Humanitar yardımın çatdırılmasının qarşısını almaq insanlığa sığmayan hadisədir

Xəbər verildiyi kimi, mayın 31-də İsrailin hərbi-dəniz qüvvələri Avropanın hüquq müdafiə təşkilatlarının Qəzza sektoruna apardıqları "Azadlıq karvanına" hücum etmiş, humanitar yardımın bölgəyə çatdırılmasının qarşısını almışlar. İsrail hərbçilərinin insanlığa sığmayan bu hərəkəti dünyanın əksər ölkələrinin hiddətinə səbəb olmuş, BMT Təhlükəsizlik Şurası bununla əlaqədar təcili toplantı keçirmişdir.
İsrailin hərbi aksiyası Azərbaycanda da böyük narazılıqlara səbəb olmuşdur. Siyasi partiya və qurumların rəhbərləri, ziyalılar, politoloqlar bu insidentlə əlaqədar ciddi etirazlarını bildirirlər.
Kamil Seyidov, politoloq, Azad Respublikaçılar Partiyasının sədri:
- İsrailin Qəzza sektoruna humanitar yardım aparan gəmilərə qarşı keçirdiyi hərbi əməliyyatı qətiyyətlə pisləyirik. Hər şeydən əvvəl, onu qeyd edək ki, 2007-ci ilin payızından Qəzza sektorunun İsrail hərbçiləri tərəfindən blokadada saxlanılması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Təl-Əviv tərəfi bu ədalətsizliyə haqq qazandırmaq üçün guya, "HƏMAS" hərəkatının təmsilçilərinin həmin ərazidə tutulması ilə əlaqələndirir. Əslində isə belə deyildir. Üç ildir ki, Qəzza sektoru blokada şəraitindədir. Hərbi əməliyyatlar zamanı blokada daha da sərtləşdirilib. Hər dəfə hüquq müdafiə təşkilatları Qəzza sektoruna humanitar yardımlar çatdırmağa çalışıblar. Mayın 31-də Qəzza sektoruna humanitar yardım aparan "Azadlıq karvan"ına daxil olan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri hücum ediblər. Bu, dünya praktikasında çox nadir hallarda təsadüf edilən bir hadisədir. Blokada şəraitində yaşayanlara humanitar yardım göstərilməsi insanların hüquq və azadlıqlarının beynəlxalq səviyyədə qorunmasından xəbər verir. Belə bir tədbirin qarşısını silahlı hücumla almaq isə humanizmə sığmayan hərəkətdir.
İsrail hərbçilərinin Türkiyənin humanitar yardım aparan "Mavi Mərmərə" gəmisinə silahlı basqınını kəskin pisləyirik. Biz həmişə olduğu kimi, bu dəfə də Türkiyənin yanındayıq. Partiyamızın hər bir üzvü bu hadisəyə ciddi etirazını bildirir, bunu beynəlxalq hüquqa zidd hesab edir. Bu xoşagəlməz hadisə zamanı xəsarət alanlara arxa-dayaq olduğumuzu bəyan edirik. Biz beynəlxalq təşkilatlardan tələb edirik ki, beynəlxalq hüquqa zidd olan belə hərəkətlərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülsün, cinayət törətmiş şəxslər qanunla cəzalandırılsın. Qəzza sektoruna humanitar yardımın çatdırılmasına tətbiq olunmuş məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır. Qardaş Türkiyə bir daha əmin olmalıdır ki, onların sevinci sevincimiz, kədəri kədərimizdir. Biz Türkiyə ilə ayrılmaz qardaşıq və həmişə bir yerdəyik.
Məmməd Əlizadə, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri:
- İsrailin Qəzza sektoruna humanitar yardım aparan gəmilərə silahlı basqınını qətiyyətlə pisləyirik. Partiyamız bu məsələni müzakirə edərək bəyanat qəbul etmişdir. İsrail humanitar yardım aparan gəmilərə silahlı basqın etmiş, hüquq müdafiə təşkilatlarının üzvlərini qətlə yetirmişdir. Biz belə xoşagəlməz hərəkətləri pisləyirik və beynəlxalq təşkilatlardan tələb edirik ki, bu hərəkətlərə siyasi qiymət versinlər. Türkiyə vətəndaşlarının qətlə yetirilməsi bizi son dərəcədə kədərləndirdi. Biz həmişə Türkiyəni dəstəkləmişik. Bu məsələdə də qardaş ölkə ilə həmrəy olduğumuzu bildiririk.
Bəyanatda da qeyd etmişik ki, humanitar yardım ünvanına çatdırılmalı, Qəzza sektorundakı insanların hüquqlarının qorunması beynəlxalq aləmdə diqqət mərkəzində saxlanılmalıdır. İsrailin beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısı dərhal alınmalı, Qəzza sektorunun blokadasına son qoyulmalıdır.
Baba ƏHMƏDLİ, "AzinMAŞ"-ın aparıcı elmi işçisi, texnika elmləri namizədi:
- Aralıq dənizində Fələstinin Qəzza bölgəsində mühasirə şəraitində yaşayan fələstinlilərə beynəlxalq yardım aparan müxtəlif millətlərdən olan insanlara İsrail hərbçilərinin hücum edərək ona qədər adamı qətlə yetirmələrini eşidəndə məni dərin qəzəb hissləri bürüdü. Mən daim bu qənaətdə olmuşam ki, heç bir xalqın başqa xalqı güclə özünə tabe etməyə haqqı yoxdur.
Bu gün İsrail hökuməti Fələstin xalqının azad yaşamaq haqqını pozmaqla təkcə beynəlxaq hüququ pozmur, həm də bölgədə tarixi birgəyaşayış, qonşuluq münasibətlərinə zərbə vurur. Başqa xalqlara zor, güc tətbiq edənlər bəşəri dəyərlərə hörmət qoymamaqla dünya xalqlarının gözündən düşürlər. Deməli, bu, səhv yoldur, İsrail hökumətinin bu yanlış siyasəti təkcə fələstinlilərə deyil, həmçinin yəhudilərə də fayda vermir.
Bir daha deyirəm ki, fələstinliləri mühasirə şəraitində, daim qorxu altında saxlamaqla İsrail dövləti özünü beynəlxalq aləmdə yalnız hörmətdən salır. Bu həqiqəti İsrail dövlətinin başında duranlar, nəhayət, anlayıb dərk etməlidirlər. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar uzun illərdir rəsmi Təl-Əvivdən Fələstin xalqına qarşı həyata keçirdiyi işğalçı siyasətindən əl çəkməyi tələb edir. Təəssüf ki, İsrail dünya xalqlarının haqlı tələblərinə hələ də məhəl qoymur. Nəticədə daha böyük zorakılıqlar üçün yol açılır.
Son hadisələr bir daha göstərdi ki, İsrailin hazırkı iqtidarı Fələstin xalqına qarşı ədalətli, düzgün yol seçmək iqtidarında deyil. Fikrimcə, İsrail hərbçilərinin Qəzza sahillərinə yaxın beynəlxalq sularda yenidən qanunsuz və qəddar hərəkətlərə əl atması güc nümayiş etdirmək cəhdindən başqa bir şey deyil. İsrail səhv olaraq yenə də cəzasız qalacağına ümid edir. Düşünürəm ki, indi dünyada vəziyyət dəyişib. İsrailin son hərəkəti dünya xalqlarının səbir kasasını doldurub. BMT-nin Təhlükəsizlik Şurasının İsrail hərbçilərinin son hərəkətlərini pisləyən qətnaməsini ürəkdən alqışlayıram. Bu məsələdə qardaş Türkiyə dövlətinin ədalətli və prinsipial mövqeyini də haqlı hesab edirəm. Son hadisələrlə bağlı qərəzsiz və obyektiv təhqiqatın aparılacağına ümid edir, bu qanlı əməlləri törədənlərin isə layiqli cəza alacaqlarına inanıram.

{nl}

Hazırladılar: Məsaim ABDULLAYEV, Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında