İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbirinə müsahibə vermişdir. AzərTAc bu müsahibəni təqdim edir.
- Mixail Solomonoviç, Siz Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz? Vladimir Putinin Rusiyaya rəhbərliyinin növbəti dövründə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri barədə nə deyə bilərsiniz?
- Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətinə qiymət verməyə çalışarkən mən Azərbaycan Prezidenti İlham Əliyevin dediyi, özü də dəfələrlə dediyi fikrə əsaslanmaq istərdim. Ondan müsahibə almaq şərəfinə nail olduğum vaxt demişdi ki, Azərbaycanla Rusiya arasında sual doğuran məsələ, pozitiv qaydada həll olunmayan məsələ, ikitərəfli münasibətlərimizdə heç bir yaralı mövzu yoxdur. Mənim bildiyimə görə, Rusiya rəhbərliyi də bu mövqedə durur, mən indiki Prezident Dmitri Medvedevi və yeni seçilmiş Prezident Vladimir Putini nəzərdə tuturam. Buna görə də əgər Azərbaycanla Rusiya arasında münasibətlərə bütövlükdə qiymət vermək lazım gələrsə, zənnimcə, bu münasibətlər postsovet məkanında nümunə ola bilər. İqtisadi əlaqələr inkişaf edir, daim siyasi dialoq aparılır, hərbi-texniki əməkdaşlıqda ciddi irəliləyişlər vardır, humanitar sahədə isə çox müxtəlif müsbət əlaqələrimiz vardır, birgə tədbirlərimiz, festivallarımız, forumlarımız keçirilir. Onları sadalamaqla qurtarmaz. Artıq ikinci dəfə Bakıda keçirilmiş və bundan sonra da keçiriləcək Beynəlxalq Humanitar Forumu xüsusi qeyd etmək istərdim. Bu forum Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə, iki prezidentin himayəçiliyi ilə keçirilir və düşünürəm ki, bu himayədarlıq bu ilin oktyabrında Bakıda keçiriləcək humanitar yönümlü mühüm hadisələrin dünya xəritəsində sanballı yer tutacaq üçüncü Beynəlxalq Humanitar Forum zamanı da davam edəcəkdir.
İki prezidentin gələcəkdə də foruma himayədarlıq edəcəklərini təsadüfən xatırlatmadım. Mən inanıram və əminəm ki, Prezident Vladimir Putinin hakimiyyəti dövründə də varislik qorunub saxlanacaq və Rusiya-Azərbaycan münasibətləri inkişaf edəcəkdir. Başa düşmək lazımdır ki, İlham Əliyev və Vladimir Putin artıq prezident olduqları dövrdə sıx və səmərəli əməkdaşlıq etmişlər. Onların əməkdaşlığı elə o vaxtdan başlamışdır. Bir az da əvvələ nəzər salsaq görərik ki, Azərbaycanla Rusiya arasındakı münasibətlərdə müasir müsbət dövrün əsasları Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. O vaxt Heydər Əliyev Azərbaycanın Prezidenti, Vladimir Putin isə Rusiyanın yenicə seçilmiş lap gənc Prezidenti idi. Yaxşı yadımdadır, Heydər Əliyevlə müsahibə zamanı o mənə Vladimir Putinlə görüşü haqqında danışdı. Bu görüş Kiyevdə, MDB dövlət başçılarının Sammitində olmuşdu. Tədbirlər başa çatdıqdan sonra Heydər Əliyev Vladimir Putini öz iqamətgahına dəvət etmişdi. Lap gec idi - axşam saat 11. Heydər Əliyev və Vladimir Vladimiroviç təxminən gecə saat 2-dək oturub söhbət etmişdilər. Onların bu ilk təkbətək, göz-gözə ciddi söhbəti müasir Rusiya-Azərbaycan münasibətlərinin əsasını qoydu. İlham Əliyev bu münasibətləri ardıcıl və məqsədyönlü şəkildə davam etdirir. Bu münasibətlər Vladimir Putinin Prezident olduğu dövrdə də, Dmitri Medvedevin prezidentliyi müddətində də davam etdirilmişdir və düşünürəm ki, növbəti mərhələdə də davam etdiriləcəkdir.
- Azərbaycanın indiki inkişafı bir bakılı, Azərbaycanla sıx əlaqələri olan adam kimi Sizi qane edirmi?
- Düşünürəm ki, bugünkü Azərbaycan postsovet məkanının uğurlu inkişaf nümunəsi ola biləcək ölkələrindən biridir. Söhbət təkcə iqtisadi rifahdan getmir, Azərbaycan siyasi dövlət kimi uğur qazanmışdır və onun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq aləmdə bunu təsdiq edən parlaq misaldır. Bugünkü azad, müstəqil və güclü Azərbaycan beynəlxalq proseslərin real aktorudur. İqtisadiyyatın vəziyyəti bunu təsdiqləyir, dünyada iqtisadiyyatın ən yüksək inkişaf sürətinə nail olmaq bir çox ölkələr üçün nümunədir. Azərbaycanda, xüsusən regionlarda çox böyük miqyasda müxtəlif növ obyektlər tikilir, tikinti işləri aparılır, Azərbaycanın bir sıra rayonlarında - Qəbələdə, Gəncədə, Lənkəranda, Qubada həyat tamam dəyişmişdir. Bütün bunlar Azərbaycan rəhbərliyinin, ən əvvəl Azərbaycan Prezidentinin müasir dövlət quruculuğu sahəsində apardığı çox böyük işin göstəriciləridir. İlham Əliyevin Azərbaycan regionlarının inkişafına dair proqramı sevimli şəhərimiz Bakının yenidən qurulması sahəsində göstərilən böyük səylər fonunda, əlbəttə, peşəsindən asılı olmayaraq Azərbaycana gələnlərin hamısını məftun edir. İstər peşəkar siyasətçilər, yaxud peşəkar iqtisadçılar, istərsə də adi turistlər və ya humanitar sahənin nümayəndələri olsun - elə bir adam tanımıram ki, son illərdə Azərbaycandan qayıdarkən orada gördüklərinə heyran olduğunu söyləməsin. Özü də bu sözlər sadəcə Azərbaycanın ənənəvi ləziz yeməkləri ilə və ya bizim qonaqpərvərliyimizlə, yaxud sadəcə təbiət gözəllikləri ilə bağlı komplimentlər deyildir. İnsanlarda böyük təəssürat oyadan məhz görülmüş konkret işlərdir, onların öz gözləri ilə gördükləri yeni tikilmiş yaraşıqlı binalar, yeni çəkilmiş yollardır. Bütün bunlar adamı heyrətləndirməyə bilməz.
Əlbəttə, ölkə rəhbərliyinin və Prezidentin səyləri geniş və böyük ictimai fəallıqla möhkəmlənməlidir. Bununla əlaqədar mən Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də xaricdə oynadığı rolu xüsusilə qeyd etmək istərdim. Azərbaycanın tərəqqisində, populyarlaşmasında, xaricdə təbliğ olunmasında Heydər Əliyev Fondu xüsusi yer tutmuşdur, digər tərəfdən fond Azərbaycanın daxilində çox böyük konkret tədbirlər, sosial layihələr həyata keçirir. Elə sosial layihələrə, yəni uşaq bağçalarına, xəstəxanalara, Azərbaycanın daxilində mədəni proqramlara və Azərbaycanın xaricdə təbliğinə yönəldilmiş bu diqqət - fondun fəaliyyətinin bu iki istiqaməti ona və ən əvvəl fondun prezidenti, tükənməz enerjisi ilə bütün dünyanı valeh edən hörmətli Mehriban xanım Əliyevaya çox yüksək nüfuz qazandırmışdır. O, həm xoşməramlı səfir, həm də deputatdır, lakin fondun inkişafı sahəsindəki fəaliyyəti, əlbəttə, daha güclü təsir bağışlayır. Heç nə təsadüfi olmur. Azərbaycanın iqtisadi, siyasi uğurları mədəniyyət sahəsindəki müvəffəqiyyətlərlə sanki daha da möhkəmlənir.
- Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti barədə nə deyə bilərsiniz?
- Heydər Əliyev Fondunun fəaliyyətində onun xarici ölkələrdə keçirdiyi aksiyalar, tədbirlər xüsusi yer tutur, lakin mən Heydər Əliyev Fondunun iqamətgahı Moskvada yerləşən, Leyla xanım Əliyevanın başçılıq etdiyi nümayəndəliyinin fəal işini xüsusilə qeyd etmək istəyirəm. Bilirsiniz, fondun Moskvadakı nümayəndəliyinin fəallığı, keçirilən tədbirlərin sayı bəzən məni təəccübləndirir, onunla işləyən ahəngdar komanda, gənclərlə iş aparılmasına yetirilən diqqət heyrət doğurur. Bir tərəfdən, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəliyi, digər tərəfdən onunla sıx qarşılıqlı əməkdaşlıq şəraitində işləyən RAGT. Bilirsiniz, təkcə Moskvanı götürsək, burada yüz minlərlə gənc yaşayır, təhsil alır, işləyir. Bu, öz ana yurdunu sevən böyük vətənpərvər qüvvədir, eyni zamanda onun əlaqələrə, biliklərə, köməyə ehtiyacı vardır.
Ən əhəmiyyətlisi budur ki, fondun Rusiyadakı nümayəndəliyinin fəaliyyəti təkcə Moskva ilə məhdudlaşmır. Leyla xanım Rusiyanın regionlarına çoxlu səfərlər etmişdir, özü də bir sıra regionların qubernatorları səviyyəsində görüşləri olmuşdur. Orada konkret xeyriyyə tədbirləri, humanitar tədbirlər keçirilmiş, diasporumuzun bu regionlardakı nümayəndələri ilə görüşlər olmuşdur. Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirlər keçirilmişdir. Təbliğat baxımından bu tədbirlərin böyük əhəmiyyəti vardır.
- Növbəti sual İTAR-TASS ilə AzərTAc-ın əməkdaşlığına aiddir. Siz bu əməkdaşlığı necə qiymətləndirirsiniz? Ölkələrimiz arasında münasibətlərin inkişafında agentliklərin rolu nədən ibarətdir?
-Biz informasiya "partlayışı" dövründə yaşayırıq, milyonlarla adam informasiya baxımından təkcə ənənəvi formalar vasitəsilə deyil, həm də sosial şəbəkələrin, müxtəlif müasir kommunikasiya vasitələrinin köməyi ilə kooperasiya yaradırlar. Bu məkanda Azərbaycanın öz yerini tapması, kifayət qədər fəal olması çox vacibdir. Çünki bu gün adi ənənəvi qəzet və jurnal səhifələri yetərli deyildir. Bir qayda olaraq, Azərbaycan qəzetlərini Azərbaycandan kənarda oxumurlar, Azərbaycanın televiziya kanallarına ölkədən kənarda baxmırlar. Lakin informasiya agentlikləri vasitəsilə, o cümlədən AzərTAc vasitəsilə məlumat əldə etmək imkanı vardır. Amma bu gün bu da azdır. İndi İnternet birliyində, sosial şəbəkələrdə işləmək lazımdır. Buna özfəaliyyət, yüngül məşğələ kimi yanaşmaq olmaz. Bu, çox ciddi məsələdir və ciddi diqqət tələb edir. Odur ki, mən öz azərbaycanlı dostlarıma dünya ilə qarşılıqlı əlaqənin bu sahəsinə daha çox diqqət yetirməyi məsləhət görərdim. Çünki bu gün insanlar, xüsusən Azərbaycandan on min kilometrlərlə uzaqda yaşayan gənclər bizdə, Azərbaycanda baş verənlərdən məhz müasir informasiya texnologiyaları və müasir informasiya imkanları sayəsində xəbərdar ola bilərlər. Zənnimcə, bu, informasiya baxımından hazırda Azərbaycan üçün bir nömrəli məsələdir.
