Əli HƏSƏNOV: Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunmuşdur

Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək. "Trend"in məlumatına görə, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 4-də jurnalistlər qarşısında çıxış edərkən bildirmişdir.
"Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunmuşdur. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxartmaqda, cəmiyyətə çatdırtmaqda azaddır".
PA rəsmisi qeyd etmişdir ki, demokratik ölkə olan Azərbaycanın mətbuatında bu və ya digər məsələlərlə bağlı fərqli fikirlər, mövqelər mövcuddur:Çoxsaylı mətbuat orqanları hər gün heç bir maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması, təhqirlər də yer alır. Belə ölkədə "söz, mətbuat azadlığı yoxdur" fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq. Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud konkret fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar olmadığına görə, onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar da subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir. Əgər söz və məlumat azadlığının başqa, daha demokratik nümunəsi varsa, böyük məmnuniyyətlə onunla tanış olmağa hazırıq".
Əli Həsənov daha sonra vurğulamışdır ki, dünyada mütləq, sərhədsiz azadlıq mövcud deyildir: "Bütün ölkələrdə, hətta beynəlxalq qanunlarda da söz və məlumat azadlığına bu və ya digər şəkildə məhdudiyyətlər tətbiq olunmuşdur. "Kim nəyi necə istəyir, elə də yazır" praktikası heç bir ölkədə mövcud deyil. Dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ başqa bir insanın hüququ başlayan yerdə bitir. Necə ola bilər ki, bir insanın hüququ hədsiz-hüdudsuz olsun, başqa bir insanın hüququnun reallaşmasına isə meydan verilməsin? Demokratik cəmiyyətlərdə bu, mümkün deyil".
Demokratiyanın azad insanların məsuliyyətli fəaliyyət meydanı olduğunu bildirən Əli Həsənov demişdir: "Demokratiya dərk olunmuş nizam-intizamdır. Biz demokratiya deyəndə həm insanların öz potensialını sərbəst şəkildə ifadə etmək hüququnun reallaşmasını, həm də bunun nəticələrinin onlar tərəfindən dərk olunmasını nəzərdə tuturuq. Söhbət məsuliyyətli demokratiyadan gedir. Buna görə də, bəzilərinin cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi, cəmiyyətimizi nüfuzdan salmağa çalışmasını qəbul edə bilmərik".
Administrasiya rəsmisi cəmiyyəti Azərbaycana qara yaxanlara qarşı mübariz olmağa çağırmışdır: "Biz - fəal vətəndaşlar, ziyalılar, gənclər bəlli maraqlar çərçivəsində Azərbaycan cəmiyyətinə qara yaxanlara qarşı biganəlik göstərməməli, öz fəallığımızla bunun cavabını verməyi bacarmalıyıq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında