Cari ilin sentyabrında müstəqil Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 ili tamam olacaqdır. Bu münasibətlə AzərTAc-ın xüsusi müxbiri Yaponiyanın Azərbaycanda ilk səfiri olmuş, hazırda isə Asiya-Sakit Okean Parlamentariləri İttifaqının baş katibi Tetsuya Hirosedən müsahibə almışdır.
- Cənab Tetsuya, bu il Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 20 ili tamam olur. Siz Yaponiyanın Azərbaycanda ilk səfiri olmusunuz. Həmin vaxt Yaponiya-Azərbaycan münasibətlərini necə xarakterizə edərdiniz?
- Mən əvvəlcə Azərbaycan oxucularını sizin doğma, ana dilinizdə salamlayır və bundan şərəf duyduğumu bildirirəm.
Qeyd etdiyiniz kimi, mən 2000-2002-ci illərdə Yaponiya İmperatorluğunun Azərbaycan Respublikasında ilk səfiri olmuşam. Yaponiya ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci il sentyabrın 7-də qurulmuşdur. Həmin vaxt Yaponiya hökuməti müstəqilliyini yenicə bərpa etmiş ölkələrin inkişafına xüsusi diqqətlə yanaşırdı. Azərbaycanın ağır şəraitdə olmasına baxmayaraq, Heydər Əliyevin rəhbərliyi ilə inamlı addımlar atması bizim diqqətimizdən kənarda qala bilməzdi. Biz Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək, əvvəlcə ölkə daxilində vətəndaş müharibəsinin qarşısını almasını, sonra da Ermənistanla müharibəni dayandırmasını diqqətlə izləyirdik. Tale elə gətirmişdi ki, mən 1993-cü ildə Yaponiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru təyin edilmişdim. Buna görə də Azərbaycanda baş verən proseslər barədə tam məlumatlı idim. Həmin dövrdə Yaponiya Azərbaycanla dostluq münasibətlərinin daha da inkişaf etməsini dəstəkləyirdi.
1994-cü ilin sentyabrında isə mənə Azərbaycana gəlmək nəsib oldu. Həmin il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması mərasimində mən də Yaponiyanın dövlət və özəl sektorunu təmsil edən nümayəndə heyətinin tərkibində iştirak etdim. Doğrusunu deyim ki, hələ o vaxt Azərbaycan xalqı böyük qonaqpərvərliyi və səmimiyyəti ilə məni heyran etmişdi. Yəqin ki, mənim sonrakı təyinatımda bu səfər çox böyük rol oynamışdı.
"Əsrin müqaviləsi"nin bütün ölkələr və xalqlar üçün açıq olması barədə Prezident Heydər Əliyevin bəyanatı bizi də bu layihəyə qoşulmağa həvəsləndirdi. Tezliklə Yaponiyanın "İtoçu" şirkəti ilə ARDNŞ arasında "Azəri-Çıraq-Günəşli" yataqlar blokuna sərmayə yatırılması və hasilatın pay bölgüsü haqqında müqavilə imzalandı. Xalqlar arasında mədəni, idman və digər humanitar sahələrdə əlaqələr vacibdir, lakin mən deyərdim ki, ən mühüm əməkdaşlıq forması məhz investisiya mübadiləsidir. Qarşılıqlı və bərabər səviyyəli mənafeyə əsaslanan iqtisadi əlaqələr xalqları biri-birinə daha çox yaxınlaşdırır.
Qeyd edim ki, 1998-ci ilin fevralında Prezident Heydər Əliyevin Yaponiyaya rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verdi. Prezident Heydər Əliyevin Yaponiyanın İmperatoru, Baş naziri və digər rəsmi şəxslərlə, işgüzar dairələrin nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlər, apardığı danışıqlar və xüsusən Baş nazir Haşimoto ilə imzaladığı sənəd Yaponiya-Azərbaycan əlaqələrində yeni mərhələ açdı.
2000-ci ilin yanvarında mən Azərbaycana səfir təyin edildim. Mayda isə Azərbaycanda səfir kimi fəaliyyətə başladım. Həmin vaxt Yaponiya hökuməti Azərbaycan ilə qarşılıqlı anlaşmaya əsaslanan, möhkəm bünövrə üzərində qurulmuş münasibətlərimizin daha da inkişaf etməsi üçün əlindən gələni edirdi.
Mən müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi üçün bütün imkanlardan istifadə etməyə çalışırdım. Həmin dövrdə biz "Rəsmi İnkişaf Yardımı" proqramı çərçivəsində bir çox mühüm layihələrin reallaşmasına nail olduq. Lakin təəssüf ki, gözlənilmədən səhhətimdə yaranan problemlər məni gözəl ölkənizi tərk etməyə məcbur etdi. Azərbaycanda qısa müddətdə işləməyimə baxmayaraq, məni bu gözəl ölkə ilə çox xoş xatirələr bağlayır.