Bu işdə İTAR-TASS agentliyi uzun illərdir ki, AzərTAc-la sıx əməkdaşlıq edir. Biz daim əlaqə saxlayırıq, nümayəndə heyətlərimizin qarşılıqlı səfərləri təşkil edilir, beynəlxalq forumlarda, xüsusən Azərbaycanın tamhüquqlu üzv olduğu Avropa İnformasiya Agentlikləri Alyansı çərçivəsində birlikdə çox işləyirik, üstəlik AzərTAc öz ölkəsində Avropa alyansı çərçivəsində beynəlxalq forumlar keçirir. Buna görə də əməkdaşlığımız, əlbəttə, davam edəcəkdir və bu əməkdaşlıq çərçivəsində görüşlərimizin, əlaqələrimizin daha da möhkəmlənməsi bizim üçün çox vacibdir.
- Mayda Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcəkdir. Bu, ölkənin imicinə necə təsir göstərəcəkdir?
-Keçən il "Eurovision" müsabiqəsində Azərbaycanın gənc duetinin qələbəsi bütün azərbaycanlılar üçün, dünyada Azərbaycanı sevənlər və qiymətləndirənlər üçün əlamətdar hadisə oldu. Bu, gənc artistlərin böyük uğurudur. Amma mən bu hadisəni sadəcə musiqi müsabiqəsində qazanılmış qələbə kimi qeyd etmək istəməzdim. Əsas odur ki, bu qələbə gəncləri sıx birləşdirdi. Ümumiyyətlə, idmanda, incəsənətdə qazanılan qələbələrin böyük birləşdirici rolu vardır. Bu qələbələr vətənpərvərlik hisslərini gücləndirir və gəncləri birləşdirir. Moskvada yüzlərlə, minlərlə gənc azərbaycanlı - burada təhsil alan, işləyən, yaşayan, sadəcə Azərbaycanın dostu olan gənclər gecədən xeyli keçmiş heç bir göstəriş olmadan, öz ürəklərinin hökmü ilə bu qələbəni qeyd etmək üçün Azərbaycan səfirliyinə axışıb gəlmişdi. Yadımdadır, səfir Polad Bülbüloğlunun tapşırığı ilə gecə yarısı səfirliyin qapıları taybatay açıldı və uşaqlar bu qələbəni bizim ənənələrə uyğun qeyd edə bildilər. Bütün bunlar güclü təəssürat yaradır. Amma mənim fikrimcə, daha əhəmiyyətlisi budur ki, "Eurovision" mahnı müsabiqəsində qazanılmış bu qələbə növbəti müsabiqəni Bakıda keçirmək hüququ verdi. Bu, Azərbaycanın, onun paytaxtı Bakının belə ümumavropa forumlarının, böyük ümumavropa mədəni tədbirlərinin keçirilməsinə hazır olduğunu təsdiq edən çox mühüm göstəricidir. Bakıya on mindən çox qonaq gələcəyi gözlənilir. Mən buna oxşar bir hadisə xatırlamıram. Axı onların hamısını layiqincə qarşılamaq, layiqincə qəbul etmək lazımdır ki, gələnlər hər şeydən razı qalsınlar və incəsənətlə ünsiyyətdən zövq alsınlar.
Odur ki, "Eurovision" mahnı müsabiqəsinin keçirilməsi, mayın 26-da bütün dünyaya translyasiya ediləcək, milyonlarla insanın tamaşa edəcəyi final Azərbaycanın təbliğinin daha bir mühüm elementidir. Əlbəttə, bununla əlaqədar xüsusi qeyd etmək istərdim ki, Azərbaycan haqqında, onun nailiyyətləri haqqında dünyaya daha çox məlumat verilməsi vacibdir. Burada informasiyanın rolu çox böyükdür. Həmkarlarım, AzərTAc-dakı dostlar, digər agentliklər, kütləvi informasiya vasitələri Azərbaycanı beynəlxalq aləmdə tanıtmaq üçün çox iş görürlər. Amma burada təkcə kütləvi informasiya vasitələrinin, Azərbaycanın informasiya xidmətlərinin səyləri kifayət deyildir. Xarici tərəfdaşlarla - Rusiya, Amerika, Avropa, ərəb tərəfdaşlarla sıx kooperasiya şəraitində işləmək lazımdır. O zaman biz qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.
- Maraqlı söhbət üçün çox sağ olun.
{nl}
Söhbəti Taleh QULİYEV apardı
Moskva
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.