqliyyatı sahəsində 20-dən artıq beynəlxalq konvensiyasına qoşulmuşdur. Dövlət Dəniz Administrasiyası müvafiq sahədə fəaliyyət göstərən müəssisələr, təşkilatlar və Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən gəmilər tərəfindən qeyd edilən konvensiyaların tələblərinin yerinə yetirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirərək böyük uğurların qazanılmasını təmin etmişdir.
Azərbaycan dövlətinin daxili və xarici siyasət xəttinə uyğun olaraq, beynəlxalq səviyyədə dəniz dövlətləri sırasında və müvafiq beynəlxalq təşkilatlarda respublikamızın nüfuzunun daha da artırılması məqsədilə planlaşdırılmış tədbirlərin həyata keçirilməsi davam etdirilir. Dövlət Dəniz Administrasiyası qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Respublikamız Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqının Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla da sıx əməkdaşlıq əlaqələri yaratmışdır.
Dövlət Dəniz Administrasiyası müasir texnologiyaların tətbiqi və maddi-texniki bazanın yenilənməsi sahəsində hansı tədbirləri həyata keçirir?
- 2011-ci il dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasının rəsmi açılışı dövlətimizin bu sahəyə xüsusi diqqətinin və dəniz nəqliyyatı sahəsində çalışan mütəxəssislərə göstərilən yüksək qayğının parlaq nümunəsidir.
Yeni inzibati bina müasir standartlara uyğun maddi-texniki baza ilə tam təmin edilmişdir. "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi də Dövlət Dəniz Administrasiyasının yeni inzibati binasında yerləşir.
- Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi, əsasən, hansı funksiyaları yerinə yetirir?
- Milli Mərkəzin əsas funksiyaları Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.
Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstündür. Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislər xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçmişlər.
- Dövlət Dəniz Administrasiyası, həmçinin Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən (kiçik gəmilər istisna olmaqla) gəmilərin dövlət qeydiyyatını, eləcə də dəniz nəqliyyatı sahəsində Beynəlxalq Konvensiyaların tələblərindən irəli gələn müvafiq gəmi sənədlərinin təqdim olunmasını həyata keçirir. Ötən il Dövlət Dəniz Administrasiyası tərəfindən bu sahədə hansı işlər görülmüşdür?
- Qeyd olunan dövr ərzində Administrasiya tərəfindən 176 gəmiyə "Azərbaycan Respublikasının Dövlət Bayrağı altında üzmək hüququ haqqında", 144 gəmiyə "Mülkiyyət hüququ haqqında", 196 gəmiyə "Minimum heyət tərkibi haqqında", 78 gəmiyə "Neftlə çirklənmədən vurulan zərərə görə mülki məsuliyyətin maliyyə təminatı haqqında" şəhadətnamə, 36 gəmiyə "Əmniyyətli idarəetmə haqqında şəhadətnamə", 173 gəmiyə "Bunker yanacağı və çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat", 3 gəmiçilik şirkətinə "Əmniyyətli idarəetmə haqqında Beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olaraq "Uyğunluq haqqında sənəd" verilmiş və 10 gəminin "Gəmi tarixinin fasiləsiz qeydlər sənədi" dəyişdirilmişdir.
Bununla yanaşı, 87 gəminin "Yanğınla mübarizə planı"nın sxemi, 53 gəminin "Yanğınla mübarizə üzrə təlimə dair təlimat"ı, 106 gəminin "Gəmilərin qəza yedək əməliyyatları planı", 9 gəminin "Neftlə çirklənməyə qarşı gəmi fövqəladə mübarizə planı" (SOPEP) təsdiq edilmişdir.
- Dövlət bayraq və liman nəzarəti funksiyalarının icra vəziyyəti sizi qane edirmi?
- Ötən il dövlət bayraq və liman nəzarəti funksiyalarının həyata keçirilməsi ilə əlaqədar gəmilərdə yoxlamaların həyata keçirilməsi yüksək səviyyədə təşkil edilmişdir. Administrasiyanın mütəxəssisləri tərəfindən 2011-ci il ərzində 121 gəmidə (bunlardan 31-i xarici dövlətlərin bayraqları altında üzən gəmilərdir) yoxlamalar aparılıb ki, bu göstərici 2010-cu ilin müvafiq göstəriciləri ilə (104 gəmi) müqayisədə 116 faiz təşkil edir. Qeyd olunan yoxlamalar zamanı uyğunsuzluq hallarının aşkar edildiyi gəmilərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə çoxluq təşkil edir. 2010-cu il ərzində aparılmış yoxlamalar zamanı saxlanılan gəmilərin sayı yoxlanılan gəmilərin ümumi sayının 23 faizini, yəni 24 gəmi təşkil etdiyi halda, 2011-ci ildə bu rəqəm 29 faiz, yəni 35 gəmi təşkil etmişdir.
- Administrasiyanın fəaliyyətində dünya dəniz dövlətləri ilə ikitərəfli münasibətlər xüsusi yer tutur.
- 2011-ci il ərzində "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş", "Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanmışdır.
Eyni zamanda "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan Respublikasının gəmilərinin Rusiya Federasiyasının daxili sularından keçidinin qaydaları və şərtləri haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında Dəniz Nəqliyyatına dair Saziş" layihələrinin aidiyyəti dövlət orqanları tərəfindən təqdim olunmuş rəy və təkliflər nəzərə alınmaqla hazırlanmış son variantları Nazirlər Kabinetinə təqdim edilmişdir.
Həmçinin, "Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında ticarət gəmiçiliyi haqqında Saziş", "Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair" 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın I/10-cu qaydasına uyğun olaraq, sertifikatların tanınması haqqında Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında Anlaşma Memorandumu" layihələrinin ümumiləşdirilmiş son variantı hazırlanaraq qarşı tərəfə göndərilməsi üçün Xarici İşlər Nazirliyinə təqdim olunmuşdur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.