-Siz Azərbaycanda Heydər Əliyevin prezidentliyi dövründə səfir işləmisiniz. Bir dövlət xadimi, Prezident kimi Heydər Əliyev sizin xatirələrinizdə necə qalmışdır?
-Prezident Heydər Əliyev xarizmatik siyasətçi, böyük dövlət xadimi, dünya miqyaslı strateq idi. Onun fövqəladə yaddaşı, uzaqgörənliyi, hamını heyran qoyan işgüzarlığı vardı. Heydər Əliyevin yorulmaq bilmədən Vətəni və xalqı üçün çalışması əsl vətənpərvərlik nümunəsi idi. Mən deyərdim ki, Yaponiya-Azərbaycan münasibətlərinin formalaşmasında və inkişafında Heydər Əliyev əvəzsiz xidmətlər göstərmişdir.
Prezident Heydər Əliyev səfir kimi mənim etmadnaməmi qəbul edərkən dediyi sözləri çox yaxşı xatırlayıram. Həmin görüş zamanı o məmnuniyyət hissi ilə mənə bildirdi ki, ölkələrimiz arasında əlaqələr sürətlə inkişaf edir. Yaponiyanın iş adamları, neft sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanda uğurla çalışırlar. Heydər Əliyev vurğuladı ki, Yaponiya-Azərbaycan əlaqələri Azərbaycan üçün çox əhəmiyyətli və vacibdir. Yaponiyanın Azərbaycana ayırdığı böyük məbləğdə güzəştli kreditlər Azərbaycanda elektrik enerjisi sektorunun və iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi üçün böyük dəstək olmuşdur.
Əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə və sürətlə inkişaf edəcəyinə şübhə etmədiyini deyən Prezident Heydər Əliyev əmin olduğunu bildirdi ki, Yaponiyanın Azərbaycandakı səfirliyi bu sahədə öz xidmətlərini göstərəcəkdir.
Bu sözlər mənim məsuliyyətimi daha da artırdı. Başa düşdüm ki, Bakıda mən yalnız Yaponiya hökumətinin deyil, eyni zamanda, Azərbaycan rəhbərliyinin də etimadını doğrultmalıyam.
Etimadnaməmi təqdim edərkən Azərbaycan dilində danışmağım isə Prezident Heydər Əliyevin çox xoşuna gəlmişdi və dahi şəxsiyyət bunu çox yüksək qiymətləndirdi.
- Yaponiya-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsinə dair nə deyə bilərsiniz? Azərbaycanın müstəqil dövlət kimi inkişafına necə baxırsınız?
- Yaponiyada Azərbaycana həm böyük maraq, həm də səmimi münasibət vardır. Biz eyni münasibəti Azərbaycan tərəfindən də hiss edirik. Mən çox sevinirəm ki, Azərbaycan ilə Yaponiya arasında münasibətlər bu gün də uğurla inkişaf edir. Xüsusən enerji sahəsində sıx əməkdaşlıq münasibətləri, qarşılıqlı səmərəyə və etimada əsaslanan əlaqələr uğurla davam etdirilir. Ölkələrimiz arasında 1992-ci ilin sentyabrında qurulmuş diplomatik münasibətlərlə təməli qoyulan əlaqələrin müsbət istiqamətdə inkişaf edərək son illərdə daha da möhkəmləndirilməsi Yaponiya hökuməti və xalqı üçün sevindirici bir haldır.
Bu yaxınlarda mən Yaponiya parlamentində Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş "Azərbaycan-Odlar yurdu" adlı təqdimatda iştirak etdim. Ölkənizin son illər əldə etdiyi böyük nailiyyətlərə heyran qalmamaq olmur. 2009-cu ildə Bakıya səfərim zamanı bunun canlı şahidi olmuşdum. Ölkənizdən çıxdığım son yeddi ildə görülmüş quruculuq işləri məni heyrətə salmışdı. Azərbaycan rəhbərliyi, mənim müasir siyasi xadim kimi fəaliyyətini xüsusi maraqla izlədiyim Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq, ölkəsini cəsarətlə böyük uğurlara, xoşbəxt gələcəyə doğru aparır. Azərbaycanın qazandığı uğurlar, onun regionun lider dövlətinə çevrilməsi, BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, humanitar sahədə əldə edilən nailiyyətlər, həqiqətən, təqdirəlayiqdir. Mən qəti əminliklə deyə bilərəm ki, Azərbaycanın ən əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi də tezliklə sülh yolu ilə öz ədalətli həllini tapacaqdır. Azərbaycanın dostu kimi mən bunu ürəkdən arzulayıram.
Azərbaycan ilə Yaponiya münasibətlərinə gəlincə isə bildirmək istəyirəm ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edən ölkənizlə Yaponiya arasında əlaqələr çox yüksək səviyyədədir və durmadan irəliləyir. Bu, Yaponiyanın Azərbaycanda çalışmış səfiri, bu ölkəni böyük məhəbbətlə sevən bir insan kimi məni çox sevindirir.
{nl}
Vüqar AĞAYEV AzərTAc-ın xüsusi müxbiri
Tokio
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.